Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-136/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1998-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ibtidai təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Trumbaza” deyilən yerin yaxınlığında nömrəsiz ünvanda kirayədə yaşayan, 18 – xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu ildə saat 13:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, döngə 8 ünvanında dayanmış və Zərərçəkmiş şəxs məxsus olan “Toyota Camry” minik markalı 90NS448 dövlət qeydiyyat nişanlı avtomobilin arxa qapısının pəncərəsinin açıq olmasından istifadə edib əlini içəriyə salıb qapını açaraq avtomobilə əyləşmiş, avtomobilin idarəetmə panelində olan əşya qutusundan 7.000 manat miqdarında nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 7.000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxxxxxx 2019-cu ildə saat 13:30 radələrində yaşadığı evin yaxınlığı ilə Suraxanı qəsəbəsinə tərəf piyada gedərkən Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsində, yol kənarında qara rəngli «Toyota Camry» markalı avtomobilin durduğunu, onun şüşəsinin aşağı salınmış vəziyyətdə, yəni açıq olduğunu görmüşdür. Həmin anda avtomobilin salonuna daxil olub oradan hər hansı qiymətli əşya və ya pul oğurlamaq qərarına gəlmiş, bu məqsədlə ətrafa baxıb heç kəsin onu görmədiyinə əmin olduqdan sonra əlini avtomobilin açıq şüşəsindən içəri salaraq qapısını açmış və avtomobilə əyləşib içərisini axtarmağa başlamışdır. Cihazlar panelinin əşya qutusunu açdıqda orada 2 ədəd rezinə bağlanmış 100 və 50 manatlıq əsginaslardan ibarət pul olduğunu görmüşdür. Dərhal həmin pulu götürüb cibinə qoymuş və avtomobildən düşüb oradan uzaqlaşmışdır. Bir qədər sonra həmin pulları saydıqda 7.000 manat olduğunu bilmişdir. Həmin gündən sonra bir daha yaşadığı evə getməmiş və oğurladığı pulla özü üçün Yasamal rayonu ərazisində kirayə mənzil tutub, orada yaşamağa başlamışdır. Oğurladığı pul barədə heç kəsə heç nə deməyib. Həmin pulu neçə ay ərzində öz ehtiyaclarına xərcləmişdir. Həmin puldan hazırda heç bir məbləğ qalmayıb. Tutulmazdan təxminən 2 – 3 ay əvvəl ailə üzvləri ilə əlaqə saxladıqda bilmişdir ki, törətdiyi oğurluğa görə onu Suraxanı Rayon Polis İdarəsindən axtarırlar. Tutulmaqdan qorxduğuna görə yaşadığı evə gəlməmiş, polisdən gizlənməyə çalışmışdır. xx xxxxxx 2020-ci ildə Binə qəsəbəsində olduğu vaxt onu polis əməkdaşları saxlayaraq Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, “Toyota Camry” minik markalı 90NS448 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur.Özü ticarətlə məşğul olur. Bir sıra hallarda satıcılardan nisyə mal alır, satdıqdan sonra isə mal sahiblərinin pulunu ödəyir. Daha əvvəl nisyə aldığı malların dəyərini satıcılara çatdırmaq üçün xx xxxxxxxx 2019-cu ildə səhər tezdən evdən ayrılıqda rezinlə bağlanmış 2.000 manat və 5.000 manat məbləğində pul götürmüş, həmin 7.000 manat məbləğində pulu yuxarıda qeyd olunan avtomobilinin idarəetmə panelində olan əşya qutusuna qoymuşdur ki, gün ərzində mal sahiblərinə çatdırsın. Evdən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsində yaşayan qayınatasıgilə getmişdir. Saat 11:30 radələrində ailəsi üçün alış-veriş etmək məqsədilə ailə üzvlərini də götürüb Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinə getmiş və təxminən bir saat alver etdikdən sonra ailə üzvləri ilə birlikdə qayınatasıgilə qayıtmışdır. Orada bir müddət qaldıqdan sonra Dərnəgül yoluna getmişdir ki, orada olan mal sahiblərinə pul borcunu qaytarsın. Lakin pulu qoyduğu yerə, yəni avtomobilin əşya qutusuna baxdıqda 7.000 manatın orada olmadığını görmüşdür. Bununla bağlı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. İlk olaraq ehtimal edirdi ki, pul Bakıxanov ticarət mərkəzində oğurlanıb. Ona görə Bakıxanov ticarət mərkəzinə getmiş və polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları gəldikdən sonra onlarla birlikdə ətrafdakı videokameraların görüntülərinə baxmış, bu vasitə ilə müəyyən etmişlər ki, avtomobil ticarət mərkəzində olan vaxt ona heç kəs yaxınlaşmayıb. Daha sonra qayınatasının yaşadığı ünvana getmiş, yaxınlıqda yaşayan qonşulardan xahiş edib evlərinin hasarlarına quraşdırılmış videokameraların görüntülərinə baxmışdır. Həmin görüntülər vasitəsilə müəyyən etmişdir ki, bir nəfər naməlum şəxs onun avtomobilinin yanında özünü şübhəli aparır. Soruşub müəyyən etmişdir ki, həmin adamın adı Cəlil, atasının adı isə Rövşəndir. Soraqlaşıb Rövşənin Günəşli qəsəbəsində işlədiyi avtomobil təmiri sexinə getmiş və baş verənləri ona danışmışdır. Rövşən ona söz vermişdir ki, oğlu Cəlili tapıb ona məlumat verəcək. Bununla bağlı Rövşən ondan istifadəsində olan mobil nömrəni də almışdır. Həmçinin söhbət zamanı məlum olmuşdur ki, Cəlil xx xxxxxxxx 2019cu il tarixindən etibarən evə gəlməyib.Zərərçəkmiş şəxs bildirir ki, təqsirləndirilən şəxs ona vurduğu zərərdən heç bir məbləğ ödəməyib. Ona görə də təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, avtomobil təmiri sexində işləyir. Təqsirləndirilən şəxs onun oğludur. xx xxxxxxxx 2019-cu ildə səhər evdən çıxıb işə getmişdir. Axşam qayıtdıqda Cəlilin evə gəlmədiyini görmüş, onunla əlaqə saxlamaq istəmiş, lakin Cəlilin nömrəsinə zəng çatmadığına görə bu mümkün olmamışdır. Beləliklə, Cəlilin harada olması barədə uzun müddət ərzində xəbəri olmayıb. Şahid həmçinin qeyd edir ki, dəqiq xatırlamadığı tarixdə zərərçəkmiş şəxs onun işlədiyi yerə gələrək avtomobilindən 7.000 manat məbləğində pul oğurlandığını, bununla bağlı Cəlildən şübhələndiyini bildirmişdir. Nəcəfə bildirmişdir ki, oğlu xx xxxxxxxx 2019-cu ildə evdən gedib və bir daha qayıtmayıb. Hazırda da onun harada olduğunu bilmir. Eyni zamanda zərərçəkmiş şəxsə söz vermişdir ki, oğlunu tapacağı təqdirdə ona məlumat verəcək. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxxx 2020-ci il tarixli 952 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs «emosional davamsiz şəxsiyyət pozuntusuaşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, SN Respublika Psixiatriya Xəstəxanasında müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllq və ya sair psixi xəstəlik qeyd olunmur, emosional davamsiz şəxsiyyət pozuntusuaşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsiz şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, gəncliyini, xəstəliyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 – xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-136/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-136/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver