Məhkəmə qərarları › İş №1(010)-123/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-123/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-123/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1996-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 (yeddi) ay 05 (beş) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Ağcabədi rayonu, Hacıbədəlli ərazi dairəsi, Hacıbədəlli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7 nömrəli evin 42 nömrəli mənzilində yaşamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 4(010)-618/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsəd ilə 22 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 36 A nömrəli evdə yaşayan şəxslərin olmamasından və həmin evin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında olan rəfdən 1.950 manat dəyərində 583 əyarlı çəkisi 30 qram olan 01 ədəd qızıl boyunbağını, 850 manat dəyərində 583 əyarlı çəkisi 13 qram olan 01 ədəd qızıl bilərziyi, 370 manat dəyərində 583 əyarlı çəkisi 5.7 qram olan 01 ədəd qızıl üzüyü və 27 noyabr 2021-ci il tarixdə, saat 18:30-da yenə də həmin ünvanda yaşayan şəxslərin olmamasından və həmin evin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında olan dolabdan 200 manat dəyərində 585 əyarlı çəkisi 2.5 qram olan 01 ədəd qızıl üzüyü, 130 manat dəyərində 583 əyarlı çəkisi 02 qram olan 01 ədəd qızıl üzüyü, 91 manat dəyərində 583 əyarlı çəkisi 1.4 qram olan 01 ədəd qadın qızıl üzüyünü, 320 manat dəyərində 585 əyarlı çəkisi 3.5 qram olan 01 ədəd qızıl üzüyü və 175 manat dəyərində 583 əyarlı çəkisi 2.7 qram olan 01 ədəd qızıl kişi üzüyünü vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 4.086 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, maddi vəziyyəti ağır olduğuna görə əvvəllər kirayə qaldığı evin həyətində yaşayan Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 36A saylı evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 22 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus qeyd etdiyi evdə heç kimin olmamasından və həmin evin giriş qapısının daim açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında olan rəfdən 01 ədəd 583 əyarlı 30 qram çəkili qızıl boyunbağını, 01 ədəd 583 əyarlı 13 qram çəkili qızıl bilərziyi, 01 ədəd 583 əyarlı 5.7 qram çəkili qızıl üzüyü oğurlamışdır. Oğurluq edən zaman evi dağıtmamış və konkret olaraq yataq otağında olan rəfdən qeyd etdiyi qızıl zinət əşyalarını oğurladıqdan dərhal sonra oranı tərk etmişdir. Oğurladığı qızıl zinət əşyalarını səhəri gün, yəni 23 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında qızıl alqı-satqısı ilə məşğul olan, adını, soyadını və ata adını sonradan bildiyi Şahid3 ümumilikdə 2.650 manata satmışdır. Əldə etdiyi pulla özünə paltar və ərzaq məhsulları almışdır. Daha sonra yəni 27 noyabr 2021-ci il tarixdə, saat 18:30-da həmin evə eyni üsulla daxil olaraq, evin yataq otağında olan dolabdan 01 ədəd 585 əyarlı 2.5 qram çəkili qızıl üzüyü, 01 ədəd 583 əyarlı 02 qram çəkili qızıl üzüyü, 01 ədəd 583 əyarlı 1.4 qram çəkili qadın qızıl üzüyünü, 01 ədəd 585 əyarlı 3.5 qram çəkili qızıl üzüyü və 01 ədəd 583 əyarlı 2.7 qram çəkili kişi qızıl üzüyünü oğurlayaraq, onları elə həmin günü, saat 19:30-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 14/29 ünvanında qızıl alqı-satqısı ilə məşğul olan, adını, soyadını və ata adını sonradan bildiyi Şahid4 ümumilikdə 665 manata satmış, lakin həmin pulun 05 manatını sonuncuya qaytarmışdır. Əldə etdiyi pulla evinə ərzaq məhsulları almışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 15 mart 2022-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 27 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində arvadı Şahid1 Əbülfət qızı ilə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşüov küçəsi, 36A nömrəli evdə olduqları zaman yaxın qohumunun toyuna getməyi planlaşdırmışlar. Həmin vaxt arvadı Rima istifadəsində olan qızıl zinət əşyalarının bir qisminin yerində olmadığını bildirmişdir. Rimaya, qızıl zinət əşyalarının bir qismini ola bilər ki hazırda xatırlamadığı başqa bir yerə qoyduğunu deyib, onları toydan qayıtdıqdan sonra axtarıb tapmağı təklif etmişdir. Beləliklə də o, Rima ilə birlikdə toya getmiş, qayıtdıqdan sonra isə azyaşlı uşaqları narahat olduğundan ailəvi olaraq başları qarışıq olmuşdur. Qızıl zinət əşyalarını 28 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində axtarmağa başlamışlar və hələ toya gedərkən yataq otağındakı termonun üzərində olan qızıl zinət əşyalarının da yerində olmadığını müəyyən etdikdə artıq başa düşmüşdür ki, qızıl zinət əşyalarının bir qismi 27 noyabr 2021-ci il tarixdən əvvəl, bir qismi isə 27 noyabr 2021-ci il tarixdə o, ailəvi toya gedən zaman oğurlanmışdır. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib yaşadığı evdən ümumilikdə 4.000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra yaşadığı evə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. 30 noyabr 2021-ci il tarixdə isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Daha sonra o, yaşadığı evdən 1.950 manat dəyərində 583 əyarlı 30 qram çəkili 01 ədəd qadın qızıl boyunbağının, 850 manat dəyərində 583 əyarlı 13 qram çəkili 01 ədəd qadın qızıl bilərziyinin, 370 manat dəyərində 583 əyarlı 5.7 qram çəkili 01 ədəd qadın qızıl üzüyünün, 200 manat dəyərində 585 əyarlı 2.5 qram çəkili 01 ədəd qadın qızıl üzüyünün, 130 manat dəyərində 583 əyarlı 02 qram çəkili 01 ədəd qadın qızıl üzüyünün, 91 manat dəyərində 583 əyarlı 1.4 qram çəkili 01 ədəd qadın qızıl üzüyünün, 320 manat dəyərində 585 əyarlı 3.5 qram çəkili 01 ədəd kişi qızıl üzüyünün, 175 manat dəyərində 583 əyarlı 2.7 qram çəkili 01 ədəd kişi qızıl üzüyünün oğurlandığını və oğurluq nəticəsində ona ümumilikdə 4.086 manat məbləğində maddi ziyan vurulduğunu müəyyən etmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyinə görə sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid1 Əbülfət qızı 14 mart 2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar olaraq 15 mart 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 Əbülfət qızının ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 2017-ci ildən etibarən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında qızılın qəbulu və satışı ilə məşğul olur. 23 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində işdə olduğu zaman, adını, soyadını və ata adını sonradan bildiyi Təqsirləndirilən şəxs işlədiyi mağazaya gəlib özünə məxsus qızıl zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl zinət əşyalarına baxdıqda 583 əyarlı 01 ədəd qadın qızıl boyunbağının, 583 əyarlı 01 ədəd qadın qızıl bilərziyinin və 583 əyarlı 01 ədəd qadın qızıl üzüyünün ümumi çəkisinin təmiz halda 49.17 qram olduğunu müəyyən etmişdir. Həmin qızılların bir qramını 53 manat 90 qəpikdən ala biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin sürətini götürüb, həmin şəxsiyyət vəsiqəsinin kserosurətində müvafiq qeydlər və imza etdirdikdən sonra sonuncuya 2.650 manat verib qeyd etdiyi qızıl zinət aşyalarını ondan almışdır. Təqsirləndirilən şəxs aldığı qızılları sonradan lom halında əridərək, ondan başqa qızıl zinət əşyaları hazırlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2018-ci ildən etibarən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 14/29 ünvanında qızılın qəbulu və satışı ilə məşğul olur. 27 noyabr 2021-ci il tarixdə, 19:30 radələrində işdə olduğu zaman, adını, soyadını və ata adını sonradan bildiyi Təqsirləndirilən şəxs işlədiyi mağazaya gəlib özünə məxsus qızıl zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl zinət əşyalarına baxdıqda 585 əyarlı 03 ədəd qadın qızıl üzüyünün və 583 əyarlı 01 ədəd kişi qızıl üzüyünün ümumi çəkisinin təmiz halda 12.2 qram olduğunu müəyyən etmişdir. Həmin qızılların bir qramını 54 manat 50 qəpikdən alacağını ala biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşmışdır. Buna görə də o, Təqsirləndirilən şəxs 665 manat verib qeyd etdiyi qızılları ondan almış, sonuncu isə həmin puldan ona 05 manat qaytarmışdır. 28 noyabr 2021-ci il tarixdə isə o, Təqsirləndirilən şəxs aldığı qızılları 690 manata tanımadığı, şəxsiyyəti barədə hər hansı bir məlumatı olmadığı şəxsə lom qiymətinə satmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 36 A nömrəli evdən oğurluq edilmişdir. Baxış zamanı anbarın giriş qapısından sol tərəfdə olan işıq sistemlərinin üst hissəsinin açıq şəkildə olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yaşadığı evdən ümumilikdə 4.086 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 36A nömrəli evi göstərərək, 22 noyabr 2021-ci il və 27 noyabr 2021-ci il tarixlərdə evdə həmin evdə heç kimin olmamasından və evin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağından qızıl zinət əşyalarını oğurladığını, onları sonradan qızıl alqı-satqısı ilə məşğul olan, əvvəllər tanımadığı şəxslərə satdığını, əldə etdiyi pulu isə öz şəxsi ehtiyyaclarına sərf etdiyini bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 15 dekabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 36A nömrəli evin yataq otağını göstərərək, 28 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində həmin otaqda termonun üzərində olan qızıl zinət əşyalarının bir qisminin yerində olmadığını müəyyən etdikdə, 27 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində arvadı Şahid1 Əbülfət qızı ilə yaxın qohumunun toyuna getməyi planlaşdırdıqları zaman, sonuncunun yerində olmadığını bildirdiyi qızıl zinət əşyalarının bir qisminin 27 noyabr 2021-ci il tarixdən əvvəl, bir qisminin isə 27 noyabr 2021-ci il tarixdə toya getdikləri zaman oğurlandığını başa düşdüyünü, buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib yaşadığı evdən ümumilikdə 4.000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması barədə məlumat verdiyini, 30 noyabr 2021-ci il tarixdə isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etdiyini, daha sonra yaşadığı evdən 1.950 manat dəyərində 583 əyarlı 30 qram çəkili 01 ədəd qadın qızıl boyunbağının, 850 manat dəyərində 583 əyarlı 13 qram çəkili 01 ədəd qadın qızıl bilərziyinin, 370 manat dəyərində 583 əyarlı 5.7 qram çəkili 01 ədəd qadın qızıl üzüyünün, 200 manat dəyərində 585 əyarlı 2.5 qram çəkili 01 ədəd qadın qızıl üzüyünün, 130 manat dəyərində 583 əyarlı 02 qram çəkili 01 ədəd qadın qızıl üzüyünün, 91 manat dəyərində 583 əyarlı 1.4 qram çəkili 01 ədəd qadın qızıl üzüyünün, 320 manat dəyərində 585 əyarlı 3.5 qram çəkili 01 ədəd kişi qızıl üzüyünün, 175 manat dəyərində 583 əyarlı 2.7 qram çəkili 01 ədəd kişi qızıl üzüyünün oğurlandığının və oğurluq nəticəsində ona ümumilikdə 4.086 manat məbləğində maddi ziyan vurulduğunun müəyyən etdiyini bildirərək, hadisə yerini əyani olaraq göstərmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinə baxış keçirilməsi və götürülməsi haqqında 25 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid3 təqdim etdiyi, Təqsirləndirilən şəxs məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinə baxış zamanı Şahid3 Təqsirləndirilən şəxs ümumi çəkisi təmiz halda 49.17 qram olan 583 əyarlı 01 ədəd qadın qızıl boyunbağını, 583 əyarlı 01 ədəd qadın qızıl bilərziyini və 583 əyarlı 01 ədəd qadın qızıl üzüyünü 2.650 manata aldığı müəyyən edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 30 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şahid3 və Şahid4 əməllərində Azərbaycan Respublikası CMnin 194-cü maddəsinin, Təqsirləndirilən şəxs əməlində isə Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində müvafiq maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 yanvar 2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin eyni tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 (yeddi) ay 05 (beş) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən hazırki cinayət əməlini, az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduğu müddətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 76.6 və 76.6.3-cü maddələrinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 05 (beş) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunacaq cəza ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatəti və Bakı şəhər Suraxanı rayon prokurorunun təqdimatı əsasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 4(010)- 618/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablanmışdr. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 30 noyabr 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək məhkəmədə hüquqlarını dövlət hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 19 aprel 2022-ci il tarixdən isə öz vəsaiti hesabına müqavilə bağladığı Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 müdafiə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi olmuş Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Habelə 19 aprel 2022-ci il tarixdən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs, öz vəsaiti hesabına müqavilə bağladığı vəkili X4 tərəfindən hüquqi yardım göstərildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 noyabr 2020-ci il hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 05 (beş) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs cidd rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 30 noyabr 2021-ci il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs, 01 mart 2022-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi olmuş Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar