Məhkəmə qərarları › İş №1(010)-122/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-122/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-122/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəl məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həminn ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi olmadan 23 iyul 2023-cü il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,883 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı RPİ-nin, 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2023-cü il tarixdə saat 07:20 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 0,883 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında özünü təqsirli bilməyərək göstərdi ki, onu evinin yanından bölməyə apardıqlarını, həmin yerin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Polis bölməsinə 200-300 metr məsafədə tutduqlarını, tutulduğu zaman 22 iyul tarixi olduğunu, onu 2 gün polis bölməsində, 2 gün isə İVEYS də saxladıqlarını, onu 2 gün saxladıqdan sonra vəkil çağırdıqlarını, tutulduğu zaman da yanında qız olduğunu, həmin qızın da adının Vera olduğunu, 2 ildir onu tanıdığını və istifadəçi olduğunu bildiyini, özünün də 2 aydır ki, istifadə etmədiyini, özünün də narkotikdən asıllığının olmadığını, polis bölməsinə aparılarkən də üzərində heç bir narkotik vasitəsi olmadığını, yanında olan Veranın üzərindən narkotik vasitəsi tapıldığını, onu orada döymədiklərini, lakin qorxduğu üçün boynuna almağa məcbur olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində Şahid1 və Suraxanı RPİ-nin 30-cu PŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 24 iyul 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 07 radələrində ünvan 4 ünvanının yaxınlığında əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirərək, onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Sənan Süleymanlı tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə Etibar Muradlmın, Şahid2, Təqsirləndirilən şəxs və təhqiqatçı Sənan Süleymanının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlandı. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs PŞ-nə gətirilərkən və ya PŞ-də olarkən ona qarşı hər hansı bir fizikipsixi təsir edilib, edilməməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs PŞ-nə gətirilərkən və ya PŞ-də olarkən ona hər hansı bir fıziki-psixi təziqin tətbiq edilmədiyini bildirdir. Bundan sonra ona üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə və ya narkotik vasitə olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümü təqdim edərək içərisində qanunsuz olaraq əldə edilmiş narkotik vasitə olduğunu bildirmiş və əynində olan boz rəngli cins şalvarının sol yan cibindən çıxararaq təqdim etmişdir. Həmin büküm X4 tərəfindən açılmış və içərisində qəhvəyi rəngli maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “heroin” olduğunu, həmin narkotik vasitə heroini Hövsan qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 20 manat ödəməklə şəxsi istifadəsi üçün əldə etməklə üzərində daşıdığını bildirmişdir.Narkotik vasitəni kiməsə satmadığını, hədiyyə etmədiyini, əvəzli-əvəzsis olaraq vermədiyini bildirdi. X2 üzərində başqa qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsini təklif etmiş, bu təklifdən sonra X6 Abbasovun paltarlarını əli ilə yoxlamış, onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan büküm 01 ədəd zəfə qablaşdırılaraq götürülmüş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 23-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2023ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abdüləli oğlu 24 iyul 2023-cü il tarixdə, saat 07:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 73-75-ci vərəqlərində olan 25 iyul 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs Abdüləli oğlu barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİnin İstintaq Şöbəsinin müstəntiqi Çərkəz Pənahovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Abdüləli oğlu barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 77-ci vərəqlərində olan 25 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs Abdüləli oğlu barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 35-36-cı vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində spesifik qoxulu, narkotik vasitə heroine bənzər kütlə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, həmin günü şəxsi istifadəsi üçün Suraxanı rayonu, Hövsan qəsəbəsində adını, ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını, istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildikdə başqa əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində narkotik vasitə heroin olduğu güman edilən bir ədəd ağ rəngli sellofan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 194 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin 43-46-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/3997 saylı 25 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Təqsirləndirilən şəxs” və s sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,883 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,883 qram, tədqiqata sərf edilən miqdar 0,05 qram, qalıq 0,833 qramdır. Cinayət işinin 84-85-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş 4774 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin 83-cü vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 27 iyul 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadğan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindən olan boz rəngli cins şalvarının sol yan cinindən bir ədəd ağ rəngli sellofanı təqdim edir. X3 həmin sellofan bükümü götürərək açır. Həmin ağ rəngli sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olduğu müəyyən olunur. X4 həmin bükümdə nə olması haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda o, bükümün içərisində narkotik vasitə heroin olduğunu, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz şəxsi istehlakı üçün aldığım bildirir. X4 Təqsirləndirilən şəxs üzərində başqa hər hansı dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs hər hansı qanunsuz əşyanın olmadığını bildirir. X4 əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlayır. Lakin hər hansı əşya və ya predmet aşkar edilərək götürülmür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan büküm bir ədəd boş zərfə qoyularaq qablaşdırılır. Zərfin üzəri möhürlənir, imzalanır. Cinayət işinin 92-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abdüləli oğlu əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Abdüləli oğlunun üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 0,883 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Abdüləli oğlu tərəfindən ittihamda qeyd olunan əməlin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs Abdüləli oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,883 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs Abdüləli oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdüləli oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Abdüləli oğlunun ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs Abdüləli oğlu barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Abdüləli oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Abdüləli oğlunun ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abdüləli oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Abdüləli oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Abdüləli oğlu cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Abdüləli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Abdüləli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, yüngülləşdirən (ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini) və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, çəkilməsi üçün qəti olaraq, azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdüləli oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs Abdüləli oğlunun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdüləli oğluna məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Abdüləli oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,833 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar