Məhkəmə qərarları › İş №1(010)-132/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-132/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-132/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, 03 iyun 2024-cü il tarixdə, saat 11:00-da, Bakı şəhərində, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olumuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 4(010)-346/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəfaf sellofan bükümdə təmiz çəkisi - 1,226 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryəki əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 18 iyul 2023-cü il tarixdə saat 17:40 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsi döngə 17-də yaşadığı evin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynindəki olan boz rəngli şalvarın sağ yan cibindən ümumilikdə 01 (bir) ədəd şəfaf sellofan bükümdə təmiz çəkisi - 1,226 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəfaf sellofan bükümdə təmiz çəkisi - 1,941 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 31 avqust 2023-cü il tarixdə saat 10:40 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 226 saylı orta məktəbin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynindəki olan tünd boz rəngli şalvarın sol yan iç cibindən ümumilikdə 01 (bir) ədəd şəfaf sellofan bükümdə təmiz çəkisi -1,941 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 27,4 mənzil 60-da qeydiyyata olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 17, nömrəsiz evdə yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2- ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Təxminən 3 ildir ki, narkotik vasitə qəbul edir, halhazırda isə «kakos» kimi tanıdığı narkotik vasitə heroini və asetilə edilmiş tiryəki qəbul edir. 18 iyul 2023-cü il tarixdə saat 17 radələri olardı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 17, nömrəsiz evin qarşısında olarkən mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşıb, özlərini təqdim etdikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin işçiləri olduğunu bilmişdir. Onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin idarənin təhqiqatçısı polis baş leytenantı Elnur Mənsimov tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirərək ona Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Bakı şəhəri Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X6 ona bir daha hüquq və vəzifələri izah olunduqdan sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla 3 nəfər polis işçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O əynindəki boz rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə olan «kakos» kimi tanıdığı narkotik vasitəni masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılan zaman başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd sellofanın içərisindəki maddə «kakos» kimi bildiyi narkotik vasitədir. Həmin narkotik vasitəni 18 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonunda adını bilmədiyi şəxsdən 10 manata əldə etdiyini bildirdi. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə olan asetilə edilmiş tiryək zərfə qoyulub, qablaşdırıldı. Qablaşdırılmış zərf 195 saylı möhürlə möhürləndi, bu barədə protokol tərtib edildi, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi izah olundu. Bundan əlavə keçirilən bütün proseslər video çəkilişlə qeydə alındı. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığını və toplanmış materialların Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsinə təqdim olunduğunu bilmişdir. Faktla bağlı göstərdikləri bunlardan ibarətdir. Polis nəzarəti altında olduğu müddətdə narkotik vasitə heroindən istifadə etmişdir. Psixoloji asılılığı olduğu üçün narkotik vasitə heroini istifadə edir. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, birinci epizod üzrə özünü təqsirli bilir, ikinci epizod üzrə isə özünü təqsirli hesab etmir. Onu ikinci dəfə 30 avqust 2023-cü il tarixdə gecə bölməyə tutub aparıblar və o, həmin gecə bölmədə olub, 31 avqust 2023-cü il tarixdə əməliyyatçılar gəlib onunla görüşüb, onu bölmənin arxasına aparıb dairəvi hərəkət etdikdən sonra yenidən bölməyə qaytarmışlar. Sonda Təqsirləndirilən şəxs yekun məhkəmə prosesində özünü ikinci epizod üzrə təqsirli bildiyini və 31 avqust 2023-cü il tarixdə tutulduğunu və törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 18 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi ev 27, mənzil 6-da qeydiyyatda olan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda ünvan 5 ünvanının yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə ünvan 5 ünvanının yaxınlığına getmişlər. Həmin vaxtı ünvan 5 ünvanının yaxınlığında yaşadığı evin qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatın olduğunu bildirib, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən Bakı şəhəri Suraxanı RPİ-nin 31ci PB-nə gəlmiş. Bundan sonra Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olduğunu bildirmiş və əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Sonra biz onun təqdim etdiyi bükümə baxış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitədir, həmin narkotik vasitəni Suraxanı rayonunda tanımadığı şəxsdən 10 manat ödəməklə öz istifadəsi üçün almış və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş bir ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılaraq imzalanmış, bu barədə protokol tərtib olunmiş, protokolda yazılanların doğru olduğu imzalarla təsdiq edilmişdir. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, o, Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 31 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi ev 27, mənzil 6-da qeydiyyatda olan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 226 saylı orta məktəbin yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 226 saylı orta məktəbin yaxınlığına getmişlər. Həmin vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 226 saylı orta məktəbin yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Elşən oğlu da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİnin 31-ci PB-nə gəlmişdir. Bundan sonra Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olduğunu bildirmiş və əynində olan tünd boz rəngli cins şalvarın sol yan iç cibindən bir ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə olan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Sonra onun təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitədir, həmin narkotik vasitəni Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 10 manat ödəməklə öz istifadəsi üçün alıb və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş bir ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılaraq imzalanmış, bu barədə protokol tərtib olunmiş, protokolda yazılanların doğru olduğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasındakı ifadəsindən görünür ki, o, Şahid1 və Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 18 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümün içində narkotik vasitə olduğunu, narkotik vasitəni üzdən tanıdığı, adını bilmədiyi, şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3898 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.226 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlamış narkotik vasitə-asetilə edilən tiryəkdir. Asetilə edilən tiryək Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Asetilə edilən tiryəkin təmiz çəkisi 1.226 qram, tədqiqata sərf olunmuş 0.05 qram, qalıq 1,176 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 19 iyul 2023-cü il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində «kakos» kimi tanıdığı narkotik vasitədir və özü istifadə etmək məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonunda adını bilmədiyi şəxsdən 10 manata almışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki olan tünd boz rəngli şalvarın sol yan iç cibindən ümumilikdə 01 (bir) ədəd şəfaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitəni təqdim etmiş və bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş, içində narkotik vasitə olduğunu, saxlanılmamışdan bu gün Qaraçuxur qəsbəsində adını bilmədiyi, əvvəllərdə dəfələrlə aldığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 31 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4629 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 ədəd selofan bükümdə təmiz çəkisi 1.941 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlamış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ümumi təmiz çəkisi 1.941 qram olan narkotik vasitə-heroin 0,050 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,891 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki tünd boz rəngli şalvarının sol yan iç cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə olan «kakos» kimi tanıdığı narkotik vasitədir və özü istifadə etmək məqsədi ilə saxlanılmazdan bir az əvvəl, yəni 31 avqust 2023-cü il tarixdə səhər saatlarında Qaraçuxur qəsəbəsində adını bilmədiyi şəxsdən 10 manata almışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 sentyabr 2023-cü il tarixli, 5645 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulytorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 02 sentyabr 2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci madəsi ilə təqsirli bilinərək 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 31 yanvar 2018-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə hökm dəyişdirilib əməli Azərbayan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.4-cü maddəsinə tövsif edilərək cəzası 04 (dörd) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə endirilmiş və 30 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə onu da qeyd edir ki, ilk məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ikinci epizod üzrə özünü təqsirli bilmiyərək ona təzyiq göstərildiyini bildirsədə, bu hal məhkəmə iclaslarında dindirilmiş şahid ifadələri, ekspert rəyləri və məhkəmə sorğusu əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin qərarı ilə öz təsdiqini tapmır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 may 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə tutulması ilə əlaqədar məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin 03 iyun 2024-cü il tarixli 54-2/2-3839/24 saylı məktubu və məhkəmə iclasında baxış keçirildiyi qeydiyyat jurnalından görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə deyil 31 avqust 2023-cü il tarixdə tutulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs son məhkəmə iclasında ikinci epizod üzrə özünü təqsirli bildiyini və 31 avqust 2023-cü il tarixdə tutulduğunu etiraf etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,891 qram heroin təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 19-cu bəndinə əsasən narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin təmiz çəkisi 1,176 qram tiryək təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini məhkəmə onun cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 18 iyul 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 iyul 2023-cü il tarixli qərardan, habelə təqsirləndirilən şəxsin barəsində «həbs» növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd olunması haqqında Bakı şəhəri Suraxanı rayon prokurorunun 20 iyul 2023-cü il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, qərarın surəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, iş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunub. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli cinayət işlərinin birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilın şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* saylı cinayət işiTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilın şəxs qismində cəlb edilməsinə dair istintaq edilən ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 sentyabr 2023cü il tarixli, 4(010)-346/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2023-cü il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində «həbs» qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 1,176 qram təşkil edən bir büküm narkotik vasitə olan asetilə edilmiş tiryək və 1,891 qram təşkil edən bir büküm narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd «DVD» disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat və 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2023cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat və 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 1,176 qram təşkil edən bir büküm narkotik vasitə olan asetilə edilmiş tiryək və 1,891 qram təşkil edən bir büküm narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar