Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-134/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1974-cü ildə Ermənistan SSR, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Məmmədov X5 Rayon Məhkəməsinin 2(010)-2279/2011 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 05 avqust 2011-ci il tarixli qətnaməsinə əsasən uşaqları – 24 dekabr 2004-cü il təvəllüdlü X3 və 15 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tələbkar Məmmədova (Sadıqova) Yeganə Mehman qızının xeyrinə 20 iyun 2011-ci il tarixindən başlayaraq hər ay hər bir uşağa görə 75,00 manat olmaqla ümumilikdə 150,00 manat sabit pul məbləğində aliment ödəməli olduğu halda, həmin qətnamənin icrası ilə əlaqədar 12 sentyabr 2011-ci ildə verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, bu əməlinə görə Suraxanı Rayon Məhkəməsinin 3(010)-1074/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 20 gün müddətinə həbs olunmuş, icra sənədinin icrasını təmin etməsi üçün ona 12 noyabr 2020-ci ildə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edildiyinə baxmayaraq, barəsində cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 07 dekabr 2020-ci il tarixinədək ümumilikdə 10.200,00 manat miqdarında aliment borcunu tələbkar X2 ödəməmiş, bununla da yuxarıda göstərilən məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, Muxtarzadə (Məmmədova) Yeganə Mehman qızı ilə 29 may 2004cü ildə rəsmi nikah bağlamış, həmin nikahdan 24 dekabr 2004-cü il təvəllüdlü X6 və 15 sentyabr 2008-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Yeganə ilə xasiyyətləri uyğun gəlmədiyinə görə nikahları Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların boşanmadan sonra ananın yanında qalmaları müəyyən edilmiş, həmçinin uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ondan Yeganənin xeyrinə 20 iyun 2011-ci il tarixdən başlayaraq hər ay ümumilikdə 150 manat olmaqla sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Təqsirləndirilən şəxs qeyd edir ki, Yeganə ondan ayrıldıqdan sonra başqa bir şəxslə ailə qurduğuna görə uzun müddət ondan aliment tələb etməyib. Alimenti ödəməməsinin səbəbi də məhz bu olub. Sonradan Yeganə alimentin ödənilməsini tələb etmişdir. O, alimenti ödəyə bilmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra da icra məmuru ona qətnamənin icrasını təmin etməyəcəyi təqdirdə barəsində cinayət işi başlanacağı haqda xəbərdarlıq etmiş, lakin maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilməmişdir. Bildirir ki, Yeganə ondan aliment tələb etməklə yanaşı, daimi qeydiyyatda olduğu evdən imtina etməsini tələb edirdi. Ona görə də acığa düşüb qətnaməni icra etməmişdir. Bu səbəbdən, həmçinin müvafiq maddi imkana malik olmaması ilə əlaqədar olaraq 07 dekabr 2020-ci il tarixinədək toplanmış 10.200,00 manat miqdarında aliment borcunu ödəməyib. Hazırda tələbkarla razılığa gəlib, yaranmış borcu əvəzləşdiriblər. Hazırda tələbkarın ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ötən dövrdə Təqsirləndirilən şəxs ona 10.200,00 manat miqdarında aliment borcu yaranmış, uşaqları saxlaması üçün pula ehtiyacı olması səbəbindən bu miqdarın ödənilməsini tələb etdiyinə baxmayaraq, təqsirləndirilən şəxs aliment ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Hazırda təqsirləndirilən şəxslə notariat qaydasında barışıq sazişi bağlayaraq razılığa gəliblər. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı rayon İcra şöbəsinin icra məmuru Şahid1 bildirmişdir ki, Suraxanı rayon İcra şöbəsinin icraatına 13 sentyabr 2011-ci il tarixdə daxil olmuş Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2011-ci il tarixli 2(010)-2279/2011 nömrəli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 20 iyun 2011-ci il tarixdən başlayaraq 24 dekabr 2004-cü il təvəllüdlü X6 və 15 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 75,00 manat olmaqla, cəmi 150,00 manat sabit pul məbləğində aliment təqsirləndirilən şəxsdən alınaraq tələbkar X2 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 13 sentyabr 2011-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borcluya bildiriş göndərilmiş, lakin borclu tələbi könüllü təmin etməmişdir. Bu səbəbdən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar edilməsi məqsədi ilə müvafiq qurumlara göndərilmiş sorğular müsbət nəticə verməmişdir. Bu səbəbdən də lazımi sənədlər hazırlanaraq təqsirləndirilən şəxs barəsində cinayət işi başlanması üçün aidiyyəti istintaq orqanına göndərilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş icra məmuru Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2279/2011 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 05 avqust 2011-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs ilə Məmmədova (Sadıqova) Yeganə Mehman qızı arasında 29 may 2004-cü il tarixdə bağlanmış nikah pozulmuş, boşanmadan sonra 24 dekabr 2004-cü il təvəllüdlü X3 və 15 sentyabr 2008-ci il təvəllüdlü X4 anaları X1 yanında qalmaları müəyyən edilmiş, 24 dekabr 2004-cü il təvəllüdlü X3 və 15 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 20 iyun 2011-ci il tarixindən başlayaraq hər ay hər bir uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq X2 verilməsi qət edilmişdir. Qətnamə 12 sentyabr 2011-ci ildə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. 13 sentyabr 2011-ci ildə Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilib. Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin yuxarıda göstərilən faktik hallarını məcmu şəkildə qiymətləndirdikdə görünür ki, təqsirləndirilən şəxs Məmmədov X5 Rayon Məhkəməsinin 2(010)-2279/2011 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 05 avqust 2011-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmiş, bu hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, hazırkı cinayət işi üzrə məhkəmə baxışı dövründə, yəni 16 iyun 2021-ci ildə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında notariat qaydasında barışıq sazişi bağlanmışdır. Zərərçəkmiş şəxs həmin barışıq sazişinin bağlanması ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxsin aliment borcu ödənilmiş hesab edilməlidir. Onun təqsirləndirilən şəxsə qarşı iddiasının, şikayətinin və tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Təqsirləndirilən şəxs də ərizə ilə məhkəməyə müraciət edərək cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin «Qeyd»inə əsasən «Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir». İşin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ittiham aktının nəticəvi hissəsində göstərilən aliment borcu ödənilmiş hesab edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6 – 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin «Qeyd»inə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-134/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-134/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver