Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-117/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Məhəmmədhüseyn oğlunun iştirakı ilə xx xxxx 1982-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2021-ci ildə saat 09 radələrində yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs onun mobil telefonuna baxması səbəbindən aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əli ilə qəsdən boğaz nahiyəsindən tutaraq sıxmış, həmçinin sol və sağ qol nahiyələrini sıxaraq ona sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. xx xxxx 2021-ci ildə saat 09 radələrində birlikdə yaşadıqları evdə olduqları vaxt Zərərçəkmiş şəxs onu qısqanaraq mobil telefonuna baxması səbəbindən aralarında mübahisə yaranmış, mübahisə zamanı zərərçəkmiş şəxsin boğazından tutaraq sıxmış, həmçinin sol və sağ qol nahiyələrini sıxmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı xx xxxx 2021-ci il tarixli 199 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs «bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun hematoması, sağ bazun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-117/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-117/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver