Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-135/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, fərdi əməklə məşğul olan, sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, 24 iyun 2020-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 13 oktyabr 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, donuzçuluq sovxozunda yerləşən nömrəsiz evdə, faktiki nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sillə və yumruq zərbələri ilə sonuncunu qəsdən vuraraq, ona alt çənə nahiyyəsinin sıyrıqları, sol gözətrafı yumşaq toxumaların qançırı, həmin gözün ağlı qişasına qansızmaları ilə nəticələnən, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ilin aprel ayında Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanış olmuş, bir müddətdən sonra tanışlıqları sevgi münasibətinə çevirilmişdir. O, rəsmi olaraq evli olduğundan Dilarə ilə rəsmi nikah bağlaya bilməmiş, lakin Dilarə ilə dini kəbin kəsdirib ər-arvad kimi faktiki nikah münasibətlərində yaşamağa başlamışdır. Dilarə həyat yoldaşından boşandığı üçün bir azyaşlı qızı ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, donuzçuluq sovxozu, nömrəsiz evdə yaşayır. Rəsmi nikahda olduğu arvadı isə onun Dilarə ilə münasibətlərini bildiyi üçün onunla danışmadığından o, Dilarənin yaşadığı evdə qalır. Həftədə bir neçə dəfə isə uşaqlarına baş çəkərək onların problemləri ilə maraqlanır. 13 oktyabr 2020-ci il tarixdə, saat təxminən 20 radələrində Dilarənin yaşadığı evə gəlmiş, həmin günü əsəbi olduğundan, habelə Dilarə onun mobil telefon nömrəsinə kontur yükləmədiyindən Dilarə ilə mübahisə etmişdir. Həmin vaxt Dilarənin ona cavab qaytarmasından əsəbləşib sonuncunun sifət nahiyyəsinə sillə və yumruqla zərbələr vurmağa başlamışdır. Dilarə onun əlindən çıxaraq həyətə düşmüş, bir neçə dəqiqədən sonra isə evə qayıtmışdır. Fikir verdikdə vurduğu zərbələr nəticəsində Dilarənin sifət nahiyyəsindən xəsarət aldığını görüb etdiyi əməlindən peşman olub Dilarədən üzr istəmişdir. Dilarə isə əsəbi olduğundan ağlaya-ağlaya otağa keçərək qapını bağlamış və ona ər-arvad münasibətlərinin qurtardığını bildirmişdir. Növbəti gün isə Dilarənin baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib məlumat verdiyini, daha sonra isə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət etdiyini eşitmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, həyat yoldaşından boşandığından və subay olduğundan 2019-cu il aprel aynda Təqsirləndirilən şəxs ilə tanış olmuş, Oqtay evli olduğundan onlar rəsmi nikah bağlaya bilməmişlər, lakin dini kəbin kəsdirərək faktiki nikah münasibətlərində yaşamağa başlamışlar. Birgə yaşadıqları müddət ərzində Oqtayla dəfələrlə ailə daxili mübahisələri olmuş və sonuncu həmişə onu nəlayiq küçə söyüşləri ilə təhqir edərək döymüşdür. 13 oktyabr 2020-ci il tarixdə, təxminən saat 20 radələrində Oqtay ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, donuzçuluq sovxozu, nömrəsiz evə gələrək heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Oqtaydan niyə belə etdiyini soruşduqda sonuncu ondan mobil telefon nömrəsinə kontur yükləməməyinin səbəbini soruşmuşdur. Oqtaya, başı qarışıq olduğundan onun mobil nömrəsinə kontur yükləməyi unutduğunu demişdir. Oqtay onun bu sözündən əsəbləşərək, nəlayiq küçə söyüşləri ilə onu təhqir etməyə başlamış sonra isə onun üstünə gələrək sillə və yumruqla onun sifət nahiyəsinə zərbələr vurmağa başlamışdır. Oqtayın əlindən gücnən çıxaraq evdən həyətə çıxmış və bir neçə dəqiqə həyətdə gəzdikdən sonra evə qayıtmışdır. Səhəri gün yəni 14 oktyabr 2019-ci il tarixdə Oqtayın onu döyməsi nəticəsində sifət nahiyyəsində olan ağrılardan əsəbləşərək zəng edib hadisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermiş, sonradan isə şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 15 oktyabr 2020-ci il tarixli, 953 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində alt çənə nahiyyəsinin sıyrıqları, sol gözətrafı yumşaq toxumaların qançırı, həmin gözün ağlı qişasına qansızmalar kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edillən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 13 oktyabr 2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. İş materiallarında olan 29 mart 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış, üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs, ona məxsus olan evdə olduqları zaman aralarında yaranmış mübahisə zamanı sillə və yumruqla sifət nahiyyəsindən vuraraq ona xəsarət yetirdiyini Təqsirləndirilən şəxs üzünə deməklə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər eyni əmələ görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində biri azyaşlı ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 dekabr 2020-ci il tarixli məlumatından və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə həmin hökmlə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, 24 iyun 2020-ci ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü üzrə cəzasını çəkib qurtardığı gündən 01 il keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Lakin, Azərbaycan Respublikası CM-nin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, həmçinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, habelə Təqsirləndirilən şəxs həmin hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Buna görə də məhkəmə, yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduğu Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu, habelə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq hesab edir ki, həmin məhkumluq, hazırki iş üzrə cinayətin residivi növündə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-135/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-135/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver