Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-132/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1987-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 4 nömrəli evin 51 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 01 noyabr 2020-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 11 nömrəli evdə tanışı Zərərçəkmiş şəxs yerdə uzanmış halda onunla söhbət etdiyinə görə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən ayağı ilə vuraraq, sonuncuya alt çənənin sağ yarısının qançırı, sol üst göz qapağı nahiyəsinin və sol qulaq seyvanının sıyrıqları, sol qulaq seyvanının sıyrıqlı qançırı, boynun sağ-yan səthinin qançırı, döş qəfəsinin arxa səthinin sıyrığı qismində sağlamlığa zərərvurmayan, döş qəfəsinin ön səthinin hematoması qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və alt cənə sümüyünün sınığı ilə müşayiət olunan canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, lakin zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, mərhum Zərərçəkmiş şəxs hadisədən təxminən 06 ay əvvəl tanımış, Xaliq adlı şəxsi isə Ramindən sonra tanımışdır. 01 noyabr 2020-ci il tarixdə, saat 12 radələrində ona məxsus mobil telefonun adaptoru Xaliqin idarə etdiyi “Hyunday Elantra” markalı avtomaşında qaldığından o, Xaliqin Bakı şəhəri, Suraxanı rayonu ərazisində, Qaraçılar məhəlləsi adlanan yerdə yaşadığı evinə getmişdir. Xaliq maşını həmin vaxt yaşadığı evdən bir qədər kənarda saxladığından onunla qonşuluqda yaşayan Raminin yaşadığı evə gedib sonuncudan, onunla yaşayan qadına Xaliqi çağırmasını deməsini xahiş etmişdir. Raminin yanında yaşayan adını bilmədiyi qadın Raminlə birlikdə gedib Xaliqi çağırmış və o, bir neçə dəqiqədən sonra Xaliqlə görüşmüşdür. Həmin vaxt Xaliq ona, portmanatından 109 manat pulun onu çağırmağa gəlmiş Ramin və sonuncunun yanında olan qadın tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra o və Xaliq, Raminin yaşadığı evə daxil olmuşlar, həmin vaxt Raminlə yaşayan qadın əlində bazarlıq sumkası ilə otağa daxil olmuşdur. Xaliq Ramindən pulunu qaytarmasını tələb etdikdə, Ramin çarpayıda uzanıqlı vəziyyətdə Xaliqə səs-küy salmamasını demişdir. Raminin onlarla uzanıqlı vəziyyətdə danışdığına görə təpiklə bir dəfə onun sağ çənə və boyun nahiyəsindən vurmuşdur. Həmin vaxt Ramin çənəsinin ağrıdığını bildirdiyinə görə Xaliqlə birlikdə Ramini, Xaliqə məxsus “Hyundai Elantra” markalı avtomobillə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Orada tibbi müayinə etdikdən sonra həkimlər Raminin çənəsinə manjet qoyulmalı olduğunu bildirmişlər. Onlar bundan sonra xəstəxanadan çıxıb Ramini yaşadığı evə gətirmişlər. Qayıdarkən Ramin maşında onlara, 300 manat pul verəcəkləri təqdirdə onlardan şikayətçi olmayacağını demişdir. Buna görə də, Xaliq Raminə 100 manat pul vermişdir. O, isə Raminin müalicəsinə hissə-hissə olmaqla 280 manat pul xərcləmişdir. Sonradan Raminin yaşadığı evdə dünyasını dəyişdiyi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, hadisə zamanı Raminin ayağa qalxıb onlarla danışması üçün zarafat kimi təpiklə bir dəfə onun çənə və boyun nahiyəsindən vurmuşdur. Hadisənin baş verdiyi yerdə ondan başqa, Ramin, Raminin yanında olan tanımadığı qadın və tanışı Xaliq olmuşdur. Hadisə zamanı Xaliq Ramini vurmamış və ona hər hansı bir xəsarət yetirməmişdir. Raminin çənəsində olan xəsarət onun tərəfindən yetirmiş, digər xəsarətlərin isə Raminə kimin tərəfindən, nə vaxt və necə yetirməsi barədə heç bir məlumatı yoxdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmədə göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşı olmuşdur. Qardaşı 1977-ci ildə anadan olmuş, 1991-ci ildə ailə həyatı qurmuş və onun iki uşağı anadan olmuşdur. Ramin 18 il narkotik vasitə istehlakçısı olmuş, sonuncunu bu yoldan çəkindirmək üçün çox çalışsa da, buna nail ola bilməmişdir. Narkotik maddə aludəçisi olduğuna görə ailəsi qardaşını tərk etmişdir. Buna görə də qardaşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tək yaşamış, yaşadığı evini narkotik yuvasına çevirdiyindən onunla heç bir qohumu qala bilməmişdir. Son vaxtlar isə ən güclü narkotik vasitələrdən istifadə etdiyinə görə qardaşı arıqlamış və bədəni zəifləmişdir. Narkotik maddə almaq üçün Ramin mütəmadi olaraq qohumlardan pul dilənmiş, sonuncular pul verməsələr də, Ramin narkotik maddə almaq üçün haradansa pul tapırdı. Təxminən ölümündən bir gün əvvəl Ramin anası Göyçəyə zəng edib özünü pis hiss etdiyini bildirdiyinə görə Raminin oğlu Nadir gedib Ramini onlara gətirmişdir. Təxminən 15 radələrində Ramin onun yaşadığı evə gəlmiş, həmin vaxt Raminin özünü pis hiss etdiyini görüb ondan kimin tərəfindən döydüyünü soruşduqda sonuncu onlara yıxıldığını demişdir. İnanmadığına görə yenidən Ramindən kimin onu döydüyünü soruşmuş, Ramin isə təkrarən sadəcə yıxıldığını demişdir. Ramini müalicə etdimək istəsələr, lakin o, narkotik vasitə qəbul etməli olduğunu bildirib evinə getmək istədiyini demişdir. Getməmişdən öncə isə Ramin, Nahid və Xaliq adlı şəxslər tərəfindən döyüldüyünü demişdir. Sonradan Raminlə əlaqə saxlamağa çalışsa da buna nail ola bilmədiyinə görə Raminin yaşadığı ünvana getmiş, orada qardaşının uzanıqlı vəziyyətdə öldüyünü görmüşdür. Raminin meyitinə baxdıqda onun sifət nahiyəsində, daha əvvəl onların evində olan zaman gördüyü xəsarətlərin olduğunu aşkar etmişdir. Daha sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlmişlər. Nahid adlı şəxsin yerini qonşulardan müəyyən edərək qızı və Raminin oğlu Nadirlə birlikdə Nahidin yaşadığı ünvana getmişlər. Əvvəlcə qapını açan olmasa da sonradan səsin gələn bir nəfər şəxsdən Nahid olub olmadığını soruşmuşlar. Həmin şəxs Nahid olmadığını bildirdikdə Nadir ondan **-OR-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin ona məxsus olub-olmadığını soruşmuş, məhz bundan sonra həmin şəxs Nahid olduğunu etiraf etmişdir. Nahiddən qardaşı Ramini döyməsinin səbəbini soruşduqda Nahid səhvən etdiyini deyərək təpiklə Ramini vurduğunu etiraf etmişdir. Nadir Nahidə kənarda söhbət etməyi təklif etdikdə sonuncu çölə çıxıb onların üstünə hücum çəkmişdir. Bu vaxt qızı Fatma polisə zəng etmiş, sonuncular onlara oradan uzaqlaşmalarını bildirmişlər. Nahidə öz sözlərini dedikdən sonra oradan getmişlər. Nahid həmin onlara hədə-qorxu gəlmiş, lakin onu, qızı Fatmanı və qardaşı oğlu Nadiri vurmamış, onlara hər hansı bir xəsarət yetirməmişdir. Sonda P.V.İsmayılova təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışlamadığını, ondan şikayətçi olduğunu, sonuncunun barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid1, zərərçəkmiş şəxsin hüquqi varisi P.V.İsmayılovanın ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan meyitə baxış keçirilməsi haqqında 24 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon prokurorluğuna xx xxxx 1977-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 11 nömrəli evdə yaşamış X4 yaşadığı evdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi Murad Bayramlı tərəfindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAETT Birliyinin Suraxanı rayon şöbəsinin məhkəmə tibb eksperti Anar Sıxəmmədovun iştirakı ilə meyitə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təşrih masası üzərinə arxası üstə kişi cinsli meyit qoyulmuşdur. Meyitin əynində qara rəngli, ön hissəsi zəncirbəndli gödəkçə, qara rəngli cinsə bənzər şalvar, tünd göy rəngli kişi alt tumanı vardır. Alt tumanının sağ yuxarı hissəsi qanabənzər maddə ilə bulaşmışdır. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır. Boyunun uzunluğu 174 sm-dir. Dəri örtükləri solğun rəngdədir, təmizdir. Əllə yoxladıqda meyit soyumuşdur. Meyit qacıması çənə əzələləlrində və əl barmaqlarında kafi inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşmişlər, qırmızımtıl-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi itir və təzyiq kəsildikdən 10-15 saniyə sonra öz əvvəlki rənginə bərpa olunur. Başın tükləri tünd qəhvəyi rəngdə olub, uzunluqları təxminən 2-3 sm-dir. Gözləri göz qapaqlari ilə örtülüdür, ağlı qişa solğundur, bəbəklər bərabər olub, diametrləri 0.,5 sm-dir, qüzehli qişa qəhvəyi rəgdədir, qansızmasızdır. Əllədikdə alt çənə sümüyündə patoloji hərəkətlilik vardır, burun və digər üz skeleti sümükləri tamdır. Ağzı qapalı vəziyyətdədir, dil ağız boşluğunda sərbəst yerləşmişdir. Dişləri yoxdur. Boynu düzgün formalı və adi hərəkətlidir. Əllədikdə boyun fəqərələri tamdır. Döş qəfəsi simmetrikdir, əllədikdə döş qəfəsi skeleti sümükləri tamdır. Gövdənin arxa hissəsi xəsarətsizdir, əllədikdə kürək və onurğa sütunu fəqərə sümükləri tamdır. Qarnı qabırğa qövsü səviyyəsində yerləşmişdir, əllədikdə dərisi yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir, ifrazatsızdır. Anus dəliyi örtülüdür, ətraf dərisi təmizdir, zədəsizdir. Əllədikdə çanaq sümükləri tamdır. Hər iki yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllə müayinə etdikdə sümükləri tamdır. Xəsarətlər: Sol üst göz qapağı nahiyəsində 1.0x0.8 sm ölçüdə, sol qulaq seyvanında 1.5x1.0 sm ölçüdə, səthləri ətraf dəri səviyyəsindən yuxarıda yerləşmiş, bəzi yerlərində tünd qəhvəyi rəngli qartmaq qalan solğun çəhrayımtıl rəngli piqmentasiya sahələri vardır. Sol qulaq seyvanında 1.5x1.0 sm ölçüdə, sarımtıl rəngli, sərhədləri aydın seçilməyən qançır və qançır fonunda anoloji piqmentasiya sahəsi vardır. Alt çənənin sağ yarısında 4.0x3.0 sm ölçüdə, anoloji qançır vardır, əllədikdə çənə sümüyündə bir qədər patoloji hərəkətlilik qeyd edilir. Boyunun sağ-yan səthində 3.0x2.0 sm ölçüdə, eyni xarakterli qançır vardır. Döş qəfəsinin ön səthinin mərkəzində 8.0x6.5 sm ölçüdə, sarımtıl rəngli sorulmaqda olan hematoma vardır. Döş qəfəsinin arxa səthində 5.5x2.0 sm ölçüdə, fasiləli, anoloji sahə vardır. Sağ qasıq nahiyəsində 0.8x0.8 sm ölçüdə, kənarları nisbi hamar və dairə şəkilli döyənəkləşmiş sahə vardır, həmin sahənin mərkəzi hissəsində 03x0.2 sm ölçüdə üçbucaq şəkilli qanayan yaracıq (inyeksiya yeri) qeyd olunur. Yaranın ətrafı sağlam toxumalar qanla bulaşmışdır. Müayinə zamanı digər xəsarət aşkar olunmamışdır. İş materiallarında olan meyitin ekspertizasının 24 noyabr 2020-ci il tarixli, 127 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərdən - alt çənə sümüyünün sınığı ilə müşayiət olunan alt çənənin sağ yarısının qançırı, sol üst göz qapağı nahiyəsinin və sol qulaq seyvanının sıyrıqları, sol qulaq seyvanının sıyrıqlı qançırı, boyunun sağ yan səthinin qançırı, döş qəfəsinin ön səthinin hematoması, döş qəfəsinin arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri müayinədən 2-3 həftə əvvələ uyğun gəlir, alt çənə sümüyünün sınığı canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın, döş qəfəsinin ön səthinin hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmanın, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümlə bilavasitə səbəbli əlaqələri yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb tiryək qrupuna aid olan heroinlə zəhərlənmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü meyidin meyitxanadan müayinə olunduğu vaxtdan təqribən 3-4 saat əvvələ uyğun gələ bilər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirtli aşkar edilməmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 19 mart 2021-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 11 nömrəli evi göstərək, 01 noyabr 2020-ci il tarixdə, saat 12 radələrində həmin evdə mərhum tanışı Zərərçəkmiş şəxs uzanmış halda onunla söhbət etdiyinə görə ayağı ilə Zərərçəkmiş şəxs sağ çənə və boyun nahiyəsindən bir dəfə vurduğunu bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-132/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-132/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver