Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-144/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi, 341 Z nömrəli evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxxxx 2020- ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 24 saylı ünvanda yerləşən “Bazar Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı rayon filialına daxil olub mağazadan hər biri 30 manat olmaqla cəmi 60 manat dəyərində iki ədəd 1000 ml-lik (1 litirlik) butulkada “Nemiroff” əmtəə nişanlı spirtli içkini, hər biri 17 manat olmaqla cəmi 34 manat dəyərində olan iki ədəd 01 kq-lıq çəkidə “Best Cow” əmtəə nişanlı 82%-li duzsuz kərə yağını, hər biri 06 manat olmaqla cəmi 24 manat dəyərində olan 06 ədəd 250 qramlıq çəkidə “President” əmtəə nişanlı 82%-li duzsuz kərə yağını və 02 manat 80 qəpik dəyərində 250 ml-lik “Red Bull” əmtəə nişanlı enerji içkisini taladıqdan sonra mağazanın işçisi Şahid1 onun tərətdiyi əməli görməsini yəqin bilərək, gizli başladığı oğurluq cinayətinin aşkar hal almasını dərk etdikdən sonra həmin mağazanın müdiri Zərərçəkmiş şəxs onun qarşısını kəsərək onu saxlamasını görüb həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əli ilə itələyərək qaçmaq istəsə də öz iradəsində asılı olmayan səbəbdən əməli başa çatdıra bilməmiş, nəticədə oğurladığı məhsulları gödəkçəsinin altından çıxararaq mağazaya geri qaytarmaqla zərərçəkmişə ümumilikdə 120 manat 80 qəpik dəyərində maddi ziyan vurmaqla soyğunçuluq əməlini törətməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə dostu Rövşənə baş çəkmək məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsinə gəlmiş, yolda qayıdarkən “Bazar Store” mağazasına girmişdir. Mağazada ərzaq rəflərinin arasında gəzən zaman rəflərdə olan əşyaları oğurlamaq qərarına gəlmişdir. Rəflərdə olan 01 ədəd “Red Bull” enerji içkisini, 06 ədəd üzərində “President” yazısı olan kərə yağını, 02 ədəd üzərində “Best Cow” yazısı olan kərə yağını, 02 ədəd üzərində “Nemiroff’ yazısı olan arağı götürərək gödəkçəsinin içinə yığmışdır. Bu zaman kənarda dayanan mağazanın işçisi olan xanımın onun oğurluq etdiyini gördüyünü hiss etmişdir. Belə ki, həmin xanım kiməsə zəng edərək mağazanın pilləkənlər olan hissəsinə doğru getmişdir. Buna görə də oğurladıqları malları yerinə qoymaq üçün geri qayıtmışdır. Bu zaman bir nəfər şəxs üzərinə gələrək, ona yaxınlaşıb yaxasından tutmuş və onlar mübahisə etməyə başlamışlar. Həmin şəxs onu yumuruqla vurmağa başlamış və o, yerə yıxılmışdır. Yerə yıxılan zaman əvvəlcədən gödəkçəsinin altında olan bıçaq yerə düşmüşdür. Bıçağı yerdən götürərək mağazanın arxa hissəsinə yəni anbar kimi istifadə olunan yerə doğru qaçmış, onu vuran şəxs isə yanında olan digər şəxslərlə birlikdə onun arxasınca həmin anbara daxil olmuşlar. Həmin şəxslərin ona yaxınlaşmamaları üçün o, əlindəki bıçağı onlara tərəf yönəltmiş, eyni zamanda gödəkçəsinin altına yığdığı əşyaları yerə boşaltmışdır. Qeyd etdiyi şəxslərdən onu buraxmalarını xahiş etsə də, sonuncular müdriyyətin gəlməsini gözləməli olduqlarını bildirib getməsinə icazə verməmişlər. Sonradan isə polis əməkdaşları gəlib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, mağzadan yalnız oğurluq etmək istəmiş, soyğunçuluq etmək niyyəti olmamış, üzərindəki bıçaqla sadəcə mağazadan çıxıb gedə bilməsi, habelə döyülməməsi üçün üzərinə gələn şəxsləri qorxutmaq istəmişdir. Oğurlamaq istədiyi ərzaq və içkilərin hamısını geri qaytarmışdır. Sonda Təqsirləndirilən şəxs oğurluq etməyə cəhd etməsindən səmimi peşman olduğunu, oğurlamaq istədiyi ərzaq və içkilərin hamısının qaytarıldığını, bununla da zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın aradan qaldırıldığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 2018-ci ildən etibarən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 24 saylı ünvanda yerləşən “Bazar Store” “Bazar Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı rayon filialında müdir vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə həmişə olduğu kimi səhər tezdən saat 07:00-da mağazanın anbarını açmış, 08:00-da isə mağaza açılmış və fəaliyyətə başlamışdır. Həmin gün axşam təxminən saat 19:10 radələrində mağazanın kassiri Lamiyə ona zəng edib mağazada şübhəli şəxsin olduğunu, həminn şəxsin əynində olan paltarın ciblərinə məhsullar yığdığını bildirmişdir. Dərhal mağazanın arxa tərəfinə qaçmış, qida şöbəsinin qarşısında ona tərəf gələn əvvəllər tanımadığı, soyadını, adını və atasının adını sonradan bildiyi Təqsirləndirilən şəxs əynindəki paltarın ciblərinə müxtəlif ərzaq məhsulları yığdığını görmüşdür. O, kənara çəkilmiş və Təqsirləndirilən şəxs yanından keçərkən sağ əli ilə yumruqla sonucunun baş nahiyyəsindən iki dəfə vurmuşdur. İkinci zərbədən sonra Təqsirləndirilən şəxs yerə yıxılmış və bu zaman üzərində olan bıçağa bənzər əşya yerə düşmüşdür. Təqsirləndirilən şəxs bıçağı yerdən götürüb əli ilə onu itələyərək mağazanın arxa tərəfinə, yəni anbar tərəfə qaçmışdır. O, yüksək səslə qışqıraraq mağazanın işçilərindən və mağazada olan müştərilərdən kömək etmələrini xahiş etmişdir. Bu zaman mağazada satıcı işləyən və hadisənin şahidi olmuş Elvin, habelə qəssab Şıxməmməd, eləcə də, həmin vaxt mağazada olan tanımadığı bir neçə cavan oğlan kömək məqsədilə ona yaxınlaşmış və onlar birlikdə mağazanın anbarına getmişlər. Təqsirləndirilən şəxs onların gəldiklərini görüb pilləkənlə mağazanın anbarından üçüncü mərtəbəyə mal qəbulu şöbəsinə qalxmışdır. Bu zaman mağazada mühafizəçi işləyən Sevil ona zəng edib hadisə barədə polisə məlumat verdiyini bildirmişdir. O, yanında olan işçilər və tanımadığı müştərilərlə birlikdə mağazanın mal qəbulu şöbəsinə qalxmış, orada yanlarında olan vətəndaşlar Təqsirləndirilən şəxsla danışıb onu sakitləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs oğurlamaq istədiyi iki ədəd “Nemiroff” əmtəə nişanlı spirtli içkini, bir ədəd “Red Bull” əmtəə nişanlı enerji içkisini, iki ədəd “Best Cow” əmtəə nişanlı kərə yağını və dörd ədəd “President” markalı kərə yağını cibindən çıxarıb stolun üstünə qoymuşdur. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlib Təqsirləndirilən şəxs aparmışlar. Sonda zərərçəkmiş şəxs S.Q.Hüseynquluzadə cinayət nəticəsində ona vurulmuş maddi zərərin aradan qaldırıldığını, lakin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onun barəsində qanunla müəyyən edilmiş hədd daxilində cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2016-cı ildən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 24 saylı ünvanda yerləşən “Bazar Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı rayon filialında kassir vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə günorta növbəsində olduğu üçün təxminən saat 13:00-da işə gəlmişdir. Həmin gün axşam təxminən saat 19:10 radələrində yemək yemək üçün mağazanın anbar hissəsində yerləşən mətbəxə gedərkən tanımadığı bir cavan oğlanın yerdə olan ərzaq məhsullarını əynində olan gödəkçənin ciblərinə yığdığını görmüşdür. Sakitcə həmin şəxsin yanından keçib biraz aralandıqdan sonra qaçıb anbara düşmüş və dərhal mağazanın müdiri Şahinə zəng edib hadisə barədə məlumat vermişdir. Həmin an anbarda ondan başqa Şahid5 da olmuş və o, baş verənləri ona da danışmışdır. Sonra Şahid5 ilə birlikdə anbardan mağazaya qalxmış və həmin oğlanın mağazanın əlində bıçaqla mağazanın üçüncü mərtəbəsində yerləşən mal qəbulu şöbəsinin otağına girdiyini, onun arxasınca isə həmin otağa mağazanın müdiri Şahinin, iş yoldaşları Elvin və Şıxməmmədin, eləcə də mağazada olan tanımadığı müştərilərin getdiklərini görmüşdür. Sonradan isə polis əməkdaşları gəlib həmin şəxsi aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, təxminən 2019-cu ilin aprel ayının əvvəllərindən etibarən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 24 saylı ünvanda yerləşən “Bazar Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı rayon filialında satıcı işləyir. xx xxxxxx 2020-ci il tarixdə günorta növbəsində olduğu üçün təxminən saat 13:00-da işə gəlmişdir. Həmin gün axşam təxminən saat 19:10 radələrində ona təhkim olunmuş su vitrinində şkaflara su yığdığı zaman mağazanın içərisində səs-küy gəldiyini eşitmiş, səs gələn tərəfə yaxınlaşdıqda mağazanın müdiri Şahinin, tanımadığı bir nəfər cavan oğlanla mübahisə etdiyinin şahidi olmuşdur. Həmin şəxs onların yanından keçən zaman mağazanın müdiri Şahin arxadan yumruqla həmin şəxsin başındın bir neçə zərbə vurmuş, zərbənin təsirindən sonuncu yerə yıxılmış və onun üzərindən bıçağa bənzər əşya yerə düşmüşdür. Həmin şəxs bıçağı yerdən götürüb ayağa qalxmış, mağazanın müdiri Şahini əli ilə itələyərək birbaşa mağazanın üçüncü mərtəbəsində yerləşən mal qəbulu şöbəsinin otağına girmişdir. Mağazanın müdiri Şahin yüksək səslə qışqıraraq ətrafda olan işçilərdən və müştərilərdən ona kömək etməsini xahiş etmişdir. Səsə iş yoldaşı Şıxməmməd, eləcə də, həmin vaxt mağazada olan tanımadığı bir neçə cavan müştərilər onlara yaxınlaşmışlar. Onlar birlikdə mal qəbulu şöbəsinə getmişlər, orada həmin şəxs iki ədəd “Nemiroff’ əmtəə nişanlı arağı, iki ədəd “Best Cow” əmtəə nişanlı kərə yağını, dörd ədəd “President” əmtəə nişanlı kərə yağını və bir ədəd “Red Bull” əmtəə nişanlı enerji içkisini əynində olan qış gödəkçəsinin ciblərindən çıxardıb stolun üsrtünə qoymuşdur. Sonradan isə polis əməkdaşları gəlib həmin şəxsi aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, təxminən 2 ilə yaxındır “Bazar Store” mağazalar şəbəkəsinin Suraxanı filialında qəssab işləyir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən 19 radələrində iş yerində, ət satışı bölməsində olduğu zaman müştərilərdən biri “o adam niyə elə qaçır” demiş, həmin müştərini yola saldıqdan sonra digər işçilərin mağazanın mal qəbulu bölməsinə tərəf getdiklərini görmüşdür. Müştəri gedən kimi özü də mağazanın ikinci mərtəbəsində yerləşən mal qəbulu bölməsinə qalxarkən, mağazanın həmin vaxt filial müdiri olan Şahinin bir nəfər şəxslə söhbət edərək onu sakitləşdirməyə çalışdığını görmüşdür. Söhbət əsnasında ona məlum olmuşdur ki, həmin şəxs mağazadan oğurluq etməyə çalışmış, lakin işçilər onun qarşısını ala bilmişlər. Şahin həmin şəxsdən bıçağı verməyini və sakitləşməsini tələb etmişdir. Bu vaxt həmin şəxs oğurlamaq istədiyi əşyaları qaytararaq, getmək istdiyini bildirib işçilərdən onu buraxmalarını tələb etmişdir. Sonradan isə polis əməkdaşları gəlib həmin şəxsi aparmışlar. Şahid5 xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, təxminən 5 ilə yaxındır “Bazar Store” mağazalar şəbəkəsinin Suraxanı filialında xəzinədar vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il tarixdə mağazanın alt qatında depo bölməsində olduğu zaman bir nəfər şəxsin mağazanın mal satışı hissəsinə tərəf getdiyini görmüşdür. Həmçinin həmin şəxsin əynində olan gödəkçəsinin içəri hissəsinə mağazada satılan müxtəlif məhsullar qoyduğu açıq aydın görünürdü. Həmin şəxs keçdikdən sonra mağazada kassir işləyən Şahid1 ona yaxınlaşaraq pilləkənlərdə bir müştəri gördüyünü, sonuncunun gödəkçəsinin içərisində mağazaya aid məhsullar olduğunu bildirib bu barədə təcili rəhbərliyə məlumat verməsini xahiş etmişdir. Buna görə də o, dərhal mağazanın filial müdiri işləyən Şahinə zəng edib bu barədə məlumat vermişdir. Şahin həmin vaxt mağazanın orta hissəsində həmin şəxsin qarşısına çıxmış və həmin vaxt Şahin həmin şəxsi vuraraq yerə yıxmışdır. Həmin şəxs yerə yıxılanda üzərindən nəsə yerə düşmüş və sonuncu, yerə düşən dəqiq görmədiyi əşyanı götürüb Şahini itələyərək ikinci mərtəbəyə qalxmışdır. Bu zaman Şahin və mağazada satıcı işləyən Elvin onun arxası ilə getmişlər. Yuxarı qalxdıqda Şahinin həmin şəxsi sakitləşdirməyə çalışdığını, sonuncunun üzərində olan ərzaq məhsullarını qaytardığını görmüşdür. Bundan sonra onu çağırdıqları üçün mal qəbulu bölməsindən mağazanın satış bölməsinə düşmüşdür. Biraz keçdikdən sonra həmin şəxsin Şahin və Elvinlə birlikdə kamera otağına tərəf getdiklərini görmüşdür. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, təxminən 2 ilə yaxındır “Bazar Store” mağazalar şəbəkəsinin Suraxanı filialında mühafizəçi vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il tarixdə mağazanın giriş-çıxış qapısının yanında öz postunda olarkən təxminən saat 19 radələrində mağazanın filial müdiri Şahinin bir nəfəri itələyərək yerə yıxdığını və mübahisə etdiyini görmüşdür. Şahin həmin şəxsə zərbə endirdikdən sonra onun əlindəki nəsə yerə düşmüş və sonuncu, yerə düşən əşyanı götürüb Şahini əli ilə itələyib qaçaraq mağazanın mal qəbulu şöbəsinə tərəf getmişdir. Şahin, mağazada satıcı işləyən Elvinlə birlikdə onun arxası ilə qaçmışlar. O, da dərhal bu barədə telefon vasitəsilə polisə məlumat verib yuxarı qalxanda həmin şəxsin əlində bıçaqla Şahinlə söhbət etdiyini, əlindəki malları qaytardığını və onu buraxmalarını, çıxıb gedəcəyini bildirdiyini görmüşdür. Şahin isə həmin şəxsi inandırmışdır ki, barəsində polisə məlumat verilməyəcəkdir. Biraz keçdikdən sonra polis əməkdaşları mağazaya gəlib həmin şəxsi aparmışlar. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 24 saylı ünvanda yerləşən “Bazar Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı rayon filialında soyğunçuluq cinayət hadisəsi baş vermişdir. Hadisə yerinə baxış zamanı bir ədəd bıçaq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “DVD” diskdəki görüntülərdən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 24 saylı ünvanda yerləşən “Bazar Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı rayon filialında satılan müxtəlif ərzaqları və içkiləri əynində olan gödəkçəsinin içinə yığdığı, bunu aşkar etmiş mağazanın əməkdaşı onun qabağını kəsdikdə, əlindəki bıçaqla onu hədələyərək yanından keçib getdiyi, daha sonra Təqsirləndirilən şəxs bir anlıq mağazanın həmin əməkdaşı ilə əlbəyaxa olduğu, sonradan onların yanına mağazanın digər əməkdaşının da yaxınlaşdığı, Təqsirləndirilən şəxs yenə də əlindəki bıçaqla həmin şəxsləri hədələyərək qaçıb mağazanın anbarına keçdiyi, ardınca ora mağazanın işçilərinin və digər şəxslərin gəldiyi, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki gödəkçənin içinə yığdığı məhsulları çıxardıb taxtanın üzərinə yığdığı, orada olan şəxslərin isə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışdırdıqları müşahidə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 2 nömrəli X1 xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyib. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edlən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 114 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona itiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anılaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan könüllü təqdim etmə və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid5 iki ədəd 1 litirlik butulkada “Nemiroff” əmtəə nişanlı spirtli içkiləri, hər biri 01 kq çəkidə iki ədəd “Best Cow” əmtəə nişanlı kərə yağını, altı ədəd hər biri 250 mq çəkidə olan “President” əmtəə nişanlı kərə yağlarını və bir ədəd 250 ml-lik “Red Bull” əmtəə nişanlı enerji içkisini ibtidai istintaqa təqdim edərək, həmin içki və qida məhsullarının Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 24 saylı ünvanda yerləşən “Bazar Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı rayon filialından soyğunçuluq yolu ilə ələ keçirməyə cəhd etdiyi məhsullar olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 4067 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, digər tərəfi isə itilənmiş, lakin itilənmə tam başa çatdırılmamış, ucu deşici xassəyə malik olan bıçaqdır, soyuq silah hesab edilmir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 185 saylı rəyindən görünür ki, pərakəndə satış qiymətləri nəzərə alınmaqla, ekspertiza tədqiqatina təqdim edilmiş hər biri 1000 ml-lik (1 litirlik) butulkalarda 02 ədəd “Nemiroff” əmtəə nişanlı spirtli içkilərin cəmi dəyəri 60 manat, hər biri 01 kiloqram çəkidə 02 ədəd “Best Cow” əmtəə nişanlı yeni Zelandiyada istehsal edilmiş 82%-li duzsuz kərə yağının cəmi dəyəri 34 manat, hər biri 250 qram çəkidə 06 ədəd “President” markalı 82%li duzsuz kərə yağının cəmi dəyəri 24 manat, 01 ədəd 250 ml-lik “Red Bull” markalı enerji içkisinin qiyməti 02 manat 80 qəpik olmaqla 04 adda ərzaq mallarının xx xxxxxx 2019-cu il tarixə ümumi dəyəri 120 manat 80 qəpik müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 180.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 24 saylı ünvanda yerləşən “Bazar Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı rayon filialından yalnız oğurluq etmək istəməsi, soyğunçuluq etmək niyyətinin olmaması barədə ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmü ilə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx xxxxxx 2020-ci il tarixli məlumatından həmçinin görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu nəzərə alaraq hesab edir ki, həmin cinayət residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Belə olan halda, qəsdən ağır cinayət törətməyə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmü ilə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, həmin məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.4 və 83.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İşdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmü ilə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı nəzərə alınmaqla ağır cinayət törətməyə görə təyin edilmiş cəzanı çəkilib qurtardığı gündən 06 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 29, 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, işdə olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün icrası barədə göstərişdən görünür ki, həmin məhkəmənin Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli hökmü xx xxxxxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən toplanaraq, Təqsirləndirilən şəxs qəti cəza təyin olunmali, Təqsirləndirilən şəxs birinci hökm üzrə çəkmiş olduğu cəza qəta cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon X5 Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən һesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş soyuq silah hesab edilməyən 01 (bir) ədəd kustar üsulla hazırlanmış bıçaq Azərbaycan Respublikası CPM-nin 132.1.7ci maddəsinə əsasən dəyəri olmadığına görə məhv edilməlidir. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 65 (altmış beş) iş saatı üçün 390 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən toplanaraq, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi, məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş soyuq silah hesab edilməyən 01 (bir) ədəd kustar üsulla hazırlanmış bıçaq dəyəri olmadığına görə məhv edilsin. İş üzrə məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 65 (altmış beş) iş saatı üçün 390 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-144/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-144/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver