Məhkəmə qərarları › İş №1(010)-114/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-114/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-114/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1564/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, əvvəli 13 mart 2021-ci il tarixindən hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırkı iş üzrə 19 – 21 dekabr 2020-ci tarixləri üzrə tutulmuş və 21 dekabr 2020-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, 12 avqust 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 9-cu Sahil döngəsi, ev 14, mənzil 16 ünvanı üzrə qeydiyyatda olan, 19 – 21 dekabr 2020-ci tarixləri üzrə tutulmuş, 21 dekabr 2020-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və 20 iyul 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 06 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq evin qarşısında olan mətbəxdən hər birinin qiyməti 40 manat olmaqla 2 ədəd alüminium qazan və 2 ədəd tunc tavanı, mətbəxə bitişik hamamın böyür tərəfindən və su quyusunun yanından isə hər birinin qiyməti 50 manat olan 2 ədəd «Marquis» markalı su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 260 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 dekabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olmaqla, taxta nərdivanla evin 2-ci mərtəbəsinə qalxıb, plastik qapının üzərində olan dəmir barmaqlığın qıfılını sındırıb, plastik qapının aşağı hissəsini kəsib deşərək oradan da evə qanunsuz daxil olmaqla hamamdan 150 manat qiymətində olan «Termet» markalı elektrik su qızdırıcısını, yataq otağındakı dolabdan hər birinin qiyməti 30 manat olmaqla, cəmi 600 manat qiymətində 20 ədəd Türkiyə istehsalı olan köynəkləri, evin alt mərtəbəsində daxili pilləkənin arxasında olan 250 manat qiymətində mis metaldan olan qədimi od samovarını, həyətdəki mətbəxdən 200 manat qiymətində olan «Bosh» markalı elektrik ət-çəkən maşını, 140 manat qiymətində olan 6 ədəd plastmas stul və 1 ədəd stol dəstini, mətbəxə bitişik hamamdan 150 manat qiymətində olan «Termet» markalı elektrik su qızdırıcısını, evin böyür tərəfində olan saxlanc otağından isə 150 manat qiymətində olan «Navien» markalı elektrik su qızdırıcısını, həmin yerdən hər birinin qiyməti 50 manat olan 2 ədəd «Marquis» markalı su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.740 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 dekabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olmaqla, taxta nərdivanla evin 2-ci mərtəbəsinə qalxıb, plastik qapının üzərində olan dəmir barmaqlığın qıfılını sındırıb, plastik qapının aşağı hissəsinin əvvəlcədən kəsib deşdiyi yerindən evə girib daxili pilləkənlə alt mərtəbəyə düşərək zalda olan 1.500 manat qiymətində «Samsung» markalı, «Smart 4» modelli 101 diaqonallı televizoru, həmin yerdən 70 manat qiymətində olan elektrik tənzimləyicisini, 10 manat qiymətində olan «Samsung» markalı kondisionerin idarəetmə pultunu, həyətdəki mətbəxdən hər biri 40 manat olmaqla cəmi 80 manat qiymətində 1 ədəd alüminium qazan və 1 ədəd alüminium aşsüzəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.660 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 06 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq evin qarşısında olan mətbəxdən hər birinin qiyməti 40 manat olmaqla 2 ədəd alüminium qazan və 2 ədəd tunc tavanı, mətbəxə bitişik hamamın böyür tərəfindən və su quyusunun yanından isə hər birinin qiyməti 50 manat olan 2 ədəd «Marquis» markalı su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 260 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2020-ci ilin dekabr ayının 6-da saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, qonşu məhəllədən tanıdığı Vidadi adlı şəxsin evindən oğurluq etsinlər. Zaman da onunla razılaşmışdır. Bundan sonra onunla birlikdə oğurluq məqsədi ilə Vidadi adlı şəxsin evinə getmişlər. Darvazanın yanından tullanıb həyətə düşmüşdür. Zaman da arxasınca həyətə düşmüşdür. Əvvəlcə su quyusunun yanında olan 1 ədəd su nasosunu oğurlamışlar. Sonra isə Zamanla birlikdə həyətdə evin qarşısında olan mətbəxin qapısının arxasına qoyulmuş daşları kənara itələyib qapını açaraq mətbəxə girmişlər. Mətbəxdə başqa şey olmadığından 2 ədəd alüminium qazan və 2 ədəd tunc tavanı oğurlayıb çölə çıxmışlar. Sonra isə mətbəxə bitişik olan hamamın böyür tərəfində olan və həyətdəki su quyusunun yanında olan su nasoslarını oğurlamışlar. Oğurladıqları əşyaları Məscidin yanına gətirib gizlətmişlər və səhər olanda 2 ədəd alüminium qazanı və tunc tavanı yaxınlıqdakı metal qəbulu sexinə aparıb 3 manata satmışlar. Həmin əşyaları özünün şəxsiyyət vəsiqəsi olmadığından Zaman öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. Metal alan şəxs qazanlar və tavanın oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Su nasoslarını isə digər gün səyyar metal yığan şəxslərə təxminən 30 manata satmışlar. Əldə etdikləri pulu bir yerdə xərcləyib qurtarmışlar. Bundan sonra Vidadi adlı şəxsin evindən Zamanın iştirakı olmadan, yəni tək oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə də, 2020-ci il dekabr ayının 8-də saat 02 radələrində Vidadi adlı şəxsin evinin hasarından aşıb həyətə düşmüşdür. Sonra isə həyətin arxasından götürdüyü nərdivanı 2-ci mərtəbəyə söykəyib yuxarı qalxmışdır. Bilirdi ki, 1-ci mərtəbəyə dəmir qapıdan daxil olmaq mümkün deyil. Buna görə də 2-ci mərtəbəyə nərdivanla qalxıb plastik qapının üstündə olan qıfılı özü ilə götürdüyü dəmir parçası ilə sındırmışdır. Sonra isə dəmir barmaqlığı kənara çəkib özü ilə götürdüyü bıçaqla plastik qapının aşağısını kəsib keçmək üçün yer düzəltmişdir. Sonra isə qapıdan açdığı deşikdən içəri keçib otağa daxil olmuşdur. Otaqları axtarmağa başlamış və elə bilmişdir ki, şkaflarda və ya döşəklərin altında pul və ya qızıl ola bilər. Lakin evdən nə pul, nə də ki, qızıl tapa bilməmişdir. Belə olan halda əlinə keçən qiymətli əşyaları oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə də üst mərtəbənin hamamında olan su qızdırıcısını yerindən çıxartmışdır. Yataq otağındakı şkafı axtaranda isə sellofan torbaya yığılmış 20 ədəd təzə köynəkləri görmüş və oğurlamaq qərarına gəlmişdir. Sonra isə evin içindən qalxan burulma pilləkənlə 1-ci mərtəbəyə düşmüşdür. 1-ci mərtəbədə dəmir pilləkənin arxasında 1 ədəd mis materialdan olan od samovarı görüb oğurlamışdır. Sonra evin içindən qalxan pilləkənlə 2-ci mərtəbəyə qalxmışdır. Oğurladığı əşyaları necə həyətə düşürməyi fikirləşəndə ağlına gəlmişdir ki, pərdələri söküb bir-birinə bağlamaqla kəndir halına salsın və əşyaları kəndirlə aşağı salmışdır. Sonra isə evin böyür tərəfində yerləşən saxlanc yerinə keçib taxta qapısını açaraq içəri girmişdir. Orada olan bir ədəd su qızdırıcısını da oğurlamışdır. Həmin yerdə təzə vəziyyətdə olan 2 ədəd su nasosunu da görüb oğurlamışdır. Bundan sonra evin qarşısındakı mətbəxin açıq olan plastik qapısından içəri girərək oradan 1 ədəd elektrik ətçəkən maşını oğurlamışdır. Mətbəxdə plastik stol və stullar olmuşdur. Onları da oğurlamağı qərara almışdır. Sonra isə mətbəxə bitişik olan hamama da keçərək oradan da bir ədəd su qızdırıcısını oğurlamış və bütün oğurladığı əşyaları bir yerə toplamışdır. Bundan sonra bir gecədə 3-4 dəfə olmaqla oğurladığı əşyaları daşıyıb evlərinin yanında bir yerdə gizlətmişdir ki, görən olmasın. Səhəri günü tanımadığı bir taksi çağırmış və oğurladığı əşyaları, yəni 01 ədəd samovarı, 3 ədəd su qızdırıcısı, 2 ədəd su nasosunu, stollar və stulu, ətçəkən maşını və 20 ədəd köynəyi taksiyə yığıb Sabunçu bazarına aparmışdır. Orada paltar satılan yerdə köynəkləri ucuz qiymətə satmışdır. Samovarı, stul və stolları, su qızdırıcılarını və su nasosunu, həmçinin elektrik ətçəkən maşını isə müxtəlif tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi təxminən 80-100 manat pulu siqaret, içki və yeməyə verib xərcləmişdir. Bundan sonra həmin evdən təkrarən oğurluq etmək qərarına gəlmişdir. 14 dekabr 2020-ci il tarixdə saat 03 radələrində təkrar özü tək halda həmin evə yaxınlaşıb hasardan aşaraq həyətə düşmüş və həyətdə olan taxta nərdivandan istifadə edərək evin ikinci mərtəbəsində yerləşən balkona çıxmış və həmin həyətdən tapdığı dəmir parçası ilə ikinci mərtəbəsinin qapısı üzərində olan qıfılı sındırmış və evə daxil olmuşdur. 1-ci dəfə dəmir barmaqlığın qıfılını sındırandan sonra ora yenisi qoyulmuşdur. Qapının aşağısı isə kəsilmiş vəziyyətdə də qalmışdır, sadəcə olaraq deşik olan yerə qutular qoyulmuşdur. Qutuları kənara itələyib qapının deşik olan yerindən içəri girmiş, sonra isə evin ikinci mərtəbəsindən birinci mərtəbəyə daxili pilləkənlə düşmüş və birinci mərtəbədə böyük zalda olan tumbuçkanın üstündən bir ədəd ekranı böyük olan “Samsung” markalı plazma televizoru oğurlamışdır. Bundan başqa həmin zaldan əlinə keçdiyinə görə bir ədəd pult, bir ədəd elektrik aparatı və iki ədəd qazanı da oğurlamışdır. Bundan sonra oğurladığı əşyaları ehtiyatla aşağı düşürmüşdür. Oğurladığı əşyaları aparıb sonra satmaq məqsədi ilə öz yaşadığı evin həyətində gizlətmişdir. Səhərisi gün bir neçə tanımadığı şəxslə maraqlanmış və televizorla elektrik əşyalarını çox ucuz qiymətə istədikləri üçün satmamışdır. Oğurladığı iki ədəd qazanı da ucuz qiymətə alınacağını düşündüyü üçün gizlətdiyi yerdə də qalmışdır. Oğurladığı digər əşyaları isə aparıb Sabunçu rayonunda yerləşən “Rus bazarı” deyilən yerdə hamısını cəmi 65 manata satmışdır. Bundan sonra isə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman etdiyi oğurluq əməllərini etiraf etmiş və sonuncu oğurluq əməli zamanı oğurladığı əşyaların yerini polis əməkdaşlarına deyərək həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Əməllərindən peşmandır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, tanıdığı Təqsirləndirilən şəxs1 2020-ci il dekabr ayının əvvəllərində, yəni təxminən 6-da ona təklif etmişdir ki, qonşuluqda yerləşən məhəllədə tanıdığı iki mərtəbəli ev vardır və həmin evdə yaşayış olmadığından oradan oğurluq etməyi demişdir. Toğrulun təklifi ilə razılaşdıqdan sonra həmin gün saat 17 radələrində Toğrul onu tanıdığı həmin evə aparmışdır. Toğrul əvvəlcə darvazanın yanından hasara dırmaşıb həyətə düşmüşdür. Ardınca da özü eyni qaydada həyətə düşmüşdür. Bilirdi ki, Toğrul həmin həyətdə olmuş və oranı yaxşı tanıyır. Bundan sonra Toğrul ilə birlikdə həyətdə evin qarşısında olan mətbəxin qapısının arxasına qoyulmuş daşları kənara itələyib qapını açaraq mətbəxə girmişlər. Mətbəxdə başqa şey olmadığından 2 ədəd alüminium qazan və 2 ədəd də tunc tavanı oğurlayıb çölə çıxmışlar. Sonra isə mətbəxə bitişik olan hamamın böyür tərəfində olan və həyətdəki su quyusunun yanında olan su nasoslarını oğurlamışlar. Bundan başqa həmin həyətdən və ya evdən başqa bir əşya oğurlamamışdır. Oğurladıqları əşyaları Məscidin yanına gətirib gizlətmişlər və səhər olanda 2 ədəd alüminium qazanı və tunc tavanı yaxınlıqdakı metal qəbulu sexinə aparıb 3 manata satmışlar. Su nasoslarını isə ya həmin gün, ya da ki, digər gün səyyar metal yığan şəxslərə təxminən 30 manata satmışlar. Əldə etdikləri pulu bir yerdə xərcləyib qurtarmışlar. Əməlindən peşmandır. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxslərə qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində cəlb edilmiş Şahid məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin müvafiq cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxslərin səmimi etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. 17 fevral 2021-ci il tarixli 9/538 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 460,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 3 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, çəkisi, ölçüsü və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı (“Samsung” markalı, “Smart-4” modelli, 101 diaqonallı televizor 1 ədədi 450 manat dəyərində; “Samsung” markalı kondisionerin idarəetmə cihazı (pult) 1 ədədi 10 manat dəyərində; elektrik tənzimləyicisi 1 ədədi qiyməti aydın deyil; alüminium qazan 1 ədədi qiyməti aydın deyil; alüminium 1 ədədi qiyməti aydın deyil). Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda göstərilən maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməllərini səmimi etiraf etdiyini və peşman olduğunu, gənc olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” markalı “Smart-4” modelli 101 diaqonallı televizor, bir ədəd “Samsung” markalı kondisioner pultu, bir ədəd elektrik tənzimləyicisi, bir ədəd alüminium qazan və bir ədəd alüminium aşsüzən Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1564/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən qismən toplansın və ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 19 – 21 dekabr 2020-ci tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 13 mart 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 19 – 21 dekabr 2020-ci tarixləri üzrə tutulduğu 02 (iki) gün və 20 iyul 2021-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 04 (dörd) ay 25 (iyirmi beş) gün (ümumilikdə 04 (dörd) ay 27 (iyirmi yeddi) gün), Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” markalı “Smart-4” modelli 101 diaqonallı televizor, bir ədəd “Samsung” markalı kondisioner pultu, bir ədəd elektrik tənzimləyicisi, bir ədəd alüminium qazan və bir ədəd alüminium aşsüzən Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar