Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-115/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-300/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmaqla 3 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 160 manat pul müqabilində xx xxxxxx 2020-ci ildə saat 08 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və qurudulmuş marixuana alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən 6 nömrəli evin qarşısında saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli gödəkcəsinin sağ iç cibindən bir ədəd sarı rəngli şəffaf sellofanda təmiz çəkisi 485,0 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və əynində olan qara rəngli idman şalvarının cibindən bir ədəd siqaret kağızı bükümündə çəkisi 1,179 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən 6 nömrəli binanın qarşısı ilə piyada gedərkən ona bir neçə şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Suraxanı Rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində qarşısına narkotik vasitə qoyub demişlər ki, bunun ona məxsus olduğunu kamera qarşısında bildirsin, bundan sonra isə 48 saat saxlanılıb buraxılacaqdır. Ona qarşı daha ağır cinayətlə ittiham irəli sürüləcəyindən, habelə döyüləcəyindən qorxub polis əməkdaşlarının bu təklifi ilə razılaşmışdır. Beləliklə, idarəyə vəkil dəvət olunmuş və xidməti otaqların birində videoçəkilişdən istifadə olunmaqla onun üzərinə baxış keçirilmişdir. Bu zaman əynindəki qara rəngli gödəkcəsinin sağ iç cibindən bir ədəd sarı rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuana və əynindəki idman şalvarının cibindən bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin maddələr zərfə qablaşdırılmış, zərf möhürlənmiş və protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, polis idarəsinə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. NMB-nin rəisi Anar İbrahimov həmin məlumatın yoxlanılması, Ruslan adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis idarəsinin rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Ruslan adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı Rayon Məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri qismində idarənin NMB-nin əməliyyat müvəkkili Roman Həsənov, üzvləri qismində isə NMB-nin əməliyyat müvəkkili X1 və o, təyin olunmuşlar. Bundan sonra Ruslan adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlandı. Qrupun üzvləri həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən 6 nömrəli binanın qarşısına getmiş, saat 10:30 radələrində həmin küçədə Ruslan adlı şəxsi əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Ruslana xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsinə vəkil dəvət edilmiş, sonra xidməti otaqların birində Ruslana hüquqları və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı Ruslana təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Ruslan əynindəki qara rəngli gödəkcəsinin sağ iç cibindən 1 ədəd sarı rəngli sellofan və qara rəngli şalvarının cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükümdə və sellofanda nə olması, haradan əldə etməsi barədə sual verilmiş, təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, həmin bükümlərdə olanlar narkotik vasitələrdir və onları üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 160 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb. Sellofanın içərisində ot şəkilində, kağız bükümdə isə qəhvəyi rəngli maddələr idi. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməyib. Aşkar edilmiş həmin narkotik vasitələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra doğruluğu bütün iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Verilmiş suallara cavab olaraq şahid həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı sonuncunun ifadəsində göstərilən qanunsuz hərəkətlərə yol verilməyib. Belə ki, müvafiq narkotik vasitələr təqsirləndirilən şəxsin özünə məxsus olmuş və o, həmin narkotikləri üzərinə baxış keçirilərkən könüllü olaraq və heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadan təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid1 Abdin oğlu Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici izahatlar və s. sübutlarla təsdiq olunur. xx xxxxxx 2020-ci il tarixli 6/2813 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,179 qr qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir xx xxxxxx 2020-ci il tarixli 7/904 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd sarı rəngli şəffaf sellofan torbada təmiz çəkisi 485,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır». xx xxxxxx 2021-ci il tarixli 274 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı bildirdiklərinə qiymət verərək hesab edir ki, onun bildirdikləri məsuliyyətdən boyun qaçırmaq məqsədi güdür. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 484,95 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,129 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 203 (iki yüz üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 484,95 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,129 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 203 (iki yüz üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-115/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-115/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver