Məhkəmə qərarları › İş №1(010)-136/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-136/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-136/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1973-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Yardımlı rayonunun Şəfəqli kəndində qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 21V, mənzil 39 yaşamış və barəsində “həbs” qismində qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özgəsinin əmlakını gizli olaraq talama məqsədilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talamaq məqsədilə 13 yanvar 2020-ci il tarixdən 14 yanvar 2020-ci il tarixə keçən gecə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən və Zərərçəkmiş şəxs1 məxsus olan birmərtəbəli həyət evini görüb, oradan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə həmin evin həyətinə hasardan aşıb düşərək, həyətdə olan evə yaxınlaşmış, evin plastik pəncərəsini dəmir vintaçanla sıxıb açaraq evə girmiş, divara çəkilmiş elektrik naqillərini söküb oğurlayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 1573 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgəsinin əmlakını gizli olaraq talama məqsədilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talamaq məqsədilə 13 yanvar 2020-ci il tarixdən 14 yanvar 2020-ci il tarixə keçən gecə, saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən birmərtəbəli həyət evinə plastik pəncərəni dəmir vintaçanla açmaq yolu ilə qanunsuz daxil olaraq, oradan cəmi 1200 manat dəyərində divara çəkilmiş elektrik naqillərini söküb oğurlayan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və beləliklə də, öz iradəsindən asılı olmayaraq öz qanunsuz əməlini həyata keçirə bilməyərək, nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq, 01 ədəd bükümdə təmiz çəkisi 0.775 qram narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, 25 yanvar 2021-ci il tarixdə, saat 07:30-da Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Hövsan” marketin qarşısında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini həyata keçirən zaman onun əynində olan qara rəngli cins şalvarın sağ cibindən şəxsi istehlak miqdarından artıq 01 ədəd bükümdə təmiz çəkisi 0.775 qram narkotik vasitə tiryək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanda yerləşən, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, 13 yanvar 2020-ci il tarixdə saat 18 radələrində tanışı X3 ilə Hövsan qəsəbəsində görüşmüşdür. Söhbət zamanı Fizuli ona evlərə girib oğurluq edərək, qazanc əldə etməyi təklif etmiş və onun pula ehtiyacı olduğu üçün onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra 13 yanvar 2020-ci il tarixdən 14 yanvar 2020-ci il tarixə keçən gecə o, Fizuli ilə birlikdə Hövsan qəsəbəsində “kənd Hövsan” deyilən yerdə həyət evləri olan tərəfdə piyada şəkildə gəzərək, oğurluq etmək üçün ev axtarmağa başlamışlar. Bu zaman orada olan yan-yana iki ədəd birmərtəbəli evi görüb, oradan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə həmin evlərdən birinin həyətinə hasardan aşıb düşərək, həyətdə olan evə yaxınlaşmışlar. Fizuli və o, həmin evin plastik pəncərəsini üzərində olan dəmir vintaçanla sıxıb açmış və əvvəlcə Fizuli, Fizulinin arxasınca isə o, həmin evə girmişlər. Bu zaman həmin evdə təmir getdiyini görüb, evdə oğurlamağa hər hansı bir əşya tapa bilməmiş və divara çəkilmiş elektrik naqilini dartıb divardan sökərək, topa şəklində yığıb, evə daxil olduğu pəncərədən çölə çıxmışlar. Həmin vaxt Fizulidə olan çantanın içinə həmin divardan sökdükləri elektrik naqilini yığmışlar ki, heç kim görməsin. Sonra isə hasardan çölə çıxmış və oğurladıqları elektrik naqilini həmin evin arxa hasarının yanına qoymuşlar. Bundan sonra həmin evə yaxın olan digər evin hasarından həyətə düşmüş və həmin evin plastik pəncərəsini Fizulidən aldığı vintaçanla sıxıb açmışdır. Sonra onlar həmin pəncərədən evə daxil olmuşlar. Onlar evdə divara çəkilmiş elektrik naqillərini söküb oğurlayan zaman polis əməkdaşları həmin oğurluq etmək üçün girdikləri evə daxil olub onları tutmuşlar. Orada etdikləri oğurluq əməlini səmimi olaraq etiraf etmiş və digər evdən oğurladıqları elektrik naqilinin yerini polis əməkdaşlarına göstərmişlər. Bundan sonra Fizuli ilə onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər və onlar polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişlər. Hadisə 13 yanvar 2020-ci il tarixdən 14 yanvar 2020-ci il tarixə keçən gecə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nomrəsiz ünvanda yerləşən yan-yana fərdi yaşayış evlərində baş vermişdir. Qeyd etdiyi iki oğurluq əməlindən başqa Fizuli başqa vaxtlarda etdiyi oğurluq cinayət əməlini törətdiyi zaman onun yanında olmamış və bu barədə məlumatı belə olmamışdır. Bu oğurluq əməllərini Fizuli ilə birlikdə törəmişlər. Həmin oğurluq əməllərini törətmələri barədə kimsə onlara məsləhət verməmiş və başqa kənar kimsə bu cinayət əməllərində onlara köməklik etməmişdir. Göstərdiyi iki oğurluq əməlindən başqa heç bir oğurluq əməlini törətməmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, o, heroin və şüşə kimi tanıdığı narkotik maddədən inyeksiya yolu ilə istifadə etmişdir. Son zamanlar artıq heroin və şüşə kimi tanıdığı narkotik maddələrdən istifadə etməmiş, narkotik maddə olan tiryəkdən istifadə etmişdir. O, Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün narkotik maddə olan tiryəki almışdır. 24 yanvar 2021-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında adını belə bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 (on) manat nağd pul ödəyərək bir büküm tiryək kimi tanıdığı narkotik maddəni almışdır. 24 yanvar 2021-ci il tarixdə bu narkotik vasitənin bir qismini istifadə etmiş, qalıq hissəsini sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. 25 yanvar 2021-ci il tarixdə, səhər saatlarında o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Hövsan” marketin qarşısında olan zaman, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt o, üzərində narkotik maddə olan tiryək olduğu üçün həyəcanlanaraq nə edəcəyini bilməmişdir. Polis əməkdaşları ondan şübhələnərək sorğu-sual etməyə başlamışdır. O, özünü şübhəli aparmasının səbəbi kimi üzərində narkotik maddə olan tiryəkin olmasını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ona 30-cu Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən 30-cu Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində olduğu zaman onun şəxsiyyəti müəyyən olunmuşdur. Polis əməkdaşları ona videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Vəkilinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Polis əməkdaşları videoçəkilişlə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Bu zamaq o, üzərində saxlamaqla daşıdığı, içərisində tiryək kimi tanıdığı narkotik maddə olan bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi cinayət əməllərindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, bir ildən artıqdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən torpaq sahəsini almış, həmin yerdə birmərtəbəli fərdi yaşayış evi tikmiş, lakin tikdiyi evdə yaşamamış, orada kiçik təmir işləri aparıldığı üçün demək olar ki, hər gün gedib evinə baş çəkmişdir. Qeyd olunan yaşayış evindən və ətraf evlərdən dəfələrlə oğurluq edilmişdir. 14 yanvar 2020-ci il tarixdə səhər saatlarında o, həmin evinə gedib baş çəkmiş və axşama kimi həmin evdə gedən tikinti işlərinə nəzarət etmişdir. 14 yanvar 2020-ci il tarixdə, axşam saat 19 radələrində isə ustalarla birlikdə evdən çıxıb yaşadığı evə gəlmişdir. 15 yanvar 2020-ci il tarixdə həmin evinə təmir işləri ilə bağlı getmiş yə həyətə daxil olduqda, evin yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, dərhal evin çöl qapısını açıb evə daxil olmuş və bu zaman evin divarına çəkilmiş və istifadəyə hazır olan elektrik naqilinin divardan sökülərək oğurlandığını aşkar etmişdir. O, dərhal polisə gedərək, baş vermiş oğurluq hadisəsi barəsində ərizə yazmışdır. Həmin hadisə nəticəsində ona 1573 (min beş yüz yetmiş üç) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən və təmiri davam edən fərdi yaşayış evi vardır. Qeyd olunan yaşayış evindən və ətraf evlərdən dəfələrlə oğurluq edilmişdir. O, arada gedib həmin həyət evinə baş çəkmişdir. 13 yanvar 2020-ci il tarixdə o, həmin təmiri davam edən evinə gedib baş çəkmiş və həmin vaxt evdə hər şey qaydasında olmuşdur. 13 yanvar 2020-ci il tarixdən 14 yanvar 2020-ci il tarixə keçən gecə naməlum şəxslər onun həyət evinə plastik pəncərəni dəmir vintaçanla açmaq yolu ilə qanunsuz daxil olaraq, oradan cəmi 1200 manat dəyərində divara çəkilmiş elektrik naqillərini söküb oğurlayan zaman, polis əməkdaşları tərəfindən saxlanılmışlar. Cinayət əməli nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 25 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmət aparan zaman “Hovsan” marketin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən soruşmuşlar ki, “şəxsiyyətinizi təsdiq edən sənədi göstərə bilərsiniz?” Həmin şəxs həyacanlı şəkildə cavablar verməyə başlamışdır. Həmin şəxsin hərəkətləri onlarda şübhə yaratdığından, həmin şəxs ilə sorğu-sual etmişlər. Həmin şəxs özünü şübhəli aparmasının səbəbi kimi üzərində narkotik vasitə saxlamağını göstərmişdir. Bundan sonra onlar həmin şəxsi Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən, onlar ilə birlikdə 30-cu Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində olduqları zaman həmin şəxsin şəxsiyyəti müəyyən olunmuşdur. Belə ki, həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində olan inzibati otaqların birində Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərinə videoçəkiliş ilə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs soruşulmuşdur ki, “üzərinizdə dövriyyəsi qadağan olunmuş əşya vardırımı, əgər varsa, xahiş edirik onları könüllü şəkildə təqdim edin”. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd büküm tədqim edərək demişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə kimi tanıdığı tiryək vardır və həmin bükümü 24 yanvar 2021-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında, adını belə bilmədiyi şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır, lakin Təqsirləndirilən şəxs özünün könüllü tədqim etdiyi bükümdən başqa üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi büküm zərfə qoyularaq, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin büküm tərkibinin müəyyən olunması üçün ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək, analoji ifadə vermişdir. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 4(010)-12/2020 saylı 17 yanvar 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17.01.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 4(010)-77/2020 saylı 10 aprel 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 15.06.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan qərardan müəyyən olunur ki, 15 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 4(010)-45/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 25.01.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 04 mart 2020-ci il tarixli 4921 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadədə olmuş müxtəlif markalı malların 2019-cu ilin dekabr-2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2158,70 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərildiyi kimi belədir: 1. Almaniya istehsalı olan “Bosch Sphera” markalı, göy rəngli, 2100 W-luq tozsoran 01 ədəd - 50 manat; 2. Macarıstan istehsalı olan “Samsung” markalı, “LE32C530F1W” modelli plazma televizor 01 ədəd - 220 manat; 3. Malaziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” modelli plazma televizor 01 ədəd 450 manat; 4. Üzərində markalanmasına dair heç bir məlumat olmayan elektron şəkil aparatı 01 ədəd - 20 manat; 5. Çin istehsalı olan “Candan" markalı boru birləşdirmək üçün istifadə olunan qızdırıcı aparat 01 ədəd 30 manat; 6. Üzərində “Craft JSV-650P” yazıları olan elektron mişar 01 ədəd - 30 manat; 7. “Euromax”. markalı, 2500 W-luq, uzun müddət istifadədə olmuş laqunda 01 ədəd – 40 manat; 8. “Makita” markalı drel 01 ədəd - 30 manat; 9. “Casals” markalı laqunda 01 ədəd - 35 manat; 10. Müxtəlif rəngli donlar 01 ədədi - 10 manat olmaqla, 04 ədədi - 40 manat; 11. Atlas materialı olan cibli ətək 01 ədəd - 8 manat; 12. Şortik 01 ədədi - 10 manat olmaqla, 02 ədədi - 20 manat; 13. Müxtəlif rəngli qadın üçün köynəklər 01 ədədi - 5 manat olmaqla, 02 ədədi - 10 manat;

14. Üzərində “DY7500L” yazıları olan, uzun müddət istifadədə olmuş elektrik ötürücü generator aparatı 01 ədəd - 350 manat; 15. Yataq üçün nəzərdə tutulan döşəyin parça üzlüyü 01 ədəd - 5 manat; 16. Üzərində “X5” yazıları olan elektrik yuvası 01 ədəd - 5 manat; 17. Türkcə istehsalı olan “Sunny” markalı, “SN32DİL04/0202” modelli, qara rəngli plazma televizor 01 ədəd Ç 200 manat;

18. Elektrik naqilləri (300 m) 01 metri - 0,50 manat olmaqla 300 metri - 150 manat; 19. Qırmızı rəngli yorğan 01 ədəd - 10 manat; 20. “Arshia” markalı çəngəl-bıçaq dəsti taxta qutuda 01 ədəd - 120 manat; 21. “İmpact Drill” markalı, 500 W-luq, narıncı rəngli drel 01 ədəd - 25 manat; 22. “Sokol” markalı, “OPD-125/950” modelli, 950 W-luq laqonda 01 ədəd - 30 manat; 23. “Playstation 3” markalı, “CECH-3004B” modelli oyun aparatı 01 ədəd -200 manat; 24. Müxtəlif formalı şiişə stəkanlar 01 ədədi - 01 manat olmaqla, 05 ədədi - 05 manat; 25. Müxtəlif formalı boşqablar 01 ədədi - 01 manat olmaqla, 03 ədədi - 03 manat; 26. Müxtəlif formalı nəlbəkilər 01 ədədi - 0,50 manat olmaqla, 03 ədədi 1,50 manat; 27. Üzərində gül şəkli olan çaynik 01 ədədi - 05 manat; 28. Kiçik ölçülü göy rəngli şüşə meyvə qabı 01 ədəd - 05 manat; 29. Göy rəngli mürəbbə qabı 01 ədəd - 03 manat; 30. Ağ rəngli dəmir stəkan 01 ədəd - 0,20 manat; 31. Elektrik uzadıcı naqil 01 ədəd - 03 manat; 32. Üzərində “Starex” yazıları olan, göy rəngli tutacağı olan əl mişarı 01 ədəd - 03 manat; 33. Qara rəngli tutacağı olan bıçaq 01 ədəd - 15 manat; 34. Təmir üçün istifadə olunan dəmir alətlər (şpakel) 01 ədədi - 2 manat olmaqla, 02 ədədi - 04 manat; 35. Dəmir mişar (yarı hissəsi) 01 ədədi - 10 manat; 36. Yapışqan əritmək üçün istifadə olunan 80 W-luq qızdırıcı aparat 01 ədəd - 05 manat; 37. Qara-göy rəngli dəmir yapışdırmaq üçün istifadə olunan elektrik qaynaq aparatı (lehim aparatı) 01 ədəd - 05 manat; 38. Almaniya istehsalı olan “X8” markalı aparat (üzadıcı) 01 ədəd - 05 manat; 39. Elektrik venteliator 01 ədəd - 03 manat; 40. Kiçik ölçülü ikimərtəbəli taxta stol 01 ədəd - 05 manat. Cəmi: 2158,7 manat. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/324 saylı 25 yanvar 2021-ci il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,775 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 18.03.2021-ci il tarixli 856 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan meteınfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)- 119/2016 saylı, 04.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İstintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-119/2016 saylı, 04.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs orlu barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - 25 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,725 qram olan narkotik vasitə tiryək məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.01.2020-ci il tarixdən 15.06.2020-ci il tarixədək həbsdə saxlandığı 05 (beş) ay müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 05 (beş) ay ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,725 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia verilməmişdir. Zərər çəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar