Məhkəmə qərarları › İş №1(010)-124/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-124/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-124/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı hüquq bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 23 iyun 2023-cü il tarixdə, saat 11:20-də, Bakı şəhərində, xx xxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları, nömrəsiz evdə yaşayan, 29 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 iyul 2022-ci il tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 1(010)- 124/2023 nömrəli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 7,850 qram kustar üsulla hazırlanmış maddə olan qurudulmuş marixuana əldə edib daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin və Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 iyul 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları yaşayış massivində narkotik vasitələrin qanunsuz saxlanılmasında və daşınmasında şübhəli bilindiyi üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən 30-cu PŞ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan şalvarının sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 7,850 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları, nömrəsiz ünvanında yerləşən evin həyətyanı sahəsinə baxış zamanı bir ədəd dibçəkdə aqrotexniki qaydada qulluq göstərilmiş, ümumi sayı 03 (üç) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 18,318 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 03 il olar ki, bədənində olan ağrılar səbəbindən narkotik vasitə olan marixuanadan istifadə edir. Tanımadığı şəxsdən narkotikin toxumunu alıb əkmişdir. Əkdiyi marixuananı sonra qurudub istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 19:30-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları adlanan ərazidə olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitə əldə edib saxlayıb daşımaqda və qəbul etməkdə şübhəli olduğunu bildirmiş və onu 30-cu PŞ-nə dəvət etmişlər. Polislərlə getməyə heç bir etiraz etməmiş və PŞ-nə getmişdir. PŞ-də xidməti otaqda şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının miidafıə olunması üçün vəkil dəvət edilmişdir. Sonra ona videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Ona üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya, alət varsa təqdim etməsi təklif olunmuşdur. O üstündə “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş və əynindəki boz rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd göy rəngli sellofan kəsiyi bükümündə və “Sobrani” siqaret qutusunun içərisində olan narkotik vasitəni çıxarıb polislərə təqdim etmişdir. Üzərində axtarış davam etdirilmiş, amma özünün təqdim etdiyi bir büküm narkotik vasitədən başqa heç nə aşkar edilib götürülməmişdir. Təqdim etdiyi büküm polislər tərəfindən açılmış, baxılmış və bir ədəd zərfə qoyulub zərfi möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun məzmunu ilə tanış olandan sonra protokolu imzalamışdır. Səmimi olaraq bildirmiş ki, yaşadığı evinin həyətyanı sahəsində də 01 ədəd dibçəkdə 03 ədəd çətənə kolları əkmişdir. Evinə və evinin həyətinə baxış keçirilməsi üçün razılıq verib ərizə yazmışdır. Mütəxəssis dəvət olunaraq öz iştirakı ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları yaşayış massivindəki nömrəsiz evə baxış zamanı özü evində bir ədəd plastik dibçəkdə əkib becərib qulluq etdiyi üç ədəd narkotik tərkibli kolları polislərə təqdim etmişdir. Həmin üç ədəd kol polislər tərəfindən kökündən çıxarılmışdır. Kollar bir ədəd ağ rəngli polietilen torbaya qoyulmuş və möhürlənmişdir. Bu barədə də protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Narkotik vasitəni öz istifadəsi üçün əkib-becərmiş və sonra yarpaqlarını yığıb istifadə etmişdir. Saxlanılarkən Suraxanı RPİ-nin 30-ci PŞ-nə gətirilərkən və PŞ-də olan zaman ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Narkotik vasitənin toxumunu tanımadığı şəxsdən təxminən 4-5 ay bundan əvvəl əldə etmişdir. Məqsədi də toxumu əkib becərib qulluq etmək və sonra onun yarpaqlarını qurudub istifadə etmək olmuşdur. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Evinin həyətyanı sahəsində aşkar olunaraq götürülmüş dibçəkdə əkilmiş 03 ədəd çətənə bitkilərini təxminən 1 ay bundan əvvəl əkmiş və onları yetişdirib yarpaqlarını toplayıb özü istifadə etmək istəmişdir. Sonda törətdiyi cinayət əməllərindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin Narkotiklə Mübarizə bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlayıb daşıması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı barədə dərhal Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəhbərliyinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis şöbəsi rəisinin əmri ilə onun rəhbərliyi ilə ondan və Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 ibarət əmliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları yaşayış massivindəki evin yaxınlığında olduğunu müəyyən edərək orada sonuncuya yaxınlaşaraq polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. PŞ-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixiotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda, sonuncu əynindəki boz rəngli şalvarının sol cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən isə bir ədəd “Sobranie” siqaret qutusunun içərisində olan göy rəngli sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Sellofan büküm açıldıqda arasında narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli sellofan kəsiyi bükümündə küllənin narkotik vasitə kimi tanıdığı “nəşə” olduğunu, narkotik vasitəni əvvəllər özünün əkibbecərməsini, sonra isə qurudaraq öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan kəsiyi bükümündə olan kütlə götürülərək zərfə qablaşdırılıb zərf möhürlənmiş, bu barədə tərtib edilən protokolun məzmunu ilə tanış olub möhürlənmiş, zərfin üzərini və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağlar yaşayış massivindəki evin həyətində dibçəkdə narkotik tərkibli çətənə bitkiləri əkib, qulluq edib becərdiyini bildirmiş, X1 Suraxanı rayon Yaşıllıq Sahəsinin rəisi X8 mütəxəssis qismində dəvət olunaraq Təqsirləndirilən şəxs razılığı ilə özünün, müdafiəçisinin və dəvət olunmuş mütəxəssis Bəylər Qurbanovun iştirakı ilə yaşadığı evə və həmin evin yardımçı binalarına videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən bir ədəd dibçəkdə əkilib qulluq edilməklə becərilmiş üç ədəd narkotik tərkibli çətənə bitkilərini göstərib təqdim etmiş, həmin narkotik tərkibli bitkiləri özü sonradan yığıb istifadə etməsi üçün əkibbecərdiyini bildirmişdir. Təqdim olunan narkotik tərkibli üç ədəd bitki dibçəkdən çıxarılaraq bir ədəd kisəyə qablaşdırılmış, kisə möhürlənmiş, bu barədə protokol tərtib olunduqdan sonra protokolun məzmunu ilə tanış olub möhürlənmiş kisənin üzərini və protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan” görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və sağ yan cibindən isə bir ədəd “Sobrani” siqaret qutusunun içəriçindən göy rəngli sellofan kəsiyinin içərsində olan kütləni çıxarıb təqdim edir, narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirir. Göy rəngli sellofan kəsi bükümü açıldıqda biiklünün arasında narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu məlum olur. İş materiallarında olan “Həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında” 27 iyul 2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları yaşayış massivindəki nömrəsiz evə və həmin evin yardımçı binalarına baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə əl-üz yuyulan yerin yaxınlığında yerdə olan bir ədəd plastik dibçəkdə əkilmiş üç ədəd kolları təqdim edərək bildirdi ki, təqdim etdiyi bitkilər narkotik tərkibli çətənə bitkiləridir və həmin çətənə bitkilərini o, özü əkib qulluq edərək becərmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli Bakı şəhəri Suraxanı rayonu Yaşıllaşdırma İdarəsinin sahə rəisi X8 tərəfindən tərtib olunmuş rəydən görünür ki, təqdim edilən plastik qabın içərisindəki bitkilər yarpaqlarına, gövdəsinə, zoğuna və yarpaqlarının iyinə görə narkotik xassəli çətənə bitkisidir, həmin bitkilər plasmas qabın içərisində əkilib yetirilmişdir. Bitkilərin ətrafı ot örtüyündən təmizlənmiş, dibləri boşaldılmış, torpağında suvarılma əlamətləri aşkar edilmişdir. Bitkilərin hündürlüyü təxminən fərqli ölçülərdə 5-30 sm-dir, gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf zətinə uyğun kifayət qədər inkişaf etməsi həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini göstərir. Təqdim olunan bitkilər narkotik tərkibli çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 30 iyul 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində əldə edilib saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu və sağ yan cibindən isə bir ədəd «Sobrani» siqaret qutusunun içəriçindən göy rəngli sellofan kəsiyinin içərisində olan kütləni çıxarıb təqdim edir. Göy rəngli sellofan kəsiyinin içərisində olan bükümü açıldıqda bükülünün arasında narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu məlum olur. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etidiyi 01 (iki) bükümdən başqa heç bir əşya və ya vasitə aşkar olunmur. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 30 iyul 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, polis əməkdaşlarının iştirakları ilə X6 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, Zığ bağları yaşayış massivi nömrəsiz evə və həmin evin yardımçı binalarına baxış keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə və həmin evin yardımçı binalarında əldə edilib saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olaraq evin giriş hissəsində əl-üz yuyulan yerin yaxınlığında yerdə qoyulmuş bir ədəd plastik qabın içində əkilmiş 03 (üç) ədəd bitkiləri təqdim edərək bildirdi ki, təqdim etdiyi bitkilər narkotik tərkibli çətənə bitkiləridir və həmin çətənə bitkilərini o, özü əkib qulluq edərək becərmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7/849 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən plasmas qabın içərisində 03 ədəd çətənə bitkiləri” yazılar və imzalar olan 1 ədəd ağ rəgli polietilen torbada yaş vəziyyətdə, ümumi sayı 3 (üç) ədəd, ümumi çəkisi 18,318 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ekspertiza tədqiqatına 18,318 qram kütlə qəbul edilmiş, 0,06 qram nümunə götürüldükdən sonra 18,258 qram kütlə geri qaytarılmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7/850 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yaşıl rəngli spesifik iyə malik kütlə” yazılar imzalar olan zərfdə 1 ədəd “Soranic” siqaret qutusunda 1 ədəd göy rəngli sellofan bükülüdə təmiz çəkisi 7,850 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadar. Təqdim olunmuş marixuana ilə çətənə bitkiləri tərkibinə görə eynidirlər. Ekspertiza tədqiqatına 7.850 qram marixuana qəbul edilmiş, 0,02 qram nümunə götürüldükdən sonra 7,830 qram marixuana, və 18,258 qram çətənə bitkiləri qəbul edilmiş, 0,06 qram nümunə götürüldükdən sonra 18,198 qram kütlə geri qaytarılmışdır İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X9-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 5375 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12 avqust 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, könüllü olaraq narkomaniyadan məcburi müalicə almasını, hazırda məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Narkoloji Mərkəzi” publik hüquqi şəxsi X7 İştirakçısına verilən 114/22 saylı, 24 aprel 2023-cü il tarixli sertifikatdan görünür ki, Təqsirləndirilən şəxs hazırda könüllü şəkildə “Respublikası Narkoloji Mərkəzi”ndə narkomaniyadan müalicə alır. Törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, hazırda könüllü olaraq narkomaniyadan məcburi müalicə almasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 29 iyul 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 31 iyul 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 1(010)-124/2023 il tarixli qərarından, Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasının 05 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 01 iyun 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 03 iyun 2023-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasına təhvil vermişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, habelə məhkəmə icraatı zamanı 01 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 23 (iyirmi üç) gün, ümumilikdə məhkəməyədək icraat və məhkəmə icraatı zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) ay 20 (iyirmi) gün çıxılmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra 18,198 qram narkotik tərkibli çətənə bitkisi və 7,830 qram narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş 144 (yüz qırx dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını 10 noyabr 2022-ci il tarixli məhkəmə iclasında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərilmiş pulsuz hüquqi yardıma görə 32 (otuz iki) iş saatı üçün 192 (yüz doxsan iki) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, habelə məhkəmə icraatı zamanı 01 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 23 (iyirmi üç) gün, ümumilikdə məhkəməyədək icraat və məhkəmə icraatı zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 04 (dörd) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) ay 20 (iyirmi) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 04 (dörd) il 01 (bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş 144 (yüz qırx dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 18,198 qram narkotik tərkibli çətənə bitkisi və 7,830 qram narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərilmiş pulsuz hüquqi yardıma görə 32 (otuz iki) iş saatı üçün 192 (yüz doxsan iki) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar