Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-115/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Hovsan qəsəbəsi, 203 nömrəli uşaq baxçasında mühafizəçi işləyən, Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, ev 3, mənzil 5-də qeydiyyatda olub yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,976 qram- şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin CAB-nin və 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 30 iyul 2022-ci il tarixdə saat 08:20 dəqiqədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən «Bizim Marketin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət edilmiş və orada həmin bölmənin təhqiqatçısı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkiləri 0.976 qram olan qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birgə ünvan 4sində özünə məxsus fərdi yaşayış evində yaşayır. Bir aya yaxın müddətdir ki, heroini falqa arasında çəkmək yolu ilə qəbul edir. 30 iyul 2022-ci il tarixdə saat 07 radələrində işdən çıxaraq saat 08 radələrində Hövsan qəsəbəsinə gəlmiş və «Bizim Marketin qarşısında dayandığı zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərkən Suraxanı rayon polis idarəsinin işçiləri olduğunu bilmişdir. Bundan sonra onu Suraxanı polis idarəsinin 30-cu polis şöbəsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin idarənin təhqiqatçısı kimi özünü təqdim edən, polis mayoru Rəhman İsmayılov tərəfindən üzərində şəxsi axtarış aparılacağının zəruri olmasını bildirərək, ona hüquq və vəzifələri izah olunmuş və xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, üzərində yəni əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan bükümü masanın üzərinə qoyaraq polisə təqdim etmişdi. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da başqa qanununsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş bükümün içərisində “kokos” kimi tanıdığı heroindir. Həmin heroini 29 iyul 2022-ci il tarixdə Hövsan qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyulub, qablaşdırılmış, möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və qablaşdırılmış zərf onu və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Həmçinin təhqiqatçı tərəfindən ona təqdim olunmuş 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanıldığı və aidiyyəti üzrə Suraxanı RPİ-nin istintaq şöbəsinə göndərilməsi barədə məlumatlandırılmışdır. Narkotik vasitəni əldə etdiyi şəxsi tanımır, onun adını, soyadını, atasının adını, ünvanını bilmir. Həmin narkotik vasitədən heç kimə satmamış və ya pay verməmiş, özü istifadə etmək üçün əldə etmişdir. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonu Hövsan qəsəbəsində narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də Hövsan qəsəbəsində yerləşən 30-cu PŞ-nin rəisinə raportla məruzə etdikdən sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və həmin gün saat 08 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Bizim market”-in yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək narkotik maddələrin istifadəsi və üzərində saxlamasında şübhəli olduğu bildirib üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O, da razı olaraq birlikdə Polis Şöbəsinə gəlmişlər. Prosessual sənədləşmə idarənin təhqiqatçısı Rəhman İsmayılova həvalə edilmişdir. Polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf salafan bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində heroin adlanan narkotik vasitədir, həmin narkotik vasitəni Hövsan qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Həmin kütlə götürülüb qablaşdırılmış, protokol tərtib edilərək iştirakçılar tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik vasitəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Araz Kərimovun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 19-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 30 iyul 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdə, saat 08:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 72-73-cü vərəqində olan 31 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Canəli Nuriyevin 31 iyul 2022-ci il tarixli vəsatətinin təmin edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞnə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 75-76-cı vərəqlərində olan 31 iyul 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 29-30-cu vərəqlərində olan 30 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik maddə heroin olduğunu, həmin maddəni Hövsan qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Cinayət işinin 39-43-cü vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 30 iyul 2022-ci il tarixli 6/4104 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №194» möhür əksi «X2 üzərindən aşkar edilərək götürülmüş maddi sübut» sözlər olan zəpfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,976 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 99-100-cü vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4236 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Laki hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 30 iyul 2022-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu, 1 gün əvvəl Hövsan qəsəbəsində tanımadığı şəxsdən 10 manat aldığını bildirir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür, ərizə və şikayət daxil olmur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Babayev X3 rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə Nərimanov rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl azad olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxssağ yan cibindən 01 ədəd bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,976 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 30 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmənin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 13 mart 2023-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclasında dərhal həbs edilməli,iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 13 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,926 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-115/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-115/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver