Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-123/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1980-cı ildə Qubadlı rayonu, Qayalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 09 yanvar 2021-ci ildən hesablanmaqla “həbs növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində, satış məqsədi ilə, istintaqa məlum olmayan “Fuad" adlı şəxsdən 80 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayıb, daşımış, həmin gün X1 Hövsan qəsəbəsi, Bağlar Massivində 70 manat müqabilində bir ədəd bükümdə təmiz çəkisi 0,051 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,469 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi – kustar üsulla hazırlanmış narkotik vasitə heroin satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən 09 yanvar 2021-ci ildə saat 18 radələrində Hövsan qəsəbəsi, Bağlar massivində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞnin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,348 qram təşkil edən ağ rəngli kristalşəkilli maddə kütləsi – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,564 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi – kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, heroin və şüşə kimi tanıdığı narkotik vasitələrdən istifadə edib. Narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərindən şəxsi istifadəsi üçün alırdı. 08 yanvar 2021-ci ildə axşam saatlarında yaşadığı evdən çıxaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə getmişdir. Orada Fuad adlı şəxslə görüşüb söhbət etmiş, söhbət əsnasında sonuncudan ona narkotik vasitə verməsini xahiş etmiş, Fuad da əynindəki gödəkcəsinin cibindən iki ədəd polietilen büküm çıxarıb bunların heroin və metamfetamin olduqlarını bildirmişdir. Həmin maddələrə baxıb müəyyən etmişdir ki, bunlardan biri “kakos” kimi tanıdığı heroin, digəri isə metamfetamindir. Fuad getdikdən sonra bir kənara çəkilib heroinin və şüşənin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etməsi üçün özündə saxlamışdır. 09 yanvar 2021-ci ildə saat 17 radələrində yaşadığı evdən çıxaraq Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar massivində yerləşən abidənin yanına gəlmişdir. Həmin vaxt yuxarıda göstərilən maddələr də üzərində olub. Abidənin yanında narkoman kimi tanıdığı Səbinə adlı qadınla görüşmüş, sonuncu ağrılarının olduğunu bildirib ağlayaraq, ondan narkotik vasitə istəmişdir. Səbinəyə bildirmişdir ki, üzərində özü üçün aldığı narkotik vasitə var. Səbinə ona yalvararaq xahiş etmişdir ki, heroindən bir büküm ona versin, özü üçün isə sonradan alar. Səbinəyə yazığı gəlmiş, ona görə də kənara çəkilib üzərindəki narkotik maddə heroindən bir qədər götürüb siqaret kağızına qoyaraq ona vermişdir. Səbinə bunun müqabilində ona 20 manat vermişdir ki, sonradan bu pula özü üçün narkotik vasitə almış. Beləliklə, Səbinəyə narkotik vasitə satmamış, özü üçün aldığı narkotik vasitənin sadəcə olaraq bir hissəsini Səbinəyə vermişdir. Səbinə isə ona 20 manatı bu məqsədlə verib ki, o (təqsirləndirilən şəxs), verdiyi narkotik vasitənin əvəzi kimi özü üçün narkotik alsın. Həmin gün saat 18 radələrində Bağlar massivində yaşadığı evə gələn zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək 30-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib 30-cu PŞ-nə dəvət etdilər. Heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində olarkən vəkil dəvət edilmiş və videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Axtarış zamanı ondan özünə məxsus "Huawei” markalı mobil telefon aparatı, 4 manat pul, həmçinin narkotik vasitə heroin və metamfetamin aşkar edildi. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 qeyd etmişdir ki, 09 yanvar 2021-ci ildə Hövsan qəsəbəsində yaşayan Şahid1 ərizə ilə 30cu PŞ-nə müraciət edərək Zaur adlı şəxsin Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Həmin məlumatın yoxlanılması məqsədilə PŞ-nin rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanmasına icazə verilmişdir. Zaur adlı şəxsin ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, bu qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri qismində o, üzvləri qismində isə əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 təyin olunmuşlar. Bundan sonra Zaur adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlandı. Şəbinə Quliyevanın əməliyyat-axtarış tədbirində könüllü olaraq iştirak etməsi ilə əlaqədar ona əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün B73865436, B37136563 seriya nömrəli iki ədəd 20, A04342871, A14934705 seriya nömrəli iki ədəd 10 və C48668171, C14920544 seriya nömrəli iki ədəd 5 manatlıq pul əsginaslarından ibarət ümumilikdə 70 manat məbləğində pul vəsaiti verilmiş, bununla bağlı protokol tərtib edilmişdir. Həmin gün Şahid1 polis əməkdaşları Aqil və Amil ilə birlikdə əldə olunmuş məlumat əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində olan abidənin yaxınlığına gəlmişlər. Saat 17:30 radələrində abidənin yaxınlığında dayandıqları zaman Şahid1 dedi ki, Zaur adlı şəxs gəlir. Oradan bir qədər uzaqlaşmışlar ki, Zaur şübhələnməsin. Səbinə Zaura yaxınlaşıb onunla bir qədər söhbət etdikdən sonra getmişdir. Səbinə Zaur adlı şəxsdən aralanıb getdikdən sonra Zaur geri qayıtmağa başladı. Saat 18 radələrində onlar (polis əməkdaşları) abidənin yaxınlığında Zaura yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Onlar Zaura narkotik vasitələrin satışında şübhəli olmasını bildirib polis şöbəsinə dəvət etdilər. Zaur da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şahid1 Təqsirləndirilən şəxs aldığı iki ədəd içərisində narkotik maddələr olan bükümləri təqdim etdi. Həmin bükümlər onların iştirakları ilə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanıb. Daha sonra polis şöbəsinə vəkil dəvət edilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Zaura üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Zaur əynində olan qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd mobil telefon, müxtəlif pul əsginasları və iki ədəd polietilen bükümlər çıxarıb təqdim edərək bükümlərin içərisində heroin və şüşə kimi tanındığı maddələr olmasını, bunları 08 yanvar 2021-ci ildə axşam saatlarında Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Fuad adlı şəxsdən 80 manat pul ödəyərək aldığını, narkotik vasitənin bir qismini istifadə etdiyini, qalan hissəsini isə üzərində saxladığını, üzərindən aşkar edilmiş pulu 09 yanvar 2021-ci ildə narkotik vasitənin bir qismini Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən abidənin yanında Səbinə adlı qadına 70 manata satmaqla əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya müəyyən olunmamışdır. Aşkar edilmiş həmin maddələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və protokolun düzgünlüyü bütün iştirakçıların imzaları ilə təsdiqlənmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Şahid2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və onunla yaxın münasibəti olub. Belə ki, Zauru narkotik vasitə satan şəxs kimi tanımış, lakin əvvəllər ondan narkotik vasitə almamışdır. Zaurun narkotik vasitələri haradan əldə etdiyini bilmir. 2021-ci ilin yanvar ayının əvvəllərində Zaurun narkotik vasitə əldə etməsini bilmiş və bu barədə polisə məlumat vermək qərarına gəlmişdir. Ona görə də 09 yanvar 2021-ci ildə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gedərək bildirmişdir ki, Zaur narkotik vasitələrin satışı ilə məşğul olur və onun cinayət əməlinin ifşa olunması ilə bağlı keçiriləcək əməliyyat tədbirlərində polis əməkdaşlarına kömək etmək istəyir. Bundan sonra polis əməkdaşları ona Zaurdan narkotik vasitə alması üçün ümumilikdə 70 manat pul vermiş, bu barədə protokol tərtib olunmuşdur. Sonra polis əməkdaşları ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində olan abidənin yaxınlığına gəlmişdir. Abidənin yaxınlığında olan zaman saat 17:50-də uzaqdan Zaurun gəlməsini görmüş, bu barədə polis əməkdaşlarına dərhal məlumat vermişdir. Sonra polis əməkdaşları bir kənara çəkilərək ondan xahiş etmişlər ki, Zaura yaxınlaşıb narkotik vasitə alsın. Bundan sonra Zaura yaxınlaşmış və onunla haləhval tutduqdan sonra narkotik vasitə lazım olduğunu bildirmişdir. Zaur da ətrafa baxıb əynindəki gödəkcəsinin içərisindən polietilen bükümlər çıxararaq ona vermişdir. Bunun müqabilində Zaura polis əməkdaşlarının ona daha əvvəl verdiyi 70 manat miqdarında pulu vermiş, sonra isə uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları Zaura yaxınlaşaraq onu saxlamışlar. Polis şöbəsində Zaurdan satın aldığı narkotik maddələri təqdim etdi və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici izahatlar və s. sübutlarla təsdiq olunur. 10 yanvar 2021-ci il tarixli 6/109 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar olan zərfdəki (l№-li oby.) bir ədəd bükümdə təmiz çəkisi 0.348 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0.564 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Alıcının təqdim etdiyi ...” və s. yazılar olan zərfdəki (2№-li oby.) bir ədəd bükümdə təmiz çəkisi 0.051 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0.469 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin kütləsi ilə alıcının təqdim etdiyi heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamin kütləsi ilə alıcının təqdim etdiyi metamfetamin kütləsi ilə alıcının təqdim etdiyi metamfetamin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir”. 18 fevral 2021-ci il tarixli 530 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətində tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Onun işin məhkəmə baxışı zamanı verdiyi ifadə isə işin faktik hallarını gizlətməklə və təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,514 qr və 0,514 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, 0,298 qr və 0,021 qr təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan “B73865436”, “B37136563” nömrəli iki ədəd 20 (iyirmi) manatlıq, “A04342871”, “A14934705” nömrəli iki ədəd 10 (on) manatlıq, “C48668171”, “C04920544” nömrəli iki ədəd 5 (beş) manatlıq pul əsginasları dövlət nəfinə keçirilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 09 yanvar 2021-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,514 qr və 0,514 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, 0,298 qr və 0,021 qr təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan “B73865436”, “B37136563” nömrəli iki ədəd 20 (iyirmi) manatlıq, “A04342871”, “A14934705” nömrəli iki ədəd 10 (on) manatlıq, “C48668171”, “C04920544” nömrəli iki ədəd 5 (beş) manatlıq pul əsginasları dövlət nəfinə keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-123/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-123/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver