Məhkəmə qərarları › İş №1(010)-116/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-116/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-116/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, 07 – xx xxxx 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 02 – 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış sahəsində yerləşən 35 nömrəli evə həyətyanı sahənin ətrafına çəkilmiş daş hasardan aşaraq və evin qapısını ayağı ilə vurub açaraq qanunsuz daxil olmuş, oradan sonuncuya məxsus bir ədəd 130 manat dəyərində istifadə olunmuş “Termaq” markalı 28 kw-luq su qızdırıcısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 130 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx xxxx 2020-ci ildə saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 43 nömrəli evin həyətyanı sahəsinin ətrafına çəkilmiş daş hasardan aşaraq həyətdəki hamamın qapısını açmaqla içəri qanunsuz daxil olmuş, oradan sonuncuya məxsus bir ədəd 60 manat dəyərində istifadə olunmuş “Termet” markalı 20 kw-luq və bir ədəd 70 manat dəyərində 28 kw-luq “Termaq” markalı su qızdırıcılarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 130 manat miqdarında ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə növündə cəzasını çəkib qurtardıqdan sonra özünə iş axtarmağa başlamış, lakin tapa bilməmişdir. Bu səbəbdən maddi çətinlikləri yaranmış və oğurluq etmək qərarına gəlmişdir. xx xxxx 2019-cu ilə keçən gecə yaşadığı evdən çıxaraq oğurluq etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə gəlmiş, O.Şabanov küçəsi, 43 ünvanında yerləşən ikimərtəbəli yaşayış evi onun diqqətini çəkmişdir. Evin işıqlarının yanmadığını görüb saat 01 radələrində evə daxil olmaq üçün ətrafa nəzər salmış, heç kəsin onu görmədiyinə əmin olduqdan sonra daş hasara çıxıb oradan həyətə düşmüşdür. Həyətdə bir qədər gəzdikdən sonra heç nə tapa bilməmiş və oradakı bir kiçik tikilinin qapısını açaraq içəri daxil olmuşdur. Orada divara quraşdırılmış iki ədəd su qızdırıcılarını söküb yerindən çıxarmış, sonra onları götürüb çölə çıxmış və hadisə yerindən uzaqlaşmışdır. Yolla getdiyi vaxt ona polis avtomobili yaxınlaşmış, polis əməkdaşları onu əlindəki əşyalarla bağlı sorğu-sual etməyə başlamışlar. Bu zaman etiraf etmişdir ki, su qızdırıcılarını oğurlayıb. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, xx xxxxxx 2020-ci ildə saat 02 – 03 radələrində Suraxanı rayonu, Bahar yaşayış sahəsində olmuş, həmin vaxt bacısının yaşadığı evdə heç kimin olmadığı yadına düşmüş və oradan oğurluq etməyi qərarlaşdırmışdır. Sonra bacısının yaşadığı evə getmiş, evin qapısını bir neçə dəfə təpiklə vurub açmışdır. İçəri daxil olduqdan sonra evi axtarmağa başlamış və oradan bir ədəd su qızdırıcısını götürüb daxil olduğu yerdən çölə çıxmışdır. Oğurladığı əşyaları həmin gün evə gətirmiş və heç kimə bu barədə deməmişdir. Su qızdırıcısını evdə gizlətmiş, səhər açıldıqda oğurladığı su qızdırıcısını ağ torbaya qoyub Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan çörək sexinin yaxınlığında olan metal qəbulu məntəqəsinə aparmışdır. Məntəqədə qızdırıcının özünə məxsus olduğunu bildirməklə 15 manata satmışdır. Əldə etdiyi pul vəsaitini isə şəxsi ehtiyaclarına xərcləyib. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 43 nömrəli evin həyətyanı sahəsində hamam və sanitar qovşağı kimi istifadə olunan tikili vardır. Ora gələn suyu iki ədəd su qızdırıcısı isidirdi. Qeyd edir ki, xx xxxx 2020-ci ildə axşam saatlarında yaşadığı ünvana gəlmiş, hamama daxil olub əllərini yumuş, sonra isə evə gedib yatmışdır. Səhər saat 08 radələrində yuxudan oyanıb həyətdə olan hamama daxil olduqda orada olan iki ədəd su qızdırıcısının yerində olmadığını görmüşdür. Başa düşmüşdür ki, gecə yatdıqdan sonra kimsə hamama daxil olaraq su qızdırıcılarını oğurlayıbdır. Bununla bağlı polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs bildirir ki, cinayət nəticəsində vurulmuş zərərin əvəzi ona tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Bahar qəsəbəsində yerləşən evini Şahid2 kirayəyə vermişdir. Sonuncu həmin evdə ailə üzvləri ilə birlikdə yaşayırdı. Evdəki müəyyən əşyalar onun özünə, müəyyən qismi isə Fərasətə məxsusdur. Vaxtaşırı olaraq gəlib evə nəzarət edirdi. Növbəti dəfə evə gəldikdə qapının sındırıldığını görmüş, içəri daxil olduqda, evdə heç kəsin olmadığını, evin içərisində olan və onun özünə məxsus bir ədəd su qızdırıcısının isə yerində olmadığını görmüşdür. Fərasətə zəng edib onu evə çağırmış, bir neçə dəqiqə keçdikdən sonra Fərasət evə gəlmiş və su qızdırıcısını götürmədiyini demişdir. Başa düşmüşdür ki, kimsə evə daxil olub və su qızdırıcısını oğurlayıbdır. Hadisə ilə bağlı polisə müraciət edib. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs evin qapısının sındırılmış qıfılının əvəzinə yeni qıfıl alıb verməyib, vurduğu zərəri tam ödəməyib. Ona görə də təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yeni yaşayış massivində kirayə yaşayırdı. Təqsirləndirilən şəxs onun arvadının qardaşıdır. Fərahim əvvəllər bir neçə dəfə məhkum olunub. xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il saat 12 radələrinədək yaşadığı evdə olmamışdır. Belə ki, həmin tarixlərdə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığından ailə üzvləri ilə birlikdə xəstəxanada olub. Qeyd edir ki, yaşadığı mənzilin qapı və pəncərələrini evdən çıxarkən bağlamışdır. xx xxxxxx 2020-ci il tarixdə xəstəxanadan çıxıb yaşadığı evə gələrkən, yolda olduğu vaxt ona ev sahibi Yusif zəng edərək təcili olaraq evə gəlməsini xahiş etmişdir. Evə gəldikdə qapının açıq olduğunu, içəri daxil olduqda isə ev sahibinin həyətdə olmasını görmüşdür. Yusif ona bildirmişdir ki, evdən oğurluq olub. Qapını açıb içəri daxil olduqda evdə olan müəyyən əşyaların dağıdıldığını aşkar etmişdir. Başı düşmüşdür ki, evdə olmadığı müddətdə kənar şəxslər evə daxil olub oğurluq ediblər. Evdən hansı əşyalarının oğurlandığını yoxladıqda görmüşdür ki, otaqda olan bir ədəd ev sahibinə məxsus su qızdırıcısı oğurlanıb. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, metal qəbul məntəqəsində işləyir. xx xxxxxx 2020-ci ildə həmişə olduğu kimi iş yerinə gəlmişdir. Həmin gün saat 11 – 12 radələrində işlədiyi mağazaya üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər gəlmişdir. Həmin oğlan bildirmişdir ki, özünə məxsus bir ədəd su qızdırıcısı var satmaq istəyir. Həmin şəxsdən bir ədəd su qızdırıcısını götürmüş və baxmışdır. Su qızdırıcısının içərisində mis metal olduğu üçün yalnız həmin misi alacağını demişdir və ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxs də cibindən şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinə baxdıqda onun Təqsirləndirilən şəxs olmasını görmüşdür. Fərahim həmin mis metalı su qızdırıcısının içərisindən çıxarıb təqdim etmiş, mis metalı çəkmiş və 1 kiloqram 800 qram olmasını görmüşdür. Fərahimdən mis metalın kimə məxsus olmasını soruşmuş, həmin şəxs də su qızdırıcısının özünə məxsus olmasını bildirmişdir. Fərahimə həmin mis metalı 8 manata ala biləcəyini demiş, o da razılaşmışdır. Fərahimin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb üzərində qeydlər aparmış və onun özünə imza etdirmişdir. Fərahimə 8 manat pul vermiş və həmin mis metalı, yəni su qızdırıcısını almışdır. Bundan sonra Fərahim çıxıb getmişdir. Həmin gün Fərahimdən aldığı mis metalı digər metallar ilə birlikdə zavoda təhvil vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxxx 2020-ci il tarixli 9/777 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «ekspertiza tədqiqatına təqdim edilmiş su qızdırıcılarının 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: bir ədəd istifadədə olmuş Termet markalı 20 kw-luq su qızdırıcı - 60 manat, bir ədəd istifadədə olmuş Termaq markalı 28 kw-luq su qızdırıcı - 70 manat». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, Zərərçəkmiş şəxs1 ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Qasımov X1 Rayon Məhkəməsinin xx xxxx 2017ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Termet” markalı 20 kw-luq su qızdırıcısı və bir ədəd istifadə olunmuş “Termaq” markalı 28 kw-luq su qızdırıcısı müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarıldığından həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 – xx xxxx 2020-ci il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxxx 2020-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Termet” markalı 20 kw-luq su qızdırıcısı və bir ədəd istifadə olunmuş “Termaq” markalı 28 kw-luq su qızdırıcısı müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarıldığından həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar