Məhkəmə qərarları › İş №1(010)-126/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-126/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-126/2022 18.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “AB”y/s ev 135A mənzil 123-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istellak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 26 oktyabr 2021-ci il tarixdə, saat 21:30-da Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi “AB”y/s, ev 135A-nin qarşısında saxlanılaraq, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsi 25 ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən l (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,634 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir və hər hansı bir xəstəxanada qeydiyyatda deyil. Narkotik vasitəni Suraxanı rayonunda adını bilmədiyi, ancaq üzdən tanıdığı şəxsdən 15 manat pul müqavilində öz şəxsi istifadəsi üçün almışdır. 26.10.2021ci il tarixdə axşam saatlarında o, ünvan 3 ünvanın qarşısında olan zaman 2 nəfər şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim edib, ondan özünü təqdim etməyini xahiş etmiş, o, da özünü təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib, Suraxanı RPİ-nin 33-ci PBnə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33cü PB-nə getmişdir. Polis Bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya olması barədə sual verilmiş və təklif olunmuşdur ki, üzərində qanunsuz əşya vardırsa, onu təqdim etsin. O, xidməti otaqda əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf bükümdə olan narkotik vasitə olan heroini və özünə məxsus bir ədəd mobil telefonu təqdim etmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən açılmış və içərisinə baxış keçirilmiş, bükümün içərisindən narkotik maddə heroin aşkar olunmuşdur. Polis əməkdaşı həmin maddəni nə üçün və haradan əldə etməyi barədə sual vermiş, o, bildirmişdir ki, həmin maddəni Suraxanı rayonunda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata almışdır. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz başqa heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırıbmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Həmin narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti olmamışdır. Üzərində aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamış və əkməmişdir. O, törətdiyi əməldən peşmandır. Bu yaxınlarda ailə qurmuşdur. Göstərilərlənin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. İşin mahiyyəti üzrə bildirir ki, 26 oktyabr 2021-ci ildə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində «Natiq» adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Odur ki, həmin şəxsin müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından, PB-nin rəisinə raportla müraciət etmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edərək, bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 26 oktyabr 2021-ci il tarixdə, saat 21:30 radələrində sahə inspektoru, polis mayoru Şahid2la birlikdə Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi 135A ünvanın qarşısına getmişlər. Həmin ünvanın qarşısında məlumatda bildirilən əlamətlərə görə Natiq adlı şəxslə rastlaşaraq, onu Suraxanı RPİ-nin 33-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından, onun üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bölmə rəhbərliyi tərəfindən prosesual hərəkətlərin keçirilməsi təhqiqatçı Qasım Poladlıya həvalə edilmiş, bir sıra prosesual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, vəkilin iştirakı ilə videoçəkiliş etməklə, onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda, onu təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü, içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli toz şəkilli maddəni və şalvarının sol cibindən bir ədəd «Redmi» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir və bu vasitəni Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata almış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm cinayət təqibi üzrə mühüm sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfə qablaşdırılıb, Suraxanı RPİ-nin 33-ci PB-nin möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək, protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması və narkotik vastəni haradan kimdən əldə etməsi barədə hər hansı məlumatim yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, 26 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarından görünür ki, 28 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon məhkəməsinə təqdimat verilməsindən ötrü rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət 28 oktyabr 2021-ci il tarixdə Suraxanı rayon prokuroru tərəfindən müdafiə edilməmiş və sonuncu Suraxanı RPİ-nin MSY-dən azad olunmuş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 6/4756 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №171» möhür əksi, «vət. Təqsirləndirilən şəxs» və s. Yazılar imzalar olan zəpfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,634 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 05.11.2021-ci il tarixli 4321 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən sui birgə qəbul edilməsi nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 04.05.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə 4 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 22.01.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməli törətmişdir. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş bir ədəd bükümdə, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,584 qram heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.10.2021-ci il tarixdən 28.10.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlırın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlırın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs orlunun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dən növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,584 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar