Məhkəmə qərarları › İş №1(010)-139/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-139/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-139/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, tərcüməçi X9, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1972-ci ildə Lənkəran şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 12 nömrəli evin 148 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 17 oktyabr 2021-ci il tarixdə, saat 06:30 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, nəqiyyait vastəsini yaşaış məntəqəsi daxilində 60 km/saat smürətdən artıq sürətlə idarə etməməli olduğu halda bu tələblərə riayət etməyərək, yaşayış məntəqəsi daxilində avtomlbili 80-90 km/saat sürətlə idarə etmiş, həmin küçədə 4 saylı ünvanın qarşısından yolu soldan sağa keçmək isətəyən piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinə daxil olduğunu gördüyü andan nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün kifayət qədər məsafə olmasına baxmayaraq, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə ona baş beyin toxumasının əzilməsi, təpə-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sağ baldır sümüklərinin qapalı sınığı, başın təpə-ənsə nahiyəsinin və sağ əlin arxa səthinin əzilmiş-cırılmış yarası, sağ əlin arxa səthinin qançırı və alının sıyrığı ilə müşayiət olunan dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs aldığı açıq kəllə beyin travması nəticəsində baş vermiş baş beyin toxumasının əzilməsindən ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2014-cü ildə hələ Rusiya Federasiyasında yaşayarkən, Volqoqrad şəhərində sürücülük kursu oxuyub “B, B-1, C, C-1” kateqoriyalı sürücülük vəsiqəsi almış və həmin vaxtdan həm Rusiyada, həm də Azərbaycanda avtomobil idarə edir. 02 ildən çoxdur Azərbaycana gəlmiş və ailəsi ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 12 nömrəli evin 148 nömrəli mənzilində müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Etibarnamə əsasında idarə etdiyi qaynatası X2 mülkiyyətində olan “VAZ-21063” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə, işləri ilə əlaqədar olaraq 17 oktyabr 2021-ci il tarixdə, saat 05:30 radələrində yaşadığı evdən Ramana qəsəbəsinə getmiş, işlərini yekunlaşdırdıqdan sonra isə, təxminən saat 06:30 radələrində oradan evə qayıtmaq üçün yola düşmüşdür. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “10-cu dairə” adlanan yerdən keçib H.Bayramov küçəsi ilə Qaraçuxur qəsəbəsi istiqamətində 80-90 km/saat sürətlə hərəkət etmişdir. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, sərnişini və yükü olmamışdır. Hava hələ işıqlanmadığından avtomobili yaxın vuran işıqlarla idarə etmişdir. İdarə etdiyi avtomobillə 01 hərəkət zolağından ibarət olan bir istiqamətli yolun sol hissəsi ilə hərəkətdə olduğu zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinə daxil olub yolun sağına keçdiyini görmüşdür. Piyadanı vurmamaq üçün dərhal əyləc pedalını basıb, avtomobilin sükanını sağa istiqamətləndirsə də, piyada yolu keçməyə davam edərək sağa qaçdığından, yolun sağ kənarına az qalmış idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. Bundan dərhal sonra avtomobili saxlayıb piyadaya yaxınlaşmış, onu idarə etdiyi avtomobillə Bakı şəhəri Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Lakin xəstəxanada həkimlər Zərərçəkmiş şəxs müayinə etdikdən sonra artıq onun öldüyünü bildirmişlər. Buna görə də zəng edib hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, sonradan Zərərçəkmiş şəxs dəfn və yas məclisi xərclərini qarşılamaqla zərərçəkmiş şəxsin hüquqi varisi Lyudmila İvanovaya ümumilikdə 2.250 manat məbləğində maddi yardım göstərmişdir. Habelə həm cinayət işinin ibtidai istintaqı, həm də işə məhkəmədə baxıldığı zaman dəymiş maddi ziyanı aradan qaldırıb, barışıq əldə etmək məqsədilə dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə görüşmək istəsə də, buna nail ola bilməmiş, sonuncu onunla görüşməkdən yayınmışdır. Buna görə də zərərçəkmiş şəxsin hüquqi varisinə, həm onun, həm də özünün qohumları vasitəsilə müəyyən məbləğdə maddi yardım təklif etsə də, həmin təkliflərdən imtina edilmişdir. Yalnız məhkəmə iclaslarından sonra görüb bilavasitə söhbət edə bildiyi zərərçəkmiş şəxsin hüquqi varisinə şikayətçi olmaması və barışıq əldə edilməsi üçün təklif etdiyi 4.000 manat məbləğində vəsaitdən də imtina olunmuş, sonuncu ondan 12.000 manat məbləğində pul vəsaiti ödəməsini tələb etmişdir. Həmin məbləğdə pulu olmadığına görə zərərçəkmiş şəxsin hüquqi varisinə notarial qaydada təsdiq olunmuş borc müqaviləsinin bağlanılmasını təklif etmiş və dəymiş ziyana görə tələb edilən məbləği hər ay hissə-hissə olmaqla ödəyəcəyinə vəd vermişdir. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi, onun bu təklifi ilə də razılaşmamış, 12.000 manatı ödəmyəcəyi təqdirdə ondan şikayətçi olacağını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirdi və qeyd etdiklərini, o cümlədən törətdiyi əməldən peşman olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, digər övladının İİ Qarabağ müharibəsi (“Vətən müharibəsi”) iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini, habelə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmədə bildirdi ki, mərhum anası Zərərçəkmiş şəxs 17 oktyabr 2021-ci il tarixdə, saat 06:30 radələrində zibilləri atmaq üçün evdən çıxmış, özü isə həmin vatx yatılı olmuşdur. Bir müddət sonra üzdən tanıdığı, lakin adını bilmədiyi qonşusu ona, “VAZ-21063” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu keçən zaman anasını vurduğunu, həmin avtomobilin sürücüsünün anasını avtomobilə mindirib apardığını bildirmişdir. O, xalası oğlu ilə yola çıxdıqda artıq orada heç kimin olmadığını görmüşdür. Bundan sonra xalası oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, anası xəstəxanaya aparılan zaman yolda ölmüşdür. “VAZ-21063” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. X8 həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs yalnız dəfn xərclərini ödəməklə kifayətlənmiş və sonradan onunla ümumiyyətlə görüşməmiş, sadəcə bir iki dəfə qohumları vasitəsilə ona barışmağı təklif etmişdir. Təqsirləndirilən şəxsə, 12.000 manat məbləğində vəsaitin nağd şəkildə ödəniləcəyi təqdirdə şikayətçi olmayacağını bildirmiş, təqsirləndirilən şəxs isə borc müqaviləsi bağlamağı və hər ay hissə-hissə ödəniş etməyi təklif etmişdir. O, təqsirləndirilən şəxsin sonradan ödənişlər etməyəcəyi təqdirdə məcbur olub mülki qaydada məhkəməyə müraciət etməli olacağından ehtiyyat edib həmin təkliflə razılaşmamışdır. Həmçinin təqsirləndirilən şəxs bankdan kredit götürüb ona ödəniş edəcəyinə dair vəd vermiş, lakin sonradan həmin vədinə də əməl etməmişdir. Hazırda isə təqsirləndirilən şəxs ona əlavə olaraq 4.000 manat təklif edir. Təklif edilən məbləğ, onun tələb etdiyi məbləğdən az olduğuna görə o, həmin təklifi qəbul etmir. Sonda X8 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 17 oktyabr 2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi, ünvan 1 ünvanın qarşısında hərəkət zolaqlarının sayı 01, örtüyünün eni 09 metr olan yolda baş vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 17 oktyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı “VAZ-21063” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ farasının şüşəsinin, radiator barmaqlığının aşağı sol küncünün sınmış, qabaq kapotun sağ hissəsinin üç yerində boyanın qopduğu, sükan, idarə etmə, tormoz, işıq sistemlərinin, digər aqreqat, mexanizm və hissələrin vəziyyətinin normal olduğu müəyyən edilmişdir. İş materiallarında olan 17 oktyabr 2021-ci il tarixli, 2/2001 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, yolnəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan meyitin ekspertizasının 17 oktyabr 2021-ci il tarixli, 121 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - baş beyin toxumasının əzilməsi, təpə-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sağ baldır sümüklərinin qapalı sınığı, başın təpə-ənsə nahiyəsinin və sağ əlin arxa səthinin əzilmişcırılmış yarası, sağ əlin arxa səthinin qançırı və alının sıyrığı həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, 17 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanının əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş vermiş beyin toxumasının əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin müayinəsindən 3-5 saat əvvələ uyğun gələ bilər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-tibbi tədqiqatı zamanı etil spirti aşkar edilməmişdir. İş materiallarında olan ifadənin hadisə yerində yoxlanılması haqqında 12 dekabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsində avtomobil yolunu göstərərək, 17 oktyabr 2021-ci il tarixdə, saat 06:30 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraçuxur qəsəbəsi istiqamətində 80-90 km/saat sürətlə hərəkət etdiyi zaman həmin küçədə, 4 saylı ünvanın qarşısında yolu soldan sağa keçmək istəyən piyadanı idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 dekabr 2021-ci il tarixli, 8/3239 nömrəli rəyindən görünür ki, “VAZ-21063” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü Təqsirləndirilən şəxs “VAZ-21063” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, digər övladının İİ Qarabağ müharibəsi (“Vətən müharibəsi”) iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəldilmiş hərəkətlər etməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması məqsədilə mərhumun dəfn xərclərini qarşılamaqla dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2020ci il 29 dekabr tarixli, 2369 nömrəli və 2020-ci il 24 dekabr tarixli, 2358 nömrəli sərəncamları ilə təsdiq edilmiş İ-2930 və İ-4906 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, X11 müvafiq olaraq “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddələrinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hal hesab olunur. Cinayət işinə baxılarkən isə müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə mərhum Zərərçəkmiş şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 23-cü bəndində məhkəmələrə, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinə əsasən məhkəmə müşavirə otağında cinayət işinə məhkəmə baxışının nəticələrinə dair digər məsələlərlə yanaşı həm də cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığını da müzakirə etməli və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 352.2.7 və 353.2.8-ci maddələrinin tələblərinə uyğun olaraq ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 346.1.1-346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı gəldiyi nəticələrin motivlərini göstərməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində digər cəza növləri ilə yanaşı həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza nəzərdə tutulmuş və həmin Məcəllənin 43.3-cü maddəsinin tələblərinə görə, bu cəza yalnız əlavə cəza kimi tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməsinə əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2, 52.2.3 və 52.2.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü Azərbaycan Respublikasında doğulmuş və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxslərə şamil edilmir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında doğulmuş, hazırda Rusiya Federasiyası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş, AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan 20 dekabr 2004-cü il təvəllüdlü İranə adlı yetkinlik yaşına çatmayan uşaqğı vardır. Beləliklə iş materiallarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında doğulduğu və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağının olduğu müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında doğulmuş və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilə bilməz. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X10 15 mart 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək məhkəmədə hüquqlarını dövlət hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 10 may 2022-ci il tarixdən isə öz vəsaiti hesabına müqavilə bağladığı vəkili X6 müdafiə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Habelə 10 may 2022-ci il tarixdən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs, öz vəsaiti hesabına müqavilə bağladığı vəkili X6 tərəfindən hüquqi yardım göstərildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, “Kredo” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar