Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-142/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X2 qızının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 18 – 19 dekabr 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün bir ədəd bükümdə təmiz çəkisi 0,180 qram təşkil edən narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 18 dekabr 2020-ci ildə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək həmin tarixdə saat 14:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirən zaman əynində olan boz rəngli şalvarın sol cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,180 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, arvadı və üç nəfər yetkinlik yaşına çatmamış uşağı hazırda Türkiyə Respublikasında yaşayırlar. Özü də uzun müddət Türkiyədə yaşamış, lakin bir müddət əvvəl oradan deport olunmuşdur. Hazırda xəstə anası ilə birlikdə Azərbaycanda yaşayır. Anası ağır xəstədir və onun köməyi olmadan hərəkət edə bilmir. Beləliklə, hazırda anasının qayğısına qalır, fəhləlik etməklə həm özü ilə anasının maddi cəhətdən dolanacağını təmin edir, həm də Türkiyədə yaşayan ailəsinə imkanı çatan miqdarda maddi cəhətdən kömək edir. Təxminən 7 il narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə etmiş, sonradan həbs olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və daha sonrakı dövrdə narkotik vasitələrdən istifadə etməmişdir. Hazırkı iş üzrə tutulmazdan təxminən bir ay əvvəl yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Heroini şəhərdə tanımadığı şəxslərdən alıb istifadə edirdi. Sonuncu dəfə 18 dekabr 2020-ci ildə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində bir büküm narkotik vasitə heroin almış və sonradan istifadə etməsi üçün özündə saxlamışdır. Həmin gün, yəni 18 dekabr 2020-ci ildə saat 14:30 radələrində ünvan 1 ünvanının qarşısında dayandığı vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, vəsiqələrini göstərdikdən sonra onun narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə getmiş, polis şöbəsində ona üzərində şəxsi axtarış həyata keçiriləcəyini bildirərək hüquqları və vəzifələri izah olunmuş, dövlət hesabına vəkil təyin edilmiş, vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış həyata keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olundu. Ona görə də əynindəki boz rəngli şalvarın sol cibindən bir neçə saat əvvəl 10 manata aldığı bir ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş vəziyyətdə olan bükülünü, eləcə də əynindəki qara rəngli qolsuz gödəkcəsinin sağ cibindən bir ədəd 1 manatlıq və 3 üç ədəd 5 manatlıq pul əsginaslarını, əynindəki ağ rəngli köynəyin döş cibindən bir ədəd sarı rəngli alışqanı və əynində olan boz rəngli şalvarın sağ cibindən 1 ədəd göy rəngli tibbi maskanı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi büküm açılmış və bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə aşkar edilmişdir. Həmin bükümün içərisində nə olması, haradan əldə etməsi barədə soruşulduqda bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin gün səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş həmin maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların gözü qarşısında zərfə qoyulmaqla qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş bir ədəd maska, bir ədəd alışqan və cəmi 16 manat pul isə özünə qaytarıldı. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 18 dekabr 2020-ci ildə saat 14:30-da keçirilmiş əməliyyat tədbirləri zamanı Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2 ilə birlikdə ünvan 1 ünvanının qarşısında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gəlmiş, bundan sonra şöbənin xidməti iş otaqlarının birində sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol cibindən 1 ədəd siqaretin qırmızı rəngli kağızından ibarət büküm, əynində olan qara rəngli qolsuz gödəkcənin sağ cibindən 1 ədəd 1 manatlıq, 3 ədəd 5 manatlıq kağız pul əsginasları, əynində olan ağ rəngli köynəyin döş cibindən 1 ədəd sarı rəngli alışqan və əynində olan boz rəngli şalvarın sağ cibindən 1 ədəd göy rəngli tibbi maskanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaretin qırmızı rəngli kağızından ibarət bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 18 dekabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almış və istifadə etmək məqsədilə üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd büküm iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək kağız zərifə qablaşdırılmış və DİN-nin 194 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərinə bütün iştirakçılar tərəfindən imza edilmişdir. Bundan başqa, təqdim edilmiş 1 ədəd 1 manatlıq, 3 ədəd 5 manatlıq olmaqla ümumilikdə 16 manat pul, alışqan və tibbi maska əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 19 dekabr 2020-cı il tarixli 6/2747 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,180 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir”. 10 mart 2021-ci il tarixli 716 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 3 nəfər yetkinlik yaşına çatmamış uşağının və xəstə anasının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,130 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 – 19 dekabr 2020-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,130 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-142/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-142/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver