Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-118/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yataqxana 1-də qeydiyyatda olub, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15V, mənzil 87-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə saat 15 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Mercedes Benz 230» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili Suraxanı rayonu, Hövsan qəsəbəsi FHN Akademiyası istiqamətindən «Limon» kafesi istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozur, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, bununla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməmiş, yolun sola döngəli hissəsində idarəetməni itirmiş, avtomobil yolun sağ kənarına çıxaraq avtoyuma sexinin qarşısında olan iri daşın üzərində oturmuş Zərərçəkmiş şəxs vurub ehtiyatsızlıqdan sol bud sümüyünün orta yuxarı 1/3-nin qəlpəli yerdəyişmiş açıq sınığı, sol bud və baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol ayağın sıyrıgı xəsarətləri yetirməklə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci ildə «Mercedes Benz 230» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili almış, öz adına sənədləşdirmiş, «BC» dərəcəli sürücülük vəsiqəsi olmaqla özü idarə edir. 01 avqust 2022ci il tarixdə təxminən saat 10 radələrində ailə daxili problemləri olduğu üçün 2 litr pivə içmişdir. Arvadı ilə aralarında olan mübahisəyə görə o, Suraxanı rayonu Zığ qəsəbəsində yaşayan ata evinə getmişdir. Pivə içəndən bir qədər sonra onun ardınca getmək qərarına gəlmiş və təxminən saat 15 radələrində «Mercedes Benz 230» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə yola düşmüşdür. Avtomobili təxminən 60 km/saat sürətlə idarə edib Zığ yolu ilə Hövsan qəsəbəsindən keçən yolla «Limon» kafesinin qarşısında yolun sola döngəli hissəsində idarəetməni itirmiş, avtomobil yolun sağ kənarına çıxıb avtoyuma sexinin qarşısındakı iri daşa çırpılmış və daşın üzərində oturmuş azyaşlı oğlan uşağına da dəymiş və o zərbədən yerə yıxılmışdır. Özü içkili olduğu üçün özündə deyilmiş, avtomobildən yerə düşərək özünü döyməyə başlamışdır. Az sonra polis əməkdaşları hadisə yerinə gələrək onu polis idarəsinə aparmışlar, vurduğu uşağı isə xəstəxanaya aparmışdılar. Daha sonra onu sərxoşluq müayinəsində keçirmişlər və sərxoş vəziyyətdə olduğu müəyyən olunmuşdur. Hadisədən əvvəl idarə etdiyi «Mercedes Benz 230» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir nasazlıq olmamışdır. Sonda cavan olduğunu, səmimi peşmançılıq hissi keçirilməsini bildirərək, daha yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçını, təqsirləndirilən şəxsi və mülki cavabdehi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınaraq şahid qismində dindirilmiş Qanuni nümayəndə göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun oğlu olmaqla 10 yaşı vardır. 01 avqust 2022-ci ildə saat 15 radələrində yaşadığı evdə olan zaman küçədə bərk səs eşidib küçəyə çıxdıqda evlərinin yaxınlığında yerləşən avtoyuma sexinin qarşısında «Mercedes Benz 230» markalı avtomobilin qəza törətdiyini görmüşdür. Həmin yerə yaxınlaşdıqda həmin avtomobilin avtoyuma sexinin qarşısında oğlu Fəqanı vurmasını bilmişdir. Zərbənin təsirindən oğlu yerdə uzanmış vəziyyətdə qalmışdır. Dərhal TTY maşını çağırıb Sabunçu klinik xəstəxansına aparmışdır. Orada tibbi yardım göstərilərək sol ayağında olan zədə ilə bağlı əməliyyat olunmuşdur. Daha sonra isə 03 avqust 2022-ci ildə əvvəl Nəsimi rayon bazarının yaxınlığında yerləşən xəstəxanaya, sonra isə «Bakı Sağlamlıq» mərkəzinə apararaq orada aldığı xəsarətlərlə bağlı bir daha əməliyyat olunmuşdur. Hadisənin baş vermə mexanizmi barədə ona məlumdur ki, oğlu Fəqanı vuran avtomobilin sürücüsü Niyazi həmin yol sahəsində avtomobili yüksək sürətlə idarə edərək hərəkətdə olarkən gəldiyi sürətlə də avtoyuma sexinin qarşısında onu vurmuşdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki. valideynləri ilə birgə yuxarıda göstərilən ünvanında yaşayır. ünvan 2 məktəbin 5-ci sinifində oxuyur. Yay tətili olduğundan evlərinin yaxınlığında olan avtoyuma sexinin yanında boş vaxtlarını keçirir. 01 avqust 2022-ci ildə Hövsan qəsəbəsi O.Şabanov küçəsində yerləşən «Limon» kafesinin yanındakı avtoyuma sexinin qarşısında olan iri daşın üstündə oturmuşdur. Bu vaxt qarşıdan yolla «Limon» kafesi tərəfə gələn «Mercedes» markalı avtomobil yoldan çıxaraq onun üzərinə gələrək oturduğu daşa çırpılmış, eyni vaxtda onu vurub kənara tullamışdır. Sol bud nahiyəsindən güclü ağrı hiss edərək huşunu itirmişdir. Ayıldıqda isə Sabunçu xəstəxanasında olduğunu bilmiş və atası da yanında olmuşdur. 2 gün sonra isə atası onu başqa xəstəxanaya aparmış, bud sümüyü sındığına görə əməliyyat olunmuşdur. Cinayət işinin 5-14-cü vərəqlərində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 01 avqust 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş yolnəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi FHN Akademiyası istiqamətindən, 16 saylı uşaq poliklinikası istiqamətində baş vermişdir. Avtomobil yolun sağ kənarına çıxaraq avtoyuma sexinin qarşısında olan iri daşın üzərində oturmuş Zərərçəkmiş şəxs vurub, yolnəqliyyat hadisəsi törətmişdir. Cinayət işinin 26-cı vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 59-62-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli 01 avqust 2022-ci il tarixdən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 96-98-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 10 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: sol bud sümüyünün orta yuxarı 1/3-nin qəlpəli yerdəyişmiş açıq sınığı, sol bud və baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol ayağın sıyrığı bərk küt əşya təsirindən törənmişlər. xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamığa ağır zərərvurma aiddirlər. Cinayət işinin 99-102-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 14 oktyabr 2022-ci il tarixli 8/2756 №-li rəyi ilə müəyyən edilmişdir ki. «Mercedes Benz 230» markalı. **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməlidirlər. Bundan başqa sürücü Təqsirləndirilən şəxs «Mercedes Benz 230» markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 87-88-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç hbir şikayətin və tələbin olmadığını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması üçün hərəkətlər etməsini, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səskən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 02 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-118/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-118/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver