Məhkəmə qərarları › İş №1(010)-118/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-118/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-118/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 04 – 06 yanvar 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 04 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində X2 20 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 04 yanvar 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb Əmircan qəsəbəsi, V.Balandin küçəsi 42 saylı ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0.417 qram maddə kütləsi – kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 5 ildir, «kakos» kimi tanıdığı narkotik maddədən inyeksiya yolu ilə istifadə edir. Narkotik maddə heroini adətən Suraxanı rayonu, Bülbülə qəsəbəsində kənd adamı kimi tanıdığı Cavid adlı şəxsdən öz istifadəsi üçün 10 ya 20 manata alırdı. Caviddən narkotik maddə aldıqdan sonra onu Cavidin həyətində yerləşən digər evində istifadə edirdi. 04 yanvar 2021-ci ildə saat 16 radələrində Cavidin yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən evinə getmişdir ki, sonuncudan narkotik vasitə “kakos” alıb istifadə etsin. Cavidin yaşadığı evə daxil olub ondan 20 manata bir ədəd siqaretin gümüşü kağızına bükülmüş formada böyük “kakos” almış və Cavidə bildirmişdir ki, həmin bükümün bir hissəsini həmişə olduğu kimi onun digər evində istifadə etsin. Həmin vaxt orada kənd adamları kimi tanıdığı başqa şəxslər də olmuşdur. Narkotik vasitəni aldıqdan sonra evin yerləşdiyi həyətdə olan digər evin qarşısına gəlmiş və həmin evə girmək istəyən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra narkotik vasitənin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu deyərək onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Polis İdarəsində hüquqları və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Etiraz etməmiş və əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində “kokos” kimi tanıdığı narkotik maddə olduğunu, onu bir qədər əvvəl 20 manata Cavid adlı şəxsdən öz istifadəsi üçün aldığını demişdir. Bundan sonra bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış davam etdirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 yanvar 2021-ci ildə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. NMB-nin rəisi, polis mayoru Anar İbrahimov həmin məlumatın yoxlanılması, Novruz adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis idarəsinin rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Novruz adlı şəxsin ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı Rayon Məhkəməsinin məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvləri isə NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Abdin oğlu təyin olunmuşdur. Bundan sonra Novruz adlı şəxsin ətrafında tədbirlər keçirilməsinə başlanmışdır. Həmin gün polis əməkdaşı Şahid3 və Şahid2 ilə birlikdə daxil olmuş məlumat əsasında ünvan 2 ünvanın qarşısına gəlmişlər. Saat 17 radələrində həmin küçədə Novruz adlı şəxsi əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə polis idarəsinə gəlmişlər və bu barədə raport yazıb şöbə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Novruza hüquq və vəzifələri izah olunmaqla vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və üzərində qanunsuz əşya olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Novruza həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, öz şəxsi istifadəsi üçün əldə etməsini və üzərində saxlamasını demişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, narkotik vasitəni saxlanılmamışdan bir neçə dəqiqə əvvəl Cavid adlı şəxsdən 20 manata alıb. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş, hər hansı başqa bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş həmin maddə kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və protokolun doğruluğu bütün iştirakçıların imzaları ilə təsdiqlənmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Abdin oğlu və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 05 yanvar 2021-cı il tarixli 6/41 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün №45” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.417 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir”. 27 yanvar 2021-ci il tarixli 210 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, deməsinə görə yataq xəstəsi olan anasına yeganə qulluq göstərən şəxs olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, ərazi narkoloji dispanserində qeydiyyata alınmaq və zərurət yaranarsa narkomaniyadan müalicə kursu keçmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,367 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 – 06 yanvar 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumundu qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, ərazi narkoloji dispanserində qeydiyyata alınmaq və zərurət yaranarsa narkomaniyadan müalicə kursu keçmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,367 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar