Məhkəmə qərarları › İş №1(010)-120/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-120/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-120/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 24 avqust 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12 – 14 iyul 2021-ci il tarixləri üzrə tutulmuş, 14 iyul 2021-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və 29 mart 2022ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq ünvan 2 ünvanda yerləşən mənzildə X2 şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla, daşımış, Suraxanı Rayon Polis İdarəsinin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təbdirləri nəticəsində 12 iyul 2021-ci il tarixdə saat 11:30 radələrində ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş təmiz çəkisi 0,978 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 3 ildir kokos adlanan narkotik vasitədən istifadə edir. 12 iyul 2021-ci il tarixdə saat 11 radələrində Əmircan qəsəbəsində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirdilər. Daha sonra onu Suraxanı Rayon Polis İdarəsinə apardılar. Həmin gün ondan başqa 4 nəfər şəxsdə saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində heç bir narkotik vasitə olmayıb. Polis əməkdaşları ona təzyiqlər və təsirlər göstərərək külli miqdarda narkotik vasitəni boynuna qoymaq istəyirdilər, o, isə onlarla razılaşmamışdır. Buna görə də ona fiziki təsirlər göstərdilər. O, döyüldüyünə görə özünü yaxşı hiss etmirdi və məcbur qaldığı üçün polis əməkdaşlarının dedikləri ilə razılaşdı. İttiham aktında yazılan ifadəni o, polis əməkdaşlarının təzyiqi və təsiri altında bildirmişdir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 12 iyul 2021-ci il tarixdə X4 yaşadığı ünvan 4 ünvanında yerləşən evində qanunsuz tiryəkxana təşkil etməsi və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan, Suraxanı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid5 və kiçik inspektor Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 11:30 radələrində ünvan 4 ünvanında yerləşən evin qarşısına gələrək həmin evin qarşısında dayanmış şəxslərə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin evdə olan şəxslərdən özlərini təqdim etməsini tələb etmişlər və həmin şəxslər də özlərini, X8, X3, X5, X6, X9, Təqsirləndirilən şəxs və X1 təqdim etmişlər. Onlara narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onları Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxslər də razı olaraq onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və daha sonra video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və özünə məxsus olduğunu, həmin narkotik maddəni üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün aldığı və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş həmin bir ədəd büküm götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı başqa bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Qeyd edir ki, istər saxlanıldığı vaxt, istərsə də bundan sonra təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir qanunsuz təzyiq göstərilməyib. O, polis bölməsində üzərində saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Şahidlər bildirirlər ki, istər saxlanıldığı vaxt, istərsə də bundan sonra təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir qanunsuz təzyiq göstərilməyib. O, polis bölməsində üzərində saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin işin məhkəmə baxışı dövründəki ifadəsini toplanmış sübutlarla məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi real hadisələri təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsə qarşı işgəncə tətbiq olunduğu heç bir sübutla təsdiq edilmir. O cümlədən istər təqsirləndirilən şəxsin özü, istərsə də onun müdafiəçisi məhkəmə baxışınadək olan müddətdə işgəncə tətbiqi ilə bağlı hər hansı dövlət orqanına müraciət etməmişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, iş materiallarına əlavə edilmiş kompakt disk, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələr və s. sübutlarla təsdiq olunur. 13 iyul 2021-cı il tarixli 6/2829 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd folqa kağızı bükümdə təmiz çəkisi 0,978 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir». 16 sentyabr 2021-cı il tarixli 3469 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,928 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 – 14 iyul 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 29 mart 2022-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,928 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar