Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-12/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında Hakim - Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclas katibi –Heydərova Nilufər Ruhulla qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan, bir azyaşlı uşağı olan, hazırda heç yerdə işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş və Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 7(010)- 684/2021-ci il tarixli qərarı ilə barəsində 8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək, azadlığın məhdudlaşdırılması cəzasından azad edilərək üzərindən məhkumluğu götürülmüş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan gərünür ki, o, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,471 qram və 0,611 qram olan ümumi təmiz çəkisi 1,082 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 17 dekabr 2021-ci il tarixdə saat 12:00 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Ç.Nəsirov küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,082 qram olan kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 17dekabr 2021-ci il tarixdə səhər saatlarında həyətində olarkən polis əməkdaşları ona yaxınlaşıb üzərində olan elektron nəzarət vasitəsində gecikmələrin qeyd olunması ilə əlaqədar ərizə yazmalı olduğunu bildirmişlər. Bundan əvvəl evə gec gəldiyi üçün qolbağın siqnal çalması və buna görə ona xəbərdarlıq olunması halları olmuşdur. Buna görə o, öz həyətində polislər tərəfindən tutularaq, səhər saatlarında ilk olaraq 31-ci Polis Bölməsinə aparılmış, lakin orada üzərinə baxış keçirilməmiş, orada təxminən 40 dəqiqə saxlanıldıqdan sonra Suraxanı RPİ-yə aparılmış, orada da onun üzərinə baxış keçirilməmişdir. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Suraxanı RPİ-nin əməkdaşları ona iki büküm narkotik vasitə verərək cibinə qoymasını bildirmişlər. O, əvvəlcə razılaşmamış, polis əməkdaşları onu buraxacaqlarını bildirdikdən sonra o, aldanıb narkotik vasitəni götürmüş və ona məxsus olduğunu qəbul etmişdir. Daha sonra təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sualları cavablandırarkən bildirdi ki, o, kakos adlanan narkotik vasitə istifadə emiş, lakin bir il yarım müddətdir ki istifadə etmir. O, polis əməkdaşları tərəfindən səhər saatlarında, yəni 09:00-09:30 radələrində tutulmuşdur. Həmin gün axşam saat 18:00-dan sonra videoçəkilişlə üzərinə baxış keçirilmiş və o, əvvəlcədən polis əməkdaşlarının ona verdikləri narkotik maddəni üzərindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları ona hədə-qorxu gəldikləri üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, lakin o, bu barədə heç yerə müraciət etməmişdir. Video çəkiliş zamanı yanında vəkil olmamış, çünki o, vəkildən imtina etmişdir. Üzərində elektron nəzarət vasitəsi olmuş, lakin enerjisi bitdiyi üçün videoçəkiliş zamanı üzərindən polis əməkdaşları tərəfindən götürülmüşdür. O, mobil telefonu vasitəsi ilə polis əməkdaşlarının evinin qarşısından onu polis idarəsinə aparanadək olan hadisələrin səs yazısını qeydə almışdır. Lakin həmin mobil telefon onun əlindən alınaraq idarədə saxlanılmış, tələb etmiş, lakin ala blməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə onun tərəfindən yazılmamışdır. O, müvəqqəti saxlama yerində 3 gün qalmışdır. Bu müddət ərzində onun yanına müstəntiq və ya müdafiəçi gəlməmiş, müdafiəçini yalnız çəkiliş zamanı görmüş və o, tutulan gün axşam saatlarında gəlmişdir. Bundan sonra heç vaxt müdafiəçini görməmişdir. Təqsirləndirilən şəxs daha sonra heç bir cinayət törətmədiyini bildirərək ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı Rayon Prokuroruna və Suraxanı Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvü isə Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və Rövşən Abdullayev təyin olunmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat qrupunun üzvləri ilə birlikdə daxil olmuş məlumat əsasında ünvan 2 ünvanınin qarşısına gəlmişlər. Saat təxminən 12:00-da qeyd olunan ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə tanıyıb ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqəsini göstərmiş, özünü ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, onu Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bundan sonra onunla birlikdə Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gəlmişlər. Təqsirləndirilən şəxs üzərinə Təhqiqat Şöbəsində şəxsi axtarış keçirələndə o, iştirak etməmiş, lakin sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən iki ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Daha sonra Şahid1 məhkəmə baxışı zamanı sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təxminən günorta saatlarına saxlanılmış və birbaşa Suraxanı RPİ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 17 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri NMB-nin rəisi, polis mayoru Şahid1 üzvləri isə o və bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Rövşən Abdullayev təyin olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün qrupun üzləri ilə birlikdə daxil olmuş məlumat əsasında ünvan 2 ünvanının qarşısına gəlmişdir. Saat təxminən 12:00-da qeyd olunan ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış xidməti vəsiqəsini göstərib özlərini ona təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və onu Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bundan sonra onunla birlikdə Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gəlmiş. Suraxanı RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı iki ədəd bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi iki ədəd büküm narkotik vasitə olan heroindir və özü istifadə etmək məqsədilə 17 dekabr 2021-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd büküm kütlə zərfin içinə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Daha sonra Şahid2 məhkəmə baxışı zamanı sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs qarşı heç bir təziq və təsir göstəriməmişdir. Təqsirləndirilən şəxs təxminən günorta saatlarında, yəni 11-12 radələrində 208 nömrəli məktəbin qarşısında saxlanılmış və Suraxanı RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində elektron nəzarət vasitəsinin olmasını xatırlamır, üzərində olan əşyalar videoçəkilişdə qeyd olunmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd büküm kütləni təqdim edərək iki ədəd büküm kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin heroini öz istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmçinin, onun üzərində “Samsung” markalı mobil telefon da aşkar olunmuşdur. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-də xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və DVD diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayldan ibarətdir, faylda olan videogörüntü 17 dekabr 2021-ci il tarixli və 03 dəqiqə 05 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları Suraxanı RPİ-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd büküm kütləni təqdim edərək iki ədəd büküm kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin heroini öz istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmçinin, onun üzərində “Samsung” markalı mobil telefon da aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası üzrə 18 dekabr 2021-ci il tarixli, 6/5534 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,082 qram (tədqiqatdan sonra 0,982 qra) maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası üzrə 27 dekabr 2021-ci il tarixli, 6/5589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki 02 ədəd bükümdə olan heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin Ambulator X2 Komissiyasının 08 fevral 2022-ci il tarixli, 595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs «OPİOİDLƏRİN» və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci ildə saat 12:00-da Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsi Ç.Nəsirov ünvanının qarşısında şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, həbsdən azad edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 19 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Tələbnaməsindən və Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Suraxanır Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına “8-Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək o, azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. İş materiallarında olan İ AZ № 939370 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında nikah Suraxanı Rayon Qeydiyyat Şöbəsində 24 may 2014-cü il tarixdə 462 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada İsrafilova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 11 iyul 2015-ci il təvəllüdlü X3 və 08 mart 2018-ci il təvəllüdlü X4 adlı 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 17 iyun 2022-ci il tarixli 21/1-428 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə elektron nəzarət vasitələri tətbiq edilərək elektron monitorinq sistemində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il saat 00:00-dan 00:20-dək Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində olmuş, saat 00:20-də həmin ərazini tərk edərək, Zağulba, Mərdəkan və aeroport şossesi ilə hərəkət edərək saat 01:00-da yaşayış yerinə çatmışdır. Daha sonra məhkum Təqsirləndirilən şəxs saat 01:00-dan 09:45-dək yaşayış yerində olmuş, həmin gün saat 09:46-da isə yaşayış yerini tərk edərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə, göstərilən ünvandan isə Suraxanı RPİ-yə hərəkət etməsi, saat 10:07-də həmin ünvana çatması müəyyən edilmişdir. Belə ki, izləmə sessiyası üzrə daxil olan məlumatlara əsasən məhkum Təqsirləndirilən şəxs saat 10:07-dən saat 13:34-dək Suraxanı RPİ-də olduğu müşahidə edilmişdir. Məhkum Təqsirləndirilən şəxs üzərində olan mobil nəzarət qurğusunun saat 13:34-də enerjisi bitdiyi üçün sonuncunun növbəti müddət ərzində olan hərəkət trayektoriyasını müəyyən etmək imkan xaricində olmuşdur. İş materiallarında olan Müdafiəçi vəsatətindən və həmin vəsatətin əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən alınmış 19 dekabr 2022-ci il tarixli 29874-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr saat 19:30 dəqiqədə Suraxanı RPİ-nin MSY-nə daxil olmuş və 19 dekabr 2021-ci il tarixdə Suraxanı rayon Prokurorunun qərarı əsasında azad edilmişdir. Suraxanı RPİ-nin MSY-nə müstəntiqin, vəkilin və cinayət prosesində iştirak edən şəxslərin giriş və çıxışı üçün nəzərdə tutulmuş jurnalın saxlama müddəti keçdiyi üçün jurnal 2022-ci ilin yanvar ayında məhv edilmişdir. Buna görə də müstəntiqin və müdafiəçinin 17 dekabr və 19 dekabr 2021-ci il tarixlərdə Suraxanı RPİ-nin MSY-nə hansı saatda daxil olması barədə məlumat vermək mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən alınmış 28 yanvar 2023-cü il tarixli 3-135H/2-1739/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video görüntüdə göründüyü kimi həmin mobil telefon təhqiqatçı tərəfindən götürülərək zərfləşdirilmişdir. Məhkəmə istintaqı zamanı məhkəmə sübutları yoxlayıb qiymətləndirərkən qeyd edir ki, təqsirləndirilən şəxsin və iş üzrə şahidlərin Təqsirləndirilən şəxs tutulma vaxtı və tutulduqdan sonra aparıldığı yerlər barədə məhkəmə baxışı zamanı verdikləri ifadələr arasında ziddiyyət yaranmışdır. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və iş üzrə şahidlərin ifadələrində 17 dekabr 2021-ci il tarixdə saat 12:00 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Ç.Nəsirov küçəsində saxlanılıb Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilməsi qeyd olunmuşdur. Lakin təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadəsində və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 17 iyun 2022-ci il tarixli 21/1-428 saylı məktubunda məhkum Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə tətbiq olunan elektron nəzarət vasitəsində Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il saat 09:46-da yaşayış yerini tərk edərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə, göstərilən ünvandan isə Suraxanı RPİ-yə hərəkət etməsi, saat 10:07-də həmin ünvana çatması, saat 10:07-dən saat 13:34-dək Suraxanı RPİ-də olması müşahidə edildiyi göstərilmişdir. Bununla da Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə saat 12:00-da deyil, 17 dekabr 2021-ci il saat 09:46-da yaşayış yerini tərk edərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə, göstərilən ünvandan isə Suraxanı RPİ-yə hərəkət etməsi, saat 10:07-də həmin ünvana çatması, saat 10:07-dən saat 13:34-dək Suraxanı RPİ-də olması, iş üzrə şahidlərin yalan ifadə verməsi və bu hissədə təqsirləndirilən şəxsin məhkəmə baxışı iclasında verdiyi ifadəsinin daha düzgün olması sübuta yetirilir. Həmçinin, məhkəmə yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, “Şübhəli şəxsin tutulması haqqında” protokolda tutulmanın vaxtının 17 dekabr 2021-ci ildə saat 12:00-da deyil, 17 dekabr 2021-ci ildə saat 09:46 olması sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın əməkdaşları tərəfindən tutulduğu andan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilib, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək əvəzinə ilk olaraq Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə, göstərilən ünvandan isə Suraxanı RPİ-yə aparılmışdır. Bu hal da onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtın düzgün qeyd olunmamasına gətirib çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM-in) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməlidirlər. Həmçinin, məhkəmə “Şübhəli şəxsin tutulması haqqında” protokolu tədqiq etdikdən sonra tutulmanın müddətinin 48 saatdan artıq davam etdiyini qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs 17 dekabr 2021-ci tarixdə saat 09:46-da tutulmuş və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokola əsasən 19 dekabr 2021-ci il tarixdə saat 10:00-dan saat 11:00-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Bundan sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün prokuror qarşısında vəsatət qaldırılmış, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və bundan sonra o, həbsdən azad edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs 48 saatdan artıq müddətə qanunsuz həbsdə qalması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Həmin Məcəllənin 147.3-cü maddəsinə əsasən şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Eyni zamanda, məhkəmə istintaqı zamanı məhkəmə sübutları yoxlayıb qiymətləndirərkən müdafiə tərəfinin “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 dekabr 2021-ci il tarixli protokolun formal tərtib olunmasına və həqiqətə uyğun olmamasına dair mövqeyinə münasibətdə qeyd edir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 dekabr 2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd büküm kütləni təqdim edərək iki ədəd büküm kütlənin narkotik vasitə olan heroin, bir ədəd Samsung markalı mobil telefon aşkar olunması göstərilmiş və bu şəxsi axtarış aparılan zaman çəkilərək diskə köçürülmüş videogörüntüdə də öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 17 iyun 2022-ci il tarixli 21/1-428 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin inzibati binasında olarkən, yəni şəxsi axtarış aparılarkən onun üzərində elektron nəzarət vasitəsi olmuşdur. Buna baxmayaraq bu hal “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın formal xarakter daşıması qənaətinə gəlmək olar. Belə ki, Azərbaycan Respublikası CPM-nin 247.1.9-cu maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvirini əks etdirən protokol tərtib edir. Bundan başqa məhkəmə istintaqı zamanı məhkəmə sübutları yoxlayıb qiymətləndirərkən təqsirləndirilən şəxsin evinin qarşısında tutularkən üzərində narkotik vasitə olmamasına, Suraxanı RPİ-nin əməkdaşları ona hədə-qorxu gələrək, narkotik vasitə verib cibinə qoymasını və video şəkiliş zamanı çıxarıb özünə məxsus olduğunu bildirməsini tələb etmələrinə, narkotik vasitəni üzərinə götürdüyü təqdirdə onu buraxacaqlarına inandırdıqlarına dair ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində axtarış onun həbsindən dərhal sonra həyata keçirilməmiş, bu axtarış ilk olaraq aparıldığı Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində deyil, Suraxanı RPİ-də həyata keçirilmiş və onun tutulduğu andan üzərində şəxsi axtarış aparıldığı anadək bir neçə saat vaxt keçmişdir. Tutulma ilə axtarış arasındakı vaxt boşluğu sübutun “qoyulması” ehtimalını yaradır. Belə ki, bu müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bu hal Avropa Məhkəməsinin Layıcov Azərbaycana qarşı 10 aprel 2014-cü il tarixli qərarının 69-cu bəndində qeyd edilmişdir. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, hər bir halda axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Məhkəmə yuxarıda qeyd olunan sübutları qiymətləndirdikdən sonra belə nəticəyə gəlir ki, şahidlər Şahid1 və Şahid2 ifadələri, eləcə də “Şübhəli şəxsin tutulması haqqında” protokol və “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul oluna bilməz və sübutların siyahısından xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası CPM-nin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: Azərbaycan Respublikası CPM-nin 124.1.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (CPM ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; Azərbaycan Respublikası CPM-nin 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində qeyd edildiyi kimi hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmçinin, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Ali Məhkəmənin Plenumunun 10 mart 2000-ci il tarixli 1№-li Qərarının 6-cı bəndində məkəmələrə tövsiyyə olunmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən cinayət-prosessual qanununun göstərişlərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 1996-cı il 27 dekabr tarixli Qərarının 3-cü bəndinin izahlarını rəhbər tutaraq heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir. Bu izah şahid ifadələrinə qiymət verilməsi hallarına da aiddir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyatı olmadıqda, onun təqsirliliyi sübuta yetirmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, müttəhimin cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti etməkdə ittiham olunursa və bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetmirsə, məhkəmə hökmün təsviri hissəsində müttəhimin müəyyən cinayətlərlə təqsirli hesab olunmasının, başqa cinayətlərə görə olan ittiham üzrə isə ona bəraət verilməsinin əsaslarını göstərir, hökmün nəticəsi hissəsində isə müttəhimin müəyyən maddələr üzrə təqsirli hesab edilməsi və başqa maddələr üzrə bəraət qazanması göstərilir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən tətqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirliliyi sübuta yetirilməməsi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - iki ədəd büküm təmiz çəkisi 1,082 qram (tədqiqata sərf edildikdən sonra qalıq 0,942 qram) narkotik vasitə - heroin araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Odur ki, həmçinin baxılmış cinayət işinin materialları hökm qanuni qüvvəyə mindikdən sonra cinayət törətmiş şəxsin müəyyən olunması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə, hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə keçirilmiş materialların məhkəmə ekspertizalarına sərf olunmuş 228 (iki yüz iyirmi səkkiz) manat məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsi Hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344- 350, 352, 353, 356-358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs izah edilsin ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb edə bilər. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs bəraət verildiyindən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut - iki ədəd büküm təmiz çəkisi 1,082 qram (tədqiqata sərf edildikdən sonra qalıq 0,942 qram) narkotik vasitə - heroin araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə keçirilmiş materialların məhkəmə ekspertizalarına sərf olunmuş 228 (iki yüz iyirmi səkkiz) manat məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsi Hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-12/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-12/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver