Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-127/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, xüsusi ittihamçı X9 nümayəndəsi, vəkil Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 6 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırır ki, X10 «Facebook» sosial şəbəkəsində ona qarşı böhtan və təhqir xarakterli məlumatlar yayıb. Xüsusi ittihamçı X9 nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, «Facebook» sosial şəbəkəsində «Balta.tv» və «Təhsildəsən»ə aid səhifələrdə Azərbaycanlıların İsa Bulağında olduqlarına dair «Nazir balası İsa bulağında da kef edir. Ermənilərdə ona qulluq edir» başlığı altında videoyazı yerləşdirilmişdir. Həmin videoyazının və videoyazıda əks olunanların xüsusi ittihamçı X12 ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Belə ki, videoyazıda əks olunan şəxsləri X15 tanımır və o, videoyazıdakı yerdə olmayıb. Videoyazıda olan səs də xüsusi ittihamçıya məxsus deyil. Bütün bunlara baxmayaraq təqsirləndirilən şəxs X10 2019-cu ilin dekabr ayında «Facebook» sosial şəbəkəsində, yuxarıda qeyd olunan videoyazıya aid hissədə «Qulnara Zakir» adı ilə «X7 edir, 500 azn maaş alır» yazısını (şərhini) yerləşdirmişdir. O, həmçinin «Gachai İsmailov» adı ilə «Bura Gürcüstana oxşayır» məzmunlu şərh yerləşdirən şəxsə cavab olaraq bildirmişdir ki, «X17 isa bulağında… Cəbrayıllı əzizlərinə baş çəkib» məzmunlu yazı yerləşdirmişdir. Bununla yanaşı, o, «Rəhim Haqverdiyev» adı ilə «Baxın ay bədbəxt manqurt xalq bizə erməni məmurlar başçılıq edir» məzmunlu yazı yerləşdirən şəxsə cavab olaraq «Rəhim Haqverdiyev məmur deyil orta məktəb Qumlaq da», «Siz tutduğunuzdan buraxmırsınız deyəsən, nə məmuru? Biznesmen Cəbrayıl rayonunun Qumlaq kəndindən olan uşaq yeməkləri satan, saxta veteran, saxta əlil ceyhun babayev ayaz oğlu», «Cəbrayıl rayonunun Qumlaq kəndindən olan saxta veteran, Şuşada kef edir», «Rəhim Haqverdiyev məmur nədir, sizin yerliniz, çaşdırmayın camaatı, məmurların orada nə işi, bu casus gedib əzizlərinə baş çəkməyə», «Bədbəxt, manqurt kimdir? Cəbrayıllılar» məzmunlu şərhlər yerləşdirmişdir. Göstərilən səhifələrdəki yazıları minlərlə şəxs izləyib. Xüsusi ittihamçı hesab edir ki, təqsirləndirilən şəxs onu ermənilərlə təmasda olan və ermənilərə casusluq edən bir şəxs kimi təqdim edib ləkələməyə çalışır. Məqsədi isə X8 şantaj yolu ilə hər ay 10.000 ABŞ dolları qoparmaqdan ibarətdir. Bu məqsədini X2 Ceyhun Ayaz oğlu ilə şəxsi «WhatsApp» yazışmasında aşağıdakı məzmunlu mesajı ilə bildirmişdir: «Aya 10000 dollar 2 övladına ödəyəcəksən, bu söhbəti bağlayıb kənara qoyaram». Müvafiq niyyətini həyata keçirmək məqsədilə təqsirləndirilən şəxs müxtəlif dövlət orqanlarına, həmçinin dövlət təhlükəsizliyi orqanlarına xüsusi ittihamçı barədə həqiqətə uyğun olmayan böhtan xarakterli müraciətlər etmişdir. Həmin müraciətlər aidiyyəti orqanlar tərəfindən araşdırılmış və yuxarıda qeyd olunan videoyazının X12 heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir. Nümayəndə qeyd edir ki, xüsusi ittihamçı öz şəxsi keyfiyyətlərinə, dövlətə və cəmiyyətə olan münasibətinə görə cəmiyyətdə öz mövqeyini tutmuş, insanlar arasında tanınmış, müəyyən nüfuza malik olan şəxsdir. Heç vaxt məhkum edilməyib. X4 «Facebook» sosial şəbəkəsində, yəni minlərlə insanın baxıb tanış ola biləcəyi bir yerdə yuxarıda qeyd olunan, böhtan və təhqir məzmunlu şərhlər yerləşdirməsi isə xüsusi ittihamçı barəsində cəmiyyət və ayrı-ayrı şəxslər arasında mənfi rəy yaradır, xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyir, nalayiq formada qəsdən alçaldır, onu nüfuzdan salır, X13 dövlətə qarşı ağır cinayət törətməkdə ittiham edir. X9 «saxta veteran» və «saxta əlil» olmasına dair təqsirləndirilən şəxsin bildirdikləri böhtandır. Təqsirləndirilən şəxsin həmin məsələlərlə bağlı bildirdiklərinin həqiqətə uyğun olmadığı və böhtan xarakterli olduğu xüsusi ittihamçının AO seriyalı ******* nömrəli hərbi bileti, M/V seriyalı 036696 nömrəli vəsiqəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivindən xx xxxx 2020-ci ildə verilmiş arayışla təsdiq olunur. Nümayəndə göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsi Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilib ona həmin maddələrlə cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, X15 ilə faktik ailə münasibətlərində olmuş, onunla mənzil kirayə götürüb 15 ildən artıq ər-arvad kimi yaşamışlar. Ümumi ailə münasibətlərindən xx xxxx 2005-ci ildə Ceyhunə adlı qızı və xx xxxx 2006-cı ildə Ayhan adlı oğlu doğulub. X5 uşaqların atası olduğunu könüllü rəsmiləşdirmək istəməmiş, müvafiq məhkəmə iclasında isə nümayəndəsi vasitəsilə «uşaqların onun uşağı olmasının mümkün olmadığını» bildirmişdir. Nəhayət xüsusi ittihamçının uşaqlara münasibətdə atalığı məhkəmə qaydasında müəyyən edilib. Təqsirləndirilən şəxs qeyd edir ki, bir-birini tanıdıqları 15 ildən artıq bir müddət ərzində xüsusi ittihamçını heç vaxt həqiqəti etiraf etməyib. X10 həmçinin bildirir ki, 2019-cu ilin dekabr ayında «Facebook» sosial şəbəkəsində «Balta.tv» və «Təhsildəsən»ə aid səhifələrdə Azərbaycanlıların İsa Bulağında olduqlarına dair «Nazir balası İsa bulağında da kef edir. Ermənilərdə ona qulluq edir» başlığı altında videoyazı yerləşdirilmişdir. Bu videoyazını ilk olaraq oğlu Ayhan görmüş, oradakı səsin atası X12 aid olduğunu bilmiş və bu barədə ona məlumat vermişdir. Həmin videoyazıya baxdıqda kadr arxasındakı səsin (videokamera vasitəsilə çəkiliş aparan şəxsin səsinin) məhz X12 aid olduğuna əmin olmuşdur (15 ildən artıq müddət ərzində bir ailə kimi yaşadığı şəxsin səsini tanımaya bilməzdi). Ona görə də «Facebook» sosial şəbəkəsində, yuxarıda qeyd olunan videoyazıya aid hissədə «Qulnara Zakir» adı ilə «X7 edir, 500 azn maaş alır» yazısını yerləşdirmişdir. Həmçinin «Gachai İsmailov» adı ilə «Bura Gürcüstana oxşayır» məzmunlu şərh yerləşdirən şəxsə cavab olaraq bildirmişdir ki, «X17 isa bulağında… Cəbrayıllı əzizlərinə baş çəkib». Bununla yanaşı, «Rəhim Haqverdiyev» adı ilə «Baxın ay bədbəxt manqurt xalq bizə erməni məmurlar başçılıq edir» məzmunlu yazı yerləşdirən şəxsə cavab olaraq «Rəhim Haqverdiyev məmur deyil orta məktəb Qumlaq da», «Siz tutduğunuzdan buraxmırsınız deyəsən, nə məmuru? Biznesmen Cəbrayıl rayonunun Qumlaq kəndindən olan uşaq yeməkləri satan, saxta veteran, saxta əlil ceyhun babayev ayaz oğlu», «Cəbrayıl rayonunun Qumlaq kəndindən olan saxta veteran, Şuşada kef edir», «Rəhim Haqverdiyev məmur nədir, sizin yerliniz, çaşdırmayın camaatı, məmurların orada nə işi, bu casus gedib əzizlərinə baş çəkməyə», «Bədbəxt, manqurt kimdir? Cəbrayıllılar» məzmunlu şərhlər yerləşdirmişdir. Videoyazıdakı səsin X12 aid olduğuna əmindir. O, bildirir ki, xüsusi ittihamçının gedib İsa Bulağında ermənilərlə kef çəkməsi ilk növbədə onun uşaqlarına mənfi psixoloji təsir göstərib. Həmin videoyazı ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət edib, lakin hələ ki, müsbət cavab ala bilməyib. Xüsusi ittihamçının ifşa olunması istiqamətində fəaliyyətini davam etdirəcək. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, xüsusi ittihamçı ilə 15 ildən çox faktik ər-arvad münasibətlərində olduğuna görə sonuncunun müharibə veteranı olmadığını da dəqiq bilir. Bu hal onun müdafiəçisinin sorğusuna Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən xx xxxxxx 2020-ci ildə verilmiş rəsmi cavabla da müəyyən olunur. Həmin sənədin məzmunundan görünür ki, X12 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən «Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya» tərəfindən «Müharibə veteranı» adı verilməmişdir. Xüsusi ittihamçının saxta yollarla əlillik aldığını da dəqiq bilir ki, bu da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx xxxxxx 2020-ci il tarixli məktubu ilə təsdiq olunur. Həmin məktubun məzmunundan görünür ki, X12 İİ qrup əlilliyinə görə təqaüd ödənilmiş, onun əlilliyinin ləğvi ilə əlaqədar olaraq xx xxxx 2020-ci ildə ödənişlər dayandırılmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə bəraət verilməsini xahiş edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını, həmçinin iş materiallarına maddi sübut kimi əlavə edilmiş DVD diskləri nəzərdən keçirib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar X6 qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə xüsusi ittihama qiymət verərkən ilk növbədə aşağıda qeyd olunan məsələlərə, tərəflərin dəlillərinə diqqət yetirməyi zəruri sayır. Müdafiə tərəfi bildirir ki, əslində xüsusi ittihamçı müharibə veteranı və müharibə əlili deyil. Müdafiə tərəfi bu dəlilinin təsdiqi kimi təqsirləndirilən şəxsin xüsusi ittihamçını yaxşı tanıdığını bildirir, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx xxxxxx 2020-ci il tarixli məktublarına istinad edir. Müdafiə tərəfi yuxarıda göstərilənlərə istinad edərək qeyd edir ki, xüsusi ittihamçı müharibə veteranı və müharibə əlili adlarını saxtakarlıq yolu ilə əldə edib. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, xüsusi ittihamçının ünvanına «saxta veteran» və «saxta əlil» ifadələrini işlətməklə faktik olaraq həqiqəti (xüsusi ittihamçının müharibə veteranı və müharibə əlili adlarını saxtakarlıq yolu ilə əldə etdiyini) bildirib, bu isə, yəni həqiqəti əks etdirən halın ictimaiyyətə çatdırılması (bildirilməsi) təhqir və ya böhtan kimi qiymətləndirilə bilməz. Müdafiə tərəfi məhkəməyə xüsusi ittihamçının düşmənin xeyrinə casusluq etməsi ilə bağlı heç bir sübut təqdim etməyib. İttiham tərəfi müdafiə tərəfinin dəlillərini qəbul etmir. İttiham tərəfi müdafiə tərəfinin bildirdiklərinin böhtan və təhqir xarakterli olması ilə bağlı mövqeyinin təsdiqi olaraq məhkəməyə xüsusi ittihamçının hərbi biletini, veteran vəsiqəsini və Müdafiə Nazirliyinin Arxivinin xx xxxx 2020-ci il tarixli arayışının surətlərini təqdim etmişdir. Xüsusi ittihamçının nümayəndəsi təqsirləndirilən şəxsin «bu casus gedib əzizlərinə baş çəkməyə» ifadəsinə münasibətdə bildirir ki, xüsusi ittihamçı casus deyil, videoyazıda əks olunanların ona heç bir aidiyyəti yoxdur. Belə ki, xüsusi ittihamçı videoyazıda əks olunan yerdə olmayıb, oradakı şəxsləri ümumiyyətlə tanımır və videoyazıdakı səs ona məxsus deyil. Məhkəmə təqsirləndirilən şəxsin xüsusi ittihamçıya münasibətdə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, yəni «Facebook» sosial şəbəkəsində yaydığı (paylaşdığı) «saxta veteran», «saxta əlil» və «casus» ifadələri ilə bağlı qeyd edir ki, rəsmi sənədlərin istifadə edilməsi məqsədilə saxtalaşdırılması, bilə-bilə saxta sənədlərdən istifadə etmə və casusluq Azərbaycan Respublikası CM-nin Xüsusi Hissəsində nəzərdə tutulan cinayət əməlləridir. Məhkəmə CPM-nin aşağıda istinad ediləcək 21.1-ci maddəsinə əsaslanaraq qeyd edir ki, təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulan qaydada sübuta yetirilməmiş, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmayan şəxs təqsirli sayıla bilməz. İşin faktik hallarından görünür ki, xüsusi ittihamçı X9 rəsmi sənədləri istifadə etməsi məqsədilə saxtalaşdırdığına, bilə-bilə saxta sənədlərdən istifadə etdiyinə, casusluq fəaliyyəti ilə məşğul olduğuna və s. bu kimi cinayətləri törətdiyinə dair məhkəmə aktı mövcud deyil. Müdafiə tərəfinin təqdim etdiyi yuxarıda istinad olunan məktublar isə özündə sadəcə olaraq xüsusi ittihamçıya müvafiq komissiya tərəfindən «Müharibə veteranı» adının verilmədiyinə, habelə əlilliyinin ləğv olunması səbəbindən ona əlilliyə görə ödənişlərin dayandırıldığına dair informasiyanı əks etdirir ki, bunlar şəxsin cinayət törətməkdə təqsirli olduğunu bildirmək üçün əsas sayıla bilməzlər. Xüsusi ittihamçının səsinin videoyazıdakı səslə identik olması ilə bağlı müdafiə tərəfinin dəlilinə münasibətdə də eyni yanaşma tətbiq olunmalıdır. Belə ki, hətta videoyazıdakı səsin xüsusi ittihamçının səsi ilə identik olması halı müəyyən edilsə belə, bu Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinin qüvvəsinə görə onun casusluqla əlaqəli cinayət törətməkdə təqsirli olduğunu bildirmək üçün kifayətedici əsas sayıla bilməz. Məsləyə münasibət bildirərkən məhkəmə onu da nəzərə alır ki, videoyazıdakı yerin məhz Azərbaycan Respublikasının işğal altında olmuş ərazisinə, İsa Bulağına aid olduğunu təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim edilməyib (videonun başqa bir ölkənin ərazisində, ermənilərin xidmət etdiyi restoranda çəkilə biləcəyi ehtimalı istisna olunmur). Bunlarla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin aşağıda istinad ediləcək 318.1-ci maddəsinin qüvvəsinə görə hazırkı iş üzrə məhkəmə baxışının həddi təqsirləndirilən şəxsə qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamla məhdudlaşır. Yəni, məhkəmə hazırkı işə baxmaqla eyni vaxtda xüsusi ittihamçının hər-hansı cinayət törədib-törətməməsi məsələsinə mahiyyəti üzrə baxıb qiymət vermək səlahiyyətinə malik deyil. Əgər xüsusi ittihamçı hər-hansı cinayət törədibsə, bu məsələyə qanunvericiliklə müəyyən edilmiş qaydada ayrıca icraatda baxılmalı və yekun qərar qəbul edilməlidir. Mövcud vəziyyətdə isə məhkəmə yalnız xüsusi ittihama qiymət verir, bu zaman xüsusi ittihamçı barəsində məhkəmənin qüvvədə olan ittiham hökmünün olmadığını nəzərə alır. Xüsusi ittihama hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyasını təsbit edən 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır», «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən «Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır». Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə irəli sürülən ittihama münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi obyektiv cəhətdən təhqirdə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. X1 nümayiş etdirilən internet informasiya ehtiyatında –«Facebook» sosial şəbəkəsində yerləşdirdiyi şərhlərin (yazıların) xüsusi ittihamçı X9 şərəf və ləyaqətini nalayiq formada alçaldıb-alçaltmadığını müəyyən etmək üçün Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmişdir. Bununla bağlı xx xxxxxxxx 2020-ci ildə verilmiş 4/610 nömrəli ekspert rəyinin nəticəvi hissəsinin 2-ci bəndində qeyd olunur ki, «Ekspertizaya təqdim edilmiş, cinayət işi materiallarının 20 – 23-cü vərəqlərinə əlavə edilən «Facebook» sosial şəbəkəsində yayımlanan videogörüntülərə «Qulnara Zakir» adlı hesabdan edilən şərhlərdə X9 şərəf və ləyaqətini alçaldan, həmçinin təhqir xarakterli söz və ifadələrdən istifadə edilməmişdir». Məhkəmə yuxarıda qeyd olunan ekspert rəyini işin digər faktik halları ilə məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, həmin rəy mötəbər sübut kimi qəbul olunmalıdır. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, X4 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil, o cümlədən onun «Facebook» sosial şəbəkəsində yerləşdirdiyi şərhlər (yazılar) xüsusi ittihamçı X9 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadığına görə təhqir hesab oluna bilməzlər. Cinayətin obyektiv cəhətdən mövcud olmaması şəraitində isə cinayətin bütövlükdə mövcudluğundan söhbət gedə bilməz. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən «əməldə cinayət tərkibi olmadıqda» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə irəli sürülən ittihama münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən böhtanda, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibi obyektiv cəhətdən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmada ifadə olunur. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən ekspert xx xxxxxxxx 2020-ci il tarixli 4/610 nömrəli rəyində X1 nümayiş etdirilən internet informasiya ehtiyatında –«Facebook» sosial şəbəkəsində yerləşdirdiyi şərhlərin (yazıların) xüsusi ittihamçı X9 şərəf və ləyaqətini ləkələyib-ləkələmədiyini və ya onu nüfuzdan salıbsalmadığını tədqiq etmişdir. Rəyin nəticəvi hissəsinin 1-ci bəndində qeyd olunur ki, «Ekspertizaya təqdim edilmiş, cinayət işi materiallarının 20 – 23-cü vərəqlərinə əlavə edilən «Facebook» sosial şəbəkəsində yayımlanan videogörüntüyə «Qulnara Zakir» adlı hesabdan edilən şərhlərdə istifadə edilən «saxta əlil», «saxta veteran», «bu casus gedib əzizlərinə baş çəkməyə» ifadələri X9 nüfuzunu alçaldan ifadələrdir». Yuxarıda qeyd olunduğu kimi, məhkəmə müvafiq ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayətinin tərkibi obyektiv cəhətdən mövcuddur (iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkibinin digər əlamətlə də var (obyekt, subyektiv cəhət, subyekt). Belə ki, o, xüsusi ittihamçının müvafiq əməllərlə bağlı məhkəmə tərəfindən heç vaxt cinayət məsuliyyətinə cəlb edilmədiyini bildiyi halda kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında – «Facebook» sosial şəbəkəsində xüsusi ittihamçı X13 nüfuzdan salan məlumatlar yaymış, sonuncu barəsində böhtan xarakterli «saxta veteran», «saxta əlil» və «bu casus gedib əzizlərinə baş çəkməyə» məzmunlu şərhlər (yazılar) yerləşdirmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə X4 «Facebook» sosial şəbəkəsində yaydığı «saxta veteran», «saxta əlil» və «bu casus gedib əzizlərinə baş çəkməyə» ifadələrinin xarakterini, müvafiq ifadələri işlətdiyi halda ətraflı şərh etmədiyini, X14 Hissəsinin konkret normasına istinad etmədiyini və s. bu kimi halları nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin cinayət əməli ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin məhkəmə baxışının hədləri məsələlərini tənzimləyən 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilməli, həmin maddə ilə təqsirli olması tam sübuta yetirildiyinə görə o, CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə X4 qadın olduğunu, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin sanksiyası çərçivəsində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat X3 tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344 – 353, 356 – 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə bəraət verilsin. X4 müvafiq cinayət əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilsin. X10 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. X10 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat X3 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-127/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-127/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver