Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-124/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X2 qızının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, nömrəsiz evdə yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 18 iyul 2013-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzası 06 ilə endirilmiş, Xətai Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli 23 oktyabr 2020-ci ildən hesablanmaqla 3 ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş (həbsdə saxlanılması müddəti sonradan müvafiq məhkəmə qərarları ilə uzadılıb) və 23 oktyabr 2020-ci ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində və idarə etdiyi “Chevrolet Cruze” markalı 90SL184 dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb, daşımış, 23 oktyabr 2020-ci ildə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsində yerləşən 28 nömrəli evin 16 nömrəli mənzilində 5 manat pul müqabilində tanışı Şahid2 bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana satmış, həmin gün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 oktyabr 2020-ci ildə saat 18:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsində yerləşən 28 nömrəli evin 16 nömrəli mənzilində saxlanılaraq mənzilə baxış keçirilən zaman qonaq otağında olan masanın üzərindən 1 ədəd kiçik sellofan paketdə 1 ədəd gümüşü rəngli kağız bükülüdə yarı hissəsi kəsilmiş polietilen paketdə ayrı-ayrılıqda çəkiləri 7,735 qram, 8,430 qram, 7,261 qram, 3,258 qram, 0,809 qram, 0,497 qram, 2 ədəd ağzı bağlanan kiçik polietilen paketlərdə hər birində 7 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,151 qram, 0,145 qram, 0,233 qram, 0,135 qram, 0,148 qram, 0,173 qram, 0,116 qram, 0,193 qram, 0,158 qram, 0,182 qram, 0,173 qram, 0,152 qram, 0,110 qram, 0,131 qram, ümumi çəkisi 30,190 qram tərkiblərinə görə eynilik təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana, davam edən tədbirlər nəticəsində sonuncunun idarə etdiyi avtomobildən 2 ədəd ağzı bağlanan kiçik polietilen paketlərin birində təmiz çəkisi 1,399 qram, ikincisində isə 23 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,163 qram, 0,154 qram, 0,206 qram, 0,255 qram, 0,197 qram, 0,163 qram, 0,150 qram, 0,38 qram, 0,182 qram, 0,157 qram, 0,213 qram, 0,131 qram, 0,105 qram, 0,141 qram, 0,113 qram, 0,166 qram, 0,138 qram, 0,177 qram, 0,205 qram, 0,167 qram, 0,124 qram, 0,158 qram, 0,148 qram ümumi çəkisi 5,250 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək qeyd etmişdir ki, evlidir, iki nəfər azyaşlı uşağı var. Anası uzun müddət yataq xəstəsi olub. “Chevrolet Cruze” markalı 90SL184 dövlət qeydiyyat nişanlı avtomobili hadisədən bir müddət əvvəl icarəyə götürmüşdür. ünvan 1 ünvanı üzrə qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayırdı. Anasının yeriyə bilməməsi və ağır çəkili olması səbəbindən onu təkbaşına həkimə aparıb-gətirə bilmirdi. Bu səbəbdən anasını həkimə aparıb gətirməsi üçün tanışlarından kömək istəmişdir. Ona anasını xəstəxanaya aparıbgətirməkdə əsasən əmisi oğlu Şahid6, həmçinin tanışları Şahid2 və Şahid1 kömək edirdilər. 23 oktyabr 2020-ci ildə anasını həkimə aparmağa kömək etməsi üçün əmisi oğlu Şahid6 zəng etmişdir. Rüfət ona bildirmişdir ki, dostu İsmayılla birlikdə tanışı Elmirin yaşadığı evdədir. Bunu bildikdən sonra idarə etdiyi “Chevrolet Cruze” markalı 90SL184 dövlət qeydiyyat nişanlı avtomobillə Elmirin yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsində yerləşən 28 nömrəli evin 16 nömrəli mənzilinə getmişdir. Orada Rüfət, İsmayıl və Elmirlə görüşüb kabab sifariş etmişlər. Sifarişləri gətirilmiş, lakin yeməyə başlamağa macal tapmamış mənzilin qapısı döyülmüşdür. Elmir qapını açdıqda Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təxminən 13 nəfər əməkdaşı mənzilə silahlarla daxil olmuş, hamısından üzü üstə yerə uzanmağı qışqırıqla tələb edərək, uzanmayacaqları təqdirdə atəş açacaqlarını bildirmişlər. Polis əməkdaşlarının bu tələbinə əsasən hamısı üzü üstə yerə uzanmışlar. Hamısının qolları arxadan qandallanmış, bundan sonra tərpənməyə belə imkanları olmamışdır. Polis əməkdaşları onu təpikləməyə başlamış, həmçinin ona marixuana göstərərək, bu sənindir deyə soruşmuşlar. Təqsirləndirilən şəxs bildirir ki, heç vaxt narkotik vasitə istifadə etməyib və satmayıb. Bunu polis əməkdaşlarına bildirərək marixuananın ona məxsus olmadığını, bura gəlməkdə məqsədinin isə tanışlarının köməyi ilə anasını xəstəxanaya aparmaqdan ibarət olduğunu demişdir. Hadisə vaxtı masanın üzərində ittiham aktında göstərilən narkotik vasitə olmayıb. Daha sonra o, Şahid6, Şahid2 və Şahid1 30-cu polis şöbəsinə aparılıblar. Bildirir ki, o, ayrıca saxlanılıb. Sonradan bilmişdir ki, Şahid6, Şahid2 və Şahid1 tutulduqdan sonra başqa bir yerdə üçü birlikdə saxlanıblar. Beləliklə ona 12.30 radələrindən başlayaraq 02 radələrinədək polis əməkdaşları tərəfindən işgəncələr verilmiş, bu zaman ondan tələb olunmuşdur ki, narkotik vasitənin ona məxsus olduğunu etiraf etsin. Bölmədə saxlanıldığı vaxt Bəşir adlı polis əməkdaşı ona yaxınlaşaraq hədə-qorxu gəlmək məqsədilə ləqəbinin «Qril-Bəşir» olduğunu bildirmiş, narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə ona «qril» üsulu ilə işgəncə verəcəyini bildirmişdir. Bu zaman polis əməkdaşları deyirdilər ki, ilin sonudur planları isə boşdur. Polis şöbəsində narkotik vasitənin ona məxsus olduğunu etiraf edəcəyi təqdirdə ona 1.000 manat məbləğində pul veriləcəyi, həmçinin işin CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcəyi vəd edilmiş, bununla yanaşı bildirilmişdir ki, narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə işi CM-nin 234.2-ci maddəsi ilə aparılacaq. Bütün hədə-qorxulara və işgəncələrə baxmayaraq, polis əməkdaşlarının təkliflərini rədd etmiş, heç bir sənədə imza etməmişdir. Gecə vaxtı yuxarıda göstərilən “Chevrolet Cruze” markalı avtomobilə baxış keçirilmiş və guya ki, oradan da narkotik vasitə aşkar edilmişdir. Bildirir ki, Şahid1 yaşadığı mənzildən, həmçinin idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik maddələrin ona heç bir aidiyyəti yoxdur. Həmin narkotik vasitələri polis əməkdaşları çoxsaylı saxtakarlıqlar edərək, özləri avtomobilə və Elmirin mənzilinə qoymuş və guya ondan (təqsirləndirilən şəxsdən) aşkar edildiyinə dair sənədləşmə aparmışlar. Sonradan ona məlum olub ki, polis şöbəsində Şahid6, Şahid2 və Şahid1 qarşı da işgəncələr tətbiq olunmuş, İsmayıl və Elmir bu işgəncələrə dözməyərək onun əleyhinə ifadələr verməyə məcbur olmuşlar. Təqsirləndirilən şəxs bildirir ki, Şahid2 və Şahid1 məhkəməyə bildirdikləri də həqiqətə uyğun deyil. İş materiallarına əlavə edilmiş sənədlərdə göstərilən saatlar da həqiqətə uyğun deyil. Belə ki, müvafiq prosessual hərəkətlər tamamilə fərqli vaxtlarda aparılıb. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan Şahid1 23 oktyabr 2020-ci ildə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müraciət edərək tanışı Təqsirləndirilən şəxs mütəmadi olaraq ona məxsus evə gəlib narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair məlumat vermişdir. Şahid1 ərizəsi əsasında ondan, habelə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı Şahin Mikayılovdan, əməliyyat müvəkkili Eldəniz Məmmədovdan və kiçik əməliyyat müvəkkili Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupunun üzvləri məlumatı yoxlamaq üçün ünvan 4 ünvanına getmişlər. Çatıb qapını döydükdə qapını ev sahibi Şahid1 açmış və onları evə dəvət etmişdir. Evdə Şahid1 başqa 3 nəfər şəxs də var idi. Özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Sonradan müəyyən olunmuşdur ki, evdə olanlar Təqsirləndirilən şəxs, Şahid6 və Şahid2dur. Bu zaman evin qonaq otağında masanın üzərində bükülülər olduğunu aşkar etmişlər. Həmin bükülülərin içərisində bitki mənşəli kütlələr var idi. Bu bükülülərin kimə məxsus olduğunu soruşduqda Şahid1 və Şahid2 onların Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdilər. Daha sonra onları 30-cu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində Şahid2 hüquqları və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, vəkilin iştirakı və video çəkilişdən istifadə olunmaqla onun üzərinə şəxsi axtarış həyata keçirilməsinə başlanmışdır. Əvvəlcə ona üzərində qanunsuz hər hansı əşya varsa könüllü olaraq təqdim etməsi təklif edildi. Bu zaman Şahid2 əynində olan şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etdi. Ondan həmin bükümün nə olması, nə vaxt və kimdən əldə etməsi barədə soruşuldu. Buna cavab olaraq Şahid2 bildirdi ki, həmin bükümün içərisində nəşə kimi tanıdığı narkotik maddədir və həmin maddəni hadisə günü, yəni 23 oktyabr 2020-ci ildə tanışı Şahid1 yaşadığı evə gələrək Təqsirləndirilən şəxs 5 manat müqabilində şəxsi istifadəsi üçün alıb. Həmin büküm götürülərək qablaşdırılmış, Şahid2 üzərindən saxlanılması və ya daşınması qadağan olunmuş başqa hər hansı əşya aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmiş və bütün iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Sonra Şahid6 hüquqları və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə Şahid6 üzərinə video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış həyata keçirildi. Əvvəlcə ona üzərində qanunsuz hər hansı əşya varsa könüllü olaraq təqdim etməsi təklif edildi. Bu zaman Şahid6 üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olmadığını bildirdi. Şahid6 üzərinə baxış keçirildi və onun üzərindən saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Bununla bağlı protokol tərtib edilmiş və bütün iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edilmiş, və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə Şahid6 üzərinə video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə ondan üzərində qanunsuz hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edildi. Bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və onun üzərindən cəmi 719 manat 60 qəpik məbləğində pul, “Magna" markalı siqaret paketi və “Samsung Galaxy” markalı mobil telefon aşkar edilərək götürüldü. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı 99SL184 dövlət qeydiyyat nişanlı avtomaşına dəvət edilmiş iki nəfər hal şahidinin, Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə baxış keçirildi. Baxış zamanı avtomobilin salonunun qabaq saxlanc yerindən iki ədəd sellofan büküm aşkar edildi. Həmin sellofan bükümün birinin içərisində açıq vəziyyətdə yaşıl rəngli bitki, digər sellofan bükümün içərisindən isə 23 ədəd kağız bükülülər aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs avtomaşının saxlanc yerindən aşkar edilərək götürülmüş maddələrin nə olması və həmin maddələri haradan əldə etməsini barədə soruşuldu. Lakin, Təqsirləndirilən şəxs həmin maddələrin ona məxsus olmadığını bildirdi. Daha sonra isə avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edildi və aşkar edilərək götürülmüş maddələr qablaşdırıldı. Şahid qeyd edir ki, Təqsirləndirilən şəxs ona polis şöbəsində işgəncələr verildiyinə və narkotik vasitənin ona məxsus olmadığına dair bildirdikləri həqiqətə uyğun deyil. O, həmçinin bildirir ki, mənzilə daxil olduqları vaxt heç kəsə üzü üstə yerə uzanmaları ilə bağlı göstəriş verilməmiş, narkotik vasitə isə mənzilin qonaq otağındakı masanın üzərindən aşkar edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Onlar da bildirirlər ki, təqsirləndirilən şəxsə qarşı sonuncunun saxlanıldığı vaxt və bundan sonra heç bir qanunsuz fiziki və psixoloji təzyiq göstərilməmiş, ona qarşı işgəncə tətbiq olunmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki, tanıyır. Əvvəllər onunla münasibəti yaxşı olub. Lakin, son vaxtlar Ceyhun ona məxsus olan mənzilə gəlib özü ilə gətirdiyi narkotik vasitə qurudulmuş marixuananı çəkir, həmçinin onun evinə gələn tanışlarına satırdı. Ceyhunun bu hərəkətlərindən cana doysa da, sonuncunun uzun illər məhkum həyatı yaşadığını düşünüb qorxduğuna görə bu barədə polisə şikayət etmirdi. Həmçinin Ceyhun onun yaşadığı evə gələndə onu hədələyərək əgər barəsində polisə şikayət edərsə onu öldürəcəyi ilə hədələyirdi. 23 oktyabr 2020-ci ildə dəqiq xatırlamadığı saatda Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gedərək Ceyhun barəsində rəsmi ərizə yazıb yaşadığı evə qayıtmışdır. Həyətə çatdıqda görmüşdür ki, tanışı Rüfət onu gözləyir. Rüfətlə görüşüb birlikdə yaşadığı evə qalxmış və evə daxil olanda Ceyhunun qonaq otağında oturduğunu, masanın üstünə bir neçə büküm nəşə qoyduğunu görmüşdür. Bir neçə dəqiqə keçəndən sonra yaşadığı evə tanışı İsmayıl gəlmiş və Ceyhuna 5 manat verib özü üçün bir büküm nəşə almışdır. Bir müddət sonra yaşadığı evin qapısı döyülmüşdür. Qapını açdıqda polis əməkdaşlarının gəldiyini görüb onları içəri buraxmışdır. Polis əməkdaşları Ceyhunun masanın üstünə qoyduğu bükümləri götürərək qablaşdırmış və bu barədə protokol tərtib etmişlər. Sonra isə polis əməkdaşları onları Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Onlar da yəni, özü, İsmayıl, Rüfət, Ceyhun və iki nəfər şəxslər polis şöbəsinə gedərək orada izahat yazmışlar. Onun evində masanın üzərindəki bükümdə olan narkotik vasitə qurudulmuş marixuanalar Ceyhuna məxsus olmuş və Ceyhun onun evinə gələrək narkotik vasitə marixuananın satışı ilə məşğul olmuşdur. Həmçinin, əvvəllər onun tanışları da bir neçə dəfə də Ceyhundan narkotik vasitə qurudulmuş marixuananı alıb istifadə etmişlər. Əvvəllər Rüfət onun evinə gələrək Ceyhundan nəşə alaraq istifadə etmişdir, lakin həmin gün Rüfət nəşə almamış və çəkməmişdir. Şahid suallara cavab olaraq həmçinin bildirmişdir ki, saxlanıldıqları vaxt polis əməkdaşlarının onları üzü üstə uzadıb, qollarını qandalladıqlarına, təqsirləndirilən şəxsi təpiklədiklərinə, həmçinin təqsirləndirilən şəxsə və onlara işgəncələr verdiklərinə dair təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxsə qarşı polis şöbəsində işgəncə tətbiq olunduğunu da görməyib. Onun özünə qarşı da heç bir işgəncə və təzyiq tətbiq olunmamışdır. Ceyhun xeyli müddətdir ki, onun evinə gəlib narkotik vasitələrin satışı ilə məşğul olurdu. Ceyhun onu öldürəcəyi ilə hədələdiyinə görə uzun müddət polisə müraciət etməyib. Lakin sonda Ceyhunun hərəkətlərindən cana doyub, həmçinin evində narkotik vasitə satılması səbəbindən tutulacağından qorxaraq 30cu polis şöbəsinə müraciət etmişdir. Bütün ifadələrini sərbəst və heç bir təzyiqə məruz qalmadan verib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, təxminən 2020-ci ilin avqust ayının ortalarından narkotik vasitə nəşə qəbul edir. Buna görə də, əvvəllər tanıdığı Ceyhun adlı şəxsdən bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə nəşə alıb. 23 oktyabr 2020-ci il tarixdə tanışı Şahid1 yaşadığı evə getmişdir. O, Elmirin yaşadığı evə gedəndə otağın birində əvvəllər tanıdığı Ceyhun və onun qohumu Rüfətin masa ətrafında əyləşdiklərini və onların əyləşdiyi masanın üzərində çoxlu sayda ağ rəngli bükümlərdə nəşə olduğunu görmüşdür. Ceyhunla və Rüfətlə görüşüb, Ceyhuna 5 manat pul verib şəxsi istifadəsi üçün bir papirosluq narkotik vasitə nəşə almış və əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Təxminən 2 – 3 saat sonra mənzilin qapısı döyülmüş və Elmir qapını açdıqda içəri polis əməkdaşları daxil olub onları saxlamışlar. Bundan sonra polis əməkdaşları masanın üzərində olan narkotik vasitə olan nəşələri qablaşdırıb onunla birlikdə Ceyhunu, Rüfəti və Elmiri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinin inzibati otaqlarının birində onun üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan şalvarın sağ yan cibindən Ceyhundan 5 manata şəxsi istifadəsi üçün aldığı nəşəni təqdim etmişdir. Sonra polis əməkdaşları onun üzərindən aşkar edilmiş narkotik vasitəni qablaşdırmış və bu barədə protokol tərtib etmişlər. Şahid verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, saxlanıldıqları vaxt polis əməkdaşlarının onları üzü üstə uzadıb, qollarını qandalladıqlarına, təqsirləndirilən şəxsi təpiklədiklərinə, həmçinin təqsirləndirilən şəxsə və onlara işgəncələr verdiklərinə dair təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxsə qarşı polis şöbəsində işgəncə tətbiq olunduğunu da görməyib. Onun özünə qarşı da heç bir işgəncə və təzyiq tətbiq olunmamışdır. Bütün ifadələrini sərbəst və heç bir təzyiqə məruz qalmadan verib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cinayət cəzası çəkən Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. 23 oktyabr 2020-ci ildə günorta vaxtı dostu Elmirin evinə qonaq getmişdir. Elmir evdə olmadığından həyətdə dayanıb gözləmiş, təxminən 15-20 dəqiqə sonra Elmir gəlmişdir və onlar birlikdə Elmirin yaşadığı evə qalxmışlar. Bundan təxminən 5 dəqiqə sonra Ceyhun da gəlmişdir. Daha sonra isə Elmirin evinə tanışı İsmayıl gəldi. Onlar evdə olan zaman evin qapısı döyülmüş, Elmir qapını açdıqda içəri təxminən 10 nəfər polis əməkdaşı daxil olmuş və onları atəş açacaqları ilə hədələyərək üzü üstə yerə uzanmalarını, başlarını qaldırmamalarını tələb etmişlər. Polis əməkdaşlarının bu tələbi ilə dördü də yerə uzanmış, sonradan onların əlləri arxadan qandallanmışdır. Sonra polis əməkdaşları haradansa narkotik vasitə çıxarıb onlardan bunun kimə məxsus olduğunu soruşmuşlar. Cavabında bildirmişdir ki, belə bir narkotik vasitəni görməyib və onun kimə məxsus olduğunu bilmir. Sonra polis əməkdaşları onları 30-cu polis şöbəsinə apardılar. Orada İsmayıl və Elmirlə birlikdə saxlanılırdı. Ona, İsmayıla və Elmirə qarşı polis şöbəsində işgəncələr tətbiq olunmuş, İsmayıl və Elmir ona etiraf etmişlər ki, işgəncələrə dözməyib Ceyhunun əleyhinə ifadələr veriblər. Şahid həmçinin bildirir ki, polis şöbəsində üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, 23 oktyabr 2020-ci ildə ünvan 6 ünvanda yerləşən 5 mərtəbəli binanın qarşısından keçib yaşadığı ev istiqamətində getdiyi vaxt blokun qarşısında dayanmış iki nəfər əvvəllər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, həmin binanın 16-cı mənzilinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. Buna etiraz etməmişdir. Polis əməkdaşları başqa bir şəxsi də hal-şahidi kimi iştirak etmək üçün dəvət etmişlər. Mənzilə daxil olduqda orada polis əməkdaşlarından başqa 4 nəfər şəxsin olduğunu görmüşdür. Sonradan bilib ki, bunların adları İsmayıl, Elmir, Rüfət və Ceyhundur. Qonaq otağına daxil olduqda oradakı masanın üzərində bir neçə bükülünün olduğunu görmüşdür. Polis əməkdaşları həmin bükümləri açdıqda içərisində ot şəkilli maddə aşkar edildi. Elmir və İsmayıl bu maddənin Ceyhuna məxsus olduğunu bildirmiş, lakin sonuncu bundan imtina edərək həmin maddənin ona məxsus olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, 23 oktyabr 2020-ci il tarixdə saat 18:20 radələrində ünvan 7 ünvanda yerləşən 5 mərtəbəli binanın qarşısında keçib yaşadığı evə gedən zaman blokun qarşısında dayanmış iki nəfər əvvəllər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib həmin binanın 16 saylı mənzilində narkotik vasitələrin satışı ilə bir nəfər şəxsin məşğul olmasına dair müraciət daxil olduğunu bildirmiş və həmin mənzildə baxış keçirilərkən hal-şahidi kimi iştirak etməyini ondan xahiş etmişlər. O, da etiraz etməyib razı olduğunu demişdir. Daxil olduqları vaxt mənzildə 4 nəfər əvvəllər tanımadığı, sonradan isə adlarını bildiyi İsmayıl, Elmir, Rüfət və Ceyhun adlı şəxslər olmuşdur. Onlar qonaq otağına daxil olanda görmüşlər ki, qonaq otağında yerləşən masanın üzərində bir neçə büküm var. Polis əməkdaşları həmin bükümləri açanda içərisindən ot şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin maddənin nə olduğunu və kimə məxsus olduğunu soruşanda. Elmir və İsmayıl ot şəkilli maddələrin narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitənin Ceyhun adlı şəxsə məxsus olduğunu demişlər. Lakin, Ceyhun adlı şəxs masanın üzərindən aşkar edilmiş narkotik maddələrin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və aşkar edilmiş bükümlər polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, 23 oktyabr 2020-ci il tarixdə işdən çıxıb yaşadığı evə gedərkən saat 23 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin qarşısından keçən zaman iki nəfər mülki geyimdə olan əvvəllər tanımadığı şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib hal-şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, etiraz etməyib razılaşmışdır. Polis əməkdaşları onun iştirakı ilə “Chevrolet” markalı avtomaşına baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları başqa bir şəxsi də hal-şahidi kimi dəvət etmişlər. Daha sonra polis əməkdaşları bir nəfər əvvəllər tanımadığı, adının Təqsirləndirilən şəxs olduğunu sonradan bildiyi şəxsi də avtomaşının yanına dəvət etmişlər. Bundan sonra polis əməkdaşları mobil telefon vasitəsi ilə video çəkiliş edərək Təqsirləndirilən şəxs, onun və digər hal-şahidinin iştirakı ilə “Chevrolet Cruze” markalı 99SL184 dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirmiş və avtomobilin qabaq saxlanc yerindən iki ədəd sellofan büküm aşkar etmişlər. Sellofan bükümün birinin içərisində açıq vəziyyətdə yaşıl rəngli ota bənzər bitki, digər sellofan bükümün içərisindən isə 23 ədəd kağız bükülülər aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs bu maddələrin nə olduğunu və onları haradan əldə etdiyini soruşmuşlar. Cavabında Təqsirləndirilən şəxs bildirmişdir ki, bu maddələr ona məxsus deyil. Daha sonra protokol tərtib edilmiş və aşkar edilərək götürülmüş maddələr qablaşdırılmışdır. Sonra o, və digər hal-şahidi həmin protokola imzalarını çəkmişlər. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər və onlar bu barədə izahat vermişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 24 oktyabr 2020-ci il tarixli 7/745 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs saxlanıldığı mənzildən götürülmüş maddi sübut” yazılar və imzalar olan kağız paketdə kağız bükülüdəki 4 ədəd ağzı bağlanan kiçik polietilen paketdə, 1 ədəd kiçik sellofan paketdə, 1 ədəd gümüşü rəngli kağız bükülüdə yarı hissəsi kəsilmiş polietilen paketdə ayrı-ayrılıqda çəkiləri - 7,735 qram, 8,430 qram, 7,261 qram, 3,258 qram, 0,809 qram, 0,497 qram, 2 ədəd ağzı bağlanan kiçik polietilen paketlərdə hər birində 7 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri - 0,151 qram, 0,145 qram, 0,233 qram, 0,135 qram, 0,148 qram, 0,173 qram, 0,116 qram, 0,193 qram, 0,158 qram, 0,182 qram, 0,173 qram, 0,152 qram, 0,110 qram, 0,131 qram, ümumi çəkisi - 30,190 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar olunmuş maddi sübut” yazılar və imzalar olan kağız paketdə 2 ədəd ağzı bağlanan kiçik polietilen paketlərin birində təmiz çəkisi - 1,399 qram, ikincisində isə 23 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,163 qram, 0,154 qram, 0,206 qram, 0,255 qram, 0,197 qram, 0,163 qram, 0,150 qram, 0,238 qram, 0,182 qram, 0,157 qram, 0,213 qram, 0,131 qram, 0,105 qram, 0,141 qram, 0,113 qram, 0,166 qram, 0,138 qram, 0,177 qram, 0,205 qram, 0,167 qram, 0,124 qram, 0,158 qram, 0,148 qram, ümumi çəkisi - 5,250 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs saxlanıldığı mənzildən və idarə etdiyi avtomaşından götürülmüş marixuanalar tərkiblərinə görə eynidir”. 24 oktyabr 2020-ci il tarixli 7/746 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində "'Şahid2 üzərindən aşkar olunmuş maddi sübut” yazılar və imzalar olan kağız paketdə bir ədəd kağız bükümdə təmiz çəkisi - 0,164 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Şahid2 üzərindən götürülmüş marixuana ilə Təqsirləndirilən şəxs saxlanıldığı mənzildən və idarə etdiyi avtomaşından götürülmüş marixuanalar tərkiblərinə görə eynidir”. 05 noyabr 2020-ci il tarixli 3127 nömrəli ekspert rəyində göstərilir ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Təqsirləndirilən şəxsin ifadəsində göstərilənlərə münasibət bildirərək məhkəmə qeyd edir ki, ona qarşı işgəncə tətbiq olunması halı işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq edilmir. Belə ki, təqsirləndirilən şəxsin əmisi oğlu Şahid6 istisna olmaqla dindirilmiş bütün şahidlər təqsirləndirilən şəxsə qarşı işgəncə tətbiq olunduğunu görmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxsə qarşı məhkəməyədək icraat dövründə işgəncə tətbiq edilməməsi halı onun müraciətləri əsasında Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırmanın nəticəsində də müəyyən olunmuşdur. Şahid6 ifadəsinə qiymət verərkən məhkəmə işin digər faktik halları ilə yanaşı həmin şahidin təqsirləndirilən şəxsin əmisi oğlu olduğunu nəzərə alır və araşdırılmış sübutların cəminə qiymət verərək hesab edir ki, şahidin bildirdikləri işin faktik hallarını əks etdirmir. İş materiallarında, təqsirləndirilən şəxsə qarşı işgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara yol verildiyini təsdiq edə biləcək hər hansı mötəbər sübut mövcud deyil. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin digər məsələlərlə bağlı bildirdikləri də işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Onun ifadələri isə yuxarıda qeyd olunduğu kimi məsuliyyətdən yayınmaq məqsədi güdür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Göstərilənlərlə yanaşı qeyd olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 18 iyul 2013-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzası 06 ilə endirilmiş, Xətai Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin yuxarıda göstərilən hökmü üzrə məhkumluğu ödənilmədən və götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə daha yüngül cəza təyin olunması ilə cəzanın Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş məqsədinə çatmaq mümkün deyil. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan 1 ədəd tərəzi, həmçinin müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi – 33,824 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 23 oktyabr 2020-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan 1 ədəd tərəzi, həmçinin müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi – 33,824 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-124/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-124/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver