Məhkəmə qərarları › İş №1(010)-131/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-131/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-131/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, Ö/T 48 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 17 avqust 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2023-cü il tarixli, 4(010)- 325/20223 saylı qərarı ilə əvvəli 17 avqust 2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin qərarları ilə barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti uzadılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 09 avqust 2023-cü il tarixdə saat 02 radələrində ünvan 3 ünvanında yerləşən evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həmin evin həyətindən ev sahibi Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qiyməti 15000 (on beş min) manat olan mis qazanı və 01 (bir) ədəd samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs, ümumilikdə 15100 (on beş min yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunsa da, onun tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsi zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, 09 avqust 2023-cü il tarixdə gecə saat 01 radələrində siqaret almaq üçün yaxınlıqda yerləşən köşklərdən birinə getmək qərarına gəlmişdir. Köşk istiqamətində gedərkən 8 saylı poliklinikanın yaxınlığında, Əmircan qəbiristanlığı ilə üzbəüz yerləşən oyun meydançasından keçərkən 5-6 it üstünə hücum etmişdir. O, qaçaraq yaxınlıqda yerləşən daş hasarla əhatə olunmuş evlərdən birinin kənarında dəmir həsir ilə ayrıca əhatəyə alınmış hissəni aşaraq bağ olan hissəyə keçmişdir. O, dəmir həsirin digər hissəsində olan itlərin uzaqlaşmasını gözləmişdir. Bir qədər gözlədikdən sonra itlərin uzaqlaşmadığını müşahidə etmişdir. Daş hasarı həyət hissəyə aşaraq həyətə daxil olmaq və həyətin digər tərəfinə keçib oradan uzaqlaşmaq qərarına gəlmişdir. Təxminən saat 02 radələrində hasarı aşaraq həyətə daxil olmuşdur. Həyətə düşdüyü hissədə saxlanc yeri görmüş və saxlanc yerinin qarşısında qara rəngli qazanın və metal rəngli 01 (bir) ədəd samovarın olduğunu görmüşdür. Qazan və samovarı gördükdən sonra, maddi ehtiyacları ilə əlaqədar həmin əşyaları oğurlamaq, sataraq pul əldə etmək qərarına gəlmişdir. O, həmin qazanı və samovarı götürüb həyətin albalı (qırmızı) rəngli darvazasının qapısını açaraq çöl hissəyə çıxarmışdır. Samovarla qazanı gətirib ailə üzvlərinin görməməsi üçün yaşadığı ünvanın həyətində yerləşən hamamın arxa hissəsində gizlətmişdir. Qazan və samovarı 09 avqust 2023-cü il tarixdə günorta saat 14 radələrində tanımadığı təsadüfi olaraq yolda gördüyü taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Hərbi Çağırış Mərkəzinin yaxınlığında yerləşən əvvəllər görmədiyi və tanımadığı metal qəbulu məntəqəsinin işçisinə təklif etmişdir. Metal qəbulu işçisi ona qazanın misdən olduğunu bildirmişdir. Misin kilosunun alış qiyməti isə 10 manatdır. Qazanın çəkisinin 25,5 kilo olduğu müəyyən olunmuşdur. O, qazanın müqabilində ona 260 manat pul vermişdir. Samovarın dəmirdən olduğu müəyyən oldunmuşdur. Samovara görə ona 20 manat, ümumilikdə 280 manat pul vermişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, oğurluq hadisəsini 09 avqust 2023-cü il tarixdə gecə saat 02 radələrində Əmircan qəsəbəsində 08 saylı poliklinika və Əmircan qəbiristanlığı ilə üzbəüz yerləşən hasarla əhatə olunmuş evin həyət hissəsinə gizlin daxil olaraq tək törətmişdir. Hadisənin törədilməsində hər hansı şəxs və ya şəxslər hər hansı formada ona köməklik göstərməmişdir. O, həyətə daxil olarkən, həyətdə olarkən, qeyd olunan əşyaları oğurlayarkən və həyətdən çıxararkən ətrafda heç kim olmamış və onu heç kim görməmişdir. Metalı qəbul edən Şahid ondan təqdim etdiyi mis qazanın və samovarın oğurluq olub-olmadığını soruşmuş, o da həmin mis qazanın və samovarın onun özünə məxsus olduğunu, yararsız vəziyyətdə olduğundan satdığını bildirmişdir. Metal qəbul edən şəxs onun şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Həmin şəxsi əvvəllər tanımamış, ilk dəfə görmüş, əvvəllər ona hər hansı bir əşya satmamışdır. Məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilsə də, həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, həmin cinayət işi üzrə ona talama yolu ilə qiyməti 15000 (on beş min) manat olması iddia edilən guya antik mis qazanı və qiyməti bilinməyən samovarı oğurlaması ilə bağlı ittiham elan edilsə də, həmin qazanın dəyəri ilə razı deyildir. Həmin əşyaların antik əşya olmadığını, bunun tamamilə şişirdilmiş qiymət olduğunu bildirmişdir. Odur ki, müdafiəçisinin vəsatəti əsasında 01 aprel 2024-cü il tarixdə qəbul edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 25 aprel 2024-cü il tarixdə verilmiş rəy də bunu kifayət qədər təsdiq edir. Suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq edilməmiş, o da həmçinin polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Maddi ziyanı ödəməsə də, zərərçəkmiş şəxslə uzaq qohum olduğundan hazırda zərərçəkmiş şəxs onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Sonda isə əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə yaşadığı ünvandan ailəsi ilə birlikdə çıxaraq İsmayıllı rayonuna getmişdir. 09 avqust 2023-cü il tarixdə, səhər saat 09 radələrində yaşadığı ünvana gəlmişdir. O, qayıdana qədər yaşadığı ünvanda heç kim olmamışdır. Darvazadan həyətə daxil olduqda, darvazadan girişdən sağ hissədə palma ağacının dibində olan 01 (bir) ədəd, təxmini qiyməti 15 min manat olan bir əsrlik tarixi yaşı olan iri həcmli, təxmini çəkisi 30 kiloqram olan mis qazanın, evin qarşısındakı 01 (bir) ədəd təxmini qiyməti 100 manat olan 06 litrlik mis metal rəngli samovarın həyətə qanunsuz olaraq daxil olunmaqla, naməlum şəxs və ya şəxslər tərəfindən gizlin olaraq talama yolu ilə ələ keçirildiyini aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində, ona 15100 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, həmin hadisə 08 avqust 2023-cü il tarixdə səhər saatlarından 09 avqust 2023-cü il tarixdə, səhər saatlarınadək olan müddətdə evdə olmadıqları zaman ünvan 4 ünvanının həyət hissəsində baş vermişdir. Ona məxsus həmin əşyalardan başqa hər hansı bir əşya oğurlanmamışdır. Özü və ailə üzvlərindən heç kim oğurlayan şəxs və ya şəxsləri görməmişdir. Məhkəməyə təqdim etdiyi oğurluq hadisəsi ilə bağlı cinayət törətmiş şəxslərin videogörüntüləri əks olunan CD diskdə qeyd olunanlarla bağlı verilmiş suallara cavab olaraq bildirdi ki, görüntüdə olan 3 nəfər şəxsin şəxsiyyəti bilinmir, əllərində heç bir əşya yoxdur, görüntülərin konkret olaraq hansı tarixə aid olması barədə dəqiq məlumat verə bilmir. Müdafiə tərəfinin təşəbbüsü ilə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Sonda isə bildirdi ki, hazırda ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxslə qohum olduğundan barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs 22 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsini işlətmişdir. 09 avqust 2023-cü il tarixdə metal qəbulu məntəqəsində işdə olarkən bir nəfər şəxs yaxınlaşaraq yararsız vəziyyətdə 01 (bir) ədəd od samovarı və 01 (bir) ədəd qara rəngli qazanı satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən satmaq istədiyi əşyaların özünə məxsus olub-olmadığını soruşduqda, həmin şəxs əşyaların özünə məxsus olduğunu, istifadəyə yararsız olduğundan satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona qazanın misdən olduğunu, misin kilosunun alış qiymətinin 10 manata olduğunu bildirmişdir. O, qazanı tərəzidə çəkmişdir. Qazanın 25,5 kiloqram olduğu müəyyən olunmuşdur. Qazanın qarşılığında ona 260 manat pul vermişdir. Samovarın dəmirdən düzəldildiyini müşahidə etmiş, samovarın qarşılığında isə 20 manat, ümumilikdə ona 280 (iki yüz səksən) manat pul vermişdir. Daha sonra, həmin qazanı başqa şəxsə özü satmaq istəyərkən qazanın deşilmiş vəziyyətdə olduğu müəyyən edilmişdir. Qazan böyük olduğundan və onun calaq olunmuş hissəsində deşik olduğundan onu alan şəxslər geri qaytarmış, o, isə həmin deşilmiş hissədən kuvaltla vuraraq qazanı xammal vəziyyətinə gətirərək qazanı təxminən 300 (üç yüz) manata, samovarı isə 38 (otuz səkkiz) manata İlham adlı şəxsə satmışdır. Şahid məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, qazanın və samovarın oğurluq yolu ilə ələ keçirildiyi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin də şəklini çəkmiş və Suraxanı RPİ-nin 30-cu polis şöbəsində izahatı alınarkən təqdim etmişdir. Uzun müddətdir ki, bu işlə məşğul olduğundan həmin əşyaların bazar qiymətinin 500-600 manat olduğunu, qazanın isə antik əşya olmadığını, həmçinin antik möhürün də qazanın üzərində olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 avqust 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X2 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (iş.v. 1, cild 1) 09 avqust 2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, baxış ünvan 5 ünvanında aparılmışdır. Yaşayış evinin həyətinə daxil olub baxış keçirilən zaman sübut əhəmiyyətinə malik əşya və ya predmet aşkar edilməmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 7-8, cild 1) İş materiallarına əlavə edilmiş fotoşəkildəki şəxsiyyət vəsiqəsindən görünür ki, Şahid yararsız vəziyyətdə olan 01 (bir) ədəd od samovarını və 01 (bir) ədəd qazanı satan şəxs 11 avqust 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. (iş.v. 13, cild 1) 17 avqust 2023-cü il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə, gecə saat 01 radələrində siqaret almaq üçün yaxınlıqda fəaliyyət göstərən köşklərdən birinə getmək qərarına gəlmişdir. Köşk istiqamətində gedərkən 8 saylı poliklinikanın yaxınlığında, Əmircan qəbiristanlığı ilə üzbəüz yerləşən oyun meydançasından keçərkən 5-6 it üstünə hücum etmişdir. O, qaçaraq yaxınlıqda yerləşən hal-hazırda darvazasının qarşısında dayandıqları daş hasarla əhatə olunmuş birinin kənarında dəmir həsir ilə ayrıca əhatəyə alınmış hissəni aşaraq bağ olan hissəyə keçmişdir. O, dəmir həsirin digər hissəsində olan itlərin uzaqlaşmasını gözləmişdir. Bir qədər gözlədikdən sonra, itlərin uzaqlaşmadığını görmüşdür. Daş hasardan həyət hissəyə aşaraq həyətə daxil olub həyətin digər tərəfinə keçib oradan uzaqlaşmaq qərarına gəlmişdir. Təxminən saat 02 radələrində hasarı aşaraq həyətə daxil olmuşdur. Həyətə düşdüyü hissədə əli ilə işarə edib göstərdiyi saxlanc yerini görmüş və saxlanc yerinin qarşısında qara rəngli qazanın və metal rəngli bir ədəd samovarın olduğunu görmüşdür. Qazan və samovarı gördükdən sonra, maddi ehtiyacları ilə əlaqədar həmin əşyaları oğurlamaq, sataraq pul əldə etmək qərarına gəlmişdir. O, həmin qazanı və samovarı götürüb həyətin əli işarə edib göstərdiyi albalı (qırmızı) rəngli darvazasının qapısını açaraq çöl hissəyə çıxmışdır. Samovarla qazanı gətirib ailə üzvlərinin görməməsi üçün yaşadığı ünvanın həyətində yerləşən hamamın arxa hissəsində gizlətmişdir. (iş.v. 23-26, cild 1) Zərərçəkmiş şəxs 18 avqust 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı Ç.Pənahova ünvanladığı ərizədə ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 53 cild 1) 18 avqust 2023-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 54, cild 1) 06 noyabr 2023-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qüvvəsində saxlanılmış, ona dəymiş maddi ziyan 15100 (on beş min yüz) manat olaraq qəbul edilmiş və ödənilmədiyi nəzərə alınmışdır. Cinayət işinin bəzi materiallarında Təqsirləndirilən şəxs ata adı texniki səhv olaraq “Həsən” kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs atasının adının həmin sənədlərdə “Həsən” kimi yox, “Ramiz” kimi oxunması qərara alınmışdır. (iş.v. 98-106 cild 1) İş materiallarına əlavə edilmiş 29 oktyabr 2022-ci il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin 641/2022 saylı xəstəlik tarixi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs “ağciyər vərəmi” xəstəliyindən əziyyət çəkir. 31 avqust 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək xəstəxanada stasionar müaliəcədə olmuşdur. (iş.v. 21-23 cild 2) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(010)-658/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək prokurora geri qaytarılması barədə yazılı vəsatəti rədd edilmişdir. (iş.v. 29-31 cild 2) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(010)-658/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkildən imtina etməsi və yeni müdafiəçi verilməsi barədə vəsatəti təmin edilərək hüquqlarının müdafiəsi üçün dövlət hesabına başqa vəkil təyin edilmişdir. (iş.v. 44-49 cild 2) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(010)-131/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilərək iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: (iş.v. 97-102, cild 2)

1. təqdim edilən fotoşəkillərdə görünən samovar və mis qazanın cinayət prosesi tərəflərinin və şahidin ibtidai istintaqda və məhkəmə istintaqında verdikləri ifadələrində qeyd etdikləri xüsusatlar və ekspertiza tədqiqatına təqdim edilmiş fotoşəkillər nəzərə alınmaqla 09 avqust 2023-cü il tarixi üçün orta bazar qiyməti nə qədərdir?

2. Fotoşəkilləri təqdim edilmiş qeyd olunan samovar və mis qazan antik əşyalar hesab olunurmu? 25 aprel 2024-cü il tarixli, 9/2768 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyinin 1ci sual üzrə nəticəvi hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda və iş materiallarında göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1000,00 manat müəyyən edilir. 25 aprel 2024-cü il tarixli, 9/2768 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyinin 2ci sual üzrə nəticəvi hissəsindən görünür ki, qərarda və iş materiallarında göstərilən samovar və mis qazan bədii əhəmiyyət kəsb edib-etmədiyini, eləcə də antik əşyalara aid olub-olmamasını müəyyən etmək əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadı. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2023-cü il tarixdə, saat 10:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdimat daxil olmuşdur. Həmin məhkəmənin 19 avqust 2023-cü il tarixli, 4(010)-325/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə, yəni 17 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 05 dekabr 2023-cü il tarixli, 1(010)-658/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək təsdiq edilmiş, həmin məhkəmənin 13 dekabr 2023-cü il tarixli, 1(010)-640/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. (iş.v. 38-39, 66-67, 78-79, 81-84 cild 1; iş.v. 4, 12-13 cild 2) Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin: 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177.2.4-cü maddəsinin tərkibi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə yaranmış hesab edilir. CM-nin 177-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177- 182, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X3 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanındakı fərdi yaşayış evinin həyətinə hasardan tullanmaqla keçməsinə səbəb kimi təqsirləndirilən şəxs ifadələrində üzərinə küçədə itlərin hücum etməsinə görə məcbur olaraq hasardan tullanıb həyətə düşdüyünü bildirsə də qeyd olunanlar məhkəmə tərəfindən inandırıcı arqument hesab edilmir. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə uzaq qohumluq münasibətindədir, təqsirləndirilən şəxs ifadələrində maddi ehtiyacları olduğunu, əldə etdiyi əşyaları sataraq pul əldə etdiyini bildirmişdir. Bununla da təqsirləndirilən şəxs tərəfindən 09 avqust 2023-cü il tarixdə gecə radələrində oğurluğun olması əvvəlcədən yaranmış niyyət əsasında planlaşdırılmış və hazırlanmış əməl kimi qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş CD disklə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, diskdə olan görüntülər 09 avqust 2023-cü il tarixdə gecə saat 03 radələrində baş versə də həmin görüntülərdə üç nəfər cavan oğlanın olması görünsə də onların arasında Təqsirləndirilən şəxs olub-olmaması konkret olara görünmür, həmin şəxslərin üzləri görünmədiyindən kimliyini müəyyən etmək mümkün deyil, bundan başqa oğurlanmış mis qazanın və antik olması iddia edilən samovarın həmin şəxslərin əllərində olmadığı videogörüntüdən aşkar görünür. Bununla da zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş diskdəki görüntülərdə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı hal aşkar edilmədiyindən həmin CD disk maddi sübut qismində tanına bilməz. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. X4 əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İş üzrə təqsirləndirilən şəxsin vəsatəti əsasında təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 aprel 2024-cü il tarixli, 9/2768 saylı rəyinin 1-ci sual üzrə nəticəvi hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda və iş materiallarında göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1000,00 manat müəyyən edilir. Ekspert rəyinin tədqiqi hissəsindən görünür ki, fotoşəkillərdəki 1 ədəd mis qazanın çəkisi 30 kiloqram, 1 ədəd odun samovarının tutumu 6 litrlik hesab edilərək mis qazan 850 manat, odun samovarı isə 150 manat qiymətləndirilmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilməmiş, buna görə də Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamdan həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə verilmiş ittiham xaric edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 1(010)-15/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək və CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 06 (altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 25 gün hissəsindən vaxtından əvvəl azad edilmiş və 22 noyabr 2022-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (iş.v. 85-86) Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu cinayət əməlinə görə, məhkumluğu götürülməmiş və ödənilməmişdir. Belə ki, törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının sonu 2022-ci ilin noyabr ayında bitsə də, cəzasının sonundan iki il keçməməsinə baxmayaraq o, yenidən məhkumluğu ödənilməmiş və ya götürülməmiş 2023-cü ilin avqust ayında oğurluq cinayət əməlini törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin sadə residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə, daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair 18 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 9-cu maddələrində təsbit olunmuş ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma kimi qəbul oluna bilməz. Belə cəza əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymət olmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin “heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz” tələbini pozmur. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunmuşdur ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən sadə residiv hesab olunmalı və CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı üçün həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsə də, onunla barışması, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdikləri ərizəsi CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində isə cəzanı ağırlaşdıran hal kimi cinayətin sadə residivi mövcuddur. Buna görə də CM-nin 60.1-ci maddəsinin tətbiq olunması istisna olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsində qeyd olunmuş cinayətin sadə residivi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə, araşdırmanın yekunu olaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamdan həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə verilmiş ittiham xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamdan həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə verilmiş ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, 17 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə xüsusi müsadirənin və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar