Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-140/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1983-cü ildə Rusiya Federasiyası, Altay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz ünvanda yaşayan, 04 – 06 sentyabr 2021-ci il tarixləri üzrə tutulmuş, 06 sentyabr 2021-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 1,542 qr təşkil edən narkotik vasitə heroin əldə edib, əynindəki şalvarın sağ yan iç cibində saxlamaqla daşımış, 04 sentyabr 2021-ci ildə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Neftçilər” parkının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış həyata keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan iç cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 1,542 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, təxminən 7 aydır narkotik vasitə olan heroin istifadə edir. 6 – 7 dəfə narkomaniyadan müalicə almış, lakin narkotik asılılığından qurtara bilməmişdir. 04 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində adını bilmədiyi və üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin almış və münasib vaxtda istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkının yaxınlığında olduğu zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinə getmişdir. Lakin polis bölməsində polis əməkdaşları tərəfindən döyülmüş, sonra isə polis əməkdaşları onu hədələyərək üzərində olandan daha artıq miqdarda narkotik vasitə vermişlər ki, videoçəkiliş zamanı çıxarıb təqdim etsin. O, da bununla razılaşaraq videoçəkiliş zamanı həmin, yəni üzərində faktik olandan daha artıq miqdarda narkotik vasitəni çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, polis əməkdaşları tərəfindən döyüldüyünə baxmayaraq, üzərində hər hansı xəsarət izi qalmamışdır. Tutulduğu vaxtdan müdafiəçi ilə təmin olunmuş, lakin ona döyüldüyünü bildirməmişdir. Həmçinin sonradan da hər hansı dövlət orqanına ona qarşı tətbiq olunmuş işgəncələrlə bağlı müraciət etməyib. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 32-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 04 sentyabr 2021-ci il tarixdə xarici əlamətlərinə Təqsirləndirilən şəxs bənzəyən şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Neftçilər” parkının yaxınlığında olduğu barədə məlumat aldıqlarından saat 21 radələrində həmin yerə gedib, xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən və həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında və daşımasında şübhəli olduğunu və buna görə də, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə getdikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqiqatçı Elnur İskəndərov tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra onun və Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan iç cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açılıb baxıldıqda içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin gün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, ancaq adını və ünvanını bilmədiyi şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Bildirir ki, təqsirləndirilən şəxsə qarşı istər saxlanıldığı vaxt, istərsə də bundan sonra hər hansı qanunsuz fiziki və ya psixi təsir göstərilməyib. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə bildirdiklərinə münasibətdə qeyd edir ki, o, iş üzrə ibtidai istintaq zamanı müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş bütün prosessual hərəkətlər zamanı üzərindən ittiham aktının nəticəvi hissəsində göstərilən narkotik vasitənin aşkar olunduğunu tam etiraf etmişdir. İstər o, istərsə də müdafiəçisi iş üzrə ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin işgəncələrə məruz qoyulduğunu bildirməmiş, bununla bağlı hər hansı dövlət orqanına müraciətlər etməmişlər. İş materiallarına əlavə edilmiş kompakt diskdəki videoyazıdan da təqsirləndirilən şəxsin təzyiq altında olduğu müşahidə edilmir, üzərində hər hansı döyülmə və işgəncə izləri görünmür. Yuxarıda qeyd olunanları və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin işin məhkəmə baxışı dövründəki ifadəsi reallıqda baş vermiş hadisələri öz xeyrinə təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 05 sentyabr 2021-ci il tarixli 6/3886 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №...” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,542 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. 12 noyabr 2021-ci il tarixli 4433 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,492 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 – 06 sentyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 aprel 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,492 qr təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-140/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-140/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver