Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-134/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.5 və 228.4-cü maddələri təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli qərarı ilə 11 ay 26 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş və 14 sentyabr 2016-cı ildə cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyəti, istifadə və icarə hüququ olmadan 18 avqust 2022-ci il tarixli, **********64 reyestr nömrəli çıxarışla faktiki olaraq Zərərçəkmiş şəxs 07 may 2012-ci il tarixdən başlayaraq 99 il müddətinə 686 saylı icarə müqaviləsi və 05 avqust 2022-ci il tarixli 3M-769 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi ərazisində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutaraq orada özbaşına hasarlama, tikinti və quraşdırma işləri aparmış və özbaşına müxtəlif kənd təsərrüfatı təyinatlı məhsulları əkib-becərmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, uzun müddətdir kənd təsərrüfatı məhsullarını əkib sataraq ailəsini dolandırır. Təxminən 12-13 yaşından etibarən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində yerləşən 1.0 ha 14 sot torpaq sahəsi dədə-babasından ona miras qalmışdır. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkmişdir. Sonradan qəsdən adam öldürmə cinayəti törətdiyi üçün məhkum olunmuş və azadlığa buraxıldıqdan sonra da yenə öz işini görməyə davam etmiş, yəni həmin torpaq sahəsində əkinçiliklə məşğul olmuşdur. Həmin torpaq sahəsinin bir hissəsini atası hasara almışdır. Torpaq sahəsinin digər hissəsini isə qonşu torpaqların sahibləri hasar tikmişlər. Həmin torpaq sahəsində rəhmətlik babasından qazılmış su quyusu da vardır. 2019-cu ildə dəqiq xatırlamadığı zaman həmin torpaq sahəsində olan zaman iki nəfər şəxs ona məxsus torpaq sahəsinə gələrək həmin torpaq sahəsinin onlara məxsus olduğunu, rəsmi qaydada öz adlarına sənədləşdirdiklərini bildirmişlər. Lakin o, bununla razılaşmamış və həmin torpaq sahəsinin dədə-babasından ona qaldığını izah etmişdir. Həmin torpaq sahəsi dədə-babasından ona qalmışdır. Bununla bağlı babasının adına arxiv sənədi də vardır. Həmin torpaq sahəsinə dəqiq rəsmi sənədi olmasa da, bu torpaq sahəsi dədə-babasından ona qalmışdır. Bütün bunlara baxmayaraq əməlindən peşmandır, himayəsində bir azyaşlı övladı, yaşlı anası və insult xəstəliyi nəticəsində iflic olmuş qardaşı var, ailəni yeganə dolandıran şəxs özüdür, ona görə də, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 təxminən 1 ildən artıqdır ki, tanımış və onunla aralarında normal münasibət vardır. Şahid2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi vardır. O, həmin torpaq sahəsinə dair 2013-cü ildə Abşeron rayon İcra Hakimiyyətinin 686 saylı icarə müqaviləsi əsasında torpaq sahəsini 99 il müddətinə icarəyə götürmüşdür. Sonradan Şıxəli həmin torpaq sahəsini satmaq istədiyini bildirmiş və onunla razılaşaraq sözü gedən torpaq sahəsini almış, 18 avqust 2022-ci il tarixdə bu alqı-satqı rəsmiləşdirmişlər. Yəni 18 avqust 2022-ci il tarixdən həmin 1.0 ha torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsini o, Şahid2 almamışdan əvvəl bu torpaq sahəsi Hikmət və onun qardaşı Babək adlı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunmuş, orada kənd təsərrüfatı təyinatlı tərəvəzlər əkilmişdir. O, bu torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsinə baxış keçirilməsi üçün onun hüquqlarını dövlət orqanlarında təmsil etməsi üçün müqavilə bağladığı Şahid1 həmin torpaq sahəsinə baxış keçirməsi üçün göndərmişdir. Bu zaman Şahid1 ona məlumat vermişdir ki, bundan əvvəl də Şixəli Ağayev tərəfindən həmin torpaq sahəsinə baxış keçirilməsi üçün göndərilmiş, bu zaman Hikmət və qardaşı Babək yanlarında olan tanımadığı 2 nəfər şəxslə birlikdə onun azadlığını məhdudlaşdırmış və polisə zəng edib hadisə yerinə çağırdıqdan sonra onu buraxmışlar. O, təkidlə gedib həmin torpaq sahəsinə baxmasını dedikdən sonra Şahid1 torpağa baxış keçirmişdir. Daha sonra onunla əlaqə saxlayaraq bildirmişdir ki, Hikmət tərəfindən hələ də həmin torpaq sahəsi qanunsuz olaraq zəbt olunmuş, orada qanunsuz olaraq bir otaqlı tikili tikilmiş və bu torpaq sahəsində müxtəlif kənd təsərrüfatı məhsulları əkilmişdir. Sözü gedən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində yerləşən 1.0 ha torpaq sahəsi faktiki olaraq 2022-ci ilin avqust ayının 18-dən ona məxsusdur və bu torpaq sahəsi 99 il müddətinə dövlət tərəfindən icarəyə götürülmüşdür. Buna görə də, artıq bir neçə ildir ki, Hikmət və qardaşı Babək tərəfindən əvvəllər Şixəli Ağayevə, hazırda isə ona məxsus olan bu torpaq sahəsi qanunsuz olaraq zəbt olunmuş və orada qanunsuz kənd təsərrüfatı məhsulları əkilib becərilir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir ziyanın dəymədiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid1 Nuhu oğlu ifadəsini göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanımış və onun nümayəndəsi qismində onu dövlət orqanlarında təmsil etmiş, bunun üçün Rauf tərəfindən ona etibarnamə verilmişdir və rəhbərlik etdiyi "xxxx" MMC hüquq şirkəti ilə müqavilə bağlamışdır. Şixəli Ağayevi isə təxminən iki ildir ki, Raufun vasitəsilə tanımış və onunla da aralarında normal münasibət vardır. Şixəli də onunla müqavilə bağlamış və onun hüquqi məsələləri ilə də maraqlanmış, onu da dövlət orqanlarında təmsil etmişdir. 18 sentyabr 2021-ci il tarixdə təxminən saat 13:00 radələrində tanışları Mehdi və Mirzə ilə birlikdə həmin vaxt Şıxəliyə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinə baxmağa getmişlər. X11 demişdir ki, ona məxsus həmin torpaq sahəsini Hikmət və Babək adlı şəxslər zəbt edərək qanunsuz olaraq tikinti-quraşdırma işləri aparmışlar və orada suvarma sistemi quraşdıraraq kənd təsərrüfatı məhsulları əkib becərirlər. Buna görə də, Şixəli Ağayev onları həmin torpaq sahəsinə göndərmişdir ki, bu hadisənin baş verib-vermədiyini dəqiqləşdirsinlər. Onlar üçü də həmin 1 ha torpaq sahəsinə yaxınlaşdıqda həqiqətən də sözü gedən torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması, orada kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi və qulluq edilməsi, suvarma sistemi çəkilməsi və bir otaqlı kiçik yerin tikilməsi məlum olmuşdur. Onlar həmin torpaq sahəsinə baxış keçirən zaman tanımadığı bir nəfər şəxs onlara yaxınlaşmış və özünün Hikmət adı ilə tanış edərək onları qorxutmağa başlamış, bu torpaq sahəsində nə etdiklərini soruşmuşdur. Onlar həmin torpaq sahəsinin Şixəli Ağayevə məxsus olmasını və bu məhsulların kim tərəfindən əkilməsini soruşmuşlar. Hikmət adlı şəxs isə əsəbi şəkildə onlara hədə-qorxu gələrək əllərində olan mobil telefonları zorla əlindən almaq istəmiş və həmin torpaq sahəsinin onun olduğunu, onların həmin torpaq sahəsinə qanunsuz daxil olduğunu bildirmiş, bu torpaq sahəsinin babasından ona qaldığını, babasına məxsus olduğunu və onları həbs edəcəyini demişdir. Onlar nə baş verdiyini başa düşməmişlər və Hikmət başqa bir kimisə oraya çağırmışdır. Bir neçə dəqiqə sonra Hikmətin qardaşı Babək kimi təqdim etdiyi şəxs yanında üç nəfər tanımadığı şəxslərlə birlikdə onlara yaxınlaşmış və onların torpaq sahəsindən çıxmağına mane olaraq azadlıqlarını məhdudlaşdırmışlar. Onlar bu hərəkətlərin qanunsuz olduğunu, cinayət məsuliyyətinə səbəb olduğunu desələr də, onlara əhəmiyyət verməmişlər və Hikmət adlı şəxs əsəbi şəkildə onları azadlığa buraxmayacağını demişdir. Bu zaman Mehdi mobil telefonu vasitəsilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bunu görən Hikmət adlı şəxs də öz mobil telefonu ilə 102 xidmətinə zəng edib hadisə yerinə çağırmışdır. Sonradan polis əməkdaşları hadisə yerinə gəlmişlər. Yalnız bundan sonra Hikmət və qardaşı Babək onları buraxmışlar və polis əməkdaşları onları 30-cu PŞnə dəvət etmişlər. Orada o, hadisə barədə izahat yazmışdır. Həmin hadisədən halhazıradək Hikmət və qardaşı Babək tərəfindən hələ də həmin torpaq sahəsi qanunu sahibinə qaytarılmamış və qanunsuz olaraq zəbt olunmaqla kənd təsərrüfatı məhsulları əkilib becərilmişdir. Hadisə zamanı orada heç kim xəsarət almamışdır. Hadisə baş verən zaman həmin 1 ha torpaq sahəsi Şixəli Ağayevə məxsus olmuş və DƏDRX-dən Şixəli Ağayevə çıxarış verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 Nuhu oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0 ha torpaq sahəsi üzərində Şahid2 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 02 fevral 2013-cü il tarixdə ********** qeydiyyat və **********64 m(seriya RX 0118176) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda icarəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0 ha torpaq sahəsi Zərərçəkmiş şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 356 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində 18 avqust 2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. 12 fevral 2013cü il tarixli **********64 reyestr nömrəli çıxarışla Şahid2 mülkiyyətində olan 1.0 ha torpaq sahəsi 15 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 18 avqust 2022-ci il tarixli **********64 reyestr nömrəli çıxarışla Zərərçəkmiş şəxs mülkiyyətinə verilmişdir. İş materiallarında olan Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, ********** qeydiyyat nömrəli torpaq sahəsi Suraxanı rayonu, Hövsan qəsəbəsinin inzibati ərazisində yerləşir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 796876 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından 10 avqust 2022-ci il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan İ-AZ seriyalı 101700 nömrəli və İİ-JQ seriyalı 487424 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 01 avqust 1973-cü il təvəllüdlü X6 xx xxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qardaşıdır. İş materiallarında olan AZE seriyalı 01797836 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxsin anası X1 27 noyabr 1946-cı il təvəllüdlüdür. İş materiallarında olan X12 tərəfindən verilmiş “kranial MRT və MR angioqrafiya” ilə bağlı çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin qardaşı X3 “diffuziya ağırlıqlı görüntülərdə sağ beyincik yarımkürəsində erkən yarımkəskin fazada geniş insult sahəsi izlənilir, hemorragik transformasiyaya bağlı insult sahəsinin tərkibində kiçik qansızma ocaqları qeyd edilir”. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə hər hansı bir ziyanın dəyməməsini, əməlindən peşman olmasını, himayəsində bir nəfər azyaşlı uşağının, xəstə qardaşının və yaşlı anasının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.5 və 228.4-cü maddələri təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli qərarı ilə 11 ay 26 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş və 14 sentyabr 2016-cı ildə cəza müddəti başa çatmışdır. Hazırkı iş üzrə cinayəti törətdiyi vaxt Təqsirləndirilən şəxs yuxarıda göstərilən məhkəmə aktları üzrə məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün qismən etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxs və şahidlər ifadələri, işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü və həddini təyin edərkən belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə törətdiyi əməldən qismən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alınaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilməli, sınaq müddəti 03 (üç) il müəyyən edilməli və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356 – 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 03 (üç) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-134/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-134/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver