Məhkəmə qərarları › İş №1(010)-140/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-140/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-140/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhərində metronun «Əhmədli» stansiyası yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 5,387 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 31 iyul 2023-cü il tarixdə saat 16:15 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,387 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 iyul 2023-cü ildə saat 24:00-a keçən gecə evdə qaz qurtarmışdır. Atası ona demişdir ki, getsin qaz vursun, o, da gecə marketə gedərək qazı vurmuşdur. Geri qayıdanda məhlə uşaqlarından birini görmuş, həmin şəxs ondan siqaret istəmiş, o, da vermişdir. Məhlə uşağının yanında dayısı oğlu olmuş, əsgərlikdən gəlmişdir. Ağacın altında oturmuşlar. Birdən post patrul xidmətinin maşını onlara yaxınlaşaraq neynədiklərini soruşmuşlar. O, cavabında bildirmişdir ki, ötürüb söhbət edirlər. Polis əməkdaşları bildirdirmişlər ki, şübhəli şəxs axtarılır, üzərlərini yoxlayacaqlar. O, etiraz etməmişdir. Ciblərini özü göstərmiş, üstündən boş patron çıxmışdır. Dostlarını da yoxlamışlar. Onları Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə apararaq yolda daha 3 nəfər şəxsi götürmüşlər və yoluna davam edərək 30-cu polis bölməsinə gətirmişlər. Onları otağa salmışlar. 30 iyul 2024-cü ildə səhər saatlarında telefonları təqdim etmişlər. Onunla tutulan iki nəfərdən birinin atası gəlmişdir. Saat 16:00-17:00 radələrində iki nəfər şəxsi buraxmışlar. O, dörd nəfərlə 30-cu polis şöbəsində qalmışdır. 31 iyul 2024-cü ildə səhər saatlarında onu polis əməkdaşları çağıraraq müavinin yada rəisinin otağına aparmışlar. Otaqda bir nəfər kresloda oturmuş, bir də əməliyyatçı Şahid1 olmuşdur. Onunla söhbət etməyə başlamışlar. Üstünə kağız atmış, kağız üstünə dəyərək yerə düşmüşdür. O, kağızı götürüb verərək yene eyni qaydada kağızı üzərinə atmış, lakin o, götürməmişdir. Şahid1 onu sillə ilə vurmuş, ona qarşı nəlayiq ifadələr işlətmişdir. Şahid1 ona demişdir ki, narkotik vasitə onundur, lakin o, demişdir ki, ona məxsus deyil. Onu 2-ci mərtəbəyə aparmışlar. 2-ci mərtəbədə yerləşən otağa girən kimi sinəsinə yumruq vurmuşlar, o, yerə yıxılmışdır. Bundan sonra ona su vermişlər, ayağa qalxmışdır. Orada bildirmişlər ki, boynuna alsın, lakin o, bildirmişdir ki, boynuna almayacaqdır. Onu təhqir etmişlər, bir iki dəfə vurmuşlar. O, ayağa qalxaraq qışqırmışdır ki, onu narkoloji dispanserinə göndərsinlər. Qanından nəsə çıxsa qəbul edəcəkdir. Yenidən onu aşağı mərtəbəyə aparmışlar. 1-ci mərtəbədə yerləşən otaqda üç nəfər polis əməkdaşı olmuşdur. Ona demişlər ki, boynuna götürsün, müharibə iştirakçısı olmuş, onu bağışlayacaqlar. Qarşısına böyük bir büküm qoyaraq narkotik vasitə olduğunu demişlər. O, da fikirləşmişdir ki, boynuna götürsə bədbəxt olacaqdır. Otaqda olan Şahid2 onu vurmuşdur ki, boynuna götürsün. Onu təhqir edəndə polis əməkdaşını vurmuş və söymüşdür. Bu zaman onu yerə yıxaraq vurmağa başlamışlar. Yenidən 2-ci mərtəbəyə aparmışlar. 2-ci mərtəbədə yerləşən otaqda olan mayor İsmayılov onu başa salmağa başlamışdır. Bildirmişdir ki, niyə narkotikə qoşulmuşdur. O, and içmişdir ki, o, narkotik istifadəçisi deyil. Mayor onunla kobud danışmağa başlamış, zəng etmişdir ki, iki nəfər polis əməkdaşı gəlsin. Onu vurmağa başlamışlar. Görmüşdür ki, artıq dözə bilmir, bildirmişdir ki, az miqdarda narkotik vasitəsi üzərinə qoysalar fikirləşər. Bu səbəbdən üzərinə götürmüşdür. Otaqda xırda bükümlər olmuş, əlini açmışdır, iki balaca büküm qoymuşlar. Nə olduğunu soruşduqda bildirmişlər ki, cavanlar həmin narkotik vasitədən çəkir. O, götürməyərək böyük bükümdən bir balaca büküm verməsini demişdir. Polis əməkdaşı onunla razılaraq video çəkliş zamanı cibindən verdikləri bükümü çıxarıb masaya qoymuşdur. Çəkliş iki dəfə olmuşdur. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, orta ixtisas təhsillidir, könüllü müharibədə olmuşdur, heç vaxt narkotik vasitədən istifadə etməmişdir, onunla tutulan iki nəfər şəxsi buraxmışlar- digər üç nəfəri dayanacaqdan götürmüşlər, başında xəsarət olmuşdur, Suraxanı Rayon Polis İdarəsindən çıxaraq 30-cu polis şöbəsinə gedib əşyalarını götürəndə orada olan bir nəfər demişdir ki, “gördün səni tutmadılar”, onu hədələmişdir ki, heç yerdə heç nə danışmasın, Prokurorluğa şikayət etməmiş, çünki qorxmuşdur, istintaqdan yayınmamışdır, verdiyi ifadəni mayor İsmayılov əvvəlcədən ona demişdir, döyüşdə olanda heç bir narkotik maddə qəbul etməmişdir, xroniki bronxit xəstəsidir, 29 iyul 2023-cü ildən 30 iyul 2023-cü ilə keçən gecə onu saxlamışlar, Polislər yaxınlaşanda üzərindən açar, telefon və boş patron çıxartmışdır, 30cu polis şöbəsində 31 iyul 2023-cü il axşama kimi qalmışdır, sonra İdarəyə MSY-nə gətirmişlər, orada iki gün qalmış, saat 4-də buraxmışlar, heç yerə şikayət etməmişdir,qorxmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə etimad doğuran, qərəzsiz mənbəbən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə şöbə rəisinə məruzə etmiş, şöbə rəisinin əmri ilə onun rəhbərliyi ilə, ondan və sahə inspektoru, polis baş leytenantı Anar Osmanovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat tədbirlərinin icrasına başlamışlar. xx.xx.2023-cü il tarixdə saat 16:15-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olduğunu müəyyən edib orada ona yaxınlaşıb özlərini həmin şəxsə təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirib Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. 30-cu polis şöbəsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunduqdan sonra üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya, vasitə və predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyt şəffaf sellofan bükümünün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı xx.xx.2023-cü il tarixdə səhər saatlarında metronun «Əhmədli» stansisayının yaxınlığında tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, əməliyyat qrupuna özü rəhbərlik etsə də, Təqsirləndirilən şəxs saxlanıb 30-cu polis şöbəsinə gətirilməsində özü iştirak etməmişdir, Təqsirləndirilən şəxs şöbəyə post patrul xidməti əməkdaşları gətirmişlər. Təqsirləndirilən şəxsin üstünə baxış keçirilmiş və üzərindən patı adlandırılan narkotik vasitəsi aşkar edilərək təhqiqatçıya təhvil verilmişdir. Çekilisdə o, da iştirak etmişdir. Şahid1 dövlət ittihamçısının sualına cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs hansı ərazidə saxlanıldığını bilmir, vətəndaşlar tərəfindən əməliyyat məlumatı şöbəyə daxil olmuşdur, Şahid2 sahə müvəkkilidir, təqsinləndirilən şəxsin üzərindən yalnız patı adlandırılan narkotik vasitəsinin aşkar edildiyini xatırlayır, Təqsirləndirilən şəxs qarşı nə özü, nə də onu şöbəyə gətirən digər polis əməkdaşları tərəfindən heç bir təzyiq olmamışdır, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən o, Şahid2 və təhqiqatçı iştirak etmişdir, çəkilişi o, etmişdir, təqsirləndirilən şəxsi şöbəyə gətirən post patrul xidməti əməkdaşlarının adlarını xatırlamır, təqsirləndirilən şəxsə heç bir xəsarət yetirilməmişdir, post patrul xidmətinin əməkdaşları tərəfindən bölməyə üç nəfər gətirilmiş, lakin digər iki nəfərin azad olunmalarını xatırlamır. 2009-cu ildən əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sualına cavab olaraq qeyd etmişdir ki, şöbədə olan zaman polis əməkdaşları tərəfindən təzyiq görərkən Şahid1da iştirak etmiş və onun üzünə şillə vurmuş, polis əməkdaşları və həmçinin Şahid1 onu təhqir etmişlər, onu saxlayan üç nəfər post patrul xidməti əməkdaşı onu bölməyə təhvil verib getmişlər və həmin şəxslər tərəfindən ona qarşı heç bir təzyiq olmamış, şöbədə onu mülki geyimdə olan əməkdaş təhvil almış, gecə saat 01:00-də post patrul xidməti əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər, saxlanılan zaman Şahid1 iştirak etməmiş, şöbədə olan zaman Şahid1 və digər polis əməkdaşları onu məcbur etmişlər ki, törətmədiyi əməli üzərinə götürsün və narkotik vasitəsini ona vermişlər ki, cibine qoysun və çəkilişdə göstərsin, ona təzyiq olduğu üçün narkotik vasitəsini könüllü olaraq cibinə qoymuşdur, post patrul xidmətinin əməkdaşları onu bölməyə gətirən zaman üzərində heç bir narkotik vasitəsi olmamış, ona yaxınlaşan **-PK-*** dövlət qeydiyyat nişanlı post patrul xidmətinin avtomobili olmuşdur, post patrul xidmətinin əməkdaşları ondan əlavə daha iki nəfəri saxlayaraq polis şöbəsinə gətirmişlər, lakin bir tək onu sənədləşdirib digər şəxsləri azad etmişlər, sonradan həmin şəxslərin saxlanılmağı ilə bağlı məlumatı yoxdur. Şahid1 təqsirləndirilən şəxsin və onun müdafiəçisinin suallarına cavab olaraq qeyd etmişdir ki, saxlanılan zaman iştirak etməmiş, şöbədə olarkən iştirak etmişdir, video çəkilşdə üzərindən nə çıxdığını xatırlamır, video çəkilişə qədər şöbədə olmuşdur, narkotik vasitələrinin dövriyyəsi ilə bağlı məlumat daxil olmuş və o, qeyd olunan əraziyə post patrul əməkdaşlarını yönləndirmişdir, Ülvi Abbaszadə adlı şəxsi tanımır, lakin şöbədə Ülvi adlı əməliyyat müvəkkili olmuş, qeyd olunan protokola imza atmışdır, təqsinləndirilən şəxsin üzərinə baxış keçirlirən zaman müdafiəçi ilə təmin olunmağını və iştirakını xatırlamır, onun protokulu dəyişmək səlahiyyəti yoxdur, üzərinə baxış aparılarkən təhqiqatçı üzərindəki əşyaları qeyd edir, şöbə rəisinə məruzə olunmadan vəzifə səlahiyyəti dəişdirilə bilməz, Təqsirləndirilən şəxs saxlanılarkən əməliyyatda iştirak etməmiş və həmin ərazidə olmamış, təqsinləndirilən şəxsin üzərindən patı adlandırılan narkotik vasitəsi aşkar edilmiş və təhqiqatçıya təhvil verilmişdir, narkotik vasitələrinin dövriyyəsi ilə bağlı məlumat daxil olmuş və o, qeyd olunan əraziyə post patrul əməkdaşlarını yönləndirmiş, qeyd olunan imza ona məxsusdur, çəkilişdə o, Şahid2 və adını xatırlamadığı təhdiqatçı iştirak etmişlər, ərazidə olarkən əməliyyat qrupunun yaradılmasi ilə bağlı dəyişikliyi şöbə rəisinə şifahi olaraq məruzə edə bilirlər, təqsinləndirilən şəxsin şöbəyə saat neçə radələrində gətirildiyini xatırlamır, video çəkiliş saat 4-5 radələrində olmuşdur, təqsinləndirilən şəxs gündüz vaxtı gətirlmiş və cəkilişlə üzərinə baxış keçirilmişdir, təqsinləndirilən şəxsi saxlayan post patrul xidməti əməkdaşlarının kimlər olduğunu xatırlamır, təqsinləndirilən şəxsin üzərinə baxış keçirilərkən bir dəfə cəkiliş olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin sahə inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Əməliyyat məlumatı daxil olmuş, hadisə yerində Şahid1 və o, olmuşlar. Hadisə çoxdan olduğuna görə xatırlamır. Şahid2 dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin suallarına cavab olaraq qeyd etmişdir ki, O.Şabanov küçəsi onun ərazisidir, təqsirləndirilən şəxs orada saxlanılmış, məlumat Şahid1 daxil olmuş, bir yerdə getmişlər, onlardan başqa heç kim olmamış, təqsirləndirilən şəxs O.Şabanov küçəsində tək dayanmış, qaçmağa cəhd etməmiş, Şahid1 məhkəmədə verdiyi ifadəsini izah edə bilmir, şəxsin üzərinə baxış təhqiqatçının otağında olmuş, ona heç bir təzyiq olmamış, Şahid1 düzgün ifadə verdiyini özündən soruşmaq lazımdır, Natiqin ifadəsinə bir söz deyə bilmir, Natiqin istintaqda verdiyi ifadəsi düzgündür, o, əməliyyat qrupunda iştirak edə bilər, hadisə gündüz vaxtı idi, üzərinə baxış təhqiqatçının otağında olmuş, üzərində nə varsa hamısını götümüşlər, çəklişdə var hamısı, təqsirləndirilən şəxsin geyimi yadında deyil, üstündən nə çıxdığı yadında deyil, üzərindən çıxan narkotik növünü xatırlamır, çəkiliş həmin günü olmuş, dəqiq vaxt yadında deyil, çəkilişdə iştirak etmiş, çəkiliş bir dəfəyə alınmış, şəxsi tutmağa xidməti maşında getmişlər, markası yadında deyil, şəxs tək olmuş, özlərini təqdim edib, şöbəyə dəvət etmişlər, o, polis geyimində, Natiq isə mülki geyimdə olmuşlar, avtomobilin kim tərəfindən idarə edilməsi yadında deyil, Ağahüseynin gətirilməsində iştirak etmiş, Hövsan qəsəbəsi O.Şabanov küçəsində dayanmış, Şahid1 verdiyi ifadəsini bilmir, hansı ifadənin düzgün və ya yalan olduğunu bilmir, Şahid1 istintaqda və məhkəmədə verdiyi ifadəsini bilmir, Natiqlə o, getmişdir hadisə yerinə, hava qaranlıq idi, tam vaxtı yadında deyil, qaranlıq vaxtı idi, gətirdikdən sonra dərhal baxış keçirmişlər, hadisə yerindən şöbəyə 10 dəqiqəlik yoldur, üzərinə təhqiqatçının otağında baxış keçirmişlər, istintaqdakı ifadəsi yadında deyil, Natiqin də ifadəsi də yadında deyil, Natiqin ifadəsini təsdiq etmir, istintaqda verdiyi ifadəni təsdiq edir, şəxsi qaranlıq vaxtı saxlamışlar. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanıyır. Digər polis əməkdaşı ilə gecə yaxınlaşmışlar. 3 nəfər şəxs olmuşdur. Həmin şəxslərdən biri, adını sonradan bildiyi Sahib özünü şübhəli aparmış, etiraf etmişdir ki, üzərində narkotik vasitə var. Digər iki nəfərin üzərində narkotik vasitə olmamışdır. Lakin üçünü də Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirib təhvil vermişlər. Üzərinə baxışda iştirak etməmişlər. Ağahüseyn onlara qarşı müqavimət göstərməmişdir. Şahid X10 dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin suallarına cavab olaraq qeyd etmişdir ki, onlar iki nəfər olmuş, o, sürücü olmuş, ** PK *** nömrəli maşında xidmət aparmış, gecə növbəsi olmuş, hadisə 24:00-dan sonra olmuş, ikisi də yaxınlaşmışlar şübhəli şəxslərə, orada üstlərinə baxış keçirilməmişdir, Ağahüseynin üzərində narkotik vasitə olmamış, Ağahüseyn şöbəyə gedəndə qazi olduğu üçün qarşıda onların yanında əyləşmişdir, Ağahüseyn, Sahib və Vahid adlı şəxslər olmuş, gecə vaxtı idi, 3 nəfər bir yerdə olmuşlar, Sahibi əvvəldən tanımışlar, bildirmişlər ki, şübhəli şəxsdir, yaxınlaşanda Sahib əsmiş, qorxmuş, etiraf etmişdir ki, üzərində narkotik vasitə var, digərləri özünü rahat aparmış, şəxsləri onlar şöbəyə aparmış, əməliyyat müvəkkilləri olmamış, çəkilişdə onlar olmamış, təhvil verib çıxmışlar, Ağahüseyn demişdir ki, üzərində heç nə yoxdur, şəxslərə qarşı heç bir təzyiq olmamış, şəxsləri aparıb təhvil verərək raport yazıb çıxmışlar, hadisə yerində heç bir əməliyyatçı və ya sahə müvəkkili gəlməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X11 ifadəsində göstərmişdir ki, xidmətdə olarkən 3 nəfər şəxsi görmüşlər. Biri Sahib olmuş, Sahibi əvvəlcədən tanımışlar, 3 dəfə Sahibi tutmuşlar. Həmin şəxslərə yaxınlaşmışlar. Sahibi sorğu sual etmişlər, Sahib demişdir ki, üzərində bir büküm narkotik vasitə var. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparmışlar. Ağahüseyn üzərində heç nə olmadığını bildirmişdir. Gecə saat 24:00-01:00 olardı. 30-cu polis şöbəsinə raportla təhvil verərək çıxıb getmişlər. Ağahüseynin üzərindən narkotik vasitə çıxmamışdır. Həmin günü xidmətdə o, Aslan və Kamran olmuşlar. Şahid X11 dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin suallarına cavab olaraq qeyd etmişdir ki, əməliyyat müvəkkiləri hadisə yerinə gəlməmişlər, xidmətdə 3 nəfər omuşlar, şəxslərə pekarnı deyilən yerdə yaxınlaşmışlar, gecə vaxtı saat 24:00-01:00 olardı, şəxslərdən biri demişdir ki, əsgərdir, Ağahüseyn demişdir ki, müharibə iştirakçısıdır, həmin şəxsləri 30-cu polis şöbəsinə onlar təhvil vermişlər, onlara qarşı müqavimət olmamışdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, sözügedən protokol 31 iyul 2023-cü il tarixli tarixdə, saat 17:35-dən saat 17:50-dək tərtib olunmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 31 iyul 2023-cü il tarixdə saat 16:15-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon prokurorunun 02 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 02 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanılması və daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının qabaq sağ cibindən 01 ədəd şəffaf sellofan kəsiyini çıxarıb təqdim edir. O, təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı metronun “Əhmədli” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və özü istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümünün arasında olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd zərfə qoyularaq zərf möhürlənir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16-2- 7/1102 saylı 01 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacığda təmiz çəkisi-5,387 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 5996 saylı 19 sentyabr 2023cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifad etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 20 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 11 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması” haqqında 26 sentyabr 2023-cü il tarixli 5559 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs THC (-), aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan SX seriyalı ******* nömrəli hərbi xidmətin surətindən görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən 26 noyabr 2020-ci il tarixədək xüsusi döyüş əməliyyatlarında iştirak etmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, hərbi hissədə xidmət etdiyi müddətdə əsgər Təqsirləndirilən şəxs özünü nizam-intizamlı bir əsgər kimi göstərmiş, ona həvalə edilmiş vəzifələri və tapşırıqları vaxtında yerinə yetirə bilir. Hərbi işi öyrənir və ona öyrədilənləri səylə yadda saxlayır. Komandirlərin və rəislərin əmirlərinə tabe olmağı bacarır. Bir əsgər kimi hərbi geyim formasını daşımağı və zahiri görkəminə nöqsanlara yol vermir. Silah və texnikanı bilir, ondan düzgü istifadə etməyi bacarır. Böyük rəislərlə davranışlarında nizam-intizam qaydalarına riayət edir. Hərbi nizamnamələrin tələblərini bilir. Hərbi nəzakət, davranış və salamvermə qaydalarına riayət edir. Fiziki cəhətdən sağlam, mənəvi cəhətdən dözümlüdür. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs “vətən müharibəsi iştirakçısı medalı” ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci i tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı öz vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən vetaran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 140421 nömrəli vəsiqə verilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, təqdim edilmiş sənədlər, həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən olunur: - şahidlər Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Şahid2 izahatlarında xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə etimad doğuran, qərəzsiz mənbəbən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatın daxil olduğunu, daxil olmuş əməliyyat məlumatı barədə Şahid1 tərəfindən şöbə rəisinə məruzə etməsini, şöbə rəisinin əmri ilə Şahid1 rəhbərliyi ilə, Şahid1 və Şahid2 ibarət əməliyyat qrupunun yaradılmasını, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsini, birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat tədbirlərinin icrasına başlanılmasını, xx.xx.2023-cü il tarixdə saat 16:15-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olduğunu müəyyən edib orada ona yaxınlaşıb özlərini həmin şəxsə təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirib Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etməsini bildirsələr də, müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri X10 və X11 məhkəmə iclasında ifadə verərək, gecə növbəsində olarkən saat 24:00-01:00 radələrində ** PK *** nömrəli maşında xidmət apardıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs maşına mindirərək Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirib təhvil verdiklərini, şəxsi özləri 30-cu polis şöbəsinə apardıqlarını və hadisə yerində əməliyyat müvəkkillərinin olmadıqlarını bildirmişlər. Cinayət işi üzrə sübut kimi qəbul edilmiş şahidlərin ibtidai istintaq dövründə vermiş olduqları ifadələr ilə məhkəmə istintaqı dövründə vermiş olduqları ifadələr arasında ziddiyətlər mövcuddur. Bundan başqa məhkəmə qeyd edir ki, Şahid1 dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs post patrul xidmətinin əməkdaşları tərəfindən 30-cu polis şöbəsinə gətirildiyini şəxsən özü etiraf etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq dövründə eyni şəkildə ifadələr vermiş, bu isə məhkəmə tərəfindən inandırıcı görünmür. Belə ki, ifadələrin peşəkar polis əməkdaşı tərəfindən diktə edildiyi görsənir. - məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda, məhkəmə istintaqında təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. - Təqsirləndirilən şəxs cavandır, əsgərlikdə olmaqla yanaşı, könüllü olaraq cəbhəyə yollanmış, xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək olan müddət ərzində ikinci Qarabağ müharibəsində Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərin iştirakçısı olmuş, Füzuli rayonunun azad olunmasında fəal iştirak etmiş, “Müharibə veteranı” medalı ilə təltif olunmuş, yaşlı valideynləri və iki bacısı var. Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən “Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.” “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.1-ci, 125.1-ci və 125.2.7-ci maddələrinə əsasən cinayət prosesində şahidlərin ifadələri sübut kimi qəbul olunur, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütün faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq mirdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, özündə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə X1 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 5,387 qram qurudulmuş marixuananın təqsirləndirilən şəxs X3 aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, X3 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. X3 bəraət verildiyi üçün iş üzrə məhkəmə bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 5,387 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza təqdiqatından sonrakı 5,337 qram qalığı materiala əlavə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X4 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı X7 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirlimədiyi üçün X3 bəraət verilsin. X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayəti törətmiş şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işindən zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış, Suraxanı Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi müvafiq olaraq 5,337 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana həmin maddənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X3 izah edilsin. İş üzrə məhkəmə bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı X7 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar