Məhkəmə qərarları › İş №1(010)-111/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-111/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-111/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 19 sentyabr 2023-cü il tarixdə, saat 12:00-da, Bakı şəhərində, xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası evli, orta təhsilli, fərdi əməklə fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-184/2023 saylı, 31 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2022-ci il tarixdə barəsindən başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivi, 8 saylı X4 yerləşən Zərərçəkmiş şəxs məxsus evin giriş qapısının açıq olmasını görüb qanunsuz olaraq evin içərisinə daxil olaraq evdən pul saxlanılan bankanın içərisindən 400 manat nağd pul, çomadanın içərisində saxlanılan 200 manat nağd pul və əl çantasının içərisindən 30 manat nağd pulu, ümumilikdə isə zərərçəkmiş şəxsin 630 (altı yüz otuz) manat dəyərində nağd pulunu gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivindən keçərkən susadığı üçün kimdənsə su alıb içməkdən ötrü 8 saylı X5 birinci mərtəbəsinə daxil olmuş, mənzilin birinin qapısının açıq olduğunu görüb mənzil sahibinin çıxması üçün səsləndikdə heç kim cavab verməmişdir. Evdə heç kimin olmadığını başa düşmüş, mənzildən oğurluq etmək qərarına gələrək mənzilin açıq qapısından mənzilə daxil olub otaqları axtarmağa başlamışdır. Otağın birində dolabın rəfindən pul yığılan bankanı tapıb açaraq pul saxlanılan bankanın içərisindən 400 manat nağd pul, çomadanın içərisində saxlanılan 200 manat nağd pul və əl çantasının içərisindən 30 manat nağd pulu götürərək oradan uzaqlaşmışdır. Sonra həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Sonda törətdiyi törətdiyi oğurluq əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmənin baxış iclaslarının yeri və vaxtı barədə məlumat verilsə də, sonuncunun məhkəmənin baxış iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, birinci Qarabağ müharibəsi zamanı yaşadıqları Ağdam şəhəri işğal olunduqdan sonra ailəsi ilə birlikdə dövlət tərəfindən verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivi, 8 saylı X4 məskunlaşaraq yaşamağa başlamışlar. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı qızıgilə getmiş, oğlu Əli Əliyev işdə olmuşdur. Hava isti olduğuna görə saat 13:00 radələrində həyətə düşmüşdür. Həyətə düşərkən evin giriş qapısını açıq qoymuşdur. Təxminən bir saatdan sonra yaşadığı evinə qayıtmış, evinin hər yanının dağınıq vəziyyətdə olduğunu görmüş, evindən oğurluq olduğunu başa düşmüş və dərhal polisə məlumat vermişdir. Polislər evinə gəlib baxış keçirmiş, ilkin olaraq polislərə 600 manat pulunun oğurlandığını demiş, sonradan isə evinə baxdıqda evdə kassa kimi istifadə etdiyi bankadan 400 manat, çomadanın içərisində saxladığı 200 manat və əl çantasında olan 30 manat pulunun, ümumilikdə isə 630 manat pulunun oğurlandığını bilmişdir. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deəyərək təsdiq etmişdir. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli “İfadələrin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, oğurluq etdiyi mənzili, yəni Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivi, 8 saylı X4 yaşadığı evi və pulu oğurladığı yeri göstərib təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilərək cəza müddəti 04 il 03 aya endirilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişikliklərə dair xx.xx.2016-cı il tarixli qanuna əsasən CM-nin 177.2.4-cü maddəsi hökumdən xaric edilməklə cəza müddəti dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli 816 VQD saylı qanununun tətbiqi ilə Azərbaycan Respublikası CM-nin 177.3.3 maddəsi xaric edilib əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməklə 05 il, CM-nin 66.5-ci maddəsinə əsasən 06 il cəzasını çəkməsi nəzərə alınıb xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.3 maddəsi ilə 04 il CM-nin 67.1-ci maddəsi xaric edilmiş, xx.xx.2019-cu ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 09 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinə əlavə olunmuş Xətai Rayon Məhkəməsinin 7(011)_185/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli hökmü ilə təyin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərarı ilə 04 il həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 08 günü hissəsindən şərti olaraq vaxtından azad edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-184/2023 saylı, 31 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-184/2023 saylı, 31 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-184/2023 saylı, 31 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri qəti olaraq təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 05 iyul 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 07 iyul 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bakı şəhər Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 184/2023 saylı, 31 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanıldığını, təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneçilik törədilməsi ehtimalına əsasların olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin təsdiq edilməsinə və ya dəyişdirilməsinə zərurət olmadığından ləğv edilməli, barəsində qətimkan tədbiri seçilməməli, həbsdə olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan başqa Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 32 (otuz iki) iş saatı üçün 192 (yüz doxsan iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-184/2023 saylı, 31 mart 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 iyul 2022-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-184/2023 saylı, 31 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-184/2023 saylı, 31 mart 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbsdə olduğu nəzərə alınsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 32 (otuz iki) iş saatı üçün 192 (yüz doxsan iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar