Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-127/2024 09.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 04 avqust 1995-ci ildə Zaqatala rayonu, Lahıc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Lahıc kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda X1 şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,563 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, daşıyaraq üzərində saxlamış və 27 avqust 2023-cü il tarixdə saat 13:15 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirilərək, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan açıq boz rəngli şalvarının qabaq sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,563 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 avqust 2023-cü il tarixdə təxminən saat 10:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gəlmişdir ki, tanışı olan Kəmalə Əliyevadan öz istifadəsi üçün narkotik vasitə heroin alsın. Hövsan qəsəbəsinə çatdıqdan sonra K.Əliyevaya zəng vurub Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olduğunu demişdir. K.Əliyeva da “A Plus” marketin qabağına gəlməyini demişdir. K.Əliyeva ilə həmin yerdə görüşüb həmin marketin arxasına keçmişlər. K.Əliyeva orada onunla salamlaşmış və əl uzadıb onunla görüşmüşdür. Bu zaman K.Əliyeva ona sağ əlini uzadıb görüşən zaman əlində nəsə olduğunu hiss etmişdir. K.Əliyeva əlinin içinə nəsə qoymuş və o, əlini açdıqda bir ədəd sellofan büküm olduğunu görmüşdür. O, əvvəlcədən narkotikin qiyməti barədə K.Əliyeva ilə razılaşdığından pulu K.Əliyevaya verib oradan uzaqlaşmışdır. Bundan sonra biraz Hövsan qəsəbəsində gəzmişdir. Yenidən “A Plus” mağazasının qarşısına gələn zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. O da razılaşaraq polis əməkdaşları ilə birlikdə 30-cu polis şöbəsinə gəlmişlər. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O isə əynində olan açıq boz rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd bükümü və əynindəki həmin şalvarın qabaq sol yan cibindən özünə məxsus “İphone 11 Pro” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm açılıb baxılmış və ondan həmin bükümdə olan maddələrin nə olması və haradan əldə etməyi barədə soruşulmuşdur. O isə həmin 01 ədəd bükümün içində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni biraz əvvəl Kəmalə Əliyeva adlı xanımdan öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra həmin 01 ədəd büküm və 01 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanıldığı və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı X3 ifadəsində göstərmişdir ki, 27 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 13:15 radələrində ünvan 2 ünvanın qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu polis şöbəsinə gəlmişdir. 30-cu polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarın qabaq sol yan cibindən 01 ədəd bükümü və əynindəki şalvarın qabaq sol yan cibindən “İphone 11 Pro” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsul və məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni tanımadığı şəxsdən öz şəxsi istifadəsi məqsədilə əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm və 01 ədəd “İphone 11 Pro” markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsiqadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd bükümü və əynindəki şalvarın sol yan cibindən “İphone 11 Pro” markalı mobil telefonu çıxarıb təqdim etməsi, ondan həmin bir ədədbükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirməsi, həmin 01 ədəd büküm və 01 ədəd mobil telefonun götürülərək qablaşdırılması müəyyən olundu. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli, 3-16-16/2-6/4570 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut; Təqsirləndirilən şəxs – imza, ...üç-imza, R.İsmayılov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-0,563 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,563 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq- 0,513 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5607 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,563 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,513 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Müdafiəçi barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 27 – 28 avqust 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,513 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 – 28 avqust 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,513 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-127/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-127/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver