Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-130/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Suraxanı Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 13 yanvar 2021-ci il tarixindən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən 13 yanvar 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci ildə saat 09 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 4 ünvanında yerləşən evə darvazadan aşmaqla keçib, evin taxta qapısını sıxıb açmaqla qanunsuz daxil olaraq otaqda döşəmənin üzərində olan 150 manat dəyərində tozsoranı, hər biri 250 manat dəyərində “Verda” markalı 30 sm-lik şüşə qapaqlı 2 ədəd qazanı, 30 manat dəyərində “Seon” markalı 6 ədəd stəkan və 6 ədəd nəlbəkidən ibarət çay dəstini, 30 manat dəyərində “Maghsoud Porcelian” markalı 6 ədəd dərin, 1 ədəd dayaz qabdan, duz və istiot qabından ibarət olan qab dəstini və 30 manat dəyərində “Rising” markalı “RS-9868RC” modelli maqnitofonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 740 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 05 yanvar 2021-ci ildə 07.30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, ev 1-in girişində fəhlələr üçün ayrılmış soyunub-geyinmə otağına açıq qapıdan keçib qanunsuz daxil olaraq oradan elektrik şitinin üzərindən Zərərçəkmiş şəxs1 məxsus üzərində 2 manat dəyərində ***-***- **-** GSM nömrəsi olan 220 manat dəyərində **********52281-**********02281 İMEİ kodlu “Xiaomi Redmi” markalı, “M1908C3JG” modelli və üzərində hər biri 2 manat dəyərində ***- ***-**-**, ***-***-**-** GSM nömrələri olan 30 manat dəyərində **********22454 İMEİ kodlu “KGtel E1200” markalı mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 256 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 06 yanvar 2021-ci ildə 08.30 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən evə eyni üsulla qanunsuz daxil olub hər biri 50 manat dəyərində olan 2 ədəd büllur qabları, 1.200 manat dəyərində kondisioneri, 1.950 manat dəyərində kombi aparatının cihazlarını, 150 manat dəyərində şirə çəkən maşını, 400 manat dəyərində 583 əyarlı sırğa və üzükdən ibarət çəkisi 7 qram olan qızıl komplekti, 20 manat dəyərində yataq dəstini, 15 manat dəyərində bir cüt qadın ayaqqabısını və 20 manat dəyərində elektrik çaydanını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 3.855 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 01 yanvar 2021-ci ildə Yeni Günəşli qəsəbəsində binaların birinin zirzəmisində gecələmiş, ertəsi gün, yəni 02 yanvar 2021-ci ildə saat 08 radələrində yuxudan oyanıb yolun kənarına çıxaraq 104 saylı marşrut avtobusu ilə Suraxanı qəsəbəsinə gəlmişdir. Sonra piyada qəbiristanlıq tərəfə hərəkət edib satıb pul əldə etmək üçün dəmir, alüminium və plastik əşyalar axtarmışdır. Gəzə-gəzə həmin yolun axırına kimi hərəkət etmişdir. Yolun sonunda sağ tərəfdə zibil qutuları və dəmirçi sexi var idi. Həmin sexdən sağa yuxarı tərəfə gəzə-gəzə qalxmış və təxminən 50-100 metr məsafədə bibisigilə məxsus evi görmüşdür. Bilirdi ki, evdə heç kəs yaşamır. Ona görə də oradan oğurluq etmək qərarına gəlmişdir. Ətrafa bir neçə dəqiqə nəzər saldıqdan sonra küçədə heç kimin olmadığını dəqiqləşdirib evin həyət darvazasından həyətə daxil olmuşdur. İlk növbədə evin həyətində satıb pul əldə etmək üçün yararlı olan əşya olub-olmadığını araşdırmış, lakin heç nə tapa bilməmişdir. Bundan sonra evin ayrı-ayrı olan həyətə açılan 2 ədəd qapılarını yoxlamış və bağlı olduqlarını görmüşdür. Həyətdən qapını sındırmaq üçün yadında qalmayan əşya tapıb həmin əşya ilə evin taxta qapısını sıxıb açmışdır. Birinci qapıdan girdikdə otaqdan sata biləcəyi əşyalar axtardı. Həmin otaqdan qazan və qab-qacaq götürmüş, sonra ikinci qapını da həmin üsulla açıb ora daxil olmuşdur. Oradan maqnitofon götürüb. Evin darvazasını içəridən açaraq götürdüyü əşyaları hissə-hissə daşıyıb yolun kənarında olan zibil qutularının yanına yığdı. Daha sonra həmin əşyaları orada yerləşən dəmirçi sexinin arxasına yığmış və dəmirçi sexində işləyən tanımadığı şəxsə 18 manata sataraq oradan uzaqlaşmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib. Bundan başqa, 5 yanvar 2021-ci ildə səhər saatlarında Qaraçuxur qəsəbəsinə, binaların fasadında təmir işləri gedən əraziyə gəlib. Həmin binaların qarşısında bir müddət gəzdikdən sonra ünvanını dəqiq bilmədiyi binanın girişinin qarşısında dayanmış, bu vaxt girişin içərisində olan ağ rəngli taxta qapının açıldığını və oradan bir nəfər şəxsin çıxdığını, lakin çıxarkən qapını sadəcə örtdüyünü, açarla bağlamadığını görmüşdür. Ona görə də oradan oğurlamaq üçün nəyinsə olub-olmadığına baxmaq qərarına gəldi. Bundan sonra ətrafa baxmış və heç kimin olmadığını dəqiqləşdirdikdən sonra həmin girişə daxil olmuş, qapını açıb içəri nəzər salmışdır. Orada köhnə paltarlar və bəzi usta əşyaları var idi. Bu zaman orada elektrik şitinin üzərində iki ədəd mobil telefonun olduğunu gördü. Həmin mobil telefonları oradan götürüb oradan uzaqlaşmışdır. Həmin mobil telefonların biri sadə, digəri isə təzə model idi. Həmin mobil telefonları üzdən tanıdığı, yaşadığı ünvanı bilmədiyi, adını Məmiş kimi bildiyi şəxsə 40 manata satıb. Aldığı pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 06 yanvar 2021-ci ildə saat 08-09 radələrində, pula ehtiyacı olduğu və həmin evdə heç kimin olmadığını, orada əşyaların olduğunu bildiyi üçün yenidən oradan oğurluq etməyi qərara aldı. Buna görə də həmin evin yerləşdiyi ünvana yəni, ünvan 5 darvazadan aşaraq həyətə daxil olduqda qapıların bağlı olduğunu gördü. Bu dəfə oradan yadında olmayan əşya tapmış və qapını sıxaraq açmışdır. İçəri daxil olub oradan qab-qacaq və yataq dəsti götürdü. Həmin otaqdan çıxıb və ikinci otağın qapısını həmin üsulla açıb içəri daxil olmuşdur. Oradan isə elektrik çaydanı və bir cüt qadın ayaqqabısı götürdü. Birinci dəfə oğurluq etdiyi qaydada darvazanı açıb götürdüyü əşyaları zibil qutularının yanına yığdı. Orada olan dəmirçi sexində işləyən şəxsə bütün əşyaları 100 manata satmaq istəmiş, lakin sonuncu yalnız 40 manat verə biləcəyini demişdir. Bu səbəbdən də oğurladığı əşyaları ona satmadı. Bundan sonra həmin sexin yanında taksiyə əl edərək saxlatdırmış və bütün əşyaları avtomobilə yığmışdır. Sexdən təxminən 150-200 metr aralıda olan marketin qarşısında avtomobili saxlatdırıb əşyaları orada boşaltmış, taksiyə 1 manat verib yola salmışdır. Oğurladığı əşyaları həmin marketə gətirmiş, bunlardan 2 ədəd qabı və yataq dəstini orada işləyən adlarını bilmədiyi qadınlara 50 manata satmışdır. Sonra oradan çıxıb ayaqqabını və elektrik çaydanını mağazanın yaxınlığında olan gölün kənarına atdı. Aldığı pulu şəxsi ehtiyaclarına xərcləyib. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, oğurluq hadisəsinin baş verdiyi vaxtdan təxminən 2 ay əvvəl Qaraçuxur qəsəbəsində fəhlə kimi işləməyə başlayıb. 5 yanvar 2021-ci ildə saat 07.30 radələrində işlədiyi binaya gələrək paltarlarını soyunub geyinmələrə üçün nəzərdə tutulan otağa girmiş və iş paltarını geyinmişdir. Bu zaman üzərində 5 manat dəyərində ***-***-**-** nömrə olan **********52281-**********02281 İMEİ kodlu 450 manat dəyərində “Xiaomi Redmi” markalı və üzərində hər biri 5 manat dəyərində ***-***-**-**, ***-***-**-** saylı nömrələr olan **********22454 İMEİ kodlu 30 manat dəyərində “KGtel” markalı mobil telefonlarını cibindən çıxarıb otaqdakı elektrik şitinin üzərinə qoymuşdur. Otaqda olduğu vaxt iş yoldaşı onu çağıraraq köməyə ehtiyacı olduğunu bildirmiş, o, telefonları götürmədən otaqdan çıxıb qapını örtmüşdür. Təxminən 5- 10 dəqiqə sonra otağa qayıtdıqda görmüşdür ki, telefonları elektrik şitinin üzərində deyil. Mobil telefonlarını axtarmış, lakin tapa bilməmişdir. Başa düşdü ki, mobil telefonları oğurlanıb. Ona görə də polisə müraciət edib. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, cinayət nəticəsində ona vurulmuş zərər tam olaraq ödənilib. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən ev ona məxsusdur. Həmin evdə oğlu yaşayır. Anasının xəstəliyi ilə əlaqədar dekabr ayından etibarən oğlu ailəsi ilə birlikdə onun yaşadığı ünvan 6 ünvanında yaşayıb. Ona görə də oğlunun yaşadığı evdə heç kim olmayıb. 2021-ci ilin yanvar ayının 3-də Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 61V ünvanında yerləşən evinə gəlib lazımi əşyaları götürmək istəyən zaman darvazanın açıq olduğunu görmüşdür. Evə daxil olduqda müəyyən etmişdir ki, həyətə açılan taxtada qapılar sındırılaraq açılıb. Bundan sonra evə baxmış və evdən 150 manat dəyərində tozsoranın, hər biri 250 manat dəyərində 2 ədəd qazanın, 30 manat dəyərində 6 ədəd stəkan və 6 ədəd nəlbəkidən ibarət çay dəstinin, 30 manat dəyərində 6 ədəd dərin, 1 ədəd dayaz qabdan, duz və istiot qabından ibarət qab dəstinin və 30 manat dəyərində köhnə maqnitofonun oğurlandığını aşkar etdi. Lakin, anasının səhhəti ilə əlaqədar başı qarışıq olduğu üçün həmin gün polisə məlumat vermədi. Yanvar ayının 5-i anası rəhmətə getdikdən sonra ayın 6-da o, növbəti dəfə Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 61V ünvanında yerləşən evinə gəlmiş və yenə də darvazanın açıq olduğunu görmüşdür. Bu zaman təkrarən oğurluq olduğunu başa düşmüş və 102 xidmətinə məlumat vermişdir. Bundan sonra evə polis əməkdaşları gəldi və o, evində baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə yazdı. Bu dəfə evindən hər biri 50 manat dəyərində 2 ədəd xrustal qab, 1.200 manat dəyərində kondisioner, 1.950 manat dəyərində kombi aparatının içərisi, 150 manat dəyərində şirə çəkən maşın, 400 manat dəyərində 583 əyarlı sırğa və üzükdən ibarət çəkisi 7 qram olan qızıl komplekt, 20 manat dəyərində yataq dəsti, 15 manat dəyərində bir cüt qadın ayaqqabısı və 20 manat dəyərində elektrik çaydanı oğurlanıb. Qeyd edir ki, cinayət nəticəsində ona vurulmuş ziyan tam ödənilib. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 qeyd etmişdir ki, təxminən 3 ilə yaxındır ünvan 7 ünvanında yerləşən dəmirçi emalatxanasında qaynaqçı işləyir. 02 yanvar 2021-ci ildə səhər saatlarında işdə olduğu zaman tanımadığı şəxs ona yaxınlaşaraq satlıq əşyalarının olduğunu bildirmiş və həmin əşyaları ona göstərmişdir. Həmin əşyalar maqnitofon, qazan, qab-qacaq dəsti və stəkan dəsti olmuşdur. Bu zaman təqsirləndirilən şəxs bildirmişdir ki, bu əşyaları uşağına çörək almaq üçün 20 manata satır. Əşyaların oğurluq olub-olmadığını soruşduqda təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əşyalar özünə məxsusdur. Bundan sonra 18 manat qiymət razılaşıb, həmin əşyaları təqsirləndirilən şəxsdən almışdır. Bundan təxminən 4 gün sonra işdə olduğu gün həmin şəxs yenə də işlədiyi emalatxanaya əlində əşyalarla gəlmiş və onları da satmaq istədiyini bildirmişdir. Həmin vaxt kifayət qədər pulu olmadığından bu əşyaları almaqdan imtina etmişdir. Həmin gün polis əməkdaşları işlədiyi emalatxanaya gəlmiş və onun 3-4 gün əvvəl aldığı əşyaların oğurluq olduğunu bildirmişlər. Buna görə də, aldığı əşyaları könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 qeyd etmişdir ki, yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi döngə 18 nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində mağaza işlədir. 06 yanvar 2021-ci il tarixdə işlədiyi mağazada olan zaman tanımadığı bir nəfər şəxs mağazaya daxil olaraq əlində olan yataq dəstini və 2 ədəd qutuda büllur qabı göstərib evdə ehtiyac olduğu üçün satdığını bildirmişdir. O da həmin əşyalara baxmış və neçə manata satdığını soruşmuşdur. Həmin şəxs isə malları 50 manata satdığını bildirmişdir. Həmin vaxtda Türkmənistan Respublikasında yaşayan xalası onlarda qonaq olduğu üçün həmin əşyaları ona hədiyyə almağı fikirləşmiş və buna görə də onunla razılaşmışdır. Bundan sonra ona 50 manat vermiş və əşyaları almışdır. Həmin şəxs də pulu götürüb mağazadan çıxıb getmişdir. Bir neçə gün sonra polis əməkdaşları işlədiyi mağazaya gəlib aldığı əşyaların oğurluq olduğunu bildirmişdirlər. O da bundan sonra bilmişdir ki, əşyalar oğurluqdur. Buna baxmayaraq o həmin əşyaları polis əməkdaşlarına geri qaytara bilməmiş, çünki aldığı əşyaları xalasına vermiş, sonuncu isə artıq yaşadığı Türkmənistan Respublikasına getmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilir. 05 mart 2021-ci il tarixli 9/696 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «ekspertiza tədqiqatına təqdim edilmiş malların (istifadədə olmuş “Rising” markalı “RS-9868RC” modelli maqnitofon – 1 ədədi 10 manat dəyərində; istifadədə olmamış “Verda” markalı 30 sm-lik şüşə qapaqlı qazan – 1 ədədi 15 manat dəyərində; istifadədə olmamış “Maghsoud Porcelain” markalı 6 ədəd dərin, 1 ədəd dayaz qabaqdan duz və istiot qabından ibarət olan qabaq dəsti- 1 dəsti 20 manat dəyərində; istifadədə olmamış “Seon” markalı 6 ədəd stəkan və 6 ədəd nəlbəkidən ibarət çay dəsti- 1 dəsti 15 manat dəyərində) 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 60,00 manat müəyyən edilir». 16 mart 2021-ci il tarixli 9/1422 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Xiaomi Redmi” markalı, “M1908C3JG” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 220,00 manat müəyyən olunur». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayəti maddi imkansızlığı səbəbindən törətdiyini, zərərçəkmiş şəxslərə cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənildiyini və sonuncuların ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış “Rising” markalı “RS-9868RC” modelli maqnitofon, 1 ədəd “Verda” markalı 30 sm-lik şüşə qapaqlı qazan, “Maghsoud Porcelain” markalı 6 ədəd dərin, 1 ədəd dayaz qabdan, duz və istiot qabından ibarət olan qab dəsti, “Seon” markalı 6 ədəd stəkan və 6 ədəd nəlbəkidən ibarət çay dəsti Zərərçəkmiş şəxs2, “Xiaomi Redmi” markalı “M1908C3JG” modelli telefon aparatı Zərərçəkmiş şəxs1 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 05 (beş) ay 08 (səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Rising” markalı “RS-9868RC” modelli maqnitofon, 1 ədəd “Verda” markalı 30 sm-lik şüşə qapaqlı qazan, “Maghsoud Porcelain” markalı 6 ədəd dərin, 1 ədəd dayaz qabdan, duz və istiot qabından ibarət olan qab dəsti, “Seon” markalı 6 ədəd stəkan və 6 ədəd nəlbəkidən ibarət çay dəsti Zərərçəkmiş şəxs2, “Xiaomi Redmi” markalı “M1908C3JG” modelli telefon aparatı Zərərçəkmiş şəxs1 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-130/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-130/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver