Məhkəmə qərarları › İş №1(010)-126/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-126/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-126/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Ə.A.Eyvazov adına 275 nömrəli tam orta məktəbin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni aralarında olan borc məsələsinə görə mübahisə edib dalaşarkən, sonuncuya məxsus “Changan Minik” markalı, **-AG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində əli ilə Zərərçəkmiş şəxs ayaq nahiyəsinə qəsdən vuraraq, ona sağ budun hematoması ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2018-ci ildən onun Zərərçəkmiş şəxs ilə qeyrirəsmi münasibəti vardır. O, Bakı şəhəri, Nizami rayonunun ərazisində “Murad” adlı çay evi işlətmişdir. Həmin obyektin kirayə haqqını ödəmək üçün pulu çatmadığına görə, o, Vəfadan borca 500 (beş yüz) manat pul istəmişdir. Vəfa ona demişdir ki, “sənə 500 manat borca pul verə bilərəm, lakin həmin pulun üzərində faiz verəcəksən”. O, Vəfadan aldığı 500 (beş yüz) manat pulun üzərində 675 (altı yüz yetmiş beş) manat, yəni ümumilikdə 1175 (min yüz yetmiş beş) manat pulu Vəfaya geri qaytarmağı öhdəsinə götürmüşdür. O, 1175 (min yüz yetmiş beş) manat pulun hamısını Vəfaya ödəmişdir, lakin Vəfa ona demişdir ki, “sənin hazırda mənə 1300 (min üç yüz) manat borcun var onu da verməlisən”. 12 avqust 2020-ci il tarixdə o, Vəfa ilə görüşməmişdir həmin tarixdə Vəfaya bədən xəsarəti yetirməmişdir. Vəfa ondan pul almaq üçün döyüldüyü bildirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, iş üzrə Təqsirləndirilən şəxs 2018-ci ildən tanımışdır. Onların arasında əvvəllər də münaqişə baş vermiş, Təqsirləndirilən şəxs onu döymüş, bu səbəbdən İXMnin 157-ji maddəsi ilə təqsirli bilinərək inzibati jərimə olunmuşdur. Daha sonra münasibətləri yaxşılaşmışdır. 10 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “Murad” çay evində o, Təqsirləndirilən şəxs 600 (altı yüz) manat məbləğində pul borca vermişdir. 12 avqust 2020-ci il tarixdə Məhəbbət bir qədər pulu gətirib ona verəcəyini demişdir. 12 avqust 2020-ci il tarixdə, saat 20 radələrində X5 qəsəbəsinə gəlmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 275 saylı məktəbin yanında onlar görüşmüşlər və ona məxsus "Changan Minik” markalı **-AG-*** dövlət nömrə nişanlı avtomobildə əyləşmişlər. Həmin vaxt Məhəbbət ona 20 (iyirmi) manat pul vermişdir. O, pulun azlığına etiraz edib əsəbiləşmişdir. Həmin vaxt Məhəbbət avtomobilin içərisində onun sağ buduna yumruq zərbəsi ilə vurmuşdur. Sonra Məhəbbət onu boğmağa başlamış, bu zaman qonşuluqda yaşayan Gülarə onları görmüşdür. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, 12 avqust 2020-ci il tarixdə, saat 20 radələrində azyaşlı oğlu Hüseyni 275 saylı orta məktəbin həyətindəki stadiondan götürməyə getmişdir. Bu zaman görmüşdür ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs özünə məxsus avtomobilin içərisində bir oğlanla mübahisə edir. Həmin oğlan Vəfanın boğazından tutmuşdur. Bunu gördükdə, o, dərhal Vəfanın idarə etdiyi avtomobilə yaxınlaşmışdır. Bundan sonra Vəfa avtomobildən ağlaya-ağlaya düşmüşdür. Vəfa avtmobildən düşən zaman axsamışdır. O, Vəfaya yaxınlaşaraq soruşmuşdur ki, “Vəfa nə olub niyə axsayırsan?”. Vəfa ona demişdir ki, “avtomobildəki oğlan ayağıma yumruq zərbəsi vurdu və məni boğmaq istəyirdi, güclə əlindən qaçmışam”. Həmin oğlan Vəfaya məxsus avtomobilin qabaq sərnişin oturacağından düşərək qaçmışdır. Həmin oğlanın üzünü görmüşdür, bu şəxs hazırki iş üzrə Təqsirləndirilən şəxs olmuşdur. Həmin oğlanın arxası ilə nə qədər səslənsə də, həmin şəxs geriyə qayıtmamışdır. İş materiallarından müəyyən olunur ki, 11.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 1(010)- 16/2021 saylı 13.04.2021-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarındandakı Suraxanı RPİ-nin 33-cü Bölməsinin 06.05.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Təqsirləndirilən şəxs 06.05.2021-ci il saat təxminən 14.00 radələrində yaşadığı evin yaxınlığıda saxlanılaraq 33-cü PB-yə gətirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 22 saylı Şöbəsinin verdiyi 20 avqust 2020-ci il tarixli 744 nömrəli rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində sağ budun hematoması kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 12 avqust 2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 3(007)-355/2020 saylı, 20.02.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06.02.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansıyası yaxınlığında yerləşən “Zəhra” dönər evinin arxasında Zərərçəkmiş şəxs döymüş, bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilərək, 300 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən cinayət əməlini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. İş materiallarında olan ekspert rəyindən də müəyyən olur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət xarakterinə və lokalizasiyasma əsasən onun istər özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixdən 17.06.2021-ci il tarixə qədər tutulduğu 01 ay 11 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 günə 2 gün hesabı ilə hesblanaraq 02 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və “başqa yerə getməmək” iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar