Məhkəmə qərarları › İş №1(010)-123/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-123/2020

09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-123/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 26 ünvanı üzrə qeydiyyatda olan, barəsində Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə əvvəli xx xxxx 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimov küçəsi, 3a ünvanda yerləşən evin qapısının açıq olmasından istifadə edib evə qanunsuz daxil olaraq yataq otağında olan dolabın üst hissəsindən cəmi dəyəri 850 manat olan 4 ədəd boyunbağı, cəmi dəyəri 400 manat olan 3 ədəd kulon, cəmi dəyəri 2.755 manat olan 10 ədəd üzük, 2 cüt 500 manat dəyərində sırğanı gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4.505 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2020-ci ildə saat 17 radələrində Zərərçəkmiş şəxs3 məxsus, ünvan 3 ünvanda yerləşən evin qapısının açıq olmasından istifadə edib evə qanunsuz daxil olaraq yataq otağında olan trümonun qapısını açaraq, orada olan qara rəngli pul kisəsindən 1.300 manat, 185,5 manat ekvivalentində 7.000 Rusiya Federasiyası rublu, bir cüt 150 manat dəyərində sırğa və 1 ədəd 150 manat dəyərində üzüyü gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1.785,5 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxx 2020-ci ildə saat 16 radələrində tanışı Şahid4 məxsus, taksi fəaliyyəti ilə məşğul olduğu «Hyundai» markalı avtomobildə olarkən, sonuncunun yaşadığı mənzilin açarını qarşı oturacaqlar arasındakı arakəsmədən götürüb əldə etdikdən sonra, Şahid4 yaşadığı ünvan 4 ünvanında yerləşən 16 nömrəli mənzilə gəlib, qapısını əldə etdiyi həmin açarla açaraq ora qanunsuz daxil olmuş, mənzilin yataq otağında olan paltar şkafındakı Şahid4 arvadı Zərərçəkmiş şəxs1 məxsus kiçik sandıqçada saxlanılan 3 ədəd üzük, bir cüt sırğa, 1 ədəd qolbaq, bir ədəd boyunbağı olmaqla ağ qızıldan ibarət 12.000 ABŞ dolları, Azərbaycan mili manat məzənnəsi ilə 20.400 manat dəyərində brilyant komplekt, 1 ədəd 1.000 manat dəyərində kəpənək formalı brilyant qaşlı ağ qızıldan üzük, 1 ədəd 500 manat dəyərində sarı qızıldan qadın üzüyü, 1 ədəd 600 manat dəyərində ağ qızıldan, üzərində iki ədəd çəhrayı qaşları olan üzük, 1 ədəd 300 manat dəyərində sarı qızıldan nazik formalı, üzərindəki qaşlardan biri düşmüş üzük, 1 ədəd 1.400 manat dəyərində İtaliya qızılından hazırlanmış qolbaq, 1 ədəd 800 manat dəyərində İtaliya qızılından hazırlanmış «karter» markalı qızıl qolbaq, 1 ədəd 800 manat dəyərində «Tiffano» modelli qızıl qolbaq, 1 ədəd 500 manat dəyərində Türkiyə qızılından hazırlanmış kişi qolbağı, 1 ədəd 6.000 manat dəyərində «Federico Constant» firmasına məxsus qolbaq və qızıl kişi qol saatı, 1 ədəd 200 manat dəyərində qızıl ayaq bağı, 1 ədəd 100 manat dəyərində qızıl gül formalı kulon, 1 ədəd 300 manat dəyərində «zmeyka» formalı qızıl boyunbağını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 32.900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, təmiz çəkisi 0,804 qram ağ rəngli kristallardan ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci ildə saat 12 radələrində Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində saxlanılıb Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət olunaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0,804 qram ağ rəngli kristallardan ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 14 radələrində yaşadığı ünvan 5 ünvanında olan, qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2 evdə olmadığını görüb evlərindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs2 evinin qapısının açıq olmasından istifadə edərək evə daxil olmuşdur. Evə daxil olduqdan sonra yataq otağına keçib orada olan dolabın qapısını açdıqda üst hissədə mücrü olduğunu görmüşdür. Mücrünün içərisində müxtəlif qızıl-zinət əşyaları olduğunu gördükdə həmin mücrünü özü ilə götürərək evdən çıxmış, mücrünün içərisində olan 04 ədəd boyunbağı, 03 ədəd kulon, 10 ədəd üzük, 02 cüt sırğanı götürərək cibinə qoymuş, mücrü qutusunu isə xatırlamadığı yerə tullamışdır. Bundan sonra “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən “Moskva univermağına getmiş, “Moskva univermağının qarşısında olan üzərində “Gold Center” sözləri yazılmış qızıl-zinət əşyaları alğı-satqı mağazasına girmiş, orada olan zaman qapının sol cərgəsində olan sırada oğurladığı bir ədəd üzüyü əvvəlcədən tanımadığı, onun fikrincə adı Nazim olan şəxsə özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 280 manata satmışdır. Əldə etdiyi 280 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci ildə saat 17 radələrində yaşadığı ünvan 5 ünvanında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 evdə olmadığını bilib evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs3 evinin qapısının açıq olmasından istifadə edərək evə daxil olmuş, yataq otağında olan trümonun içərisindən qara rəngli pul kisəsinin içərisindən 1.300 manat və 7.000 rus rublu nağd pulu və pul kisəsinin yanında olan bir cüt sırğa və bir ədəd üzüyü götürərək cibinə qoymuş, pul kisəsini isə içərisindən pulları götürdükdən sonra yerinə qoymuşdur. Oğurladığı 1.300 manat və 7.000 rus rublunu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Səhəri gün yəni, xx xxxxxx 2020-ci ildə “Gənclik” metro stansiyasının yaxınlığında yerləşən qızıl-zinət əşyaları alğı-satqı mağazalarının olduğu ünvana getmiş, həmin mağazaların qarşısında əvvəlcədən tanımadığı, adını bilmədiyi 40-45 yaş aralarındakı kişi cinsindən olan şəxsə yaxınlaşmışdır. Həmin şəxs ona idarə etdiyi “VAZ 2104” minik markalı dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobilə əyləşməyi təklif etdikdə onun təklifi ilə razılaşaraq onun avtomobilinə əyləşmişdir. Zərərçəkmiş şəxs3 evindən oğurladığı bir cüt qızıl sırğanı, bir ədəd üzüyü, həmçinin xx xxxxxx 2020-ci ildə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2 oğurladığı 04 ədəd boyunbağı, 03 ədəd kulon, 09 ədəd üzük, 02 cüt sırğanı həmin şəxsə özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə vermişdir. Həmin şəxs avtomobilin içərisində olan qızıl-zinət əşyalarını ölçmək nəzərdə tutulmuş tərəzidə ona verdiyi bütün qızıl-zinət əşyalarını ölçmüş və ümumilikdə ona 3.000 manat pul vermiş və əldə etdiyi 3.000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, təxminən bir ildir ki, bədənində olan ağrılara görə şüşə kimi tanıdığı narkotik maddəni tanımadığı müxtəlif şəxslərdən əldə etməklə istifadə edir. Şahid4 2016-cı ildən tanıyır, belə ki, onunla həmin vaxt birlikdə X2 serjant kimi qəbul olaraq kurs keçdikləri zaman tanışlıqları yaranmış və sonradan münasibətləri davam etmişdir. Həmçinin, hər ikisi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşadıqlarından DİO-dan xaric olunduqdan sonra, münasibət saxlayıb ara- sıra görüşmüşlər. Belə ki, Tamerlan idarə etdiyi “Hyundai” markalı avtomobili ilə taksi kimi fəaliyyət göstərdiyindən, lazım olduqda onun idarə etdiyi avtomobildən taksi kimi istifadə etmişdir. Həmçinin bir neçə dəfə Tamerlanın yaşadığı ünvan 4, mənzil 16 saylı ünvanda da olmuş və həmin vaxt Tamerlanın özünə məxsus mənzilin açarını avtomobilində oturacaqlar arasında olan arakəsmədə saxladığını görmüşdür. xx xxxx 2020-ci ildə səhər saatlarında işləri olduğundan Tamerlana zəng edib Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində onunla görüşmüş və bir neçə ünvana gedib gəldikdən sonra, Tamerlanın mənzilinin açarını avtomobilindən götürüb, onun mənzilindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Tamerlanın həyat yoldaşının adətən gündüz saatlarında işdə olduğunu, Tamerlanın da, taksi kimi işlədiyindən evdə olmayacağını, həmçinin açarı götürdükdə evə girə bilməyəcəyini bilmişdir. Buna görə də, avtomobildə olduğu zaman Tamerlanın xəbəri olmadan iki oturacaq arasındakı arakəsmə saxlanc yerindən onun mənzilinin açarını gizli götürüb özündə saxlamışdır. Saat 16 radələrində Qaraçuxur qəsəbəsində Tamerlanın idarə etdiyi avtomobildən düşüb onunla sağollaşmış, sonra dərhal Tamerlanın yaşadığı ünvana gedib mənzilin qapısını avtomobildən götürdüyü açarla açıb evə daxil olmuşdur. Yataq otağında olan paltar şkafını axtardıqda şkafda sandıqçada olan müxtəlif qızıl-zinət əşyalarını götürüb cibinə qoyaraq, mənzili tərk etmiş və evdən çıxarkən mənzilin qapısını açarla bağlamışdır. Oğurluq hadisəsi törətdikdən sonra yenidən, Tamerlanla zəngləşərək onunla görüşüb avtomobilə əyləşdikdən sonra yenidən Tamerlana məxsus mənzilin açarını ondan gizlin götürdüyü yerə qoymuşdur ki, ondan şübhələnməsinlər. Tamerlanın evindən götürdüyü qızıllardan bir neçəsini satmaq qərarına gəlmiş və bundan sonra, Tamerlanı taksi kimi Razin qəsəbəsində ticarət mərkəzinə sürdürmüşdür. Şəxsiyyət vəsiqəsi olmadığından, qızılları satmaq üçün tanışı Şahid9 çağırmış və ona xalasına məxsus bir neçə qızıl əşyalarının özündə olduğunu və onun şəxsiyyət vəsiqəsi ilə satmağını xahiş etmişdir. İradə ona etiraz etməmiş, Razin ticarət mərkəzində İradənin şəxsiyyət vəsiqəsi ilə Tamerlanın mənzilindən götürdüyü qızıllardan bir neçəsini cəmi 400 manata satmışdır. Daha sonra isə həmin pulu özü üçün xərcləmişdir. Bir gün sonra isə yenidən İradə ilə birlikdə Sumqayıt şəhərinə getmiş və qalan qızılları 3.000 manata satmışdır. Bundan sonra, həmin pulları özü üçün müxtəlif əyləncələrə, narkotik vasitələrə xərcləmişdir. Bundan başqa, xx xxxx 2020-ci ildə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” deyilən yerdə üzdən tanıdığı, lakin, adını və ünvanını bilmədiyi şəxsdən 100 (yüz) manata bir büküm şüşə kimi tanıdığı narkotik maddə alıb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyub saxlamışdır. Sonra “Səməd Vurğun” parkına getmiş və gecəni orada keçirmişdir. Ertəsi gün saat 12 radələrində piyada “Səməd Vurğun” parkında olan zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirərək onu 32-ci polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşaraq Suraxanı RPİ-nin 32-ci PB-nə getmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərinə baxış keçirilməyə başlamışdır. Əvvəlcə ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan olunmuş qeyri-qanuni maddə, əşya və ya predmet varsa könüllü təqdim etməyini təklif etmişlər. O da könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində şüşə kimi tanıdığı narkotik maddə olduğunu bildiyi şəffaf bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən onun təqdim etdiyi bükülünün içində nə olmasını və haradan əldə etməyi barədə soruşulduqda həmin bükülünün içərisində şüşə kimi tanıdığı maddə olduğunu və onu xx xxxx 2020-ci ildə saat 23 radələrində üzdən tanıdığı, lakin, adını və ünvanını bilmədiyi şəxsdən 100 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin bükülü polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Törətdiyi cinayət əməllərindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx xxxx 2020-ci ildə saat 08 radələrində həyat yoldaşı Şahid4 ilə birlikdə işə getmək üçün yaşadıqları evdən çıxmışlar. Yoldaşı Tamerlan taksi fəaliyyəti ilə məşğul olur. Gün ərzində o, işdə olmuş və saat 22 radələrində Tamerlan idarə etdiyi «Hyundai Accent» markalı avtomobillə onu yaşadıqları binanın həyətinə gətirib düşürmüş, özü isə işləri ilə bağlı çıxıb getmişdir. Mənzilə özündə olan açarla qapını açıb evə daxil olmuş və yataq otağına keçdikdə, yatağın üzərində istifadə etmədiyi bir çantasının olduğunu gördükdə şübhələnmiş, yataq otağındakı siyirmələrə və paltar şkafına baxdıqda, əşyalarının dağınıq olduğunu görmüşdür. Dərhal Tamerlan ilə əlaqə saxlayıb evdə hər hansı bir əşyaları qarışdırıb-qarışdırmadığını soruşduqda Tamerlan ümumiyyətlə həmin gün ərzində taksi kimi fəaliyyət göstərdiyini, evə gəlmədiyini bildirmişdir. Tamerlanla danışdıqdan sonra mənzilə naməlum şəxsin girdiyini başa düşmüş, dərhal özünə məxsus qızıl zinət əşyalarını saxladığı paltar şkafındakı sandıqçaya baxdıqda, qızıl əşyalarının həmin sandıqçada olmadığını aşkar etmişdir. Mənzildən oğurluq olduğuna əmin olduqdan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Qeyd edir ki, mənzildən ona məxsus, ittiham aktının nəticəvi hissəsində qeyd olunan əşyalar oğurlanıb. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, yanvar ayının əvvəllərində qızı Kamillanın sinif yoldaşı İradə onlara gələrək ev tapana qədər həyətdə olan bir otaqlı mənzildə qalmaqlarını xahiş etmiş, kommunal xərclərini ödəyəcəklərini bildirmişdir. İradə həyat yoldaşı Xalid adlı şəxslə həyətdə olan həmin evdə qalmışlar. xx xxxx 2020-ci ildə yaşadığı mənzildən ittiham aktının nəticəvi hissəsində göstərilən əşyalar oğurlanmış, bununla bağlı Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, yanvar ayının əvvəllərində qardaşı qızı Kamillanın sinif yoldaşı kimi özünü təqdim edən İradə adlı şəxs onlara gələrək ev tapana qədər həyətdə olan bir otaqlı evdə qalmalarını xahiş etmiş, kommunal xərclərini ödəyəcəklərini bildirmişdir. Onlarla razılaşdıqdan sonra İradə həyat yoldaşı Xalid adlı şəxslə həyətdə olan həmin evdə yaşamışlar. xx xxxxxx 2020-ci ildə yaşadığı evdən ittiham aktının nəticəvi hissəsində qeyd olunan əşyalar oğurlanmış, bununla əlaqədar Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2020-ci ildə Suraxanı rayonu ərazisində yerləşən mənzillərdən oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs müəyyən edilməsi istiqamətində əməliyyat tədbiri keçirmək məqsədi ilə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid5, sahə inspektoru polis kapitanı Şahid6 və kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid7 Arif oğlu ilə birlikdə məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu ərazisinə getmiş, əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə uyğun gələn şəxsə yaxınlaşıb onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək birlikdə polis bölməsinə gəlmiş, bölmənin inzibati otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən könüllü olaraq bir ədəd bükülü vəziyyətdə olan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan şüşə olduğunu, həmin vasitəni xx xxxx 2020-ci ildə saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən 100 manata aldığını və özünün istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmış və möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5, Şahid6 və Şahid7 Şahid8 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Şahid9 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, habelə şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün etirafı və sadalanan şəxslərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunur. xx xxxx 2020-ci il tarixli 6/172 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı olan zərfdə, 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,804 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir”. xx xxxxx 2020-ci il tarixli 1071 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "...Müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. xx xxxx 2020-ci il tarixli 6/747-9/1276 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, təqdim edilmiş məmulatların metalı, əyarı, çəkisi, üzərində olan qaşların təbiəti və digər göstəriciləri ayrı-ayrılıqda tədqiqi hissədə göstərilmişdir (1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kolye (1 hissəsi yoxdur, 1 ədəd qaş yeri boşdur)metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 18,63 qramdır, qaşları brilyantdır, 4 ədədin hər birinin ölçüsü 0,025 karat, 137 ədədinin hər birinin ölçüsü 0,010 karat, 4/3 keyfiyyətlidirlər. Kolye hissəsi qırıntı hesab olunur-1.695 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan qolbaq-üzərində “18K/750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 9,75 qramdır, qaşları brilyantdır, 116 ədədinin hər birinin ölçüsü 0,007 karat, 4/3 keyfiyyətlidirlər-1.153 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində “Cartier” yazısı olan qolbaq-üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 8,96 qramdır-762 manat; 1 ədəd sarı rəngli metaldan qolbaqüzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 7,47 qramdır-635 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində müxtəlif formalı elementləri və ağ şəffaf qaşları olan qolbaq –üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 16,47 qramdır, qaşları qiymətli qaşlara aid deyil-1.400 manat; 1 ədəd sarı rəngli metaldan qolbaq-üzərində “14K” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 5,62 qramdır-365 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində müxtəlif rəngli qaşları olan qolbaq-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,65 qramdır, qaşları qiymətli qaşlara aid deyil-172 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində açıq və tünd bənövşəyi rəngli qaşları olan üzük-metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,30 qramdır, qaşları qiymətli qaşlara aid deyil-150 manat; 1 ədəd gümüşü rəngli metaldan, kəpənək formalı, üzərində ağ şəffaf qaşları olan üzük-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,26 qramdır, qaşları brilyantdır, 48 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətlidirlər- 315 manat). Ekspertiza tədqiqatına təqdim olunmuş məmulatların hazırki orta bazar qiyməti 6.647 manat müəyyən edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətdiyini, öz cinayət əməlini etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kolye; 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan qolbaq; 01 (bir) ədəd sarı rəngli metaldan üzərində “Cartier” yazısı olan qolbaq; 01 (bir) ədəd sarı rəngli metaldan qolbaq; 01 (bir) ədəd sarı rəngli metaldan, üzərində müxtəlif formalı elementləri və ağ şəffaf qaşları olan qolbaq; 01 (bir) ədəd sarı rəngli metaldan qolbaq; 01 (bir) ədəd sarı rəngli metaldan, üzərində müxtəlif rəngli qaşları olan qolbaq; 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində açıq və tünd bənövşəyi rəngli qaşları olan üzük; 01 (bir) ədəd gümüşü rəngli metaldan, kəpənək formalı, üzərində ağ şəffaf qaşları olan üzük Zərərçəkmiş şəxs1 qaytarıldığından həmin zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,754 qr təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 223 (iki yüz iyirmi üç) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx xxxx 2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kolye; 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan qolbaq; 01 (bir) ədəd sarı rəngli metaldan üzərində “Cartier” yazısı olan qolbaq; 01 (bir) ədəd sarı rəngli metaldan qolbaq; 01 (bir) ədəd sarı rəngli metaldan, üzərində müxtəlif formalı elementləri və ağ şəffaf qaşları olan qolbaq; 01 (bir) ədəd sarı rəngli metaldan qolbaq; 01 (bir) ədəd sarı rəngli metaldan, üzərində müxtəlif rəngli qaşları olan qolbaq; 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində açıq və tünd bənövşəyi rəngli qaşları olan üzük; 01 (bir) ədəd gümüşü rəngli metaldan, kəpənək formalı, üzərində ağ şəffaf qaşları olan üzük Zərərçəkmiş şəxs1 qaytarıldığından həmin zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,754 qr təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 223 (iki yüz iyirmi üç) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar