Məhkəmə qərarları › İş №1(010)-141/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-141/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-141/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 01 fevral 2023-cü il tarixdə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 05 avqust 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, “Vətən Müharibəsi” iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin “Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-463/2021 saylı, 30 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 7(010)-537/2022 saylı, 11 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 02 (iki) gün hissəsi 04 (dörd) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 14 avqust 2022-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə 0,101 qram və bir bükümdə 0,200 qram kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, bir bükümdə təmiz çəkisi 0,882 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 12 avqust 2022-ci il tarixdə saat 20:00-da Azərbaycan Respublikası DİN-nin X7 7-ci Polis Bölüyünün əməkdaşları tərəfindən aparılan xidmət zamanı onları görüb özünü şübhəli aparmış Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində saxlanılaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 0,101 qram və bir bükümdə 0,200 qram, ümumilikdə isə təmiz çəkisi 0,301 qram kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir bükümdə təmiz çəkisi 0,882 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin və metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ikinci Qarabağ müharibəsində iştirak etmiş, müharibədə iştirak etdiyinə görə iki medal almışdır. Müharibədən qayıtdıqdan sonra özünü yaxşı hiss etməmiş, əsəb sistemi pozulmuş, ona görə də narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanının qarşısında tanışı Emin ilə birlikdə dayandıqları zaman iki nəfər polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdə həyacanlanaraq özünü itirmiş, polislər özlərini təqdim edib həyəcanlanmasının səbəbini soruşduqda o, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Polis əməkdaşları onu və taksi sürücüsü X2 33-cü Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra şəxsiyəti müəyyən edilmiş, xidməti otaqların birində ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Üzərində videoçəkilişlə axtarış aparılacağı barədə qərar elan edilərək üzərində narkotik vasitə, psixotrop maddə və digər əldə edilib, saxlanması və daşınması qadağan olunmuş əşyası varsa təqdim etməsi təklif olunmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn vasitəsi ilə 20 manata alıb əynindəki cins şalvarının sağ yan cibində saxladığı iki bükümdə olan psixotrop maddə metamfetamini, bir bükümdə olan narkotik vasitə heroini cibindən çıxarıb polisə təqdim etmişdir. Təqdim etdiyi bükümlər bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olaraq protokolu imzalamışdır. Ona qarşı irəli sürülmüş ittihamda üzərindən bir ədəd elektron tərəzinin aşkar olunması qeyd olunsa da o, ittihamın bu hissəsi ilə razı deyil. Belə ki, üzərində elektron tərəzi olmamış, yaşadığı ünvan 4 ünvanının qarşısında saxlanılarkən cibində iki bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə heroin, avtomobilinin açarı və mobil telefon olmuşdur. İttihamda sözügedən tərəzi üzərində deyil, yaşadığı evin həyətində yerləşən qarajda, stolun üstündə olmuşdur. Tərəzini satın aldığı narkotik vasitələrin çəkisini ölçmək üçün istifadə etmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri özü istifadə edir, narkotik vasitələrin satışı ilə məşğul deyil. Sonda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşımaqla üzərində saxlamağından səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, qismən etiraf edici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ÇPA- nın 7-ci polis bölüyünün polis nəfəri, polis serjantı Şahid1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə 2478 çağrılı avtopatrulla polis nəfəri Şahid2 ilə birlikdə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində xidmət apardıqları zaman saat 20 radələrində Zığ qəsəbəsi, İldırım Süleymanov küçəsində iki nəfərin özlərini şübhəli aprmaqları diqqətini cəlb etmiş, həmin şəxələrə yaxınlaşaraq onları yaxınlıqdakı Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Polis bölməsinin rəhbərliyinə raportla məruzə etdikdə sonra həmin şəxslərin şəxsiyyətləri yoxlanaraq onlardan birinin xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs, digəri isə xx.xx.1992-ci il təvəllüdlü X4 olduğu müəyyən edilmişdir. Polis bölməsinin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən bir ədəd «PHİLİPS» markalı mobil telefon, sağ yan cibindən 02 (iki) ədəd bükümdə içərisində ağ rəngli kristal şəkilli kütlə və 01 (bir) ədəd bükümdə içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olan bükümü və bir ədəd elektoron tərəzini çıxarıb təqdim edərək 01 (bir) bükümdə narkotik vasitə heroin, 02 (iki) bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanımadığı İran İslam Respublikası vətəndaşında onlaym vasitəsi ilə 20 manata alıb özü istifadə etməsi üçün üzərində saxladığını, elektron tərəzidən isə narkotik vasitəni alarkən çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma sonuncunun özünün təqdim etdiyi üç büküm, bir ədəd mobil telefon və bir ədəd elektron tərzidən əlavə heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr, mobil telefon və elektron tərəzi götürülərək zərflərə qablaşdırılmış, zərflər möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən əldə edilib saxlanması və daşınması qadağan olunmuş heç bir əşya, vasitə və ya alət aşkar edilib götürülməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ÇPA- nın 7-ci polis bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində əldə edilib saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən bir ədəd «PHİLİPS» markalı mobil telefon, sağ yan cibindən 02 (iki) ədəd bükümdə ağ rəngli kristal şəkilli kütlə, bir ədəd bükümdə qəhvəyi rəngli toz şəkilli kütlə olan bükümləri və 01 (bir) ədəd elektron tərəzini çıxarıb təqdim etmiş və təqdim etdiyi 01 (bir) bükümdə narkotik vasitə heroin, 02 (iki) bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn vasitəsi ilə 20 manata alıb özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunan 02 ədəd bükümdə içərisində kristalşəkilli, şəffaf rəngli maddə metamfetaminə, 01 ədəd bükümdə içərisində tozşəkilli, qəhvəyi rəngli maddə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürlümüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümdəki psixotrop maddə metamfetamin və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/4307 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №171» dairəvi möhür əksi və «...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut; saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdi- üç imza; Tərtib etdi: E.İsmayılovimza.. xx.xx.2022» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri - 0,101 qram, -0,200 qram, ümumi təmiz çəkisi - 0,301 qram ağ rəngli kristallardan ibarət maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,882 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 (bir) ədəd elektron tərəzəinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroin və metamfetaminlərlə eyni tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin- «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in İ sihahısına daxildirlər. Metamfetaminlərin ümumi təmiz çəkisi 0,301 qram (0,200 qram, 0,101 qram,) təşkil edir, 0,1 qram, (hər birindən 0,05 qram) tədqiqata sərf edilmiş, 0,201 qram (qalıqlar - 0,150 qram və 0,051 qram) qalıq qalmışdır. Heroinin təmiz çəkisi 0,882 qram təşkil edir, 0,5 qram tədqiqata sərf edilmişdir 0,832 qram qalıq qalmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 13 avqust 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəklişlə şəxsi axtarış və götürmə keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində əldə edilib saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən bir ədəd «PHİLİPS» markalı mobil telefon, sağ yan cibindən 02 (iki) ədəd bükümdə ağ rəngli kristal şəkilli kütlə, bir ədəd bükümdə qəhvəyi rəngli toz şəkilli kütlə olan bükümləri və 01 (bir) ədəd elektron tərəzini çıxarıb təqdim edir və təqdim etdiyi 01 (bir) bükümdə narkotik vasitə heroin, 02 (iki) bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanımadığı İran İslam Respublikası vətəndaşından onlaym vasitəsi ilə 20 manata alıb özü istifadə etməsi üçün üzərində saxladığını, elektron tərəzini isə narkotik vasitəni alarkən çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini bildirir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmur. Həmin bükümdəki psixotrop maddə metamfetamin və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X5- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 5956 nömrəli rəyində görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Medalının 1-8686 saylı və 1-73229 saylı vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin “Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” siyahılarına əsasən heroin və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in müvafiq olaraq İ və İİ siyahısına daxildirlər. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən həm heroinin, həm də metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddləri 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9, 1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qutardığı 01 avqust 2022-ci il tarixdə cəzaçəkmə müəssisindən azad olunduqdan 11 gün sonra, yəni 12 avqust 2022-ci il tarixdə ona əvvəlki hökmdə təyin olunmuş cəza ilə islah olunmayaraq, hazırki cinayət əməlindən əvvəl törətdiyi Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə müqayisədə cəza baxımından daha ağır - Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini sonuncunun şəxsiyyətini mənfi yöndə səciyyələndirilən hal kimi qiymətləndirir. Şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib, daşımaqla üzərində saxlamasından səmimi peşman olmasını, “Vətən Müharibəsi” iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin “Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-463/2021 saylı, 30 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 7(010)-537/2022 saylı, 11 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 02 (iki) gün hissəsi 04 (dörd) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 sentyabr 2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-463/2021 saylı, 30 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinməklə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 31 mart 2022-ci il tarixdən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 7(010)- 537/2022 saylı, 11 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 02 (iki) gün hissəsi 04 (dörd) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-463/2021 saylı, 30 noyabr 2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 12 avqust 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 14 avqust 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin təmin edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 14 avqust 2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuş, 01 noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132, 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,201 qram (0,150 qram və 0,051 qram) olan psixotrop maddə - metamfetamin və 0,832 qram olan narkotik vasitə - heroin məhv edilməli, habelə Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi alət – 01 ədəd elektron tərəzi dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 avqust 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən, saat 12:20-dən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkiləri 0,201 qram (0,150 qram və 0,051 qram) psixotrop maddə - metamfetamin və 0,832 qram narkotik vasitə - heroin məhv edilsin, habelə Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi alət – 01 ədəd elektron tərəzi dövlət nəfinə xüsusi müsadirə olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar