Məhkəmə qərarları › İş №1(010)-114/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-114/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-114/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərəçəkmiş şəxsin hüquqi varisi X3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində “BC” kateqoriyalı AC 733186 nömrəli sürücülük vəsiqəsi ilə X6 məxsus olan və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı evakuator ilə Hava Limanı istiqamətindən Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətində 80 km\saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ-beton yolunda yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin 200 metrliyində yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan idarə etdiyi evakuatorun ön sağ künc hissəsi ilə yolun sağdan birinci hərəkət zolağında X2 və sonra sonuncuya məxsus texniki nasazlıq səbəbindən dayanmış “Tofaş” markalı, l0-LK-978 dövlət qeydiyyat nişanlı avtomobili sol yan tərəfindən vurmuş, həmin avtomobil zərbənin təsirindən sağa doğru istiqamətlənərək sağ tərəfdə dayanmış Zərərçəkmiş şəxs dəyərək, X1 aldığı baş beyinə, qişalarına və mədəcikərinə qansızma, sol gicgah sümüyünün kəllə əsasına keçən sınıqları, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuş bədən xəsarətləri və Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişməyən xətti sınığı, ənsə nahiyəsinin şişkinliyi, alının, burun kökünün, hər iki kürək nahiyəsinin sıyrıqları, sol daban nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, BC kateqoriyalı, AC seriyalı 377186 nömrəli sürücülük vəsiqəsi vardır. 10 ildir ki, avtomobil idarə edir və müxtəlif yerlərdə sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. 5 ay olar ki, “878” Evakuasiya xidmətində sürücü işləyir və həmin şirkətə məxsus «Mitsubishi» minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Operatorun verdiyi sifarişə əsasən, 09 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində idarə etdiyi «Mitsubishi» minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Zığ-Beton yolu ilə Zığ qəsəbəsi istiqamətində hərəkət edirdi və Hövsan qəsəbəsinə getməli oldu. O, avtomobildə tək olmuşdur. Avtomobildə yük və sərnişin olmayıb. Hərəkət etdiyi yol üç zolaqlı olmuşdur. O, sağdan birinci zolaqla 78 km/saat sürətlə hərəkət etdi, bu vaxt hava qaranlıq olduğuna görə idarə etdiyi avtomobilin yaxın vuran işıqlarını yandırmışdır. Yolun hərəkət hissəsini və ətrafı yaxşı görmüşdür. Yol asfalt örtüklü, düz və quru olmuşdur, ondan qarşıda heç bir nəqliyyat vasitəsi olmamışdır, yol işıqlandırılan yol olmuşdur. Anidən qarşıda onun hərəkətdə olduğu zolaqda bir avtomobilin dayandığını gördü. O, həmin avtomobilin onun hərəkət zolağında dayandığını görəndə idarə etdiyi avtomobillə dayanmış avtomobilə çatmışdır. O, yorğun olduğuna görə hərəkətdə olduğu zolaqda dayamış avtomobili həmin avtomobilə çatan anda görmüşdür. O, həmin avtomobili görəndə idarə etdiyi avtomobillə dayanmış avtomobil arasında təxminən 5-6 metr məsafə olmuşdur. Dərhal tormozu basdı və toqquşmadan yayınmaq üçün sükanı sola döndərdi. Amma toqquşmadan qaça bilmədi. Onun idarə etdiyi «Mitsubishi» minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəf farası yolda dayanmış avtomobilin arxa sol farasına dəydi. İdarə etdiyi avtomobil yolda dayanmış avtomobillə toqquşaraq dayandı. O, avtomobildən düşəndə toqquşduğu avtomobilin «Tofaş» markalı olduğunu gördü. Toqquşmadan sonra onun idarə etdiyi avtomobil toqquşma yerində dayandı. Zərbənin təsirindən «Tofaş» markalı avtomobil qarşıya hərəkət edib yolda çəpəki istiqamətdə qaldı. İdarə etdiyi avtomobildən düşəndən sonra ona məlum oldu ki, «Tofaş» markalı avtomobil xarab olaraq təmir üçün yolda dayanıb. Onun idarə etdiyi avtomobil «Tofaş» markalı avtomobilin arxa hissəsi ilə toqquşduqdan sonra «Tofaş» markalı avtomobil qarşıya hərəkət etdi və avtomobilin qarşısında dayanaraq avtomobili təmir edən adlarını və soyadlarını sonradan öyrənib bildiyi X2 və Zərərçəkmiş şəxs vurmuşdur. Əbülfət Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində öldü, Zərərçəkmiş şəxs isə xəsarət aldı. O, nə edəcəyini bilmədi və hadisə yerindən keçən tanımadığı şəxslər avtomobillərini hadisə yerində saxladılar. Ətrafda olan tanımadığı şəxslər təcili tibbi yardıma zəng vurub hadisə yerinə çağırdılar. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası xəsarət alan Zərərçəkmiş şəxs və Əbülfət Ələsgərovu xəstəxanaya apardı. O, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, ayıq vəziyyətdə olmuş, ancaq yorğun olmuşdur. Hadisə zamanı «Tofaş» markalı avtomobil heç bir işıqlarını yandırmamışdır. O, Zərərçəkmiş şəxs və Əbülfət Ələsgərovu əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 bildirmişdir ki, X4 onun doğma qardaşı olub. Əbülfət ailəsi ilə birlikdə onunla üzbəüz qonşuluqda yaşayıb və onların arasında həmişə qardaş kimi yaxşı münasibət olub. Əbülfət özünə məxsus “Tofaş” markalı, l0-LK-978 dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. 09 sentyabr 2021-ci il tarixdə saat 20:15 radələrində məhəllədə olan zaman tanımadığı bir şəxs onunla əlaqə saxlayaraq, yol-nəqliyyat hadisəsi baş verdiyini və qardaşı Əbülfətin yol qəzasına düşdüyünü bildirdi. O, dərhal öz avtomobilinə əyləşərək deyilən yerə, yəni Suraxanı rayonu, Zığ şosesinə gəldi. Bu zaman qardaşı Əbülfətə məxsus “Tofaş” markalı, l0-LK-978 dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək yararsız hala düşdüyünü və qardaşı Əbülfətin 20 metrə yaxın irəlidə yerdə uzanmış halda olduğunu, onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs isə bir az kənarda yerə uzanmış halda olduğunu gördü. Həmin vaxt “Mitsubishi” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobilinin də bir az qarşıda dayanmış halda olduğunu gördü. Hadisə yerinə TTY avtomobil və polis əməkdaşları gəldi, TTY avtomobili qonşuları Elçini 3 saylı ŞKX-yə apardılar. Qardaşı Əbülfət isə artıq hadisə yerində öldüyünə görə onu Suraxanı rayonunda yerləşən morqa gətirdilər. Sonra qardaşının nəşi onlara təhvil verildi və onu Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etdilər. Təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 20 ildən artıqdır avtomobil motorunun təmiri ilə məşğul olur. X2 uşaqlıqdan tanıyır, onunla eyni məhəllədə yaşayır və həmişə aralarında normal münasibət olub. Əbülfətin özünə məxsus “Tofaş” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili olub və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurdu. 2021-ci ilin sentyabr ayının əvvəllərində Əbülfət onun avtomobilini yığmağını ondan xahiş etdi. O, da Əbülfətin avtomobilini bir həftə ərzində yığmışdır. 09 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Əbülfətlə birlikdə həmin avtomobillə “Socar” yanacaq doldurma məntəqəsinə gedib yanacaq alıb qayıtmağı və avtomobilin motorunun səsinə və işləməyinə baxmağı təklif etdi, o da razılaşmışdır. 20:00 radələrində onlar “Socar” YDM-də yanacaq vurdular və sonra YDM-dən təxminən 200 metr irəliyə getdilər ki, avtomobil nasaz vəziyyətə düşüb dayanmışdır. Əbülfət avtomobili saxladı və hər ikisi avtomobildən düşdülər ki, avtomobilin nə səbəbdən dayanmasına və işləməməsinə baxsınlar. Onlar təzə yerə düşmüşlər ki, Əbülfət avtomobilin sol tərəfindən yaxınlaşıb kapotu açmaq istəyən zaman nə isə güclü bir səs gəldi və “Tofaş” markalı avtomobil burularaq yan tərəfi ilə ona dəydi. O, aldığı xəsarətdən yıxılaraq özündən getdi. Bir az sonra ayıldıqda yerdə uzanmış halda olduğunu və ondan bir az irəlidə isə Əbülfətin uzanmış halda olduğunu gördü. Bundan sonra o, yenə özündən getdi və ayıldıqda TTY vasitəsilə 3 saylı ŞKX-yə aparıldığını gördü. O, 3 saylı ŞKX-də yoxlanıldıqdan sonra özü evə gəlmişdir. Sonradan ona məlum oldu ki, Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “Mitsubishi” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı evakuator ilə yerdə olan qonşu Əbülfət Ələsgərovu vurub və “Tofaş” markalı avtomobil ilə toqquşub, “Tofaş” markalı avtomobil zərbənin təsirindən dönərək yan tərəfi ona toxunduğu üçün o, yıxılıb xəsarət almış, Əbülfət isə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. “Tofaş” markalı, l0-LK- 978 dövlət qeydiyyat nişanlı avtomobilin içərisində hadisə zamanı heç kim olmamışdır. Həmin avtomobilin yanında isə o, və Əbülfət olmuşdur. Hadisə zamanı onun fikri avtomobilin motor hissəsində olduğu üçün həmin avtomobilin haradan, necə gəlməsini görmədi. Sadəcə hadisə anında güclü səs eşitdi və “Tofaş” markalı avtomobilin yan tərəfi ona toxunduğu üçün yıxılıb xəsarət aldım. Qeyd edir ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Mövəsət oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspert vəzifəsində işlədiyini, hazırkı iş üzrə ekspert rəyini tərtib edərkən texniki səhvə yol verərək «Tofaş» markalı avtomobilin sürücüsü kimi Zərərçəkmiş şəxs göstərdiyini, əslində isə həmin avtomobilin sürücüsünün X4 olduğunu bildirmişdir. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində cəlb edilmiş Şahid1 məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. 16 dekabr 2021-ci il tarixli 8/3163 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1a, 2a. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur…». Meyitin ekspertizası ilə bağlı 30 sentyabr 2021-ci il tarixli 101 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1964-cü il təvəllüdlü X1 meyitinin məhkəmətibbi müayinəsinə, laborator müayinənin nəticələrinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq X1 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sol gicgah sümüyünün kəllə əsasında keçən sınıqları, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Ə.Q.Ələsgərovun ölümünə ağır açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fetotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Canlı şəxsin ekspertizası ilə bağlı 26 noyabr 2021-ci il tarixli 1155 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: burun sümüyünün yerini dəyişməyən xətti sınığı, ənsə nahiyəsinin şişkinliyi, alının, burun kökünün, hər iki kürək nahiyəsinin sıyrıqları, sol daban nahiyəsinin əzilmiş yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 09 sentyabr 2021-ci il tarixdə əmələ gələr bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini və sonuncuların ona qarşı şikayətlərinin və tələblərinin olmadığını, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar