Məhkəmə qərarları › İş №1(010)-127/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-127/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-127/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,511 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 20 sentyabr 2021-ci il tarixdə saat 17:00-da Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 25 ünvanının qarşısında narkotik vasitələrin istifadəsində, saxlanılmasında şübhəli bilinərək saxlanılmış və ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış istintaq hərəkəti zamanı əynində olan göy rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,511 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik maddəni Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Sonuncu dəfə 19 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən on manata öz şəxsi istifadəsi üçün gümüşü rəngli kağıza bükülmüş bir ədəd içərisində heroin olan büküm almış və həmin narkotik vasitəni istifadə etmək üçün özündə saxlamışdır. 20.09.2021-ci il tarixdə təxminən saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 25 saylı evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis işçiləri narkotik vasitələrin daşınmasında, gəzdirilməsi və istifadəsində şübhəli şəxs qismində onu polis idarəsinə dəvət etmişlər. Üstündə narkotik vasitə olduğu üçün heç bır etiraz etmədən onlarla Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gəlmişdir. Polis idarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra saxlanılmağı barədə qanunda nəzərdə tutulan hüquq və vəzifələri ona izah olunmuşdur. Polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Üstünə baxış keçirilməmişdən əvvəl ona təklif olunan vəkilin baxışda iştirak etməsindən imtina etdiyi ilə bağlı ondan ərizə alınmışdır. Baxış keçirilməmişdən əvvəl ona üzərində hansı bir qanunsuz əldə etdiyi maddə və ya predmet olub-olmaması barədə sual verilmişdir. O da üzərində, yəni əynində olan göy rəngli şalvarın sağ cibindən bir ədəd bükümü çıxarıb onlara təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümə baxış keçirərək zərfə qoyub qablaşdırmışlar. Sonra isə bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bütün bu hərəkətlər videoçəkilişlə lentə alınmışdır. Narkotik vasitəni aldığı şəxsi tanımamış, həmin şəxs orta boylu, sarıbəniz, təxminən 38-40 yaşlarında qaraçı millətinə oxşar bir şəxs olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən heç bir təzyiqə məruz qalmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində, hal-hazırda Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 sentyabr 2021ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və saxlanılmasında özünü şübhəli apardığı üçün onlar tərəfindən saxlanılaraq, Bakı şəhəri Suraxanı RPİ-nin inzibatı binasına gətirilmişdir. RPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən müdafiəçinin iştirakının təmin edilməsi təklif olunmuşdur. Lakin Təqsirləndirilən şəxs videoçəkiliş aparılması ilə əlaqədar müdafiəçinin iştirakından imtina etdiyindən bu barədə ondan ərizə alınmışdır. Videoçəkiliş aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ cibindən 01 ədəd bükümdə içərisində heroin adlanan narkotik vasitəni çıxarıb təqdim edərək, həmin narkotik vasitəni bir gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul verərək öz istifadəsi üçün aldığını, lakin istifadə etməyə imkan tapmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər maddə olan büküm götürülərək kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin həmin şəxsdə digər heç bir vasitə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan, həmçinin Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasında üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 27-ci vərəqələrində olan “Tutma haqqında” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Suraxanı RPİ-nin MSY-yə yerləşdirilmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 20 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı o, əynində olan göy rəngli şalvarın sağ cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Cinayət işinin 40-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6/4187 nömrəli, 21 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN-nin Arayışlar üçün №45" dairəvi möhür əksi olan “...Şübhəli şəxs 3 imza Təqsirləndirilən şəxs ..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,511 qram tünd qəhvəyi rəngli tozşəkıllı macdə kustarü sulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 103-104-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 X9-narkoloji X2 4558 nömrəli, 19.11.2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 73-74-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X5 22.09.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 75-76-cı vərəqində olan “Başqa yerə getməmək haqqında” 22 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 55-56-cı vərəqində olan “ diskə baxış keçirilməsi haqqında” 21 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, - İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində onun və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əynində olan göy rəngli şalvarın sağ cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini təqdim edərək, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini göstərməsi, həmin bir ədəd bükümün polis əməkdaşları tərəfindən qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, bununla bağlı protokol tərtib edilməsi əks olunmuşdur. Cinayət işinin 100-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 24.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 105-107-ci vərəqində olan istintaq zamanı təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin verdiyi 23.12.2021-ci il tarixli 3064 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik gizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s Sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti oozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ctimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs sağ cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,511 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (20-22 sentyabr 2021-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,461 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar