Məhkəmə qərarları › İş №1(010)-119/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-119/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-119/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan, ünvan 2 ünvanda yerləşən evin açıq plastik pəncərəsin üzərində olan ətrafı çərçivəsinin üzərində olan toru divar kağızını kəsən bıçaqla kəsərək, evin qonaq otağına daxil olub, oradan üzərində nömrə olmayan 01 ədəd 160 (yüz altmış) manat dəyərində “Xiaomi Redmi 7” markalı **********93558-**********93566 İMEİ kodlu mobil telefonu və evin yataq otağından 200 (iki yüz) manat dəyərində “Hoffman X Prime” markalı **********97536-**********97544 İMEİ kodlu mobil telefonu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə zərərçəkmiş şəxs X3 məxsus olan, ünvan 3 ünvanda yerləşən evin açıq plastik pəncərəsin üzərində olan ətrafı çərçivə ilə əhatə olunmuş toru çıxarmaqla, evə daxil olub, qonaq otağında olan televizor altlığının üzərindən 300 manat dəyərində “Toyota” markalı avtomobilin açarını, yataq otağından üzərində nömrə olmayan 180 (yüz səksən) manat dəyərində “Samsung J4” markalı **********60795 İMEİ kodlu, 300 manat dəyərində “Samsung J4” markalı İMEİ 3581xx/xx/486127/6 kodlu mobil telefonu, 1 ədəd 35 manat dəyərində olan qadın çantasını və onun içərisində olan, hər biri 30 manat olan 3 ədəd, ümumilikdə 90 manat dəyərində mərsiyə kitablarını və 560 manat nəğd pulu, 1 ədəd 20 manat dəyərində qadın jiletini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 1.485 (min dörd yüz səksən beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2-ji və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində piyada gəzərək, ev sahibləri olmayan boş ev axtarmışdır ki, oğurluq edərək, özü üçün yemək və siqaret alsın. xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində, Suraxanı rayonu, Əmircan qəsəbəsində olan qəbirstanlığın yaxınlığında gəzərkən, bütün işıqları sönülü həyət evi görmüşdür. Həyət evinin ətrafı mişar daşları ilə hasara alınmışdır. Həmin evin giriş qapısı ilə sağ divar boyu hasar evə bitişik idi. Həmin yerdə açıq vəziyyətdə plastik pəncərə görmüş və evdə heç kimin olmadığına əmin olduqdan sonra, evin açıq pəncərəsinin altında olan borunun üzərinə çıxmışdır. Daha sonra o, üzərində dəmir barmaqlıqlar olmayan açıq vəziyyətdə olan plastik pəncərəyə yaxınlaşmışdır. Plastik pəncərənin üzərində ətrafında çərçivə olan tor olmuşdur. Həmin toru üzərində olan sahibsiz mənzillərə daxil olmaq üçün istifadə etdiyi divar kağızını kəsən bıçaq ilə kəsərək, evin içərisinə daxil olmuş və plastik pəncərədən daxil olduqda, sol tərəfdə çarpayının üzərində bir nəfər kişi cinsindən olan şəxsin yatdığını görmüşdür. Artıq evə daxil olduğuna görə geri qayıtmamış və tam əmin olmuşdur ki, həmin bir nəfər şəxs yatır və onu görmür. O, sakitcə asta addımlarla həmin kişi cinsindən olan şəxsin yatdığı çarpayının sol tərəfində olan kreslonun üzərindən qaranlıq olduğu üçün rəngini görmədiyi bir ədəd mobil telefonu götürmüşdür. Bundan sonra evin digər otağına keçmiş və görmüşdür ki, daxil olduğu otaq yataq otağıdır. Həmin yataq otağında olan çarpayının üzərində iki nəfər şəxs yatmış, bu səbəbdən o, düşünmüşdür ki, bu otaqda çox hərəkət etsə, çarpayıda yatan şəxslər yuxudan oyanacaq və onu görəcəklər. Bu səbəbdən də o, yataq otağında gəzmədən, yataq otağının içərisində olan sol tərəfdəki qapını açıq otağa baxmışdır. Həmin otaqda çarpayının üzərində bir nəfər şəxsin yatdığını görmüş və çarpayının yanında olan kiçik ölçülü dolabın üzərindən qaranlıq olduğu üçün rəngini görmədiyi bir ədəd telefonu götürmüşdür. Ev sahibləri oyanmasın deyə o, asta addımlarla evə daxil olduğu plastik pəncərədən oğurladığı mobil telefonlarla birlikdə çıxmışdır. Bundan sonra o, saat 03 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən binanın 2-ci blokuna gəlmişdir. Blokda olan zaman işıqlıqda baxmışdır ki, oğurladığı mobil telefonlardan biri göy rəngli “Xiaomi” markalı, digər mobil telefon isə qızılı rəngli “Hoffman” markalıdır. Sonra yaşadığı 11 nömrəli mənzilə qalxaraq yatmışdır. Daha sonra həmin gün yəni, xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində oğurluq yolu ilə əldə etdiyi “Xiaomi” markalı mobil telefonu Bakı şəhəri, Nizami rayonu “Qara Qarayev”» metrostansiyasının yaxınlığında telefon alqı-satqı mağazasına özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 80 (səksən) manata satmışdır. Telefon mağazasında işləyən, mobil telefonu 80 (səksən) manata alan şəxsə həmin mobil telefonu oğurluq yolu ilə əldə etdiyini bildirməmiş, özünə məxsus mobil telefon kimi satmışdır. Təxminən 20 gündən çox “Hoffman” markalı mobil telefona özünə məxsus ***-***-**-** saylı mobil nömrəni daxil edərək işlətmişdir. 2020-ci ilin sentyabr ayında o, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Qoşa Minarə” məscidinə gəlmişdir. Əvvəlcədən tanıdığı Xəqani adlı şəxsi görmüş və Xəqani adlı şəxsə özünə məxsus Hoffman markalı mobil telefonu 40 manata satdığını bildirmişdir. Xəqani ona 40 manatı hazırda verə bilməyəcəyini, üzərində 10 manat olduğunu və qalan 30 manatı sonra verəcəyini bildirmişdir. O, da Xəqani adlı şəxslə razılaşaraq, “Hoffman” markalı mobil telefonu tanışı Xəqaniyə satmışdır. Bundan başqa, o, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində piyada gəzərək, pəncərəsi açıq olan ev axtarmışdır ki, yenə oğurluq edərək, özü üçün yemək və siqaret alsın. xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində olan poçtun yanı deyilən ərazidə işıqları sönülü, pəncərəsi açıq, üzərində çərçivəli toru olan həyət evi görmüşdür. Həyət evinin hasarı olmamışdır. Həmin ev təxminən 7-8 daş kürsülü və evin giriş qapısına qalxmaq üçün pilləkənlər olmuşdur. O, həmin pilləkənlərlə yuxarı qalxmış və həmin açıq pəncərənin üzərində olan çərçivəli toru çıxarıb pilləkənin üzərinə qoyaraq, oradan evə daxil olmuşdur. Daxil olduğu otaqda pəncərədən sol tərəfdə televizor altlığının üzərindən maaş kartı və markasını bilmədiyi avtomobilə məxsus açarı götürmüş, bundan sonra qapısı açıq olan digər otağa, yəni yataq otağına girmişdir. Yataq otağına girərkən, çarpayıda qadın və kişinin yatdığını görmüşdür. Həmin çarpayının sağ və sol tərəflərin olan oturacaqların üzərində olan mobil telefonları götürmüş və bundan sonra həmin otaqda stolun üzərində olan qadın çantasını və onun içində olan 3 ədəd kitabları, qadın ciletini götürüb, ev sahibləri oyanmasın deyə asta addımlarla evə daxil olduğu plastik pəncərədən oğurladığı mobil telefonlar və çanta ilə birlikdə çıxmışdır. Bundan sonra yaşadığı ünvan 4 ünvanında yerləşən binanın qarşısına gəlib yaşadığı evə qalxıb yatmışdır. Daha sonra həmin gün, yəni, xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində oğurluq yolu ilə əldə etdiyi “Samsung” markalı mobil telefonları Bakı şəhəri, Nizami rayonu “Neftçilər” metrostansiyası yaxınlığında telefon alqı-satqı mağazasına özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 70 (yetmiş) və digər “Samsung” markalı mobil telefonu isə həmin yerdə yerləşən başqa telefon alqı-satqı mağazasına 44 (qırx dörd) manata satmışdır. Telefon mağazasında işləyən və ondan mobil telefonu 70 (yetmiş) manata alan şəxslərə həmin mobil telefonları oğurluq yolu ilə əldə etdiyini bildirməmiş, özünə məxsus mobil telefonlar kimi satmışdır. O, həmin evdən oğurluq edib çıxdıqdan sonra, yolda evdən götürdüyü avtomobil açarını, bank kartını və cileti yadında qalmadığı yerə atmış, oğurladığı çantanı isə içərisində olan kitablarla birlikdə xx.xx.2021-ci il tarixdə səhər saatlarında evinin yaxınlığında olan zibilxanada yandırmışdır. O, qeyd olunduğu evdən hər hansı bir məbləğdə pul oğurlamamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmənin əvvəlki iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evinə naməlum şəxs və ya şəxslər tərəfindən qanunsuz daxil olaraq, qonaq otağından dəyəri 380 (üç yüz səksən) manat olan “Xiaomi Redmi 7” markalı **********93558 və **********93566 İMEİ kodlu mobil telefonun və evin yataq otağından dəyəri 200 (iki yüz) manat olan “Hoffman X Prime” markalı **********97536 və **********97544 İMEİ kodlu mobil telefonun oğurladığını, ümumilikdə ona 580 (beş yüz səksən) manat məbləğində maddi ziyan vurulmasını aşkar etmişdir. Qeyd etmişdir ki, oğurluq hadisəsi baş verən zaman o, ailəsi ilə birlikdə evdə olmuşdur. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində evdə} olan televizoru söndürərək, bütün ailə üzvləri yatmışlar. Hava isti olduğundan, evin qonaq otağının plastik pəncərəsini açıq qoymuşdur, lakin plastik pəncərənin üzərində ayrıca olaraq çərçivəsi olan tor olmuşdur. Naməlum şəxs və ya şəxslər həmin toru kəsərək, ona məxsus evin qonaq otağından içəri daxil olmuş və qonaq otağında oğlu Bayramlı Amilin yatdığı çarpayının yan tərəfində olan kreslonun üzərindən bir ədəd “Xiaomi Redmi 7” markalı **********93558-**********93566 İMEİ kodlu mobil telefonu oğurlamışdır. Bundan sonra naməlum şəxs və ya şəxslər azyaşlı qızı Bayramlı Reyhanın yatdığı yataq otağına daxil olaraq, yataq otağında olan kiçik dolabın üzərindən “Hoffman X Prime” markalı **********97536 və **********97544 İMEİ kodlu mobil telefonu oğurlamışdır. Ümumilikdə, ona 580 manat maddi ziyan dəymişdir. Onun mobil telefonuna ekspertizanın verdiyi qiymətə etirazı yoxdur və həmin “Xiaomi Redmi 7” markalı mobil telefonu ekspert rəyindəki qiymətlə yəni, 160 manat hesablamaqla ona ümumilikdə 360 manat maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə evdə ailə üzvləri ilə yatdığı zaman, naməlum şəxs onların yaşadığı evdən oğurluq etmişdir. Belə ki, onlar həmin gün saat 03.20 radələrində, namaza duran zaman pəncərənin torunun yerində olmadığını görmüşlər. Bu zaman evə kiminsə girə biləcəyini fikirləşmişlər. O, yataq otağında olan mobil telefonları qoyduğu yerə baxmış və 2 ədəd Samsung markalı mobil telefonların yerində olmadığını aşkar etmişdir. Bundan sonra evdən oğurluq olduğuna əmin olmuş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Daha sonra isə polis əməkdaşları onların evinə gəlmişlər və o evdən hər biri 300 manat dəyərində olan iki ədəd mobil telefonun oğurlanması ilə əlaqədar olaraq ərizə yazmışdır. Polis əməkdaşları evdən gedəndən sonra, özü evdə başqa nələrinsə oğurlanıb-oğurlanmadığını yoxlamış və müəyyən etmişdir ki, ona məxsus “Toyota” markalı avtomobilin açarı, 560 manat nağd pul, içərisində dini kitablar olan qadın çantası, Premium banka məxsus maaş kartı və qadın jileti oğurlanmışdır. Həmin əşyaların dəyərini dəqiq bilmədiyi üçün ona dəymiş ziyan kimi hesablamışdır. Yalnız mobil telefonları və 560 manat pulu ona dəymiş ziyan kimi hesablamışdır. O, ilkin ifadəsində ona 1.160 manat maddi ziyan vurulduğunu bildirmişdir. Lakin, hadisədən sonra evdən oğurlanmış “Toyota” markalı avtomobilin açarını bərpa etmək üçün 300 manat pul vermiş, eyni zamanda oğurlanan jiletin qiyməti təxminən 20 manat, 3 ədəd mərsiyə kitabı hər birinin qiyməti təxminən 30 manat və qadın çantası 35 manat dəyərində olmuşdur. Həmin “Samsung J4” markalı mobil telefonu ekspert rəyindəki qiymətlə yəni, 180 manat hesablamaqla ona ümumilikdə 1.485 manat maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 27 ünvanında yerləşən “Playstore” mağazasını icarə əsasında təxminən 7 ildir ki, mobil telefon alqı-satqı mağazası kimi işlədir. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində, iş yerində olan zaman hazırki iş üzrə Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş, ona yaxınlaşıb, əlində olan göy rəngli “Xiaomi Redmi 7” markalı mobil telefonu göstərib satmaq istədiyini bildirmişdir. O, da həmin mobil telefona baxmış, yoxlamış və onun işlək vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra həmin mobil telefonu 80 manata ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da onunla razı olmuş və 80 manat pulu ondan qəbul edib, həmin mobil telefonu ona satmışdır. O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən vəsiqəsini tələb etmişdir. Bu şəxs də özünə məxsus, yəni Təqsirləndirilən şəxs adına verilmiş şəxsiyyət vəsiqəsini təqdim etmiş, onun şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq, üzərində qeydiyyatını apardıqdan sonra həmin mobil telefonu ondan qəbul edib, pulu ona vermişdir. Bundan təxminən 10 gün sonra həmin mobil telefonu tanımadığı müştəriyə satmışdır. Bir neçə gündən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə işlədiyi mağazaya gələn zaman, ona məlum olmuşdur ki, sonuncu ona satdığı telefonu oğurlayıb. Ancaq Emil telefonu satan zaman, həmin telefonun özünə aid olduğunu və ehtiyacı olduğu üçün satdığını demişdir. O, Emili ilk dəfə idi ki, görmüşdür, sonuncunu əvvəllər görməmiş və ya tanımamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Həbibi” telefon alqısatqısı mağazasında satıcı işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 10.30 radələrində, iş yerində olan zaman təxminən 30-35 yaşlarında olan bir oğlan iş yerinə gəlmiş, ona yaxınlaşıb, əlində olan “Samsung” markalı mobil telefonu göstərib, onu satmaq istədiyini bildirmişdir. O, da həmin mobil telefona baxmış, yoxlamış və telefonun işlək vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra həmin mobil telefonu 44 manata ala biləcəyini bildirmişdir. Həmin şəxs də onunla razı olmuş və 44 manat pulu qəbul edib, həmin mobil telefonu satmışdır. O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən vəsiqəsini tələb etmiş, həmin şəxs də özünə məxsus, yəni Təqsirləndirilən şəxs adına verilmiş şəxsiyyət vəsiqəsini təqdim etmiş, o şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq, üzərində qeydiyyatını apardıqdan sonra, həmin mobil telefonu ondan qəbul edib, pulu ona vermişdir. Bundan təxminən 5-6 gün sonra həmin mobil telefonu tanımadığı müştəriyə satmışdır. Bir neçə gündən sonra polis əməkdaşları həmin şəxslə birlikdə işlədiyi mağazaya gələn zaman məlum olmuşdur ki, həmin şəxs satdığı telefonu oğurlayıb. Ancaq telefonu satan zaman həmin telefonun özünə aid olduğunu və ehtiyacı olduğu üçün satdığını demişdir. O, həmin şəxsi ilk dəfə idi ki, görmüşdür, əvvəllər görməmiş və ya tanımamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Bakcell” mağazasını icarə əsasında təxminən 10 ildir ki, mobil telefon alqı-satqı mağazası kimi işlədir. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində, o, iş yerində olan zaman, təxminən 30-35 yaşlarında olan bir oğlan iş yerinə gəlmiş, ona yaxınlaşıb, əlində olan “Samsung” markalı mobil telefonu göstərib satmaq istədiyini bildirmişdir. O, da həmin mobil telefona baxmış, yoxlamış və telefonun işlək vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, həmin mobil telefonu 70 manata ala biləcəyini bildirmişdir. Həmin şəxs də onunla razı olmuş və 70 manat pulu ondan qəbul edib həmin mobil telefonu satmışdır. O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən vəsiqəsini tələb etmiş, həmin şəxs də özünə məxsus, yəni Təqsirləndirilən şəxs adına verilmiş şəxsiyyət vəsiqəsini təqdim etmiş, o, da şəxsiyyət vəsiqənin surətini çıxardaraq, üzərində qeydiyyatını apardıqdan sonra, həmin mobil telefonu götürüb, pulu həmin şəxsə vermişdir. Bundan təxminən 5-6 gün sonra həmin mobil telefonu tanımadığı müştəriyə satmışdır. Bir neçə gündən sonra polis əməkdaşları həmin şəxslə birlikdə işlədiyi mağazaya gələn zaman, ona məlum olmuşdur ki, həmin şəxs satdığı telefonu oğurlayıb. Ancaq sonuncu telefonu satan zaman, həmin telefonun özünə aid olduğunu və ehtiyacı olduğu üçün satdığını demişdir. O, həmin şəxsi ilk dəfə idi ki, görmüşdür, əvvəllər görməmiş və ya tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının təxminən 20-də o, özünə məxsus mobil telefonu pul lazım olduğu üçün satmışdır. Ona görə də daha ucuz bir telefon almaq istəmişdir. Bu niyyətlə “tap.az” saytında mobil telefonlar axtarmağa başlamışdır. Həmin gün saytda “Xiaomi Redmi 7” markalı mobil telefonu görmüş və qeyd olunan telefon onun xoşuna gəlmişdir. Buna görə də orada olan mobil nömrə ilə əlaqə saxlamış və ona həmin telefona Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən “Play Store” mobil telefon mağazasında baxa bilələcəyini bildirmişlər. Ona görə də o, həmin gün təxminən saat 14 radələrində Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən “Play Store” mobil telefonların alışı və satışı ilə məşğul olan mağazaya gəlmişdir. Orada həmin “Xiaomi Redmi 7” markalı mobil telefona baxmış və bu telefonu 150 manata almışdır. Bundan sonra təxminən 2-3 ay telefonu işlətdikdən sonra polis əməkdaşları tərəfindən ona zəng gəlmiş və aldığı telefonun oğurluq olduğunu bildirmişlər. Ona görə də o, mobil telefonu gətirərək, könüllü polis əməkdaşlarına təqdim etmişdir. Qeyd etmişdir ki, həmin telefonu mağazadan almışdır və oğurluq olması barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, övladının onlayn dərsləri ilə əlaqədar olaraq evə telefon almalı idi. Buna görə də o, Neftçilər metrosunun yaxınlığında mobil telefonların satışı ilə məşğul olan mağazaları gəzib, büdcəsinə uyğun olan mobil telefon axtarmağa başlamışdır. Həmin yerdə mağazaların birinə daxil olmuş və vitrində olan qara rəngli “Samsung J4” markalı mobil telefonu görmüşdür. Həmin mağazanın satıcısından mobil telefonu neçəyə satdığını soruşmuş və satıcı həmin telefonu 120 manata satdığını bildirmişdir. Bundan sonra o, da bu təkliflə razılaşmış və həmin mobil telefonu 120 manata almışdır. Həmin mobil telefonu alıb Ucar rayonunda yaşayan ailə üzvlərinə göndərmişdir ki, övladı onlayn dərslərdə iştirak etsin. 2021-ci ilin fevral ayının 5-də həyat yoldaşının ***-***-**-** saylı mobil nömrəsinə polis əməkdaşından zəng edilərək, mobil telefonun oğurluq olduğu bildirilmişdir. Ona görə də o, həmin mobil telefonu Bakıya gətizdirib, polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Qeyd etmişdir ki, o, həmin telefonu mağazadan almışdır və telefonun oğurluq olması barədə onun məlumatı olmamışdır. İş materiallarında olan xx xxxxxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 4(010)-260/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 4(010)-42/2021 nömrəli xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 30 günədək müddətə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 stosionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə yerləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 4(010)-53/2021 nömrəli qərarı xx xxxxxx 2021-ci il tarixli ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay 26 gün, yəni xx xxxxx 2021-ci il tarixədək uzadılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik eskpertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2020-ci il tarixli 2516 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər “Şizofreniya paranoid forma” diaqnozu ilə əvvəllər psixiatrik xəstəxanalarda müalicədə olmasını nəzərə alaraq ona ittiham olunan əməl dövründə anlaqlı olub-olmamasını müəyyən etmək amblator şəraitdə bir qədər çətinlik törətdiyi üçün uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri hesab edilmişdir. İş üzrə təyin edilmiş stasionar Məhkəmə Psixiatrik Ekspertizası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2021-ci il tarixli 19 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “paranoid şizofreniya, fasiləsiz gedişli” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkir. Təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “paranoid şizofreniya, fəsiləsiz gedişli” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Rerspublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Bununla da, Təqsirləndirilən şəxs hal-hazırki müayinə zamanı paranoid şizofreniyaya xas əlamətlər müəyyən edilir. Lakin həmin patologiya hazırda dayanıqlı remissiya vəziyyətində olduğundan onu öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırda psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2021-ci il tarixli 19 saylı rəyi məhkəmə baxışı zamanı nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/47 saylı rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “Redmi by Xiomi” markalı, “Redmi 7” model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 160 manat müəyyən edilir. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/698 saylı rəyindən məlum olur ki, aparılmış ekspert tədqiqatı nəticəsində «SAMSUNG» şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan «İNTEGRAL» firmasının məlumatına və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və köhnə işlənmiş mobil telefon alqısatqı məntəqələrindı mövcud olan qiyçətlərə əsasən, ekspertizaya təqdim edilmiş bir ədəd «Samsung Qalaxy 16GB» markalı SM-J400F/DS modelli mobil telefonun işlənmiş vəziyyətdə, xx xxxxxx 2020-ci il tarixə, istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 180 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Binəqədi rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ləğv edilmiş və Binəqədi rayon Məhkəməsində cinayət işinə mahiyyəti üzrə baxılması üçün Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına keçirilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 487-ci maddəsi ilə cinayət işi prokurorluğa geri qaytarılmış və Təqsirləndirilən şəxs həbsdən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, “Xiaomi Redmi 7” markalı mobil telefon Zərərçəkmiş şəxs1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, “Samsung J4” markalı mobil telefon Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində zərərçəkmiş şəxs X3 məxsus olan, ünvan 3 ünvanda yerləşən evindən oğurluq edərkən, digər əmlaklara bərabər 560 manat məbləğində pul vəsaitini oğurlamadığını göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, rəydə göstərilən xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs oğurladığı bir ədəd “Samsung Qalaxy 16 GB” markalı SM- J400F/DS modelli telefon və bir ədəd “Redmi by Xiaomi” markalı “Redmi 7” modelli telefon zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarıldığından zərərçəkmiş şəxslərə qaytarılmış hesab edilməlidir. Məhkəmə zərər çəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 125 (yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 125 (yüz iyirmi beş) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğurladığı bir ədəd “Samsung Qalaxy 16 GB” markalı SM- J400F/DS modelli telefon və bir ədəd “Redmi by Xiaomi” markalı “Redmi 7” modelli telefon zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarıldığından zərərçəkmiş şəxslərə qaytarılmış hesab edilsin. Zərər çəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar