Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-124/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1984-cü ildə Rusiya Federasiyası, Qorki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-258/2016 nömrəli iş üzrə xx xxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-23/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmaqla 03 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş, xx xxx 2020-ci ildə həbsdə saxlanılması müddəti bitdiyinə görə azad edilmiş və eyni tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,259 qram təşkil edən ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci ildə saat 13:30 radələrində Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasına dəvət edildikdən sonra üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülü halda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 06:30 radələrində evdə olduğu vaxt qapı döyülmüş, açdıqda 3 nəfər polis əməkdaşının gəldiyini görmüşdür. Polis əməkdaşlarından biri əvvəldən tanıdığı Şahid3 idi. Digər iki polis əməkdaşının isə əvvəllər tanımayıb. Polis əməkdaşları ona bildirmişlər ki, qardaşı kiminləsə dalaşıb, ona görə də birlikdə polis bölməsinə getməlidilər. Bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə 32-ci polis bölməsinə getmişdir. Polis bölməsində otaqlardan birində polis əməkdaşlarından biri yerə bir büküm atmış, sonra isə əyilib qaldıraraq bu bükümün ona (təqsirləndirilən şəxsə) məxsus olduğunu boynuna almalı olduğunu bildirmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb həmin bükümün ona məxsus olduğunu «etiraf etmiş», bunu həm aparılan videoçəkiliş zamanı, həm də sonradan yazdığı izahatlarında bildirmiş, həmçinin təklif olunan bütün sənədləri imzalamışdır. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, müvafiq hadisə, üzərinə baxış keçirilməsi zamanı, həmçinin sonradan polis əməkdaşları tərəfindən ona qarşı heç bir, o cümlədən fiziki və ya psixoloji təzyiq göstərilməyib. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin bildirdikləri nəzərə alınaraq ona hansı səbəbdən müvafiq bükümün ona məxsus olduğunu etiraf etməsi ilə bağlı suallar verilmişdir. Təqsirləndirilən şəxs bu sualları ağlabatan dəlillərlə cavablandırmayıb. Gətirdiyi dəlillərdən biri ondan ibarətdir ki, polis əməkdaşları onu aldadaraq, müvafiq bükümün özünə məxsus olduğunu bildirəcəyi təqdirdə azadlığa buraxılacağını və etirafının onun üçün heç bir mənfi nəticəyə səbəb olmayacağını bildirmişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, polis əməkdaşıdır. Qeyd edir ki, xx xxxxxx 2020-ci ildə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə “Kamil” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış, onun, ə32-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid3 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 13:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsində yerləşən 28 saylı evin yaxınlığında saxlanılmışdır. Daha sonra təqsirləndirilən şəxs 32-ci polis bölməsinə dəvət olunmuş və bütün prosessual qaydalara riayət edilməklə, həmçinin videoçəkilişdən istifadə olunmaqla üzərinə baxış keçirilmişdir. Müdafiəçinin iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükülü çıxarıb könüllü olaraq təqdim etmişdir. Gümüşü rəngli siqaret kağızında olan həmin bükülüyə baxış keçirilərkən psixotrop maddəyə bənzər kristal şəkilli kütlə aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə psixotrop maddə metamfetamindir, onu bir gün əvvəl, yəni xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin yaxınlığında tapıb və şəxsi istifadəsi üçün özündə saxlayıbdır. Suallara cavab olaraq Şahid2 həmçinin bildirmişdir ki, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixoloji təzyiq tətbiq edilməyib. Əksinə o, könüllü olaraq polis bölməsinə gəlmiş, üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu könüllü olaraq etiraf etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici izahatlar və s. sübutlarla təsdiq olunur. xx xxxxxx 2020-ci il tarixli 2968 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs.....” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,259 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağa edilmiş psixotrop maddələrin siyahısına daxildir (Siyahı İ)”. xx xxxxx 2020-ci il tarixli 952 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür”. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, təqsirləndirilən şəxs əvvəllər də CM-nin eyni maddəsi ilə məhkum olunub və azadlıqdan məhrum etmə növündə cəza çəkib. Beləliklə o, üzərinə baxış keçirilərkən, izahatlar verərkən və psixotrop maddənin özünə məxsus olduğunu etiraf edərkən bilirdi ki, üzərindən narkotik vasitə və ya psixotrop maddənin aşkar olunması və bunun müvafiq qaydada rəsmiləşdirilməsi ona qarşı cəza tətbiqi, həmçinin azadlıqdan məhrum etmə cəzası ilə nəticələnə bilər. Belə olan halda təqsirləndirilən şəxsin müvafiq dəlili, yəni polis əməkdaşlarının onu ifadəsində göstərilən qaydada aldada bilməsi inandırıcı sayıla bilməz. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin ifadəsi baş vermiş hadisələri təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə həmçinin onu da nəzərə alır ki, təqsirləndirilən şəxs iş üzrə ibtidai araşdırma dövründə müdafiəçi ilə təmin olunmuş, bütün zəruri prosessual hərəkətlər müdafiəçisinin iştirakı ilə həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, bu hal da onun polis əməkdaşları tərəfindən aldadıldığına dair dəlilini istisna edir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını və qardaşının 1-ci qrup əlil olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-258/2016 nömrəli iş üzrə xx xxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti yuxarıda göstərilən iş üzrə məhkumluğu olduğu dövrdə törədib. Bu Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,229 qr təşkil edən psixotrop maddə – metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 fevral – xx xxx 2020-ci il tarixləri üzrə həbsdə saxlanıldığı 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,229 qr təşkil edən psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-124/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-124/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver