Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-133/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs «xxxx» MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci ildə Xocavənd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-26/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (sonradan təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti müvafiq məhkəmə qərarlarına əsasən uzadılıb) və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir. Cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs «ictimai əhəmiyyətli dövlət əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə “xxxx” MMC-nin xidmət göstərdiyi, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən, ictimai əhəmiyyətli hesab edilən X3 şosesinin sağ tərəfindəki dekorativ divarların işıqlandırılması ilə əlaqədar quraşdırılmış, “Bülbülə” parkına bitişik divardan xx xxxxxx 2020-ci il tarixdə birinin dəyəri 112 manat olmaqla cəmi 1008 manat dəyərində olan 09 ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafonu, xx xxxxxx 2020-ci il tarixdə birinin dəyəri 112 manat olmaqla cəmi 672 manat dəyərində olan 06 ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafonu, xx xxxxxx 2020-ci il tarixdə birinin dəyəri 112 manat olmaqla cəmi 896 manat dəyərində olan 08 ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafonu, xx xxxxxx 2020-ci il tarixdə birinin dəyəri 112 manat olmaqla cəmi 560 manat dəyərində olan 05 ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafonu, xx xxxxxx 2020-ci il tarixdə birinin dəyəri 112 manat olmaqla cəmi 448 manat dəyərində olan 04 ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafonu və birinin dəyəri 25 manat olmaqla cəmi 250 manat dəyərində olan 10 ədəd uzunluğu 60 sm, eni 5 sm ölçüdə olan, iç hissəsi lüminised (diod) tipli lampaları olan, metal gövdəli istifadədə olmuş plafonu, xx xxxxxx 2020-ci il tarixdə birinin dəyəri 112 manat olmaqla cəmi 448 manat dəyərində olan 04 ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafonu, birinin dəyəri 25 manat olmaqla cəmi 175 manat dəyərində olan 07 ədəd uzunluğu 60 sm, eni 5 sm ölçüdə olan, iç hissəsi lüminised (diod) tipli lampaları olan, metal gövdəli istifadədə olmuş plafonu və bir metri 2 manat olmaqla cəmi 110 manat dəyərində olan 55 metr uzunluğunda üzəri ağ rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 10,2 mm, iki damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 3,5 mm olan, keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış çoxsimli işlənmiş kabeli, xx xxxxxx 2020-ci il tarixdə birinin dəyəri 112 manat olmaqla cəmi 448 manat dəyərində olan 04 ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafonu, dəyəri 25 manat olmaqla cəmi 150 manat dəyərində olan 06 ədəd uzunluğu 60 sm, eni 5 sm ölçüdə olan, iç hissəsi lüminised (diod) tipli lampaları olan, metal gövdəli istifadədə olmuş plafonu və birinin dəyəri 15 manat olmaqla cəmi 30 manat dəyərində olan təxmini uzunluğu 54 sm, hündürlüyü 34 sm, qalınlığı 17,2 mm, işlənmiş, metalı alüminium əsaslı ərintidən hazırlanmış, çəkisi 2,35 kq olan 02 ədəd üzəri qara rəngli məhəccər hissəsini vahid niyyətlə gizli olaraq talayıb dövlət əmlakına xeyli miqdarda, yəni, 5195 (beş min yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir». İşin məhkəmə baxışı zamanı araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «xxxx» MMC-nin xidmət göstərdiyi, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən, ictimai əhəmiyyətli hesab edilən X3 şosesinin sağ tərəfindəki dekorativ divarların işıqlandırılması ilə əlaqədar quraşdırılmış, “Bülbülə” parkına bitişik divardan xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək olan dövrdə hər birinin dəyəri 112 manat olmaqla cəmi 448 manat dəyərində 04 (dörd) ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafonu, hər birinin dəyəri 25 manat olmaqla cəmi 200 manat dəyərində olan 08 (səkkiz) ədəd uzunluğu 60 sm, eni 5 sm ölçüdə olan, iç hissəsi lüminessent (diod) tipli lampaları olan, metal gövdəli, binaların fasadının işıqlandırılmasında istifadə edilən istifadədə olmuş plafonu, 01 (bir) ədəd 15 manat dəyərində təxmini uzunluğu 54 sm, hündürlüyü 34 sm, qalınlığı 17,2 mm, işlənmiş, üzəri qara rəngli, metalı alüminium əsaslı ərintidən hazırlanmış, çəkisi 2,35 kq olan məhəccər hissəsini, 01 metrinin dəyəri 02 manat olmaqla 55 (əlli beş) metr uzunluğunda və cəmi 110 manat dəyərində olan, işlənmiş, üzəri ağ rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 10,2 mm, iki damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 3,5 mm olan, keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış çoxsimli işlənmiş kabeli gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-yə ümumilikdə 773 (yeddi yüz yetmiş üç) manat miqdarında ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, təxminən 5 – 6 il «xxxx» MMC-də bağban işləyib. Arada-bir narkotik vasitələrdən istifadə edir, lakin aludəçisi deyil. Dolanacağını təmin etmək üçün dəmir qırıntıları yığıb metal qəbulu məntəqələrinə satır. Tutulmazdan təxminən 5 – 10 gün əvvəl yaşadığı evin yaxınlığındakı internet kluba getmişdir. Saat 16 radələrində internet klubdan çıxıb Heydər Əliyev prospektinin yanı ilə evinə gedərkən əvvəlcədən tanıdığı və mühafizəçi işləyən Şahid4 ilə görüşüb onunla bir qədər söhbət etmişdir. Bu zaman gözü yolun kənarına düzülmüş, yararsız vəziyyətdə olan işıq plafonlarına sataşmışdır. Sərdardan bu plafonların kiməsə lazım olub-olmadığını soruşmuş, əgər lazım deyilsə, onları götürməsinə icazə verməsini istəmişdir. Şahid4 cavabında bildirmişdir ki, bu plafonlar istifadəyə yararsız olduğuna görə heç kəsə lazım deyil, lakin onları götürmək istəyirsə, elə götürsün ki, heç kəs görməsin. Sərdardan icazə aldıqdan sonra sınıq vəziyyətdə olan həmin dörd ədəd plafonu götürüb bir yerə yığmış, həmçinin yaxınlıqda olan təxminən 6 – 7 metr uzunluğunda kabeli və bir ədəd naxışlı, sınıq vəziyyətdə olan dəmir parçasını (məhəccər hissəsini) götürmüşdür ki, metal qəbulu məntəqəsinə satıb pul əldə etsin. Götürdüyü əşyaları parkdan tapdığı qara rəngli kisəyə yığmış və 136 nömrəli marşrut avtobusuna minib Yeni Suraxanı dairəsinə tərəf getmişdir. Həmin yerdə əvvəllər bir neçə dəfə dəmir qırıntıları satdığı metal qəbulu məntəqəsinə getmiş və götürdüyü əşyaları orada işləyən, adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsə 14 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib. Beləliklə, oğurluq etməyib, ittiham aktında qeyd olunan heç bir əşyanı oğurlamayıb, buna cəhd belə etməyib, izahatında qeyd etdiyi əşyaları isə mühafizəçi işləyən Şahid4 icazəsi ilə götürüb. İbtidai istintaq dövründə verdiyi bütün izahat və ifadələr hazırda məhkəmədə bildirdiklərinə uyğun olub. Lakin istintaq qeyri-obyektiv və qərəzli aparıldığına görə sonradan ona təklif olunmuş bir sıra prosessual sənədləri imzalamaqdan imtina etmişdir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs «xxxx» MMC-nin nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 2013-cü ildən etibarən həmin MMC-də şöbə rəisi vəzifəsində işləyir. «Koroğlu» metro stansiyasından başlayaraq Xəzər rayonunadək olan yolun ətrafında abadlaşdırma və işıqlandırma işlərinə cavabdehdir. Qeyd edir ki, uzun müddətdir cavabdeh olduğu ərazidə oğurluq hadisələri baş verir. Belə ki, naməlum şəxslər həmin ərazidə quraşdırılmış işıq dirəklərini, elektrik kabellərini, yol kənarında olan heykəlləri və divarlara quraşdırılmış plafon və bəzəkli metal hissələrini oğurlayırlar. Bununla bağlı dəfələrlə X2 və 31-ci polis bölməsinə müraciətlər edib, lakin heç bir faydası olmayıb, təqsirkar şəxslər məsuliyyətə cəlb edilməyiblər. İttiham aktının nəticəvi hissəsində təsvir edilmiş hadisələrlə bağlı əraziyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ittiham aktının nəticəvi hissəsində göstərilən, təmsil etdiyi hüquqi şəxsə məxsus olan əşyalar oğurlanıb, bununla da «xxxx» MMC-yə, 5.195 manat miqdarında maddi ziyan vurulub. Konkret şəxsin, o cümlədən Təqsirləndirilən şəxs müvafiq əşyaları oğurladığını şəxsən görməyib. Lakin müxtəlif şəxslərdən eşidib ki, oğurluğu məhz Təqsirləndirilən şəxs və bir-iki başqa şəxs ediblər. Cinayət nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilmədiyini nəzərə alaraq təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Mənzil-Kommunal Təsərrüfatı Birliyində işləyir. Vəzifəsi Bülbülə-«Fransuzski» parkında təmizlik işləri görməkdən ibarətdir. Qeyd edir ki, təqsirləndirilən şəxs günün çox vaxtını həmin parkda keçirirdi. Onunla yaxın münasibətləri yoxdur, lakin bir-birini tanıyırlar. Münasibətləri normal olub. Təqsirləndirilən şəxsin bildirdikləri ilə əlaqədar qeyd edir ki, onunla təqsirləndirilən şəxs arasında yuxarıda təsvir olunan məzmunda söhbət olmayıb və o, təqsirləndirilən şəxsə hər-hansısa əşya götürməsinə icazə verməyib. Həmçinin qeyd edir ki, ümumiyyətlə onun xidmət göstərdiyi ərazidən heç bir əşya oğurlanmayıb. Ruslanın da nə isə oğurlamasından xəbəri yoxdur. Şahid4 iş üzrə ibtidai araşdırma dövründə verdiyi yazılı ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin oğurluq etdiyini şəxsən görməsə də, onun «xxxx» MMC-yə məxsus olan işıq plafonlarını oğurladığını eşidib. Həmin xüsusatla bağlı məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, çətinliklə yazıb-oxuyur. O, müstəntiqə hazırda məhkəməyə verdiyi məzmunda ifadə vermiş və müstəntiqin təklif etdiyi kağıza oxumadan imza etmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs istər parkdan, istərsə də başqa bir yerdən oğurluq etməsini eşitməyib və görməyib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, dostu Ayazla birlikdə Yeni Suraxanı dairəsinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsində işləyib. Həmin məntəqədə müxtəlif şəxslərdən metal alır (onların şəxsiyyətlərini təsdiq edən sənədin surətini alıb özündə saxlamaq şərti ilə), sonra isə bu metalı zavoda satırdılar. Təqsirləndirilən şəxs da ona əvvəllər müxtəlif çeşiddə metal qırıntıları gətirib satıbdır. Ona görə də Ruslanın şəxsiyyət vəsiqəsinin surəti əvvəlcədən onda olub. Əvvəllər Təqsirləndirilən şəxsla və sonuncunun satdığı metal qırıntıları ilə bağlı heç bir problemi olmayıb. 2020-ci ilin fevral ayının əvvəllərində (dəqiq tarixi xatırlamır) Ruslan yenə də onun işlədiyi məntəqəyə gəlmiş və özü ilə dörd ədəd istifadəyə yararsız plafon, məhəccər qırığı və 5 – 10 metr uzunluğunda kabel gətirmişdir. Şahid qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər ona bu çeşiddə metal gətirməyib. Həmin əşyaları çəkmiş və müqabilində Ruslana təxminən 10 – 15 manat miqdarında pul vermişdir. Bundan sonra Ruslandan aldığı metal qırıntılarını məntəqədəki üstü örtülü xəndəyə yığmışdır ki, sonradan digər metal qırıntıları ilə birlikdə zavoda təhvil versin. Bundan bir-neçə gün sonra işlətdiyi məntəqəyə polis əməkdaşları gələrək onu polisə dəvət etmişlər. Həmçinin polis əməkdaşları məntəqədəki xəndəyə baxmış, lakin onları lazım ola biləcək heç nə aşkar etməmişlər. Yolda polis əməkdaşlarının sözlərindən ona məlum olmuşdur ki, onlar Təqsirləndirilən şəxs gətirib satdığı metal qırıntıları, o cümlədən plafonlarla maraqlanırlar. Bunu bildikdə polis əməkdaşlarına demişdir ki, Ruslan bir-neçə gün əvvəl ona plafon və s. əşyalar gətirib satıbdır. Sonra polis əməkdaşları ilə birlikdə məntəqəyə qayıtmış və xəndəyin üstünü bir daha açıb Ruslanın gətirdiyi kisəni digər metal qırıntılarının altından çıxarıb onlara göstərmişdir. Şahid bildirir ki, bu əşyalar başqa metal qırıntılarının altında olduğundan polis əməkdaşları onları birinci dəfə gəldikləri vaxt görməmiş, o, isə polis işçilərinin konkret olaraq nə axtardıqlarını həmin vaxt bilmədiyinə görə, bu barədə heç nə deməmişdir. Beləliklə, o, Ruslanın gətirdiyi kisəni içindəki əşyalarla birlikdə götürüb polis əməkdaşları ilə birlikdə polisə getmişdir. Orada Ruslanın ona satdığı dörd ədəd plafonu, məhəccər qırığını və 5 – 10 metr uzunluğunda kabeli təqdim etmiş, baş verənləri ətraflı danışmış, ona təklif olunan bütün sənədləri imzalamışdır. Şahid3 iş üzrə ibtidai araşdırma dövründə verdiyi yazılı ifadəsi fərqli məzmundadır. Bununla yanaşı iş materiallarına Şahid3 istintaqa 04 (dörd) ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafon, 08 (səkkiz) ədəd uzunluğu 60 sm, eni 5 sm ölçüdə olan, iç hissəsi lüminessent (diod) tipli lampaları olan, metal gövdəli, binaların fasadının işıqlandırılmasında istifadə edilən istifadədə olmuş plafon, 01 (bir) ədəd təxmini uzunluğu 54 sm, hündürlüyü 34 sm, qalınlığı 17,2 mm, işlənmiş, üzəri qara rəngli, metalı alüminium əsaslı ərintidən hazırlanmış, çəkisi 2,35 kq olan məhəccər hissəsi, 55 (əlli beş) metr uzunluğunda, işlənmiş, üzəri ağ rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 10,2 mm, iki damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 3,5 mm olan, keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış çoxsimli işlənmiş kabel təqdim etdiyinə dair xx xxxxxx 2020-ci il tarixli protokol əlavə olunub (iş v. 66). Göstərilən xüsusatlarla bağlı suallara cavab olaraq Şahid3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, savadsızdır və çətinliklə yazıb-oxuyur. Bununla yanaşı onda polisə qarşı patoloji qorxu hissi var. Ona görə də polisdə yazılanları oxumadan imzalamışdır ki, mümkün qədər tez çıxıb getsin. Əslində isə hadisələr məhkəməyə verdiyi ifadəsində olduğu kimi cərəyan edib. Təqsirləndirilən şəxs əvvəllər ona müxtəlif çeşiddə metal qırıntıları gətirib satdığına baxmayaraq, əvvəllər heç vaxt plafon, diod tipli lampa və məhəccər hissəsi gətirməyib. Yuxarıda qeyd olunan protokolla bağlı suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı metal əşyaları polisə gətirdikdə, orada bir kənarda kabel və lüminessent lampaların olduğunu görmüşdür. Protokol tərtib edilərkən polis əməkdaşı ona bildirmişdir ki, özünün gətirdiyi əşyalarla yanaşı, oradakı əşyaları da protokola salacaq. Ona həmçinin bildirilmişdir ki, bunun kiməsə ziyanı yoxdur. Bu səbəbdən həmin protokolu oxumadan imzalayıb. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2019cu ilin iyul ayından etibarən «xxxx» MMC-də sürücü işləyib. MMC-nin xidmət etdiyi sahədə yəni Heydər Əliyev prospektində, X3 istiqamətinə gedən yolun kənarında dekorativ divarlardan çoxlu sayda işıq lampaları oğurlanmışdır. Bir dəfə iş yoldaşı Şahid2 ilə birlikdə olduğu vaxt görmüşdür ki, kimsə divara quraşdırılmış plafonları oğurlayır. Bunu görüb Ümidlə birlikdə həmin şəxsi tutmaq üçün onu təqib etmiş, lakin tuta bilməmişlər. Oğurluq edən şəxsin üzünü görməyiblər. Baş vermiş hadisə barədə rəhbərliyə məlumat vermişlər. Şahid1 iş üzrə ibtidai araşdırma dövründə verdiyi yazılı ifadəsi fərqli məzmundadır. Müvafiq xüsusatlarla bağlı suallara cavab olaraq Şahid1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Ruslanın bir neçə şəxslə birlikdə yol kənarından oğurluq etdiyini dəfələrlə müxtəlif şəxslərdən eşidib. Ona görə də ittiham aktında təsvir olunmuş cinayətin məhz Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə əmindir. Yuxarıda təsvir etdiyi hadisə vaxtı oğrunun, yəni arxasınca qaçaraq təqib etdikləri adamın məhz Təqsirləndirilən şəxs olduğunu şəxsən görməyib. Həmin şəxs qaçıb getdiyinə görə onun üzünü istər o, istərsə də Ümid ümumiyyətlə görməmişlər. İbtidai araşdırma dövründə də məhkəmədə bildirdiklərinə uyğun məzmunlu ifadə vermiş, eyni zamanda bildirmişdir ki, eşitdiyinə görə oğurluqları edənlər Ruslan və Elvin adlı şəxslərdir. Müstəntiq onun ifadəsini kompüter vasitəsilə yazmış, o, isə oğurluqların məhz Ruslan tərəfindən edildiyinə əmin olduğundan imza etmişdir. Əslində isə Ruslanı heç vaxt oğurluq etdiyi vaxt şəxsən görməyib və hadisələr ibtidai araşdırma dövründəki ifadəsində qeyd olunduğu kimi deyil, hazırkı ifadəsində bildirdiyi kimi cərəyan edib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Onun iş üzrə ibtidai araşdırma dövründə verdiyi yazılı ifadəsi ilə işin məhkəmə baxışı dövründə verdiyi ifadə arasındakı fərqlə bağlı izahı da Şahid1 bildirdiklərinə uyğundur (Şahid2 bildirir ki, təqsirləndirilən şəxsin oğurluq etdiyini şəxsən görməyib, lakin müxtəlif şəxslərdən eşidibdir). Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Təqsirsizlik prezumpsiyasını təsbit edən Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır», «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən «Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır». Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını da nəzərə almaqla təqsirləndirilən şəxsə ittiham olunan əməllə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs bildirir ki, tutulmazdan təxminən 5 – 10 gün əvvəl Şahid4 razılığı ilə 04 ədəd plafon, 6 – 7 metr uzunluğunda kabel və 01 ədəd məhəccər hissəsi «götürmüşdür» (təqsirləndirilən şəxsin xx xxxxxx 2020-ci ildə tutulduğu nəzərə alındıqda müvafiq tarixin ittiham aktının nəticəvi hissəsində qeyd olunan 01 – xx xxxxxx 2020-ci il tarixləri aralığına uyğun gəldiyi görünür). Təqsirləndirilən şəxsin bildirdiklərindən həmçinin görünür ki, o, qeyd etdiyi əşyaları sonradan metal qəbulu məntəqəsində Şahid3 satıb. Şahid4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təqsirləndirilən şəxs hər-hansı əşyanı götürmək üçün ondan icazə istəməyib və o, da təqsirləndirilən şəxsə belə bir icazə verməyib. Məhkəmə vurğulayır ki, Şahid4 işin məhkəmə baxışı zamanı öz ifadəsini iltizam altında vermiş, o cümlədən ifadə verməzdən əvvəl Azərbaycan Respublikası CM-nin 297c maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. Göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə müvafiq halın müəyyən edilməsi ilə əlaqədar Şahid4 ifadəsini müvafiq xüsusatlarda bağlı təqsirləndirilən şəxsin ifadəsinə nisbətən daha mötəbər sayır. Məhkəmə məsələyə qiymət verərkən təqsirləndirilən şəxsin ifadəsi ilə Şahid3 ifadəsi arasında aidiyyəti hissədə ziddiyyət olmadığını da nəzərə alır. Beləliklə, təqsirləndirilən şəxsin öz etirafı, şahid ifadələri və işin digər faktik halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs «xxxx» MMC-nin xidmət göstərdiyi, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən, ictimai əhəmiyyətli hesab edilən X3 şosesinin sağ tərəfindəki dekorativ divarların işıqlandırılması ilə əlaqədar quraşdırılmış, “Bülbülə” parkına bitişik divardan xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək olan dövrdə 04 (dörd) ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafonu, 01 (bir) ədəd təxmini uzunluğu 54 sm, hündürlüyü 34 sm, qalınlığı 17,2 mm, işlənmiş, üzəri qara rəngli, metalı alüminium əsaslı ərintidən hazırlanmış, çəkisi 2,35 kq olan məhəccər hissəsini və 6 – 7 metr uzunluğunda işlənmiş, üzəri ağ rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 10,2 mm, iki damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 3,5 mm olan, keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış çoxsimli işlənmiş kabeli gizli olaraq talamışdır (göstərilən əşyaların fərdi xassələri müvafiq ekspert rəyində təsvir olunub ki, həmin rəyə aşağıda istinad ediləcək). «Maddi sübutun könüllü olaraq təqdim edilməsi və götürülməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli protokolun (iş v. 66) məzmunundan görünür ki, Şahid3 yuxarıda qeyd olunan əşyalarla yanaşı, ibtidai istintaq orqanına 08 (səkkiz) ədəd uzunluğu 60 sm, eni 5 sm ölçüdə olan, iç hissəsi lüminessent (diod) tipli lampaları olan, metal gövdəli, binaların fasadının işıqlandırılmasında istifadə edilən istifadədə olmuş plafon da təqdim edib. Bununla yanaşı, protokolun məzmunundan görünür ki, istintaqa Şahid3 təqdim olunmuş, işlənmiş, üzəri ağ rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 10,2 mm, iki damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 3,5 mm olan, keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış çoxsimli işlənmiş kabelin uzunluğu təqsirləndirilən şəxsin bildirdiyi kimi 6 – 7 metr deyil, 55 metr təşkil edir. Protokolun məzmunundan həmçinin görünür ki, bu əşyalar təqsirləndirilən şəxs tərəfindən Şahid3 satılıb. Qeyd olunan əşyalar ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmışlar. Məhkəmə Şahid3 məhkəmə iclasındakı ifadəsinə işin yuxarıda qeyd olunan və konkret sübutlarla müəyyən edilən faktik halları prizmasından yanaşır və hesab edir ki, 08 ədəd lüminessent (diod) tipli plafonun və 55 metr uzunluğunda kabelin təqsirləndirilən şəxs tərəfindən şahidə satılmadığına və bu əşyaların şahid tərəfindən polis orqanında təqdim edilmədiyinə dair Şahid3 məhkəməyə bildirdikləri inandırıcı sayıla bilməz. xx xxxx 2020-ci il tarixli 4157/4158 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, ekspertiza tədqiqatına təqdim olunmuş, əvvəllər istismar olunmuş elektrik naqilinin və məhəccərin 2020-ci ilin fevral ayına, köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: – 1 ədəd, təxmini uzunluğu 34 sm, işlənmiş, üzəri ağ rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 10,2 mm, iki damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 3,5 mm olan, çox simli kabel nümunəsinin keçici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır – 2,0 manatdır; – 1 ədəd, təxmini uzunluğu 54 sm, hündürlüyü 34 sm, qalınlığı 17,2 mm, işlənmiş, üzəri qara rəngli, məhəccər hissəsinin metalı alüminium əsaslı ərintidən hazırlanmışdır, çəkisi 2,35 kq-dır – təxminən 15,0 manatdır». xx xxxx 2020-ci il tarixli 4227 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Bir ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli plafonun istifadəsi nəzərə alınmaqla qalıq qiyməti təxminən 112,00 manat; 2. Bir ədəd uzunluğu 60 sm, eni 5 sm ölçüdə olan, iç hissəsi lüminessent (diod) tipli lampaları olan, metal gövdəli, binaların fasadının işıqlandırılmasında istifadə edilən plafonun istifadəsi nəzərə alınmaqla qalıq qiyməti təxminən 25,00 manat». Beləliklə, araşdırılmış sübutların məcmusu ilə təqsirləndirilən şəxsin «xxxx» MMCnin xidmət göstərdiyi, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən, ictimai əhəmiyyətli hesab edilən X3 şosesinin sağ tərəfindəki dekorativ divarların işıqlandırılması ilə əlaqədar quraşdırılmış, “Bülbülə” parkına bitişik divardan xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək olan dövrdə hər birinin dəyəri 112 manat olmaqla cəmi 448 manat dəyərində 04 (dörd) ədəd hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş plafonu, hər birinin dəyəri 25 manat olmaqla cəmi 200 manat dəyərində olan 08 (səkkiz) ədəd uzunluğu 60 sm, eni 5 sm ölçüdə olan, iç hissəsi lüminessent (diod) tipli lampaları olan, metal gövdəli, binaların fasadının işıqlandırılmasında istifadə edilən istifadədə olmuş plafonu, 01 (bir) ədəd 15 manat dəyərində təxmini uzunluğu 54 sm, hündürlüyü 34 sm, qalınlığı 17,2 mm, işlənmiş, üzəri qara rəngli, metalı alüminium əsaslı ərintidən hazırlanmış, çəkisi 2,35 kq olan məhəccər hissəsini, 01 metrinin dəyəri 02 manat olmaqla 55 (əlli beş) metr uzunluğunda və cəmi 110 manat dəyərində olan, işlənmiş, üzəri ağ rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 10,2 mm, iki damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 3,5 mm olan, keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış çoxsimli işlənmiş kabeli gizli olaraq talaması, bu hərəkəti ilə hüquqi şəxs «xxxx» MMC-yə ümumilikdə 773 (yeddi yüz yetmiş üç) manat miqdarında ziyan vurması faktı müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin yuxarıda təsvir olunan əməli Azərbaycan Respublikası CMnin 177.2.3-2-ci maddəsinin tərkibini yaradır. Təqsirləndirilən şəxsə ittiham olunan digər əməllərlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ona ittiham olunan oğurluq cinayətində özünü işin məhkəmə baxışı zamanı ümumiyyətlə təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq dövründə verdiyi ifadələrə qiymət verərkən məhkəmə onun iş materiallarında olan sonuncu, yəni xx xxxx 2020-ci il tarixli yazılı ifadəsinə diqqət yetirməyi zəruri sayır (iş v.215 – 217). Həmin ifadədə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamla razı olduğu, ilk dəfə yanvar ayının əvvəllərində oğurluq etməyi planlaşdırdığı və həmin gün də oğurluq etdiyi, 6 dəfə oğurluq etdiyi və bu cinayətləri vahid niyyətlə törətdiyi göstərilir (təqsirləndirilən şəxsin iş materiallarında olan bütün digər izahat və ifadələri məhkəməyə bildirdikləri ilə uyğun məzmunludur (qeyd olunur ki, təqsirləndirilən şəxs iş materiallarında olan bir sıra sənədləri, o cümlədən üzləşdirmə protokollarını imzalamaqdan imtina etmişdir)). Təqsirləndirilən şəxs iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli ifadəsi ilə bağlı bildirmişdir ki, istintaqın ilk günündən bu günədək eyni məzmunlu izahat və ifadələr verib. Qeyd edir ki, heç vaxt ona qarşı irəli sürülmüş ittihamla razılaşmamış, həmçinin yanvar ayının əvvəllərində oğurluq etməyi planlaşdırdığını və həmin gün də oğurluq etdiyini, 6 dəfə oğurluq etdiyini və bu cinayətləri vahid niyyətlə törətdiyini bildirməmişdir. Təqsirləndirilən şəxs bildirir ki, müstəntiq yuxarıda qeyd olunanları onun yazılı ifadəsinə savadsızlığından istifadə edərək daxil edib. Məhkəmə təqsirləndirilən şəxsin xx xxxx 2020-ci il tarixli yazılı ifadəsinə qiymət verərək yaranan aşağıdakı suallara diqqət yetirməyi zəruri sayır. Əgər təqsirləndirilən şəxs həqiqətən də ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməllərini törətməsi halı ilə razılaşıbsa, hansı səbəbdən o, bütün əvvəlki yazılı izahat və ifadələrində və məhkəmədə özünü təqsirli bilməyib? Əgər təqsirləndirilən şəxs həqiqətən də ilk dəfə yanvar ayının əvvəllərində oğurluq etməyi planlaşdırdığını və həmin gün də oğurluq etdiyini etiraf etmişdirsə, hansı səbəbdən müstəntiq onu həmin xüsusatlar üzrə ətraflı dindirməyib? Əgər təqsirləndirilən şəxs həqiqətən də 6 dəfə, yəni 6 epizodda oğurluq etdiyini xx xxxx 2020-ci il tarixli ifadəsində etiraf edibsə, hansı səbəbdən müstəntiq onu hər bir epizodun təfərrüatı ilə bağlı ətraflı dindirməyib? Məsələyə qiymət verərkən məhkəmə Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbini də nəzərə alır. Həmin maddəyə əsasən «Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Göründüyü kimi, təqsirləndirilən şəxsin xx xxxx 2020-ci il tarixli ifadəsindəki müvafiq məsələlərlə bağlı «etirafı» iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq edilmir. Göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan yazılı ifadə Təqsirləndirilən şəxs müvafiq hallarla bağlı təqsirinin təsdiqi nöqteyi-nəzərdən sübut əhəmiyyətinə malik deyil. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, habelə şahidlər Şahid1 və Şahid2 ifadələrinə diqqət yetirməyi də zəruri sayır. Azərbaycan Respublikası CPM-nin 95.1-ci maddəsinə əsasən «İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər». Yuxarda qeyd olunan şəxslər işin məhkəmə baxışı zamanı birmənalı olaraq bildirmişlər ki, təqsirləndirilən şəxsin oğurluq etdiyini şəxsən görməyiblər. Onlar təqsirləndirilən şəxsin müvafiq ərazidən oğurluq etməsi barədə başqa şəxslərdən eşitmiş və bu səbəbdən onlarda oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən edildiyinə dair əminlik yaranmışdır. Bu səbəbdən də ibtidai istintaq dövründəki ifadələri təqsirləndirilən şəxsə qarşıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, həmin şəxslər CPM-nin yuxarıda istinad olunan 95.1-ci maddəsinin mənası baxımından «iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs»lər kimi qəbul oluna bilməzlər. Belə ki, onlar təqsirləndirilən şəxsin oğurluq etdiyini bilavasitə görməyib, təqsirləndirilən şəxsin oğurluq etdiyinə dair bildirdikləri isə konkret faktlara deyil, onların şəxsi mülahizələrinə əsaslanır. Göstərilənlərə əsasən həmin şəxslərin ifadələri mötəbər sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müvafiq əşyaları (məhkəmənin müəyyən etdiyi əşyalardan başqa əşyaları) oğurladığını bilavasitə görmüş şəxslər istər ibtidai istintaq, istərsə də məhkəmə baxışında müəyyən edilməmiş, təqsirləndirilən şəxsin ona ittiham olunan müvafiq epizodlar və əməllər üzrə təqsirli olmasını təsdiqləyə biləcək başqa mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, ittiham aktının nəticəvi hissəsində sadalanmış əşyalar (təqsirləndirilən şəxs tərəfindən oğurlandığı hazırkı hökmlə müəyyən edilmiş əşyalar istisna olmaqla) ibtidai araşdırma orqanı tərəfindən aşkar edilməmiş, maddi sübut kimi tanınmamışlar. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkibi obyektiv cəhətdən oğurluqda, yəni özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talamaqda ifadə olunur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinin tələbinə görə həmin maddədə «xeyli miqdar» dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. İşin məhkəmə baxışı zamanı araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğurluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanın miqdarı 773 manat təşkil edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi halını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən «təqsirliliyi sübuta yetirilmədikdə» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə bəraət verilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Xocavənd rayonundan məcburi köçkün olduğunu və oğurlanmış əşyaların sahibinə qaytarıldığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış, hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş 04 (dörd) ədəd plafon; uzunluğu 60 sm, eni 5 sm ölçüdə olan, iç hissəsi lüminessent (diod) tipli lampaları olan, metal gövdəli, binaların fasadının işıqlandırılmasında istifadə edilən istifadədə olmuş 08 (səkkiz) ədəd plafon; təxmini uzunluğu 54 sm, hündürlüyü 34 sm, qalınlığı 17,2 mm, işlənmiş, üzəri qara rəngli, metalı alüminium əsaslı ərintidən hazırlanmış, çəkisi 2,35 kq olan 01 (bir) ədəd məhəccər hissəsi; üzəri ağ rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 10,2 mm, iki damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 3,5 mm olan, keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış çoxsimli 55 (əlli beş) metr uzunluğunda, işlənmiş kabel zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-yə qaytarıldığından həmin MMC-nin sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 211 (iki yüz on bir) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344 – 353, 356 – 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən xx xxxxxx 2020-ci ildən bu günədək həbsdə saxlanıldığı 09 (doqquz) ay 20 (iyirmi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, hündürlüyü 52 sm, diametri 25 sm ölçüdə olan, iç hissəsi şəffaf plastik, metal karkası dirəkdən asmaq üçün şamdan tipli istifadədə olmuş 04 (dörd) ədəd plafon; uzunluğu 60 sm, eni 5 sm ölçüdə olan, iç hissəsi lüminessent (diod) tipli lampaları olan, metal gövdəli, binaların fasadının işıqlandırılmasında istifadə edilən istifadədə olmuş 08 (səkkiz) ədəd plafon; təxmini uzunluğu 54 sm, hündürlüyü 34 sm, qalınlığı 17,2 mm, işlənmiş, üzəri qara rəngli, metalı alüminium əsaslı ərintidən hazırlanmış, çəkisi 2,35 kq olan 01 (bir) ədəd məhəccər hissəsi; üzəri ağ rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 10,2 mm, iki damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 3,5 mm olan, keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış çoxsimli 55 (əlli beş) metr uzunluğunda, işlənmiş kabel zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-yə qaytarıldığından həmin MMC-nin sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 211 (iki yüz on bir) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-133/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-133/2020
30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver