Məhkəmə qərarları › İş №1(010)-144/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-144/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-144/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 9 nömrəli evin 32 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs3 icarəyə götürüb işlətdiyi ünvan 1 ünvanda yerləşən kafeyə, plastikdən olan arxa giriş qapısını üzərində olan vintaçanla açıb qanunsuz daxil olaraq, oradan 250 manat dəyərində 01 ədəd 2012-ci il Koreya istehsalı olan “LG” markalı, “42CS460” modelli, 42 düymlü, 107 santimetr dioqanallı plazma televizoru, 100 manat dəyərində 01 ədəd dreli və 500 manat dəyərində 01 ədəd lazer aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 850 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 noyabr 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz evin həyətinə qanunsuz daxil olaraq, orada saxlanılan Zərərçəkmiş şəxs4 məxsus 3.200 manat dəyərində “Zongshen Spex 150” markalı, 99-B-435 dövlət qeydiyyat nişanlı motosikli gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 3.200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 yanvar 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15A nömrəli evin 73 nömrəli mənzilin yerləşdiyi mərtəbədə olan və saxlanc yeri kimi istifadə edilən zibil kamerasının qapısının üzərində olan qıfılı taxta parçası ilə sındırıb həmin yerə qanunsuz daxil olaraq, oradan işlənmiş vəziyyətdə olan 1.200 manat dəyərində 01 ədəd “Samsung” markalı kondisionerin motorunu, 150 manat dəyərində 01 ədəd qədimi samovarı və 200 manat dəyərində 01 ədəd “İdeal” yazıları olan, istifadədə olmuş antik qarmonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1.550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 yanvar 2021-ci il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus olan, ünvan 2 ünvanda yerləşən saxlanc yeri hesab edilən “Sahil” şadlıq sarayının nəfəsliyinin şüşəsini sındırıb, içəridən də şadlıq sarayının zirzəmisinin qapısının qıfılını sındırmaqla həmin yerə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 170 manat olan 03 ədəd su motorunu, 30 manat dəyərində 01 ədəd “Quick-S” markalı, “Q1008” modelli elektrik ətçəkən maşını və 300 manat dəyərində 100 metr uzunluğunda elektirik naqillərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 840 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, pula ehtiyacı olduğundan, oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Buna görə də 12 noyabr 2020-ci il tarixdə, gecə saat 02 radələrində evdən çıxıb yaşadığı məhəllənin yaxınlığında yerləşən kafeyə getmiş, kafenin arxa girişinin plastikdən olan qapısını üzərində olan vintaçanla açaraq içəri daxil olub oradan 01 ədəd “LG” markalı televizoru, 01 ədəd dreli və 01 ədəd lazer aparatını oğurlamışdır. Lazer aparatını və dreli bir gün sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar” da tanımadığı şəxsə 30 manata satmış, “LG” markalı plazma televizoru isə daha sonra satmaq məqsədilə yaşadığı evdə saxlamışdır. Daha sonra 2020-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən tanıdığı Zərərçəkmiş şəxs4 məxsus nömrəsiz evin həyətində motosiklin olduğunu görmüşdür. Xəstə anasının müalicəsinə pul lazım olduğundan qeyd etdiyi motosikli oğurlayıb hissələrə sökərək satıb pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 25 noyabr 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvana getmiş, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra evin hasarından həyətə tərəf boylanmış və motosiklin evin həyətində olduğunu görmüşdür. Həmin evlə qonşu evin arasındakı hasarın bir hissəsi tikilməmiş, qonşu evin darvazası isə yarımçıq açıq olduğundan rahatlıqla qonşu həyətdən motosiklin saxlanıldığı yerə keçmişdir. Motosikli əli ilə sürüb həyətə daxil olduğu yerdən çıxardaraq dəniz kənarına gətirib orada yarımçıq tikilinin içərisində gizlədərək yaşadığı evə getmişdir. Daha sonra 2021-ci il yanvar ayının 20-də yaşadığı binadan 3-4 bina aralıda yerləşən məhəllədən keçərkən binanın arxa çıxış blokunun saxlanc yeri kimi istifadə edildiyini görüb oradan da oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saxlanc yerinin qapısı açıq olmuşdur. Lakin 21 yanvar 2021-ci il tarixdə, saat 02 radələrində həmin saxlanc kimi istifadə edilən yerə gəldikdə qapı bağlı olmuşdur. Buna görə də yerdən götürdüyü taxta parçası ilə qapının üzərində olan balaca qıfılı sındırıb oradan bir ədəd “Samsung” markalı kondisionerin motorunu, habelə qabı ilə birlikdə 01 ədəd antik qarmonu və 01 ədəd qədimi samovarı götürüb onları yaşadığı binanın yanına gətirmiş, kondisioner motorunu və samovarı yaşadığı binanın yaxınlığında, qarmonu isə qabı ilə birlikdə yaşadığı evdə yataq otağındakı çarpayının altında gizlətmişdir. Səhəri gün taksi ilə samovarı və kondisionerin motorunu Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən bazara aparıb orada tanımadığı şəxsə 70 manata satmışdır. Daha sonra 23 yanvar 2021-ci il tarixdə, gecə saat 02 radələrində yaşadığı ünvanın yaxınlığında yerləşən “Sahil” şadlıq sarayının yanından keçərkən şadlıq sarayından da oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə şadlıq sarayının nəfəsliyinin şüşəsini sındıraraq içəriyə keçib zirzəminin qapısının qıfılını sındırmış, zirzəmiyə daxil olub oradan 01 ədəd ət çəkən maşını, 03 ədəd su matorunu və təxminən 100 metr uzunluğunda elektrik naqillərini oğurlayıb oradan uzaqlaşmışdır. 03 ədəd su motorunu və elektrik naqilləri yaşadığı binanın yaxınlığında, ətçəkən maşını isə yataq otağında çarpayının altında gizlətmişdir. Səhəri gün 03 ədəd su motorunu və təxminən 100 metr olan elektrik naqillərini 100 manata yaşadığı binanın yaxınlığında dəmir və əlvan metalların alqa-satqısı ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Qazel” markalı avtomobilin sürücüsünə satmışdır. Satdığı əşyaların kimə məxsus olduğunu soruşduqda sürücüyə, həmin əşyaların özünə məxsus olduğunu, lazım olmadığına görə onları bağlarından gətirib satdığını demişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanıldıqda törətdiyi cinayət əməlini etiraf edərək, evində gizlətdiyi “LG” markalı televizoru, qarmonu, ətçəkən maşını polis əməkdaşlarına təqdim etmişdir. Habelə motosikli gizlətdiyi yeri də polis əməkdaşlarına göstərmiş və motosikl sonuncular tərəfindən götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 01 iyun 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 23 yanvar 2021-ci il tarixə, saat 12:50 radələrində özünə məxsus ünvan 3 ünvanda yerləşən “Sahil” şadlıq sarayına gəlib baş çəkdikdə, sarayın saxlanc yerinin nəfəsliyinin şüşəsinin, habelə şadlıq sarayının zirzəmisinin qapısının qıfılının sındırıldığını, zirzəmidən hər birinin dəyəri 170 manat olan 03 ədəd su motorunun, 01 ədəd 30 manat dəyərində “Quick-S” markalı, “Q 1008” modelli elektrik ətçəkən maşının və 300 manat dəyərində 100 metr uzunluğunda elektirik naqillərin oğurlandığını aşka etmişdir. Cinayət əməli nəticəsində ona ümumilikdə 840 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 17 iyun 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 12 noyabr 2020-ci il tarixdə, saat 08:30 radələrində icarəyə götürüb işlətdiyi ünvan 1 ünvanda yerləşən kafeyə gəldikdə, kafenin plastikdən olan arxa giriş qapısının açıq olduğunu, kafedən 250 manat dəyərində 01 ədəd Koreya istehsalı olan “LG” markalı 42 düymlü, 107 santimetr dioqanallı plazma televizorun, 01 ədəd 100 manat dəyərində drelin və 01 ədəd 500 manat dəyərində lazer aparatının oğurlandığını aşkar etmişdir. Cinayət əməli nəticəsində ona ümumilikdə 850 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 17 iyun 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 göstərmişdir ki, 25 noyabr 2020-ci il tarixdə, saat 05:30 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində nömrəsiz ünvanında yerləşən evin həyətinə çıxdıqda, həyətdə saxladığı özünə məxsus 3.200 manat dəyərində “Zongshen Spex 150” markalı, 99-B-435 dövlət qeydiyyat nişanlı motosiklin oğurlandığını aşkar etmişdir. Sonda Zərərçəkmiş şəxs4 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 22 iyun 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 21 yanvar 2021-ci il tarixdə, səhər saat 09:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15A nömrəli evin birinci mərtəbəsində dəhlizdə yerləşən, saxlanc yeri kimi istifadə etdiyi zibil kamerasının qapısının üzərində olan qıfılın sındırıldığını, oradan 01 ədəd işlənmiş vəziyyətdə olan 1.200 manat dəyərində “Samsung” markalı kondisioner motorunun, 01 ədəd 150 manat dəyərində qədimi samovarın və 01 ədəd 200 manat dəyərində istifadədə olmuş antik qarmonun oğurlanndığını aşkar etmişdir. Cinayət əməli nəticəsində ona ümumilikdə 1.550 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 icarəyə götürüb işlətdiyi ünvan 1 ünvanda yerləşən kafedə oğurluq hadisəsi baş vermişdir. İş materiallarında olan təqdim olunmuş əşyaların götürülməsi haqqında 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd Koreya istehsalı olan “LG” markalı, 42 düymlü, 107 santimetr dioqanallı plazma televizoru, 01 ədəd “İdeal” yazıları olan, istifadədə olmuş antik qarmon və 01 ədəd “Quick-S” markalı elektrik ətçəkən maşın, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 9 nömrəli evin 32 nömrəli mənzilin yataq otağındakı çarpayının altından aşkar edilərək, hal şahidlərinin və müdafiçənin iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin müstəntiqi N.H.Məhərrəmov tərəfindən götürülmüşdür. İş materiallarında olan baxış keçirmə haqqında 26 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz evin həyətində oğurluq hadisəsi baş vermişdir. İş materiallarında olan baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 27 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus olan və 25 noyabr 2020-ci il tarixdə oğurlanmış “Zongshen Spex 150” markalı, 99-B-435 dövlət qeydiyyat nişanlı, yaşıl rəngli motosikl Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, dəniz kənarında olan yarımçıq tikilidə aşkar edilərək, hal şahidlərinin və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X3 tərəfindən götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2021-ci il tarixli, 9/945 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilən, xarici əmtəə görünüşü və hərəkət hissələri yaxşı saz vəziyyətdə olan, tam komplekti və təyinatı üzrə istifadəyə yararlı, 2019-cu il buraxılışlı, mühərrikin həcmi 150 sm3 olan yaşıl rəngli “Zongshen Spex 150” markalı, 99-B-435 dövlət qeydiyyat nişanlı motosiklin hazırki vəziyyətdə, 26 noyabr 2020-ci il tarixə nəzəri hesablama yolu ilə respublikadaxili orta bazar pərəkəndə satış qiyməti təxminən 3.200 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2021-ci il tarixli, 9/1424 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 480 manat müəyyən edilir. O, cümlədən 01 ədəd 2012-ci il Koreya istehsalı olan “LG” markalı, 42CS460 modelli, 42 düymlü, 107 santimetr dioqanallı, qara rəngli istifadədə olmuş televizor - 250 manat, 01 ədəd üzərində “İdeal” yazıları olan, istifadədə olmuş qarmon - 200 manat, 01 ədəd “Quick-S” markalı, “Q 1008” modelli, 3000 W-luq, istifadədə olmuş elektrik ətçəkən maşın - 30 manat. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1, tanınmaya təqdim edilmiş “İdeal” yazıları olan, istifadədə olmuş 01 ədəd antik qarmonu fərdi əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2, tanınmaya təqdim edilmiş 01 ədəd işlənmiş elektrik ətçəkən maşını fərdi əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 02 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs əvvəllcə Zərərçəkmiş şəxs3 icarəyə götürüb işlətdiyi ünvan 1 ünvanda yerləşən kafeni göstərərək, həmin kafeyə plastikdən olan arxa giriş qapısını üzərində olan vintaçanla açaraq daxil olduğunu, oradan 01 ədəd “LG” markalı televizoru, 01 ədəd dreli və 01 ədəd lazer aparatını oğurladığını, dreli və lazer aparatını bir gündən sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar” da tanımadığı şəxsə 30 manata satdığını, televizoru isə yaşadığı evdə saxladığını, bundan başqa o, Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz evi göstərərək, həmin evin həyətində saxlanılan “Zongshen Spex 150” markalı, 99-B-435 dövlət nömrə nişanlı motosikli oğurlayıb dəniz kənarına gətirərək orada yarım tikildə gizlətdiyini, bundan başqa o, Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15A nömrəli yaşayış binasının göstərərək, həmin binanın saxlanc yeri kimi istifadə edilən zibil kamerasının qapısının üzərində olan qıfılı taxta parçası ilə sındıraraq, oradan 01 ədəd işlənmiş “Samsung” markalı kondisioner motorunu, 01 ədəd qədimi samovarı və 01 ədəd “İdeal” yazıları olan, işlənmiş antik qarmonu oğurladığını, qarmonu yaşadığı evdə gizlətdiyini, “Samsung” markalı kondisioner motorunu və qədimi samovarı isə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən bazarda tanımadığı şəxsə 70 manata satdığını, bundan başqa o, Zərərçəkmiş şəxs2 məxsus olan, ünvan 2 ünvanda yerləşən “Sahil” şadlıq sarayını göstərərək, həmin şadlıq sarayının saxlanc yeri hesab edilən nəfəsliyinin şüşəsini, daha sonra zirzəminin qapısının qıfılını sındırıb içəri daxil olduğunu, oradan 03 ədəd su motorunu, 01 ədəd “Quick-S” markalı, “Q 1008” modelli elektrik ətçəkən maşını və 100 metr uzunluğu olan elektirik naqillərini oğurladığını, ətçəkən maşını yaşadığı evdə gizlətdiyini, su motorunu və elektirik naqillərini isə tanımadığı “Qazel” markalı avtomobilin sürücüsünə 100 manata satdığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 dekabr 2020-ci il tarixli məlumatından və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətəbiq edilməklə qəti olaraq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 01 il 01 ay 12 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, 28 fevral 2019-cu ildə cəzanı tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 28 noyabr 2020-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 noyabr 2020-ci il tarixli qərardan, habelə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə 30 noyabr 2020-ci il tarixli, 4(010)-275/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 4(010)-275/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmişdir. İş materiallarından həmçinin görünür ki, 02 fevral 2021-ci il tarixdə ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli hazırki cinayət işinə birləşdirilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 noyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, işa materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 4(010)-44/2021 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 2019-cu il buraxılışlı, mühərrikin həcmi 150 sm3 olan, yaşıl rəngli “Zongshen Spex 150” markalı, 99-B-435 dövlət nömrə nişanlı motosiklin Zərərçəkmiş şəxs4, 01 ədəd 2012-ci il Koreya istehsalı olan “LG” markalı, 42CS460 modelli 42 düymlü, 107 santimetr dioqanallı, qara rəngli istifadədə olmuş televizorun Zərərçəkmiş şəxs3, 01 ədəd üzərində “İdeal” yazıları olan, istifadədə olmuş qarmonun Zərərçəkmiş şəxs1 və 01 ədəd Quick-S” markalı, “Q 1008” modelli, 3000 W-luq, istifadədə olmuş elektrik ətçəkən maşının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 28 noyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 yanvar 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 2019-cu il buraxılışlı, mühərrikin həcmi 150 sm3 olan, yaşıl rəngli “Zongshen Spex 150” markalı, 99-B-435 dövlət nömrə nişanlı motosiklin Zərərçəkmiş şəxs4, 01 ədəd 2012-ci il Koreya istehsalı olan “LG” markalı, 42CS460 modelli 42 düymlü, 107 santimetr dioqanallı, qara rəngli istifadədə olmuş televizorun Zərərçəkmiş şəxs3, 01 ədəd üzərində “İdeal” yazıları olan, istifadədə olmuş qarmonun Zərərçəkmiş şəxs1 və 01 ədəd Quick-S” markalı, “Q 1008” modelli, 3000 W-luq, istifadədə olmuş elektrik ətçəkən maşının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar