Məhkəmə qərarları › İş №1(010)-141/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-141/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-141/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42, ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Xrebtovı küçəsində yerləşən nömrəsiz evdə yaşayan 29 – 31 oktyabr 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ayrı-ayrılıqda təmiz çəkiləri 0,317 qr., 0,290 qr., ümumi təmiz çəkisi 0,607 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 29 oktyabr 2021-ci il tarixdə, saat 14:20-də Bakı şəhəri, ünvan 3, «Bizim Market»in qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq 30-cu polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan açıq qəhvəyi rəngli şalvarının arxa sağ cibindən həmin 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,317 qr., 0,290 qr., ümumi təmiz çəkisi 0,607 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, əvvəllər narkotik vasitədən qısa müddətdə istifadə etmişdir. Lakin sonra asılılıq yaranmaması üçün tərgitmiş və hazırda heç bir narkotik vasitədən istifadə etmir. 28 oktyabr 2021-ci il saat 10 radələrində Hövsan qəsəbəsində əmisinin yoldaşının yas mərasiminə getmişdir. Oradan çıxandan sonra çay içmək üçün kafeyə getmişdir. Kafedə oturduğu zaman 15 nəfər polis əməkdaşları ona yaxınlaşaraq saxladılar və onu döyməyə başladılar. Sonra onu saxlayaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinə apardılar. Polis bölməsində olan zaman üzərində narkotik vasitə olmasını boynuna almalı olduğu bildirildi. O, da polis əməkdaşlarına dedi ki, onun üzərində heç nə yoxdur. Polis əməkdaşları ona bildirdilər ki, verdiyi narkotik vasitə ilə razılaşıb boynuna almasa daha artığını götürməli olacaq. O, razılaşmadığı üçün bölmədə olduğu zaman onu yenə döydülər, vəziyyəti pisləşdiyi üçün gecə saat 11-12 radələrində bölməyə təcili tibbi yardım çağırdılar. Vəziyyəti bir az düzələndən sonra polis əməkdaşları ona dedilər ki, 02 büküm narkotik vasitəni götürsün üzərinə yoxsa onun üçün daha pis olacaq. O, da təzyiqlərə və təsirlərə məruz qaldığında narkotik vasitənin guya ondan aşkar olunduğunu etiraf etmişdir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 Qara oğlu bildirmişdir ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. İşlədiyi inzibati ərazidə «Yusif» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında göstərilən şəxsin xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu tam dəqiqləşdirilmiş və 29.10.2021-ci il tarixdə bölmə rəhbərliyinə raportla məruzə edib Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edildi. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradıldı. Şahid2lə birlikdə əməliyyat tədbirlərinin icrasına başladı. 29.10.2021-ci il tarixdə saat 14:20-də Təqsirləndirilən şəxs ünvan 3 ünvanında “Bizim market”-in qarşısında dayandığını gördülər. Ona yaxınlaşdılar və özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu bildirdilər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etdilər. Bölməyə gəldikdən sonra, 30-cu polis şöbəsində olan otaqlardan birinə gətirdilər. Müdafiəçi dəvət olundu, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olundu. Sonra onun üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs paltarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarının arxa sağ cibindən 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etdi. Sorğu zamanı həmin bükümlərin içərisində kokos kimi tanıdığı narkotik vasitə olduğunu həmin narkotik vasitələri 28.10.2021-ci il tarixdə 19 radələrində tanımadığı şəxsdən “Papanin” adlanan yerdən ümumilikdə 20 manat ödəməklə özünün istifadə etməsi üçün əldə edib üzərində saxlamaqla daşıdığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm və içərisindəki tozşəkilli maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 194 saylı möhürü ilə möhürlənərək götürüldü və zərfin üzəri onun və digər iştirakçılar tərəfindən imzalandı. Şahid həmçinin bildirir ki, təqsirləndirilən şəxsə qarşı istər saxlanıldığı vaxt, istərsə də bundan sonra hər hansı qanunsuz təzyiq və təsir göstərilməmiş, ona qarşı işgəncə tətbiq olunmamışdır. Əksinə o, üzərində narkotik vasitə olduğunu səmimi etiraf etmiş və onu videoçəkiliş zamanı təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 Qara oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin işin məhkəmə baxışı dövründəki ifadəsini toplanmış sübutlarla məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi real hadisələri təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsə qarşı işgəncə tətbiq olunduğu heç bir sübutla təsdiq edilmir. O cümlədən istər təqsirləndirilən şəxsin özü, istərsə də onun müdafiəçisi məhkəmə baxışınadək olan müddətdə işgəncə tətbiqi ilə bağlı hər hansı dövlət orqanına müraciət etməmişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, iş materiallarına əlavə edilmiş kompakt disk, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələr və s. sübutlarla təsdiq olunur. 30 oktyabr 2021-cı il tarixli 6/4814 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində “...Şühbəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,317 qr., 0,290 qr., ümumi təmiz çəkisi 0,607 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir». 20 noyabr 2021-cı il tarixli 4575 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı X2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, İİ-ci qrup əlil olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,507 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 – 31 oktyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,507 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar