Məhkəmə qərarları › İş №1(010)-133/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-133/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-133/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Dənizçi 15 ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla 2.000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş (cərimənin 500 (beş yüz) manatlıq hissəsini ödəyib), 03 – 04 dekabr 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 – 29 noyabr 2020-ci il tarixlərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,266 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 03 dekabr 2020-ci ildə saat 00.36-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Abu-Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış komendant rejiminə nəzarət postunda saxlanıldığı vaxt həmin psixotrop maddə idarə etdiyi “Saipa” minik markalı 99PE109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü əyləşən hissəsində ayaqaltı rezinin altından aşkar edilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, özünə məxsus olan "Saipa" minik markalı 99PE109 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 02 dekabr 2020-ci ildə saat 23 radələrində evdə olduğu vaxt tanışı Mehmanın oğlu Emin ona zəng edərək anasının vəziyyətinin ağır olduğunu, lakin TTYS-na zəng etdiklərinə baxmayaraq, həkim briqadasının gəlmədiyini bildirmişdir. Emin həmçinin xahiş etmişdir ki, onu götürüb həkim çağırmaq üçün TTYS-na getsinlər. Bundan dərhal sonra avtomobilinə əyləşərək Hövsan qəsəbəsinə – Mehmangilə getmiş, oradan Emini götürüb birlikdə TTYS istiqamətində hərəkət etmişlər. “Abu-Petrol”un yanına çatdıqda onu komendant saatı ilə bağlı quraşdırılmış postda saxlamışlar. Qeyd edir ki, komendant saatı ərzində küçəyə çıxması üçün icazəsi olmayıb. Saxlanıldığı vaxt polis əməkdaşları avtomobilə baxış keçirməyə başlamış və ondan avtomobilində qanunla qadağan edilmiş əşya olub olmadığını soruşmuşlar. Bununla əlaqədar polis əməkdaşlarına bildirmişdir ki, sürücü tərəfdə ayaqaltı rezinin altında üç büküm var. Bu bükümlərdən biri boş idi. Digərlərində isə birində marixuana, birində «şüşə» kimi tanıdığı psixotrop maddə olub. Bundan sonra polis əməkdaşları ona və Eminə 30-cu polis şöbəsinə getmələrini təklif etmişlər. Onlar etiraz etmədilər. Daha sonra o, polis avtomobilinə, Emin isə onun avtomobilinə əyləşmiş, hər iki avtomobili polis əməkdaşları idarə edərək onları 30-cu polis şöbəsinə çatdırmışlar. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində hal-şahidlərinin iştirakı ilə “Saipa” minik markalı 99PE109 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu zaman yuxarıda bildirdiyi yerdən özünə məxsus 03 ədəd bükümü təqdim etmiş, bu bükümlərdən birinin boş olduğunu, birində marixuana, digərində isə «şüşə» olduğunu bildirmişdir. Həmin maddələr götürülərək qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, marixuananı və «şüşəni» 28 və ya 29 noyabr 2020-ci ildə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 02 dekabr 2020-ci ildə anası vəfat edib. Bununla əlaqədar TTYS-na zəng etmiş, lakin təcili tibbi yardım gəlmədiyinə görə məcburiyyət qarşısında qalıb taksi fəaliyyəti ilə məşğul olan tanışı Sərxana zəng vurub xahiş etmişdir ki, onu TTYS-na aparsın. Saat 23 radələrində Sərxan öz avtomobili ilə gələrək onu evdən götürmüş və birlikdə TTYS istiqamətində getmişlər. “Abu Petrol”un yanında quraşdırılmış polis postunda onlar saxlanılaraq avtomobil yoxlanmış, bu zaman sürücü tərəfdə ayaqaltı rezinin altından 2 və ya 3 bükümün aşkar edilmişdir. Sərxan bildirmişdir ki, bu bukümlərin birində marixuana, digərində «şüşə» var. Daha sonra onlar 30-cu polis bölməsinə dəvət edilmiş, buna etiraz etməyərək hər ikisi polis əməkdaşları ilə birlikdə həmin şöbəyə getmişlər. Polis şöbəsində anasının vəfat etdiyini nəzərə alaraq ona icazə vermişlər ki, dəfnlə bağlı zəruri işləri görməsi üçün çıxıb getsin. Bundan sonra şöbədən getmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2008ci ildən daxili işlər orqanlarında xidmət edir. Hadisə baş verən gün, yəni 02 – 03 dekabr 2020-ci ildə komendant saatı ilə əlaqədar quraşdırılmış postda xidmətə cəlb edilmişdir. 02 dekabr 2020-ci ildə saat 21.00-da postda xidməti təhvil almış, 03 dekabr 2020-ci ildə saat 00.36-da postda olduğu zaman, ora “Saipa” minik markalı 99PE109 dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığını müşahidə etmişdir. Komendant saatı ilə əlaqədar xüsusi göstəriş üzrə avtomobilə baxdıqları vaxt sürücü Təqsirləndirilən şəxs ayaqaltında olan rezinin altından 03 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərdə nə olması barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, bunlardan biri boşdur, digər 02 bükümün birində “şüşə” kimi tanınan psixotrop maddə, digər bükümdə isə marixuana var. Bununla əlaqədar ərazidə xidmət aparan post patrul xidməti əməkdaşlarını çağırmış, çağırışa gələn əməkdaşların müşahidəsi ilə Təqsirləndirilən şəxs və həmin vaxt avtomobildə sərnişin olmuş Emin adlı şəxs Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparılmışlar. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 03 dekabr 2020-ci il tarixli 7/841 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs avtomobilindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd siqaret sellofan bükülüdə təmiz çəkisi – 0,091 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır”. 03 dekabr 2020-ci il tarixli 6/2640 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazısı olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,266 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan digər boş vəziyyətdə olan “gümüşü” rəngli kağız bükümdə narkotik və ya psixotrop maddələr yoxdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir”. 23 dekabr 2020-ci il tarixli 3517 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Hüseynov X2 Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla 2.000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Şərur rayon İcra və probasiya şöbəsinin 09 mart 2021-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin cərimənin 500 (beş yüz) manatlıq hissəsini ödəmiş, qalan 1.500 (min beş yüz) manat ödənilməmiş qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti yuxarıda göstərilən hökm üzrə cəza çəkdiyi müddətdə törədib. Buna baxmayaraq, onun əməlində Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə residiv yoxdur. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək başqa hal da mövcud deyil. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan müalicə kursunu keçmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,02 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,216 qram təşkil edən, psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 – 04 dekabr 2020-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Suraxanı Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2.000 (iki min) manat miqdarında cərimə cəzasının ödənilməmiş 1.500 (min beş yüz) manatlıq hissəsi hazırkı hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilsin, ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan 1.500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan müalicə kursunu keçmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,02 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,216 qram təşkil edən, psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 192 (yüz doxsan iki) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar