Məhkəmə qərarları › İş №1(010)-135/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-135/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-135/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 27 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 aprel 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-135/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 21 aprel 2025-ci il tarixdə tutulmuş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda çəkisi 1,442 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Xətai rayonu, Əhmədli qəsəbəsində istintaqa məlum olmayan mənbədən 10 manata əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 27 aprel 2024-cü il tarixdə saat 23:30 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 33cü PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 1,442 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, azadlığa çıxdıqdan sonra, yəni bir ildən artıqdır ki, narkotik vasitə istifadə etmir. Ümumiyyətlə, metamfetamin istifadə etməmişdir, narkotik vasitənin “kokos” növündən istifadə etmişdir. Tanımadığı beş nəfər şəxs mülki geyimdə onun evinə gəlmiş, özlərini təqdim etmiş, üstünü və evi yoxlamış, heçnə tapa bilməmişlər. Sonra onu evdən çıxarmış, avtomobillə polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs son sözündə onda qeyd olunan psixotrop maddə olmadığını, evdən tutulub aparıldığını qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27 aprel 2024-cü il tarixdə saat 13 radələrində Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən on manata öz şəxsi istifadəsi üçün bir ədəd bükümdə patı kimi tanıdığı psixotrop maddə alaraq sonra istifadə etmək üçün əynindəki şalvarın cibinə qoymuşdur. Gecə saat 23:30 radələrində Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yaşadığı ünvana gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməsini tələb etmişlər. O da özünü təqdim etmişdir. Onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 33-cü polis bölməsinə dəvət etmişlər. 33-cü polis bölməsinə gətirildikdən sonra vəkil dəvət olunmuşdur. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Ona üzərində olan dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə içərisində patı olan bükümü çıxararaq stolun üstünə qoymuşdur. Sonra əynində olan paltarlar axtarılmışdır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Gütürülmüş bir ədəd büküm boş zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş psixotrop maddədən başqa hər hansı yerdə psixotrop maddə saxlamır. O, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni öz şəxsi istehlakı üçün əldə etmiş, lakin istifadə etməyə macal tapmamışdır. Ona qarşı heç bir fiziki təyziq və zorakılıq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz əldə edilməsi, daşınması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 27 aprel 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 23:30 radələrində Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 4 ünvanının yaxınlığına gəlmişlər. Həmin küçədə hərəkət edən xarici görünüş əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməsini tələb etmişlər. O, da Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, üzərində saxlanılmasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını, Ərəstun Namaza onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə getməli olduğunu bildirmişlər. Polis Bölməsinə getdikdən sonra xidməti otaqda Namazov X2 RPİ-nin 33-cü PB-nin təhqiqatçı, polis kapitanı Ruslan Mirzəliyev tərəfindən şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. X3 əvvəlcə özünü, şəxsi axtarışda iştirak edən onu (Şahid1), 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 təqdim etmişdir. X4 Namazova AR CPM-nin 246-cı maddəsində nəzərdə tutulan ona izah olunmuş müddəaların aydın olması barədə sual vermişdir. Təqsirləndirilən şəxs həmin müddəaların ona aydın olduğunu bildirmişdir. X4 Namazova müraciət edərək özünü təqdim etməsini və özü barədə anket məlumatlarını bildirməsini tələb etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan olan içərisində ağ rəngli maddə olduğu görünən bükümü stolun üstünə qoymuşdur. X3 həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi bərədə soruşmuş, Təqsirləndirilən şəxs həmin bükümdə metamfetamin adlı psixotrop maddə olduğunu, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün 10 manata Əhmədli qəsəbəsində tanımadığı şəxsdən əldə edərək üzərində gəzdirdiyini bildirmişdir. O, əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində ağ rəngli maddə olduğu görünən 01 ədəd sellofan büküm Ruslan Mirzəliyev tərəfindən 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 iş üzrə digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 00:15-də şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 23:30-dan tutulmuş hesab edilir (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə şəffaf rəngli, kristal şəkilli metamfetaminə oxşar maddəni təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş həmin bükümdə metamfetamin adlı psixotrop maddə olduğunu, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün 10 manata Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərində başqa hər hansı qanunla qadağan olunmuş əşya, predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş bir ədəd büküm zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir (i.v. 31-32); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 106-112); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2344 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №171” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,442 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 1,442 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 1,392 qram (i.v. 39-43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 53-54); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 67-69); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 71-72); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat AR CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 88); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 91); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli, 4713 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 92-93); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Namazov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (i.v. 94-95); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-358/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 15 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir (i.v. 96-100); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 102); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xalis çəkisi 1,442 qram, tədqiqatdan sonra qalıq qalmış 1,392 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, video görüntüləri əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 106-112); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-135/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, həbsdə saxlanılma müddətinin cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilməsi, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanması, onun olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, xüsusən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş materiallarında olan digər sübutlar, habelə şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirildiyi cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X7 görə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. X5 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı ifadəsində tam etiraf etsə də, məhkəmə istintaqı zamanı isə evdə olarkən tutulduğunu, tutulan vaxt üstündə psixotrop maddə olmadığını, polis əməkdaşları ona təyziq etdiyi üçün üzərində psixotrop maddə olmasını boynuna aldığını bildirmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə qeyd etdiyi xüsusatlarla əlaqədar hər hansı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən də aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi görünür. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmişdir. Videogörüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, hüquq və vəzifələri izah edilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə şəffaf rəngli, kristal şəkilli metamfetaminə oxşar maddəni təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş həmin bükümdə metamfetamin adlı psixotrop maddə olduğunu, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün 10 manata Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərində başqa hər hansı qanunla qadağan olunmuş əşya, predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş bir ədəd büküm zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış aparılmasına dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Görüntüdə Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Digər tərəfdən, Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilən ambulator məcburinarkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Buna görə də, onun məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü qismində qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 1,442 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə, Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 65 (altmış beş) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 176 (yüz yetmiş altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 21 aprel 2025ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 176 (yüz yetmiş altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 1,392 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar