Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-129/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 15:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Hacıqabul rayonunun, Atbulaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1950-ci ildə keçmiş SSRİ-nin Tula Silah Zavodunda istehsal olunmuş, 16 kalibirli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz, lakin lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, lakin texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfənginin kəsiyini və zavod üsulu ilə İtaliya Respublikasında istehsal olunmuş, 16x70 kalibirli, həmin kalibirli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yaralı olan ov sursatı, patronları ədyala bükülmüş halda əynində olan gödəkçəsinin içində gizlədib üzərində gəzdirməklə xx xxxxxx 2019-cu il tarixdə, saat 00:30 radələrində, müştəri qismində əyləşdiyi Şahid1 taksi fəaliyyəti ilə məşğul olduğu “Hyundai Elantra” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında yerləşən “Məxməri” çay evinin qarşısına gətirmiş, orada bir qədər gözlədikdən sonra qeyd edilən avtomobillə qayıdarkən Bakı şəhəri Suraxanı rayon X5 Patrul Bölüyü Xidmətinin əməkdaşlarını görüb həmin ov silahının kəsiyini və patronları avtomobildən çölə atmış, sonuncular tərəfindən qeyd edilən ov silahının kəsiyini və patronları ədyala bükülmüş halda aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 08 il bundan əvvəl uzun müddətdir tanıdığı Vüsal adlı şəxs ona 10.000 manat pul vermişdir. Həmin vaxt Vüsalla münasibətləri yaxşı olduğundan sonuncu ilə aralarında pulun borca verilməsi barədə hər hansı bir danışıq olmamışdır. Sonradan isə o, həbs olunduğu üçün Vüsalla əlaqəsi kəsilmiş və əlaqələri kəsilmişdir. 2019-cu ilin avqust ayında Vüsal zəng edib 08 il bundan əvvəl ona verdiyi 10.000 manat pulu qaytarmaq fikrinin olub-olmadığını soruşmuş, eyni zamanda bir nəfər şəxsin onunla əlaqə saxlayacağını həmin pulu sonuncuya verməsini bildirmişdir. Vüsala, ona və ya hər hansı bir başqa şəxsə verəcək pulunun olmadığını demiş, bundan təxminən 04 ay sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə əvvəllər tanımadığı bir nəfər şəxs zəng edib özünü Kamran kimi təqdim edərək, Vüsala pul verəcəyinin olub-olmadığını soruşmuşdur. Kamran adlı şəxsə Vüsala verəcək pulunun olmadığını demiş, həmin şəxs isə Vüsala pul verməli olduğundan xəbərdar olduğunu, həmin pulun ona çatacağını, bir ay vaxtının olduğunu bildirmişdir. Kamrandan harada yaşadığını soruşmuş, sonuncu yaşadığı yeri ona deməsə də, adətən ünvan 1 ünvanında yerləşən “Məxməri” çay evində olduğunu, orada görüşüb söhbət edə biləcəklərini demişdir. Ayrı-ayrı vaxtlarda iki dəfə qeyd etdiyi çay evinə getsə də Kamran adlı şəxsi orada tapa bilməmişdir. xx xxxxxx 2019cu il tarixdə, təxminən axşam saat 20 radələrində, vəfat etmiş atasına məxsus olmuş, Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən evdə saxladığı, lakin bir neçə gün əvvəl Bakı şəhərinə gətirib yaşadığı evin yataq otağındakı çarpayının yanında saxladığı 01 ədəd ov tüfəngini ədyala büküb əynində olan qış gödəkçəsinin içində gizlədərək Kamran adlı şəxslə söhbət etmək üçün taksi ilə “Məxməri” çay evinə getmişdir. Ora çatdıqda taksi sürücüsünə gözləməsini deyib taksidən düşmüş, təxminən 10 dəqiqə gözlədikdən sonra yenidən həmin taksiyə əyləşib sürücüyə avtomobili sürməsini demişdir. Bu zaman post patrul xidmətinin əməkdaşları sürücüdən avtomobili saxlamasını tələb etmişlər. O isə sürücüsündən avtomobili saxlamamağı, sürməsini tələb edərək üzərində olan of tüfəngini avtomobildən bayıra atmışdır. Bu zaman sürücüsü bayıra atdığının nə olduğunu soruşmuş, lakin onun sualına cavab verməyərək avtomobili sürməyə davam etməsini demişdir. Buna baxmayaraq, sürücü avtomobili saxlamış, bundan sonra polis əməkdaşları yaxınlaşıb onu taksi sürücü ilə birlikdə sılahı atdığı yerə gətirmişlər. Polis əməkdaşları bükülünün içərisində nə olduğunu ondan soruşduqda sonunculara ədyala bükülmüş bükülüdə ov tüfənginin olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu və taksi sürücüsünü Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, həmin ov tüfənginin lüləsini və qundağını sonradan özü kəsmiş, xx xxxxxx 2019-cu il tarixdə “Məxməri” çay evinin qarşına gələrkən həmin silahı özü ilə gətirməkdə məqəsdi yalnız Kamran adlı şəxsi qorxutmaq olmuşdur. Kamran adlı şəxsə xəsarət yetirmək və ya onu öldürmək niyyəti olmamışdır. Həmin silahla ümumiyyətlə hər hansı bir cinayət hadisəsi törədilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon X5 Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 göstərdi ki, xx xxxxxx 2019-cu ildə iş yoldaşı Samir Məmmədovla birlikdə “5663” çağırışlı avtopatrulla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində xidmət apardıqları zaman “Məxməri” çay evinin qarşısında onların hərəkət isitqamətinə əks istiqamətdə hərəkət edən “Hyundai Elantra” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobil diqqətlərini cəlb etdiyinə görə həmin avtomobili təqib etmişlər. Həmin vaxt qeyd etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş şəxs avtomobildən yolun kənarına ədyala bülkümş bir əşya atmışdır. Bu hal onların şübhəsini daha da artırdığından “Hyundai Elantra” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündən avtomobilini saxlamağı tələb etmişlər, sonuncu idarə etdiyi avtomobili saxladıqdan sonra sürücüdən və sərnişindən şəxsiyyət vəsiqələrini təqdim etmələrini tələb etmişlər. Sürücü şəxsiyyət vəsiqəsini təqdim etsə də, həmin avtomobildə olan sərnişin üzərində heç bir sənədinin olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsi xidməti avtomobillə bir qədər əvvəl taksidən bayıra atdığı əşyanı olduğu yerə gətirmişlər. Onlar həmin ədyala bükülmüş əşyaya baxdıqda, bükülünün içərisində silah və patronların olduğunu aşkar etmişlər. Taksi avtomobilində olmuş sərnişin silahın və patronların ona məxsus olduğunu bildirmişdir. Bundan sonra onlar həmin silahı və patronları götürüb həmin şəxsləri polis şöbəsinə gətirmişlər, taksi avtomobilində silahı bayıra atmış şəxsin Təqsirləndirilən şəxs olduğu olduğu müəyyən edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən xx xxxxxx 2019-cu il tarixdə, adını sonradan bildiyi Şəhriyar adlı şəxsi Z.Bünyadov prospektindən “Zabrat” dairəsi adlanan yerə gətirmiş, sonuncu taksi lazım olduğu təqdirdə zəng etmək üçün onun mobil nömrəsini götürmüşdür. Şəhriyar xx xxxxxx 2019-cu il tarixdə ona zəng edib onu ünvan 1 ünvanında yerləşən “Məxməri” çay evinə aparıb gətirməsini xahiş etmişdir. Şəhriyarı “Sabunçu” körpüsünün yanında götürüb qeyd etdiyi çay evinə aparmış, orada sonuncu avtomobildən düşüb təxminən 10 dəqiqədən sonra qayıdacağını demişdir. Avtomobilin mühərrikini işə salıb hərəkətə başladığı zaman ondan arxada post patrul xidməti bölüyünün xidməti avtomobili dayanmışdır. Hərəkətdə olduqları zaman Şəhriyar avtomobilin qapsını açıb əynindəki gödəkçəsinin içərisindəki ədyala bükülmüş əşyanı bayıra atmışdır. Şəhriyardan yerə nə atdığını soruşduqda sonuncu ona avtomobili saxlamamağı demişdir. Sonradan polis əməkdaşları xidməti avtomobillə onun idarə etdiyi avtomobilə yaxınlaşaraq ondan avtomobili saxlamağı tələb etdiklərinə görə o, idarə etdiyi avtomobili saxlamışdır. Polis əməkdaşları yaxınlaşıb onları, Şəhriyarın bir qədər öncə onun idarə etdiyi avtomobildən çölə atdığı ədyala bükülmüş əşyanın yanına aparmışlar. Polis əməkdaşları ədyala bükülmüş əşyanın ov tüfəngi olduğunu aşkar etdikdən sonra onu və Şəhriyarı polis bölməsinə dəvət etmişlər, orada hər ikisinin izahatı alınmışdır. İş materiallarında olan maddi sübuta baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və Bakı şəhəri Suraxanı rayon X5 Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən aşkar edilərək götürülmüş içərisində bir ədəd silah və iki ədəd patrona baxış keçirilmişdir. Baxış zamanı bir ədəd silahın qundağının qəhvəyi rəngli taxta materialından hazırlandığı, qoşa lüləli, lüləsinin kəsildiyi, iki lülənin arasından uzununa dəmir keçdiyi, lülənin sonu ilə taxdan olan qundağın birləşdiyi yerə yaxın məsafədə iki ədəd sağ və sol tərəfdən uzununa çıxıntının, həmin hissənin altında ellips formalı dəmir halqanın içərisində iki ədəd çaxmağın olduğu, habelə hər iki patronun öndən ¾ hissəsinin göy rəngdə, arxadan ¾ isə sarı metaldan hazırlandığı, həmin sarı hissənin arxasında “16 Fiocchi 16 İtaly” yazılarının, eyni zamanda patronun arxa hissəsində üç ədəd iç-içə dairəvi formalı halqanın olduğu, patronların arxa hissəsində alışdırıcı hissəsnin üzərində heç bir izin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminlasitik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 19/523R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 95147 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ-də, 1950-ci ildə Tula Silah Zavodunda istehsal olunmuş, 16 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibirli ov tüfənginin obrezidir (kəsiyidir), texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar, zavod üsulu ilə, İtaliyada istehsal olunmuş 16x70 kalibirli ov patronlarıdır, həmin kalibirli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yaralıdır. Təqdim edilmiş 02 ədəd 16x70 kalibirli ov patronlarından 01 ədədi eksperimental atəş zamanı istifadə edilmişdir. İş materialalrında olan ifadənin yerində yoxlanılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə ədyala bükülmüş silahı atdığı yeri göstərərək ibtidai sitintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 315.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 07 ay 13 gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu nəzərə alaraq hesab edir ki, həmin cinayət residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Bel’ olan halda, qəsdən cinayət törətməyə görə əvvəllər Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, həmin məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İşdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə az ağır cinayət törətməyə görə təyin edilmiş cəzanı çəkilib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısında az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, 95147 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ-də, 1950-ci ildə Tula Silah Zavodunda istehsal olunmuş, 16 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi və 01 ədəd patron Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, 95147 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ-də, 1950-ci ildə Tula Silah Zavodunda istehsal olunmuş, 16 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi və 01 ədəd patron dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-129/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-129/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver