Məhkəmə qərarları › İş №1(010)-134/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-134/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-134/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axunzadə küçəsi ev 24-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsindən olan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd bükümdə təmiz çəkisi 1,864 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış, Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 avqust 2022-ci il tarixdə saat 16:30 dəqiqədə qanunsuz olaraq narkotik vasitələri əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “TOSOİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına aparılmış, PB-də üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman onun əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellefona bükümüş 1,864 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı narkoman olmasını bildiyi orta yaşlı kişidən 10 manat pul verib bir büküm heroin maddəsini öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində «Tosoil» YDM-nin yaxınlığında olan zaman mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona şübhəli şəxsin hüquq vəzifələri izah edilməklə hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Bundan sonra xidməti otaqda əynindəki boz rəngli şalvarının sol yan cibində olan bir ədəd ağ rəngli sellofona bükülmüş heroini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə zərfə qoyulub möhürlə möhürlənib götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış odlduqdan sonra protokolu imzalamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022- ci il tarixdə «Eynur» adlı şəxsin narkotik vasitə əldə etməsi, saxlayıb daşıması və onun gündüz saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsindəki «Tos oil» yanacaq doldurma məntəqsinin yaxınlığında olağacı barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis bölməsinin rəhbərliyinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş, polis bölməsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə bölmənin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat məlumatında göstərilən «Eynur» adlı şəxsin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. Əməliyyat məlumatında göstərilən «Eynur» adlı şəxsin xx.xx.2022-ci il tarixdə saat 16:30 radəlrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsindəki «Tosoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğunu müəyyən edərək olaraq ona yaxınlaşaraq saxlayıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyib, ona narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu bildirib, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar. Polis bölməsinin inzibati binasında, xidməti otaqda «Eynur» adlı şəxsin 27.1.21996-cı il təvəllüdlə, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofan kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim edib bükülü açıldıqda içərisində narkotik vasitə heroin olduğunu, təqdim etdiyi narkotik vasitə heroini Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxsn təqdim etdiyi büküm açılaraq baxıldıqda bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən edilmiş, şəxsi axtarış davam etdirilmiş amma Təqsirləndirilən şəxs üzərindən özünün təqdim etdiyi 01 (bir) ədəd sellofan kəsiyi bükümündən əlavə heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd büküm bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənərək bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 göstərmiş olduğu xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işinin 30-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 13 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 69-71-ci vərəqində olan 15 avqust 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 15 avqust 2022-ci il tarixli vəsatətinin rədd edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi Suraxanı RPİ-nin MSY-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 72-73-cü vərəqlərində olan 15 avqust 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 31-32-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 13 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkliş aparılmaqla axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən 01 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxararaq təqdim etmiş, təqdim olunan bükümdə narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmiş və götürülərək zərfə qoyularaq zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin narkotik vasitə heroin olduğunu, heroini Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Cinayət işinin 40-44-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, 6/4320 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 196» dairəvi möhür əksi, «... Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,864 qram maddə kütləsi kusiar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 1,864 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,814 qram. Cinayət işinin 89-90-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X5- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 5695 nömrəli rəyində göstərilmişdir ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 52-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 14 avqust 2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş disk DVD formatlıdır. Diskin üzərində yazılar yoxdur, ağ rənglidir. Disk xidməti iş otağımda olan kompyüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X4" proqramı vasitəsi ilə yazılmış MP4 formatında 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yancibindən ağ rəngli sellofan 01 (bir) ədəd kəsiyi bükümünü çıxarıb təqdim edir.Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirir. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etidiyi bir ədəd bükümdən başqa heç bir əşya və ya vasitə aşkar olunmur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs sol yan cibindən 01 ədəd bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,864 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cavanlığını, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmamasını mümkün sayaraq, hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 13-15 avqust 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmənin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 27 fevral 2023-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinərək, ona 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 27 fevral 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,814 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar