Məhkəmə qərarları › İş №1(010)-12/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-12/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-12/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General S.Qılmanov küçəsi, ev 68, mənzil 178 ünvanı üzrə qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq olunmaqla 02 il 10 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, eyni Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 71.5 və 67.1-ci maddələri tətbiq olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.3cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 67.1ci maddəsi tətbiq olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası CMnin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmündən xaric edilmiş, ona həmin hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmişdir), Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasının 10 ay 04 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən barəsində əvvəli xx xxxxxx 2019-cu il tarixindən hesablanmaqla 03 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş, müstəntiqin xx xxxxx 2019-cu il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş (təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma dövründə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə hazırlıq iclasının xx xxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır), hazırda Suraxanı Rayon Məhkəməsinin icraatında olan başqa bir cinayət işi ilə əlaqədar barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci ildə ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsinə evin giriş qapısının sağ hissəsində olan plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olub, yataq otağındakı paltar şkafının içərisindəki boz rəngli kostyumun sol iç cibindən 2.500 manat miqdarında nağd pulu, trümonun üzərindən 28 manat dəyərində bir ədəd “Sonashi” markalı SHC-1027 modelli saç qırxan aparatı, 5 manat dəyərində bir ədəd “X12” markalı 60-70%-i istifadə edilmiş kişi ətrini, 5 manat dəyərində bir ədəd üzərində “X11 Arqus” yazıları olan 60-70%-i istifadə edilmiş kişi ətrini, eləcə də, 1,70 manat ekvivalentində olan 1 ABŞ dollarını, 60,6 manat ekvivalentində olan 3.000 özbək pulunu və 75,15 manat ekvivalentində olan 16.700 qazax pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2.673,75 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən xx xxxxxx 2019-cu ildə saat 12 radələrində ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsinə plastik pəncərəni özü ilə gətirdiyi dəmir parçası ilə açmaq yolu ilə qanunsuz daxil olub, evin yataq otağından 4.800 manat miqdarında pulu və 5,34 qram kütləli 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində sadə daşları olan 267 manat dəyərində bir cüt qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 5.067 manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, əvvəllər öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub. 2018ci ilin dekabr ayının sonunda avtomobil icarəyə verməklə məşğul olan «xxxx» MMC-yə müraciət edib oradan günü 60 manata «NİVA» markalı, dövlət qeydiyyat nişanının sonu 095-lə bitən avtomobil icarəyə götürmüşdür. Həmin avtomobili bir müddət idarə etmiş, 2019-cu ilin yanvar ayınının ortalarında onu «xxxx» MMC-yə təhvil verərək, yenə də günü 60 manata, bu dəfə «Hyundai Elantra» 90UV242 dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb idarə etməyə başlamışdır. 2019-cu ilin yanvar ayının 18-də saat 16 radələrində Əhmədli qəsəbəsində, 34-cü polis bölməsinin yaxınlığında yerləşən mağazada yaşadığı qadınla birlikdə olduğu vaxt ona Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin 4 nəfər əməkdaşı yaxınlaşaraq 31-ci polis bölməsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları onun əllərini qandallayıb öz avtomobillərinə əyləşdirmiş, «Hyundai Elantra» 90UV242 dövlət qeydiyyat nişanlı avtomobili isə polis əməkdaşı idarə edərək 31-ci polis bölməsinə gəlmişlər. 31-ci polis bölməsinə çatdıqda onu ikinci mərtəbəyə rəis müavininin otağına aparmışlar. Orada rəis müavini ona demişdir ki, oğurluq etdiyini boynuna alsın. Bundan imtina edərək vəkil tələb etmiş, lakin polis əməkdaşları onun tələbinə heç bir məhəl qoymadan onu rəis müavininin otağı ilə «paralel» olan otağa aparmışlar. Göstərilən otaqda olduğu vaxt ora Anar adlı sahə müvəkkili gəlmiş və polis əməkdaşları onu saat 17 radələrindən başlayaraq ertəsi gün saat 05 radələrinədək döymüşlər. Sonra polis əməkdaşları onu müvəqqəti saxlama yerinə aparmış və həmin gün, yəni xx xxxxxx 2019-cu ildə saat 21 – 22 radələrində yenidən 31-ci polis bölməsinə gətirmişlər. Oradan polis əməkdaşları onu iki yerə aparmışlar. Getdiyi yerlərdən biri Ramanıya gedən yolda, digəri isə Suraxanı qəsəbəsində yerləşirdi. Həmin yerlərdə polis əməkdaşları onun şəkillərini çəkmişlər. Təqsirləndirilən şəxs göstərilənlərlə yanaşı bildirir ki, polis bölməsində olduğu vaxt ona vəkil Müdafiəçi1 təqdim edilmiş, lakin yenidən döyüləcəyindən qorxduğuna görə Nazim müəllimə ona qarşı təzyiqlər göstərildiyini, döyüldüyünü, habelə ona ittiham olunan cinayət əməllərini törətmədiyini bildirməmişdir. Suraxanı Rayon Məhkəməsində barəsində həbs növündə qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxıldığı vaxt da sonradan polis bölməsində döyüləcəyindən qorxduğuna görə polis əməkdaşları tərəfindən döyüldüyünü və əslində ona ittiham olunan cinayət əməllərini törətmədiyini bildirməmişdir. Daha sonra İstintaq Təcridxanasında saxlanıldığı vaxt müdafiəçisi Müdafiəçi1lə görüşmüş və ona baş verən hadisələr barədə olduğu kimi məlumat vermişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, əslində «Hyundai Elantra» 90UV242 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsində iştirak etməyib, ona təqdim olunmuş sənədlərə isə döyüləcəyindən qorxduğuna görə imza edibdir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, “X7 Company S.A.” neft şirkətinin lay təzyiqinin saxlanması və su təchizatı sexində elektrik mühəndisi vəzifəsində işləyir. Arvadı 196 saylı orta məktəbdə müəllimə işləyir. Bir qız övladı var ki, o, da anasının dərs dediyi məktəbdə təhsil alır. Hər gün arvadı və qızı ilə birlikdə saat 07:30da evdən çıxıb, arvadı və qızını Hövsan qəsəbəsində yerləşən 196 nömrəli orta məktəbə düşürdükdən sonra işə gedir, saat 13 radələrində onları məktəbdən götürüb evə qayıdır. xx xxxxxx 2018-ci ildə qardaşı Rusiya Federasiyasında vəfat etmiş, 28 – xx xxxxxx 2018-ci ildə qardaşının dəfn mərasimi ilə məşğul olmuşdur. Qardaşının yas məclisi onun evində keçirilib. xx xxxxxx 2019-cu ildə atası ona 1.200 manat məbləğində pul vermişdir ki, vəfat etmiş qardaşının baş daşını düzəltdirsin. xx xxxxxx 2019-cu ildə saat 07:30-da evdən çıxmış, qızı ilə arvadını həmişə olduğu kimi, 196 nömrəli orta məktəbə düşürdükdən sonra işə getmişdir. Saat 12:05-də onları məktəbdən götürmüş və birlikdə qardaşının məzarını ziyarət etdikdən sonra saat 13:10 radələrində yaşadıqları evə qayıtmışlar. Evə daxil olduqda görmüşdür ki, yataq otağı dağınıq vəziyyətdədir, pəncərəsi isə açıqdır. Evə baxdıqda aşkar etmişdir ki, yataq otağının giriş qapısının yanındakı divarda asılqandan asdığı qış gödəkçəsinin iç cibinə qoyduğu, atasının ona verdiyi 1.200 manat pul yerində yoxdur. Bununla yanaşı qardaşının yas mərasimindən toplanmış 1.840 manat miqdarında pul da yerində yox idi. Tez paltar şkafını açıb oradan asdığı kostyumun ciblərini axtarmış və müəyyən etmişdir ki, kostyumunun iç cibinə qoyduğu 1.000 manat, eləcə də, eyni kostyumun sağ yan cibinə qoyduğu 760 manat məbləğində pul da yerində yoxdur. Sonra həmin paltar şkafında qatlanmış paltarların altına qoyduqları, hadisədən təxminən 3 – 4 il əvvəl təxminən 200 manata aldıqları bir cüt qızıl sırğanın da yerində olmadığını aşkar etmişlər. Beləliklə, evindən oğurluq olduğunu başa düşüb polisə müraciət etmişdir. Sonra yaşadığı evə polis əməkdaşları gəlib baxış keçirmiş və getmişlər. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, qonşuluqdakı evdə kameralar quraşdırılıb. Hadisədən təxminən 4 gün sonra qonşudan xahiş edib, həmin kameralar vasitəsilə qeydə alınmış videogörüntülərə baxmışdır. Kamera görüntülərindən görünür ki, təqsirləndirilən şəxs ilk olaraq gəlib boru vasitəsilə dırmaşaraq həyətə baxmış, sonra yenidən gələrək hasardan aşıb həyətə daxil olmuş, daha sonra isə küçəyə çıxıb «NİVA» markalı avtomobilə əyləşərək getmişdir. Bu görüntüləri müstəntiqə təqdim edib. Qeyd edir ki, evindən oğurlanmış sırğalar polis tərəfindən ona qaytarılıb. Qalan ziyanın əvəzi isə bu günədək ödənilməyib. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, daimi yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 51 nömrəli evdən xx xxxxxx 2018-ci ildə saat 12 radələrində çıxıb qızının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən nömrəsiz evə getmişdir. Evinə qayıdıb, içəri daxil olduqda evin dağınıq, plastik pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. Evə nəzər yetirdikdə müəyyən etmişdir ki, yataq otağındakı paltar şkafına asdığı pencəyinin iç cibinə qoyduğu 2.500 manat, şkafın yanındakı balaca tumbanın içərisindən 3.000 özbək pulu, 16.700 qazax pulu və 1 ABŞ dolları, tumbanın üzərindəki 01 ədəd 50 manat dəyərində kişi ətri, hər ikisi 30 manat dəyərində olan 02 ədəd kişi ətri, tumbanın içərisində bir cütü 1 manat dəyərində olan 6 cüt kişi corabı və evin zalında stolun üstündən 25 manat dəyərində kişi qol saatı oğurlanıb. Zərərçəkmiş şəxs bildirir ki, müğənni Üzeyir Mehdizadənin atasıdır. Müğənnilər və onların yaxınları ilə bağlı olan bu cür hadisələr bir qayda olaraq mediada yerli-yersiz geniş işıqlandırılır ki, bu da bir çox hallarda xeyli söz-söhbət, həmçinin adamın özü və qohumları üçün narahatlıq yaradır. Ona görə də oğlu ilə məsləhətləşib belə qərara gəlmişdir ki, hadisə ilə bağlı polisə müraciət etməsin. 2019-cu ilin yanvar ayında, dəqiq xatırlamadığı tarixdə polis əməkdaşları gəlib, evindən oğurluq olub-olmaması ilə maraqlanmışlar. Cavabında bildirmişdir ki, həqiqətən də evindən oğurluq olub. Eyni zamanda polis əməkdaşlarından bunu haradan bildiklərini soruşmuşdur. Cavabında polis əməkdaşları ona bildirmişlər ki, saxladıqları bir nəfər şəxs onun evindən oğurluq etdiyini könüllü etiraf edib və evin yerini bildiribdir. Bundan sonra o (zərərçəkmiş şəxs), hadisəni gizlətməyin mənasız olduğunu düşünüb ərizə ilə polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə onun (zərərçəkmiş şəxsin) evinə baxış keçirilərkən görüb. Zərərçəkmiş şəxs yaşadığı yeri məhkəmədə şifahi təsvir edərkən bildirmişdir ki, təqsirləndirilən şəxsin evə daxil olduğu plastik pəncərəyə görünüş həyətin giriş qapısından məhduddur. Müvafiq istiqamətdə ağac olduğuna görə hətta həyətə daxil olduqdan sonra belə bu pəncərəni görmək çətindir. Bununla yanaşı, həyətin həmin pəncərənin yerləşdiyi səmtinə keçmək üçün əyilib ağacın altından keçmək lazımdır. Qeyd edir ki, hadisə yerinə baxış keçirmək üçün gəlmiş polis əməkdaşlarını və təqsirləndirilən şəxsi həyətin giriş qapısında qarşılamış, bu zaman polis əməkdaşları təqsirləndirilən şəxsdən evə haradan daxil olduğunu soruşmuşlar. Cavabında təqsirləndirilən şəxs heç bir tərəddüd etmədən yuxarıda qeyd olunan plastik pəncərənin olduğu səmti göstərmişdir ki, bu yer yuxarıda qeyd olunduğu kimi, həyətin giriş qapısından görünmür. Sonra təqsirləndirilən şəxs özü istiqaməti göstərərək polis əməkdaşları ilə birlikdə pəncərənin olduğu yerə gedib onu göstərmişdir. Daha sonra polis əməkdaşları təqsirləndirilən şəxslə birlikdə evə daxil olmuş və təqsirləndirilən şəxs evə bələd olan adam kimi yataq otağına daxil olmuş, oğurluq etdiyi yerlərin hamısını sərbəst və dəqiq göstərmiş, həmçinin oğurladığı pul və əşyaları özü bildirmişdir. Həmin vaxt təqsirləndirilən şəxsə irad tutaraq nə üçün bu hərəkəti etdiyini soruşmuş, təqsirləndirilən şəxs isə ehtiyacı olduğu üçün oğurluq etdiyini bildirərək ondan üzr istəmişdir. Təqsirləndirilən şəxslə barışmayıb və ona qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 4 ildən artıqdır Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “xxxx” MMC-ni təsis edib. Həmin MMC avtomobillərin icarəyə verilməsi ilə məşğul olur. Qeyd edir ki, MMC-dən avtomobil icarəyə götürmək istəyən şəxsin əvvəl şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi yoxlanılır, razılığa gəldikdən sonra isə həmin sənədlərin surətlərini çıxarıb avtomobili 1 – 10 gün müddətinə icarəyə verirlər. Müştəri istədiyi təqdirdə müvafiq müddət artırıla bilər. xx xxxxxx 2018-ci ildə bir cavan oğlan firmaya gələrək “Lada NİVA” markalı avtomobil icarəyə götürmək istədiyini bildirmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təbrizdən icarəyə götürmək istədiyi avtomobillə nə edəcəyini və ümumiyyətlə, hansı işin sahibi olduğunu soruşmuş, təqsirləndirilən şəxsə buna cavab olaraq avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olduğunu bildirmişdir. Sonra Təbriz özünə məxsus olan sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmiş və “VAZ NİVA 2121” minik markalı 99NU095 dövlət qeydiyyat nişanlı avtomobili günü 50 manata icarəyə götürmüşdür. Sonra Təbriz gəlib icarə müddətini xx xxxxxx 2019-cu il tarixinədək uzatmışdır. xx xxxxxx 2019-cu ildə Təqsirləndirilən şəxs yenidən gələrək “VAZ NİVA 2121” minik markalı 99NU095 dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmış və günü 55 manat miqdarında icarə haqqı ödəmək şərtilə “Hyundai Elantra” minik markalı 90UV242 dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. xx xxxxxx 2019-cu ildə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğurluq etdiyinə görə tutulmuş, bu zaman oğurlanmış əşyaların bir qismi “Hyundai Elantra” minik markalı 90UV242 dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmişdir. Müdafiə tərəfinin vəsatəti ilə işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 bildirmişdir ki, əvvəllər Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin rəis müavini vəzifəsində işləyib. Həmçinin qeyd edir ki, 2019-cu ilin əvvəlində Şəmsəddin adlı şəxsin Suraxanı qəsəbəsində yerləşən evində oğurluq baş vermiş (çox vaxt keçdiyinə görə hadisənin baş verdiyi dəqiq tarixi xatırlamır), bununla bağlı 31-ci polis bölməsinə məlumat daxil olmuşdur. Hadisənin baş verdiyi ərazidə videokameralar olub. Müvafiq görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cinayəti törətmiş şəxs hadisə yerinə «NİVA» markalı avtomobillə gəlib. Sonradan zəruri əməliyyat tədbirləri keçirilmiş və əməliyyat yolu ilə müəyyən edilmişdir ki, cinayəti Təqsirləndirilən şəxs törədib. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisədən müəyyən müddət əvvəl «Rent a car»dan «NİVA» markalı avtomobil icarəyə götürmüş, həmin avtomobillə Şəmsəddin adlı şəxsin evinin yanına gəlmiş, oğurluq etdikdən sonra eyni avtomobillə oradan çıxıb getmişdir. Sonradan o, eyni «Rent a car»dan “Hyundai Elantra” markalı avtomobil icarəyə götürmüşdür. Şahid bildirir ki, Təqsirləndirilən şəxs saxladıqları vaxt “Hyundai Elantra” markalı avtomobil təqsirləndirilən şəxsin sahibliyində olub. Sonradan təqsirləndirilən şəxsin iştirakı ilə avtomobilə baxış keçirilmiş və oğurlanmış əşyaların bir qismi bu avtomobildən aşkar olunmuşlar. Bununla bağlı protokol tərtib edilib. X2 bildirir ki, Bəxtiyar adlı şəxsin evindən oğurluq edilməsi ilə bağlı Təqsirləndirilən şəxs saxladıqları vaxt 31-ci polis bölməsində məlumat olmayıb. Bu faktı Təqsirləndirilən şəxs özü könüllü olaraq etiraf etmiş və oğurluq etdiyi ünvanı bildirmişdir. Polis əməkdaşları həmin ünvana gedərək ev sahibi ilə söhbət etmiş və müəyyən olunmuşdur ki, həqiqətən də həmin şəxsin evindən oğurluq edilmiş, lakin o, hansısa səbəbə görə polisə müraciət etməmişdir. Yalnız oğrunun tutulduğunu bildikdən sonra Bəxtiyar polisə ərizə vermişdir. Verilmiş suallara cavab olaraq şahid həmçinin qeyd etmişdir ki, polis bölməsində təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz təzyiq göstərilməyib, ona qarşı işgəncə və ya fiziki güc tətbiq edilməyibdir. Əksinə, təqsirləndirilən şəxs ifşa olunduğunu başa düşdükdən sonra, nəyinki, Şəmsəddin adlı şəxsin evindən etdiyi oğurluğu etiraf etmiş, hətta Bəxtiyar adlı şəxsin evindən də oğurluq etdiyini bildirmişdir ki, bu barədə polisdə daha əvvəl məlumat olmayıb. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində polis sahə rəisi vəzifəsində çalışır. Qeyd edir ki, əməliyyat tədbirləri adətən əməliyyatçılar tərəfindən həyata keçirilir. Sahə rəisləri isə bu işlərin görülməsinə köməyə ehtiyac olduqda cəlb edilirlər. Xeyli vaxt keçdiyinə görə hadisənin dəqiq tarixi yadında deyil. 2019-cu ilin təxminən yanvar ayı idi. Polis bölməsinə Şəmsəddin adlı şəxsin evindən oğurluq edildiyinə dair məlumat daxil olmuşdur. Bildiyinə görə bununla əlaqədar əməliyyat tədbirləri həyata keçirilmiş, təqsirləndirilən şəxsin olduğu yer xüsusi vasitələrlə müəyyən edilmiş və o, Xətai rayonunun ərazisində əməliyyatçılar tərəfindən saxlanılaraq 31-ci polis bölməsinə gətirilmişdir. O (şahid), Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməyib. Lakin təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilə baxış keçirilməsində iştirak etmiş, həmçinin müvafiq protokolu tərtib etmişdir. Baxış nəticəsində «Hyundai Elantra» markalı avtomobildən protokolda qeyd olunan əşyalar aşkar edilmişdir. Şahid həmçinin qeyd edir ki, polis bölməsində təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz təzyiq göstərilməmiş, ona qarşı işgəncə tətbiq olunmamışdır. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X1 şahid X4 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti ilə və müdafiə tərəfinin iddia etdiyi prosessual pozuntularla əlaqədar işin məhkəmə baxışı zamanı dindirilmiş müstəntiq X6 bildirmişdir ki, cinayət işinin istintaqı zamanı heç bir imza saxtalaşdırılmasına yol verilməyib. Qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin bir hissəsi ilə bağlı istintaq Binəqədi Rayon Polis İdarəsində aparılır. Hazırkı cinayət işinin 1-ci cildinin 32 və 36-cı vərəqlərində olan sənədlər əsl deyil, surətdir. Bu sənədlərin əsli isə müvafiq materialla birlikdə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış və işin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olunur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. «Şübhəli şəxs qismində tutma haqqında» xx xxxxxx 2019-cu il tarixli qərardan (1-ci cild, iş v. 62) və «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx xxxxxx 2019cu il tarixli protokoldan (1-ci cild, iş v. 70) Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə saat 18.30-da tutulduğu görünür. Həmin gün 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ona dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi qismində təyin edilmiş (eyni vəkil işin məhkəmə baxışı dövründə də təqsirləndirilən şəxsin öz istəyi ilə və müqavilə əsasında onun müdafiəçisi qismində çıxış edib), tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və s. zəruri prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmişdir (1-ci cild, iş v. 68 – 76, 97 – 99, 101 – 105). Təqsirləndirilən şəxsin və müdafiəçisinin cinayət işinin yuxarıda göstərilən vərəqlərində əks olunan imzalarının həqiqiliyi işin məhkəmə baxışı dövründə heç bir proses iştirakçısı tərəfindən mübahisələndirilməmişdir (bu sənədlərdən təqsirləndirilən şəxsə hüquqlarının izah edildiyi görünür). Təqsirləndirilən şəxs əvvəl şübhəli şəxs, sonradan isə təqsirləndirilən şəxs qismində ilk ifadələri müdafiəçisinin iştirakı ilə alınıb (1-ci cild, iş v. 77 – 79, 106 – 109). Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx xxxxxx 2019-cu ildə şübhəli şəxs qismində dindirilmiş, bu zaman xx xxxxxx 2019-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus olan 90 nömrəli evdən oğurluq etdiyini təfsilatı ilə təsvir etmiş, hətta zərərçəkmiş şəxsin bildirdiyi 4.800 manat miqdarını mübahisələndirərək, əslində 4.800 manat deyil, 3.500 manat oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, «Hyundai Elantra» minik markalı 90UV242 dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə baxış keçirilib. Bununla yanaşı, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə təqsirləndirilən şəxs qismində dindirilərkən yenə də Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etdiyini tam etiraf etmiş, eyni zamanda müstəntiqin başqa bir cinayət törədib-törətmədiyinə dair sualına cavab olaraq bildirmişdir ki, bundan əvvəl – xx xxxxxx 2018-ci ildə Suraxanı rayonu ərazisində ünvanını dəqiq bilmədiyi yerdən oğurluq edib. Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 4(010)-10/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə əvvəli xx xxxxxx 2019-cu il tarixindən hesablanmaqla 03 ay həddində həbs növündə qətimkan tədbiri seçilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorunun müvafiq təqdimatına məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün və müdafiəçisinin iştirakları ilə baxılıb. İş materiallarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs nəyinki Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etdiyini etiraf etmiş, hətta başqa bir yerdən də oğurluq etdiyini könüllü olaraq bildirmişdir (məhkəmə qeyd edir ki, prokurorun təqdimatında və müstəntiqin vəsatətində təqsirləndirilən şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 90 nömrəli evdən başqa bir yerdə də oğurluq etdiyinə dair ittiham olmayıb). Beləliklə, tədqiq olunmuş iş materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs müdafiəçisinin bilavasitə iştirakı ilə istər ibtidai istintaq orqanında, istərsə də barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair təqdimata baxıldığı vaxt məhkəmədə oğurluq cinayətlərini etiraf etmişdir. Həm o, həm də müdafiəçisi müvafiq dövrdə təqsirləndirilən şəxsə qarşı işgəncə və ya s. qanunsuz təzyiq tətbiq olunduğunu bildirməmişlər. Məhkəmə məsələ ilə bağlı bir halı da qeyd edir ki, təqsirləndirilən şəxs və müdafiəçisi Suraxanı Rayon Məhkəməsinin 4(010)-10/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından şikayət verməmişlər. Bu hal müdafiə tərəfinin müvafiq qərarla razılaşdığını təsdiq edir. Göstərilənləri məcmu şəkildə təhlil edərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ilk ifadələrini işgəncələrə məruz qalması səbəbindən verdiyinə dair bildirdikləri inandırıcı sayıla bilməz. Məhkəmə müdafiə tərəfinin dəlillərinə münasibət bildirərkən həmçinin aşağıdakıları nəzərə alır. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, evindən xx xxxxxx 2018-ci il tarixində edilmiş oğurluqla bağlı xeyli müddət ərzində polisə məlumat verməmişdir. Bu hal iş materialları ilə təsdiq olunur. Belə ki, həmin zərərçəkmiş şəxsin 31ci polis bölməsinə ilk müraciəti xx xxxxxx 2019-cu ildə olub (1-ci cild, iş v. 8). Zərərçəkmiş şəxs2 bildirdiklərindən görünür ki, polis əməkdaşları saxladıqları bir nəfərin onun evindən oğurluq etməsini etiraf etdiyini bildirmiş və yalnız bundan sonra o, hadisəni gizlətməyin mənasız olduğunu düşünüb polisə ərizə vermişdir. Zərərçəkmiş şəxsin bildirdiklərindən həmçinin görünür ki, təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilməsi ilə bağlı polis əməkdaşları ilə birlikdə onun evinə gəldiyi vaxt özünü evə bələd olan adam kimi aparmış, oğurluq etdiyi yerləri özü dəqiq göstərmiş, hətta həyətə girdiyi zaman olduğu yerdən plastik pəncərənin yerləşdiyi yerə görünüş məhdud olduğu halda, həmin pəncərənin olduğu səmti, yəni evə daxil olduğu yeri dəqiq göstərmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilən zaman ondan üzr istəyib. Məhkəmə vurğulayır ki, zərərçəkmiş şəxs öz ifadəsini Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edildikdən sonra, iltizam altında verib. Bu və işin digər faktik halları nəzərə alınmaqla Zərərçəkmiş şəxs2 ifadəsinin səmimiliyi məhkəmədə şübhə doğurmur. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs həqiqətən 31-ci polis bölməsində Zərərçəkmiş şəxs2 evindən oğurluq etməsi faktını etiraf etmiş, oğurluq etdiyi evin şəraitini bildiyinə görə hadisə yerinə baxış zamanı cinayəti hansı üsullarla törətdiyini sərbəst və dəqiq təsvir etmişdir. Müdafiə tərəfinin dəlilləri ilə əlaqədar məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ibtidai istintaqa növbəti ifadəsini xx xxxxxx 2019-cu ildə vermiş, bu zaman əvvəllər etiraf etdiyi cinayətləri tamamilə inkar edərək heç bir cinayət törətmədiyini bildirmişdir. Sual yaranır. Əgər təqsirləndirilən şəxs polis bölməsinin əməkdaşlarının ona qarşı işgəncə tətbiq etməsi və gələcəkdə işgəncə tətbiq edə biləcəklərindən qorxması nəticəsində etirafedici ifadələr vermişdisə, hansı səbəbdən o, İstintaq Təcridxanasına yerləşdirildikdən sonra, xx xxxxxx 2019-cu il tarixinədək polis əməkdaşlarının hərəkətləri ilə bağlı heç bir şikayət etməmişlər (qeyd olunur ki, müdafiə tərəfinin ilk vəsatətləri istintaq orqanına xx xxxxx 2019-cu ildə, yəni təqsirləndirilən şəxsin tutulduğu vaxtdan 03 aya yaxın müddət keçdikdən sonra daxil olub). İşə əlavə edilmiş maddi sübutlar və xx xxxxxx 2019-cu il tarixli protokolla (1-ci cild, iş v.45) bağlı müdafiə tərəfinin dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, sonradan maddi sübut kimi işə əlavə edilmiş, Zərərçəkmiş şəxs1 məxsus olan 01 cüt qızıl sırğa, eləcə də Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd “Sonashi” markalı saç qırxan aparatı seti, 01 ədəd “X12” markalı 100 ml kişi ətri və 01 ədəd “Voyage” markalı 100 ml kişi ətri, 1 ABŞ dolları, 3.000 özbək pulu və 16.700 qazax pulu zərərçəkmiş şəxslərə təqdim edilmiş və onlar tərəfindən tanınmışlar. Bu əşyaların işin faktik halları nəzərə alınmaqla təqsirləndirilən şəxsdən deyil, başqa bir şəxsdən aşkar edilə biləcəyi (hətta belə bir ehtimal) heç bir sübutla müəyyən edilmir. Təqsirləndirilən şəxsin yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməsi faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2019-cu il tarixli 2283/2284 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş sırğa cütünün 2019-cu ilin yanvar ayına pərakəndə satış qiyməti təxminən 267 manat müəyyən edilir. xx xxxx 2019-cu il tarixli 6473 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilən malların 2018-ci ilin dekabr-2019-cu ilin yanvar aylarına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd “Sonashi” markalı SHC-1027 model saç qırxan aparatı dəsti təzə vəziyyətdə 28,00 manat; 01 ədəd “X12” markalı 100 ml kişi ətri təxminən 60-70 %-i istifadədə olub - 5,00 manat; 01 ədəd üzərində X11 Arqus yazıları olan 100 ml kişi ətri təxminən 60-70%-i istifadədə olub - 5,00 manat. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Onun dəlilləri isə cinayət məsuliyyətindən yayınması üçün həqiqəti gizlətmək məqsədi güdür. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Müdafiəçi1 işin məhkəmə baxışı zamanı və məhkəmə çıxışlarında bildirmişdir ki, iş üzrə ibtidai araşdırma dövründə tərtib olunmuş bir sıra sənədlərdə onun imzaları saxtalaşdırılıb (üzləşdirmə protokolu (1-ci cild, iş v. 110 – 112), «Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi barədə qərarın surətinin verilməsi haqqında» protokol (2-ci cild, iş v. 32), «Təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi haqqında» protokol (2-ci cild, iş v. 36), «İfadənin yerində yoxlanılması haqqında» xx xxxxxx 2019-cu il tarixli protokol (2-ci cild, iş v. 43 – 44)). Bununla bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə baxışı dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları tam təmin edilmiş, o, cümlədən hüquqlarının müdafiəsi məhkəmədə iki nəfər peşəkar vəkil tərəfindən həyata keçirilmişdir. Yuxarıda qeyd olunan sənədlərin mahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, hətta həmin sənədlərdəki imzaların saxta olduğu müəyyən edilmiş olsa belə, bu təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas ola bilməz. Belə ki, təqsirləndirilən şəxsin ona ittiham olunan cinayətləri törətməsi faktı iş materiallarında olan və proses tərəflərinin heç bir tərəfindən mübahisələndirilməyən mötəbər sübutlarla təsdiq olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia olunan həmin imza saxtalaşdırmalarına yol-verilib-verilmədiyi araşdırılmalı, nəticəsində asılı olaraq zəruri tədbirlər görülməli, bu məqsədlə Suraxanı rayon prokuroruna məktubla müraciət olunmalıdır. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin gənc olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq olunmaqla 02 il 10 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, eyni Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 71.5 və 67.1-ci maddələri tətbiq olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmündən xaric edilmiş, ona həmin hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmişdir), Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasının 10 ay 04 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti yuxarıda qeyd olunan işlər üzrə məhkumluğu ödənilmədiyi dövrdə törədib. Bu Azərbaycan Respublikası CM-nin 18.3.1-ci maddəsinə əsasən xüsusilə təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir cüt qızıl sırğa Zərərçəkmiş şəxs1, 01 ədəd “Sonashi” markalı saç qırxan aparatı seti, 01 ədəd “X12” markalı 100 ml kişi ətri və 01 ədəd “Voyage” markalı 100 ml kişi ətri, eləcə də, 1 ABŞ dolları, 3000 özbək pulu və 16700 qazax pulu Zərərçəkmiş şəxs2 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 156 (yüz əlli altı) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 04 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 yanvar – xx xxxxx 2019-cu il tarixləri üzrə həbsdə saxlanıldığı 03 (üç) ay müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin icraatında olan başqa cinayət işi ilə əlaqədar “həbs” növündə qətimkan tədbiri seçildiyi nəzərə alınaraq, onun barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin və hazırkı işlə əlaqədar barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir cüt qızıl sırğa Zərərçəkmiş şəxs1, 01 ədəd “Sonashi” markalı saç qırxan aparatı seti, 01 ədəd “X12” markalı 100 ml kişi ətri və 01 ədəd “Voyage” markalı 100 ml kişi ətri, eləcə də, 1 ABŞ dolları, 3000 özbək pulu və 16700 qazax pulu Zərərçəkmiş şəxs2 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 156 (yüz əlli altı) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar