Məhkəmə qərarları › İş №1(010)-121/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-121/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-121/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 11 may 2022-ci il tarixdə, saat 10:00-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1979-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan (məhkumluğu olmuş və ödənilmiş), Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30.07.2021-ci il tarixdən 21.08.2021-ci il tarixədək olan müddət ərzində saat 21-22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evin həyətinə hasardan aşmaqla həyətdə olan saxlanc yerinə və evə qanunsuz daxil olub oradan sonuncuya məxsus olan 01 ədəd 400 manat dəyərində “Toshiba” markalı notebook aparatını, 01 ədəd 2000 manat dəyərində tarı və 01 ədəd istifadədə olmuş, üzərində markalanma göstəriciləri olmayan 500 manat dəyərində tarı, 01 ədəd 100 manat dəyərində sazı, 02 ədəd hər birinin dəyəri 500 manat olan divar saatını və 01 ədəd dəyəri 200 manat olan, istifadədə olmuş, 34smx46sm ölçüdə, üzərində “Yantar” yazısı olan saatı, 01 ədəd 250 manat dəyərində samovarı, 01 ədəd 80 manat dəyərində və 01 ədəd 50 manat dəyərində tok samovarlarını, 1000 manat dəyərində mis qazan dəstini, 200 manat dəyərində gümüş bıçaq-qaşıq dəstini, hər birinin dəyəri 50 manat olmaqla 02 ədəd işıq tənzimləyicisini, hər birinin dəyəri 50 manat olmaqla 4 ədəd güldanı, 50 manat dəyərində 01 ədəd çıl-çırağı, 01 ədəd 50 manat dəyərində kondisioner mühərrikinin pərini, 01 ədəd 100 manat dəyərində “Philips” markalı üzqırxan apparatı, həmçinin 02 ədəd hər birinin qiyməti 150 manat olan büllur qabları gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 6580 (altı min beş yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Turalı bir qonşu kimi tanımışdır. Özü işləmədiyindən və pulu olmadığından oğurluq etmək qərarına gəlmiş, beləliklə qonşuluqda yaşayan oğurluq etmək üçün Turalın evinə girmək qərarına gəlmişdir. Təxminən 3 ay əvvəl günlərin birində axşam saat təqribən 21-22 radələrində Turalın evinin darvazasını açdıqda qapının açıq olmasını görmüşdür. Elə həyətə daxil olduqda həyətdə saxlanc yerinin olmasını görmüşdür. Həmin saxlanc yerinə yaxınlaşdıqda saxlanc yerinin qapısının açarla açılmalı olduğunu şahidi olmuşdur. Lakin onda həmin açar olmadığından üzərində olan vintaçanla qapının petləsini açıb çıxarmışdır. Beləliklə, petlə tərəfdən qapını aralamış və içəriyə daxil olmuşdur. Bu zaman saxlanc yerində müxtəlif əşyaların olmasını müəyyən etmişdir. Həmin əşyalardan 01 ədəd “Toshiba” markalı notebook aparatını, 01 ədəd tar, 01 ədəd saatı və 02 ədəd qazanı götürüb həmin ünvandan çıxmışdır. Götürdüyü əşyaların hamısını elə oradan tapdığı kisəyə səliqəli şəkildə yığmışdır. Təqribən 3 ay əvvəl ünvan 4 ünvanından oğurluq etməklə törətmişdir. Həmin hadisənin şahidi olmamış və hadisəni tək törətmişdir. Qeyd etdiyi oğurluq hadisəsi zamanı 01 ədəd “Toshiba” markalı notebook aparatını, 01 ədəd tar, 01 ədəd saatı və 02 ədəd qazanı oğurlamışdır. Oğurladığı həmin əşyalardan noutbuku Sabunçu qəsəbəsində yerləşən rus bazarında 100 manata tanımadığı şəxsə, 02 ədəd qazanı isə dəmir yığan qaraçılara hər birini 30 manata olmaqla ümumi 60 manata satmışdır. Tar və saatı isə yaşadığı ünvanda saxlamışdır. Həmin tar və saatın mənəvi dəyəri olacağını düşündüyündən hansısa bir yol ilə qaytarıb yerinə qoymaq istəmişdir. Bu səbəbdən saatı və tarı satmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə atasından ona qalan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 42 ünvanında yerləşən evinə gəlmişdir. Orada bəzi işləri etdikdən sonra evin qapısının bağlayıb evdən çıxmışdır. Daha sonra isə 21 avqust 2021-ci il tarixdə saat 06.30 radələrində, evə gəlib darvazanın qapısını açmaq istəyən zaman qapının açıq olduğunu görmüşdür. Qapını açıb həyətə daxil olmuş və bəzi əşyaların ağacın dibində olduğunu görmüşdür. Bundan sonra evə nəzər salmış və pəncərənin dəmirbarmaqlığı qaldırılaraq şüşəsi sındırıldığının şahidi olmuşdur. Bunu görüb AR DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Təxminən bir neçə dəqiqə sonra Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər və polis əməkdaşları gəldikdən sonra evin qapısını açıb içəri daxil olmuşlar. O, evə baxış keçirən zaman evdən biri 5.000, biri 2.000 manat dəyərində 2 ədəd sədəfli tar, 100 manat dəyərində 1 ədəd saz, 500 manat dəyərində 3 ədəd samovar, hər biri 500 manat dəyərində olan 3 ədəd divar saatı, 1.000 manat dəyərində mis qazanlar, 200 manat dəyərində gümüş bıçaq-qaşıq dəsti, 50 manat dəyərində 2 ədəd işıq tənzimləyici, 100 manat dəyərində 2 ədəd büllur qab, 200 manat dəyərində 4 ədəd bürünc güldan, 1200 manat dəyərində 1 ədəd noutbuk, 50 manat dəyərində 1 ədəd çıl-çıraq və 50 manat dəyərində kondisioner mühərriki pəri ilə birlikdə oğurlandığını müəyyən etmişdir. Oğurluq zamanı ona ümumilikdə 11.950 manat maddi ziyan vurulmuşdur. Əlavə ifadəsi alınan zaman Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ilkin olaraq 04.08.21- 21.08.2021-ci il tarixlərdə evdə olmadığını bildirsə də, sonradan 30.07.21-ci il tarixdən 21.08.21-ci il tarixədək müddət ərzində olmadığını hesabladığından bunu istintaqa bildirmişdir. Həm hadisə zamanı ona məxsus olan 01 ədəd 400 manat dəyərində “Toshiba” markalı notebook aparatı, 01 ədəd 2000 manat dəyərində və 01 ədəd 5000 manat dəyərində tarları, 01 ədəd 100 manat dəyərində sazı, 03 ədəd hər birinin dəyəri 500 manat olan divar saatları, 01 ədəd 250 manat dəyərində od samovarı, 01 ədəd 80 manat dəyərində və 01 ədəd 50 manat dəyərində tok samovarları, 1000 manat dəyərində mis qazan dəsti, 200 manat dəyərində gümüş bıçaqqaşıq dəsti, hər birinin dəyəri 50 manat olmaqla 02 ədəd işıq tənzimləyicisi, hər birinin dəyəri 50 manat olmaqla 4 ədəd güldanımın, 50 manat dəyərində 01 ədəd çıl-çıraq (lüstra), 50 manat dəyərində kondisioner mühərriki pəri, 01 ədəd 100 manat dəyərində “Philips” markalı üzqırxan aparatı, həmçinin 02 ədəd hər birinin qiyməti 150 manat olan büllur qablarının oğurlanması nəticəsində ona ümumilikdə 11.380 manat dəyərində ziyan dəymişdir. Bu verdiyi ifadəsi son və dəqiq ifadədir. bundan əvvəl verdiyi ifadələrində təxmini olaraq yaşadığı evindən oğurlanmış əşyalardan iki ədəd tarı birinin dəyərini 2000 manat və digərinin dəyərini isə 5000 manat miqdarında, oğurlanmış 03 ədəd eyni tipli saatın isə hər birinin dəyərinin 500 manat dəyərində qiymətləndirdiyini, lakin hazırda məhkəmə-əmtəəşünashq ekspertizasının 26 yanvar 2022-ci il tarixli 9/120 saylı rəyi ilə razı olduğunu və bu ekspert rəyi ilə bağlı heç bir şikayət və ya narazılığının olmadığını bildirmiş və ancaq digər 2 ədəd divar saatının əldə edilərək ekspertizaya təqdim edilmiş saatdan daha yeni və daha dəyərli olduqlarına görə həmin 2 saatın hər birinin dəyəri 500 manatdan hesablanmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi izahatında göstərmişdir ki, müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edilməsini cəhd etsə də, alınmamışdır. Bütün sübutlar araşdırılmasını qeyd edərək, sübutların nəticəsi olaraq hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu işdə olan ekspert rəyi R. Məmmədovun hər hansı bir əşyanı oğurladığını təsdiq etmir, sadəcə əşyanın qiymətini müəyyən edir. Təqsirləndirilən şəxs bu cinayətin törədilməsində iştirakını təsdiq edən başqa sübutlar olmalıdı, lakin başqa sübutlar yoxdur. Zərərçəkmiş şəxs müdafiə etdiyi şəxsi görməyib, əşyaları kimin apardığını görməmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirinin etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs istənilən mərhələdə etiraf edə bilər, daha sonra deyə bilər ki, həmin əməli etməmişdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin cinayət işi üzrə hər hansı sübut mötəbər sübut kimi qiymətləndirilə bilməz, buna görə də müdafiə etdiyi şəxs barədə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs hadisə zamanı ona məxsus 2 ədəd sədəfli tar, 1 ədəd saz və 3 ədəd samovar, 3 ədəd divar saatı, mis qazanlar, gümüş bıçaq-qaşıq dəsti, 2 ədəd işıq tənzimləyici, 2 ədəd büllur qab, 4 ədəd bürünc güldan, 1 ədəd noutbuk, 1 ədəd çıl-çıraq və bir ədəd kondisioner mühərrikinin pəri ilə birlikdə oğurlandığını bildirmiş, Təqsirləndirilən şəxs isə həmin fakt təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işini materiallarına əlavə edilmişdir. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, ifadəsində qeyd etdiyi xüsusatları yoxlamaq və dəqiqləşdirmək üçün onun şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli könüllü təqdim edilən əşyaların götürülməsi və baxış keçirilməsi haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı əşyalardan özündə saxladığı 01 ədəd divar saatı və 01 ədəd tar musiqi alətini istintaqa könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoluna əsasən Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd divar saatı və 01 ədəd tar musiqi aləti Zərərçəkmiş şəxs tatnımaya təqdim edilmiş, sonuncu hər iki əşyanı tanıyaraq ona məxsus olduğunu və hadisə zamanı ona məxsus olan evdən oğlurlanmış əşyalardan ikisi olduğunu təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarınd olan 31 yanvar 20201-ci il tarixli qəbzə əsasən zərərçəkmiş şəxs qismində yanınmış Zərərçəkmiş şəxs ona məxsus olan və hadisə zamanı oğurlanmış 01 ədəd tar və 01 ədəd divar saatını Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 qəbul etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 28 yanvar 2022-ci il tarixli 9/120 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2021-ci ilin iyul-avqust aylarına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd istifadədə olmuş, üzərində markalanma göstəriciləri olmayan tar - 500,00 manat, bir ədəd istifadədə olmuş, 34smx46sm ölçüdə, üzərində “Yantar” yazısı olan saat - 200,00 manat. İş materiallarına əlavə edilmiş toplanmış sübutların qiymətləndirilməsi haqqında 26 yanvar 2022-ci il tarixli qərarına əsasən istintaq zamanı aşkar edilmiş və məhkəmə əmtəəşünaslıq eksperizasına tədiq edilmiş bir ədəd istifadədə olmuş, üzərində markalanma göstəriciləri olmayan tar və bir ədəd istifadədə olmuş 34smx46sm ölcüdə, üzərində “Yantar” yazısı olan saat iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. İş materiallarında olan tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 13 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona 01 il 03 ay sınaq müddəti təyin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 1(010)-93/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 il 3 ay müddətinə azadlıqadan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 25 fevral 2017-ci ildən 25 may 2017-ci ilədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanması və ona qəti olaraq 02 (iki) il müddətində azadlıqdan məhum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs üzərində 1 il 3 ay sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəli hazırkı hökm qanuni qüvəyyə mindiyi gündən hesablanmış və Təqsirləndirilən şəxs oğlunun üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata küçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 4(010)-627/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış ümumi dəyəri 01 ədəd istifadədə olmuş, üzərində markalanma göstəriciləri olmayan 500 manat dəyərində tarın, 01 ədəd dəyəri 200 manat olan, istifadədə olmuş, 34smx46sm ölçüdə, üzərində “Yantar” yazısı olan saatı ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni 06 dekabr 2021ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ümumi dəyəri 01 ədəd istifadədə olmuş, üzərində markalanma göstəriciləri olmayan 500 manat dəyərində tarın, 01 ədəd dəyəri 200 manat olan, istifadədə olmuş, 34smx46sm ölçüdə, üzərində “Yantar” yazısı olan saatı ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar