Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-119/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı X2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, 01 – 03 iyun 2024-cü il tarixləri üzrə tutulmuş, 03 iyun 2024-cü ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 25 noyabr 2024-cü ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, ünvan 2 ünvanda Zərərçəkmiş şəxs onun qardaşı Vadim Sultanova qanunsuz olaraq narkotik vasitələr verməsini güman edərək sonuncudan bu kimi hərəkətlərinə son qoymasını tələb etdikdə aralarında yaranmış mübahisə zamanı etdiyi hərəkətə görə Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə yumruğu ilə bir dəfə qəsdən onun çənə nahiyəsindən vurub sağlamlığına çənə sümüyünün sol şaxəsinin qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 2024-cü il ilin may ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə təmiz çəkisi xeyli miqdarda 9,05 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış quruldulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış, 01 iyun 2024-cü ildə saat 20:45 radələrində Suraxanı Rayon Polis İdarəsinin 32ci polis bölməsinin əməkdaşları tərəfindən Suraxanı RPİ-nin İŞ-də Azəraycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 104 nömrəli məktəbin qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev 18 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılaraq üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi xeyli miqdarda 9,05 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamlarla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 127.1 və 234.1-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, lakin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı Sultanov Vadimə görə tanımışdır. Belə ki, qardaşı Vadim əvvəllər narkotik vasitə istifadəçisi olmuş sonradan tərgitmişdir. 2024-cü ilin əvvəllərində qardaşının ona məlum olmayan yerlərə gedib-gəlməsindən narahat olmuş, onun yenidən narkotik vasitə istifadə etməsindən şübhələnmişdir. Bu səbəbən bir-neçə dəfə qardaşı Vadimi izləmiş və onun müəyyən vaxtlarda narkotik vasitələrin istifadəçisi kimi tanıdığı Əbdülkərimlə görüşdüyünü görmüşdür. Sonuncu dəfə isə 22 yanvar 2024-cü il tarixdə qardaşı Vadimi izləyərkən təxminən saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsi, “Daş yol” adlanan ərazidə Əbdülkərimlə görüşdüyünü, söhbət etdikdən sonra ondan ayrılıb getdiyini görmüşdür. X4 sağollaşıb getdikdən sonra Əbdülkərimə yaxınlaşmış və Əbdülkərimdən dayanmağını istəmişdir. Əbdülkərim dayandıqdan sonra qardaşı ila narkotik vasitə istifadə etməməyini tələb etmiş və demişdir ki, “qardaşım sənə görə narkotik vasitələrdən əl çəkmir”. Əbdülkərim ona əsəbi şəkildə qardaşı ila narkotik vasitə istifadə etmədiyini demiş və bu səbəbdən aralarında söz mübahisəsi yaranmışdır. Söz mübahisəsi zamanı o da əsəbləşərək yumruqla bir dəfə Əbdülkərimin çənə nahiyəsindən zərbə vuraraq yerə yıxmış və Əbdülkərimin telefonu yerə düşmüşdür. Bu zaman o, Əbdülkərimin telefonunu yerdən götürüb özündə saxlayıb baxış keçirəcəyini, əgər telefonunda narkotik satışı ilə bağlı hər hansı hal aşkar etdiyi halda polisə şikayət edəcəyini, telefonu da polislərə verəcəyini demişdir. Əbdülkərim də bir daha narkotik vasitə satmadığını deyib telefonun onda qalmasına razılıq vermişdir. Daha sonra Əbdülkərimin telefonunu tanışları vasitəsilə geri qaytarmışdır. Bundan başqa qeyd etmişdir ki, kustar üsülla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana üzərində olmamışdır. Bununla bağlı analiz də vermiş, lakin heçnə çıxmamışdır. Marixuananı cibinə vəkilin iştirakı ilə qoymuşlar. Göstərilən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə isə bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq isə hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, may ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə şəxsi işi ilə əlaqədar gəldiyi vaxt yerdə, yəni yolun kənarında bir ədəd bükülü sellofan kəsiyi görmüş və diqqətini cəlb etdiyi üçün yerdən götürmüşdür. Həmin sellofan bükümünü açdığı zaman içərisində narkotik vasitə marixuana olduğunu görmüş və şəxsi istifadəsi üçün özündə saxlamışdır, çünki bəzi vaxtlarda narkotik vasitə marixuanadan istifadə edir. Bundan təxminən 20 gün sonra, yəni 01 iyun 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan nənəsi gilə getmək üçün piyada hərəkətdə olub, 104 nömrəli məktəbin qarşısından keçərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar və xidməti vəsiqələrini təqdim edərək Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Belə ki, o, həmin polis işçilərini əvvəllər görməmişdir, yəni tanımırdı və heç bir ədavəti olmamışdır. Həmin polis əməkdaşları ona Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işində şübhəli olduğu üçün saxladıqlarını və bu səbəbən birlikdə Suraxanı RPİ-nin 32-ci PB-yə getməli olduqlarını demişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 32-ci PB-yə getmişdir. PB-yə daxil olduqları zaman növbətçi hissənin qarşısında təxminən 20 gün əvvəl tapdığı narkotik vasitə marixuana üzərində olduğundan və üstünü axtaracaqlarından narahat olduğu üçün özü polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra bölmədə ona dövlət hesabına müdafiəçi təyin edilərək hüquq və vəzifələri izah edilmişdir. Sonra ona təklif olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılsın və o, buna etiraz etməmişdir. Şəxsi axtarışdan qabaq özü ərizə verərək şəxsi axtarış zamanı vəkilin iştirak etməməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunsuz əşyanı təqdim etməyi təklif olunan zaman başqa çıxış yolu olmadığından əynində olan qara rəngli cins şalvarınının sol yan cibindən Qaraçuxur qəsəbəsi ərazisində tapdığı və şəxsi istifadəsi üçün saxladığı bir büküm narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin marixuananı təxminən 20 gün əvvəl Qaraçuxur qəsəbəsi ərazisində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Şəxsi axtarış zamanı üzərindən sellofan bükümdə olan narkotik vasitə marixuanadan başqa heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə marixuana ağ rəngli zərfə qoyulmuş və zərfin ağzı bağlandıqdan sonra tərəflərindən imzalanmışdır. Bundan sonra şəxsi axtarışa dair protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra imzalamışdır. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Sultanov Vadimə görə tanımışdır. Əvvəllər o, narkotik vasitələrin qanunsuz istifadəyə görə məhkum edilmişdir. Hərdən bir narkotik vasitə olan qurudulmuş marixuandan istifadə etmişdir. Nadimin qardaşı Vadimlə də bir-iki dəfə bir yerdə qurudulmuş marixuana çəkmişlər. Ancaq heç vaxt Vadimə narkotik vasitə satmamış və ya başqa bir formada verməmişdir. Belə ki, 22 yanvar 2024-cü il tarixdə axşam saatlarında evdən gəzmək üçün çıxmışdır. Təxminən saat 21:00 radələrində yaşadığı evin yaxınlığında Mədən ərazisində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında, “Daş yol” adlanan ərazidən keçdiyi zaman Vadimi görmüş və həmin vaxt Vadim ona bir yerdə narkotik vasitə, qurudulmuş marixuandan istifadə etməyi təklif etmiş, lakin Vadimin təklifini qəbul etməmiş və evə getmək istəmişdir. Vadim də ondan ayrılıb getmişdir. O, Vadimdən aralanıb bir qədər hərəkətdə olduğu zaman Vadimin qardaşı Nadim arxadan ona yaxınlaşmış və dayanmağını istəmişdir. Nadim ondan qardaşı Vadim ilə birlikdə narkotik vasitə istifadə etməməsini tələb etmiş və qardaşı ona görə narkotik vasitədən əl çəkmədiyini demişdir. Bu səbəbdən aralarında söz mübahisəsi yaranmışdır. O, Nadimə Vadim ilə birlikdə narkotik vasitə istifadə etmədiyini, qardaşının özünün ona birgə narkotikdən istifadə etməyi təklif etdiyini demişdir. Ancaq Nadim onunla razılaşmamış və aralarında yaranmış mübahisə zamanı çənə nahiyəsinə yumruqla vurub onu yerə yıxmışdır. Yerə yıxılandan sonra üzərində olan sadə, “Nokia” markalı mobil telefonu yerə düşmüşdür. Nadim onun telefonunu götürüb, telefonu özündə saxlayıb baxış keçirəcəyini və əgər narkotik satışı ilə bağlı hər hansı bir hal aşkar edərsə bu barədə polisə şikayət edib telefonu da polisə verəcəyini demişdir. O da Nadimə narkotik satmadığını deyərək, könüllü olaraq razılıq vermişdir ki, Nadim onun telefonunu götürüb araşdırma aparsın. Çünki istəmişdir ki, Nadim onun narkotik satışı ilə məşğul olmamağından tam arxayın olsun. Nadim tərəfindən vurulub xəsarətləndirildikdən 4 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə çənə nahiyəsində olan şiddətli ağrılara görə xəstəxanaya müraciət etmişdir. Sonda zərərçəkmiş şəxs ərizə təqdim edərək bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Sultanov X3 Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə 26 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək bədən xəsarəti yetirməsi faktında şübhəli olduğu olduğu üçün 01 iyun 2024cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə rəisi Şahid2la birlikdə xidmətdə olduqları zaman saat 20:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 104 nömrəli məktəbin qarşısında saxlayaraq aidiyyəti üzrə 32-ci polis bölməsinə gətirmişlər və polis bölməsində Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermək istədikləri zaman üzərində narkotik vasitə olduğunu demişdir. Bu səbəbdən tərəflərindən raport tərtib edilmiş və Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması bölmənin təhqiqatçısı Kənan Bayramlıya həvalə olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar verəndən sonra sonuncunun üstündə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqlarını izah etmiş, vəkil ilə bağlı mövqeyini soruşanda Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkil istəmədiyini bildirmiş, vəkildən imtina etməsini yazılı ərizə ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı, tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, sonuncuya təklif etmişdir ki, üstündə qanunsuz saxlanılan nə varsa, özü təqdim etsin. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmış bükümü çıxardıb təqdim edərək, içərisində narkotik vasitə marixuana olmasını və 20 gün əvvəl Qaraçuxur qəsəbəsində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Sonra təhqiqatçı bükümü açdığı zaman içərisində ot halında spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə olduğunu görmüşdür. Təhqiqatçı içində maddə olan bükümü bir kağız zərfə qoyub zərfi möhürləmiş və üstündə yazılı qeydlər aparmış, iştirakçılar da zərfi imzalamışlar. Şəxsi axtarışın aparılması barədə təhqiqatçı protokol tərtib edərək iştirakçıları onunla tanış etmiş, iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs etiraz bildirmədən protokolu imzalamışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşları özlərinitəqdim edirlər, Təqsirləndirilən şəxs bildirir ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Kamran Bayramlı Təqsirləndirilən şəxs onun hüquq və vəzifələri ilə tanış edir, daha sonra Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edir, təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə nəyşə (marixuana) olduğunu, həmin marixuananı 20 gün əvvəl Qaraçuxur qəsəbəsi ərazisində olduğu zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Sonra həmin büküm təhqiqatçı tərəfindən ağ rəngli boş zərfə qoyularaq möhürlənir. Polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 03 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-6-16-2-7/887 saylı 02 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 9,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: tədqiqatlar “çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” (Bakı., 2005-ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. marixuananın ümumi çəkisi-9,05 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-9,0 qram. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 iyun 2024-cü il tarixli 403 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsaslanaraq hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlir: Zərərçəkmiş şəxs çənə sümüyünün sol şaxəsinin qapalı sınığı müöəyyən edildi. Xəsarət küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 24 yanvar 2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd olunan xəsarətin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 5912 saylı 27 avqust 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 04 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 181, 221.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 26 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 25 noyabr 2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İlk növbədə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış sübutlarla təsdiq olunur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə şikayət və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 01 – 03 iyun 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 25 noyabr 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 03 (üç) ay, cəmi 03 (üç) ay 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesabmalı və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,0 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 – 03 iyun 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 25 noyabr 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 03 (üç) ay, cəmi 03 (üç) ay 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,0 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-119/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-119/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver