Məhkəmə qərarları › İş №1(010)-117/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-117/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-117/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 04 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanın qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,725 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2023-cü il tarixdə saat 14:05 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ümumilikdə 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,725 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitədən istifadə edir, lakin 05 sentyabr 2023-cü ildə polis əməkdaşları tərəfindən saxlanılaraq üstündə heç nə olmamışdır. Belə ki, evdən çıxıb işə gedən zaman dörd nəfər polis əməkdaşı ona yaxınlaşaraq bölməyə gətirmişlər. İstifadəçi olduğunu biləndən sonra sənədləşdirdilər. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa dövlət ittihamçısının, müdafiəçisinin və sədrlik edənin suallarına cavab olaraq bir ilə yaxındır ki, narkotik vasitə olan herindən çəkmə və iynə yolu ilə istifadə etdiyini, narkotik vasitəni Y/Suraxanı qəsəbəsində 10 manata aldığını, üstündə yox evdə saxladığını, polis əməkdaşları tərəfindən ona təzyiq olmadığını, istifadəçi olduğunu bölmədə etiraf etdiyini, üstündə narkotik maddə olmadığını, evdə narkotik maddənin olduğunu, evində axtarış aparmadığını, bükümü bölmədə hazırlayıb ona verdiyini. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Təxminən 2-3 aydır ki, narkotik vasitə qəbul edir, hal-hazırda isə «kakos» kimi tanıdığı narkotik vasitə heroini falqa arasında çəkmək yolu ilə qəbul edir. 05 sentyabr 2023-cü il tarixdə saat 14:05 radələrində ünvan 2 ünvanının yaxınlığında olarkən polis geyimində olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxanı Rayon Polis İdarəsinin işçiləri olduğunu bilmişdir. Onu Suraxanı Rayon Polis İdarəsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin idarənin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olması bildirilərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olundu. O da buna etiraz etmədi. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla 03 nəfər polis işçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verildi və olduğu halda təqdim etməyi təklif olundu. O da üzərində, yəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə olan «kakos» kimi tanıdığı heroini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsada başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içərisindəki maddə «kakos» kimi bildiyi heroindir. Həmin narkotik vasitə heroini 05 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin qablaşdırıldı. Qablaşdırılmış zərf təhqiqatçı tərəfindən “45” saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar, tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmış, daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin İstintaq Şöbəsinə təqdim olunduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, 05 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, ev 10-da qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və ünvan 6-da olaraq üstündə narkotik vasitə olması barədə məlumat almışdır. Dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ünvan 6 ünvanının yaxınlığına getmişdir. Saat 14:05 radələrində ünvan 6 ünvanının yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı Rayon Polis İdarəsinə gəlmişdir. Onlar Suraxanı Rayon Polis İdarəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmiş, baxış zamanı həmin bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərdəki kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manat ödəməklə öz istifadəsi üçün alıb və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş bir ədəd büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb iştirakçılar tərəfindən imzalanmış və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı Rayon Polis İdarəsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi sellofan bükümünün içərisində olan narkotik vasitə heroindir və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata almışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heçnə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4721 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzrəində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,725 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş maddə bir ədəd bükümdə olduğundan müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,725 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,675 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5915 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 0,725 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,675 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2019-cu il təvəllüdlü X5 və 14 may 2021-ci il təvəllüdlü X4 adlı uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, ailəli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəni yeganə dolandıran şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 05– 07 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,675 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05– 07 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,675 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar